Səkkizinci fəsil
Страница 1 из 2
Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,
Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.
Telefonun dəstəyini Təhminə özü götürdü. Zaur:
– Xoş gördük. Xoş gəlmisən, – dedi.
Təhminə:
– Sağ ol, – dedi, səsində nə sevinc vardı, nə intizar. Elə bil Zaurla on dəqiqə bundan qabaq ayrılmışdılar. Halbuki son görüşlərindən bir həftə keçmişdi, bu bir həftə ərzində Zaur Moskvadan uçub Bakıya gəlmişdi, Təhminə üç gün də Moskvada qalmışdı, sonra isə qatarla o da Bakıya yollanmışdı. Dünən gəlib çıxmışdı Bakıya, bu gün isə Zaur ona avtomatdan zəng eləyirdi.
– Bəs dedin gələn kimi zəng vuracam? Dünəndən gəlmisən, zəng eləmirsən.
Təhminə:
– Nə bilim, vallah, – dedi, səsi soyuq idi. Küləkli boz bir payız günü idi, elə bil Təhminənin səsinə də çökmüşdü bu günün soyuqluğu, tutqunluğu.
– Sevirsən məni?
Təhminə:
– Aha, – dedi, amma elə biganəliklə dedi ki, deməsəydi yaxşıydı.
– Haçan görüşək?
Bir az sükutdan sonra Təhminə:
– Mən özüm sənə zəng vuraram, – dedi. – İdarəyə...
– Haçan?
– Bilmirəm baxarıq...
– Bu gün?
– Yox, bu gün yox, sabah, birisi gün də yox... bir neçə gündən sonra...
– Axı niyə axı?.. Nə olub ki, bəlkə bir hadisə baş verib, hə?
– Yox, Zaur heç bir şey olmayıb. Amma işim var, bir məsələni həll eləməliyəm. Səndən də xahiş edirəm, bu günlər zəng vurma mənə. Bir neçə gündən sonra, bir həftədən sonra təxminən, özüm səni taparam, yaxşı?
Zaur həvəssiz:
– Yaxşı, – dedi. – Özün bil...
Zaur birdən-birə yenə də:
– Sevirsən məni? – deyə soruşdu.
Təhminə tələsik:
– Hə, hə, sevirəm, – dedi və Zaura elə gəldi ki, bu sözləri Zauru tez başından eləmək üçün deyir. Bir də təkrar elədi. – Özüm sənə zəng vuraram. Hələlik.
Zaur da:
– Hələlik, – dedi və Təhminə dərhal dəstəyi asdı. Telefondan kəsik siqnallar eşidilməyə başladı, du, du, du...
* * *
Günlər keçirdi, Zaur evdə də, işdə də, hər telefon zəngindən diksinir, dəstəyə tərəf atılırdı, amma Təhminə zəng vurmurdu ki vurmurdu.
Zaurun əsəbi vəziyyətini anası da duyurdu... və buna ayrı rəng verirdi... Zaurun Moskva səfəriylə bağlı inadını, tərsliyini, höcətliyini görüb, Zivər xanım dərk eləmişdi ki, hərbə-zorbayla oğluna təsir göstərə bilməyəcək, başqa yol seçmək lazımdır – hər şeyi “pişim-pişim"lə həll eləmək gərəkdir. Zivər xanım indi Təhminəni açıq yamanlamırdı, dolayı yollarla söhbət salıb, Zauru ona qarşı doldurmaq istəyirdi. Onu da bilirdi ki, sözü hərləyib-fırlayıb Təhminənin üstünə gətirən kimi Zaur çəmkirib otaqdan çıxacaq, söhbəti uzatmağa qoymayacaq, odur ki, Zivər xanım az sözlə çox şey demək məharətinə yiyələnirdi: oğlu sözünü kəsib otaqdan çıxanacan bir cümləylə, bir məlumatla onun qəlbinə şübhə toxumları səpməyə çalışırdı...
– Eşitmişəm, Moskvada sənin rəqibin də olub ki, – deyirdi. – Nədi o televizor rejissoru, Muxtar Məhərrəmovdu nədi. Bəs davanız düşmədi? Məşədibad demişkən, qızın iki adaxlısı varmış ki...
– Bəsdir, qurtar, – deyə Zaur başını götürüb qaçırdı, amma gələn səfər anası qəsdən televiziya verilişlərindən söz salırdı, guya ki, təsadüfən Muxtarın adın çəkirdi, sonra isə: “sənin rəqibin” – deyə yenə işarə vururdu...
Başqa bir səfər anası:
– Hərənin öz yeri var da, – deyirdi, – ər ad üçün, adı olsun ki, ərdədir, ərli arvaddır. Spartak geyindirib-gecindirmək üçün, Muxtar işdə qabağa çəkmək üçün, sən... sən isə səfehqulu, elə-belə – gün keçirməkçün lazımsan ona. Ən pisi səninkidir, bu gün səninlə gününü keçirdər, sabah başqasıyla...
Bəzən isə tamam qəribə mülahizələr yürüdürdü: “Bilirəm səndən niyə belə bərk yapışıb, – deyirdi, – elə bilir ki, biz öləcəyik, bütün bu ev-eşik, bu var-dövlət ona qalacaq... Ay hay... asta ye, boğazında qalmasın...”
Bu, lap gülməli fikir idi və Zaur əsəbiləşməkdənsə maraq göstərirdi:
– Başa düşə bilmirəm, sizin ev-eşiyiniz hardan ona düşə bilər axı?
– Bunu başa düşməyə nə var ki?.. Onun fikri budur ki, biz ölək, sənə ərə getsin, bu ev-eşiyə sahib dursun... Asta ye, boğazında qalar...
Zaur bu sayaqlamanı müəyyən bir məntiqə bağlamaq istəyirdi:
– Axı, öz ərinə nə gəlib...
– Külü qoyum elə ərin təpəsinə... Ondan boşanmağa nə var ki, bir stəkan su içmək kimi asan işdir o cür arvadın əlində.
– Deməli, sənin məntiqindən belə çıxır: Təhminənin indi evi də var, əri də. Ərindən boşanır, evindən əl çəkir ki, allah eləməmiş siz öləndən sonra bizim evə köçsün? Yəni buna səndən başqa bir inanan olar?
Sən ələ sal, qoca anavı, atovu lağa qoy... Əlbəttə, Təhminə xanım sənə bundan yaxşı şey öyrətməyəcək ki. Əlbəttə, könlündən keçir də... O qotur evlərini bizim bu cah-cəlallı mənzilə kim dəyişməz, aralığa salıb ərini də dəyişər, nə çətin imiş onunçün bu... O ev-eşiyi ki, atanla mən iynəylə gör qaza-qaza illərlə düzəltmişik, hazırına-nazir Təhminə xanım gəlib bütün bu var-dövlətə sahib durar. Ölmüşdü deynən Zivər ki, sən onun nəslinin başında turp əkəsən... Vallah öləm məni basdıralar ha, onda da qəbrimin içindən, yerin yeddi qatından durub gəlib, öz əllərimlə boğaram onu.
Anasının fantastik fərziyyələri gülməli gəlirdi Zaura, həm gülməli, həm də ağlamalı, amma bir yandan ona sevinirdi ki, əgər anasının fərziyyələri bu dərəcədə həqiqətdən uzaq, boş-bekara gümanlardısa, onda deməli, verdiyi bütün başqa xəbərlər, topladığı bütün başqa məlumatlar – o xəbərlər, o məlumatlar ki, onları qaşıq-qaşıq zəhər kimi hər gün Zaurun içinə tökürdü – onlar hamısı da mənasız və puç şayiələr imiş... Zivər xanım Moskvada Təhminəylə Muxtarın məhəbbət macəralarından danışırdı və Zaur bilirdi ki, bütün bu söhbətlər boş uydurmalardır, amma sonra fikirləşirdi ki, məgər Təhminənin Moskva səfərinin bütün təfərrüatına, hər saatına, hər gününəmi bələddir? Əlbəttə, yox... – Bakıya qatarla həmin o Muxtarla bir kupedə gəlib ki – deyirdi anası və Zaur bilirdi ki, bu, həqiqətdir, amma əlavə eləyəndə ki, “ikiadamlı kupedə gəliblər”, Zaur bunun yalan olduğunu da dəqiq bilirdi. Təhminə, Muxtar və televiziyada işləyən iki qız – dördü bir yerdə – bir kupeyə bilet almışdılar, Zaurun yanında.
Amma bəlkə... Niyə, axı nəyə görə Təhminəylə olanda onun vəfasına, sözlərinin həqiqiliyinə Zaurun şəkk-şübhəsi qalmır, amma elə ki, üç gün-beş gün görüşmədilər – “bütün şəhərin danışdığı” və anasının ona müfəssəl çatdırdığı şayiələr Zaurun içini didib-tökür, beynini gəmirirdi... Domodedovo meşəsində Təhminə: “bax indi, bu saat, bu dəqiqə biz xoşbəxtik və ən böyük həqiqət də budur” – demişdi və Zaur da o zaman bunu həqiqət kimi qavramışdı, amma “bu saat, bu dəqiqədən” başqa da vaxt axarı vardı axı. Bəs bu vaxtın, Təhminəylə görüşmədiyi anların həqiqəti, Təhminənin onsuz, Zaursuz olduğu və kim bilir, kimlə olduğu dəqiqələrin həqiqəti nədə idi? Bəlkə də bu dəqiqələr kiminçünsə başqa birisiyçün ən böyük həqiqət idi, Təhminəylə başqa birisiyçün... Zauru dəhşətə gətirən də elə bu fikir idi...
– Mən ölü, sən diri, – dedi Zivər xanım, – görəcəksiz, ərindən boşanacaq o. Öz planları var onun. Alya da deyir ki, televiziyaya keçib ki, o Muxtarı tovlayıb yoldan çıxartsın, ərə getsin ona... Özü bilər e, öz işidir, kimə gedir getsin, bircə səndən qəmişini çəksin.
Zaur “bəlkə, doğrudan da belədir”, – deyə düşünürdü. Bəlkə, Təhminə seçirmiş: “Zaur, ya Muxtar və axırı Muxtarı seçib... Vacib işi də elə budur. Buna görə də “sən mənə zəng vurma, özüm zəng eləyəcəyəm” deyir və zəng eləmir...”.
On gün də keçdi və Zaur bu müddət ərzində Təhminəni ancaq bircə dəfə gördü – televiziya ekranında...
* * *
Təhminə axır ki, qərara gəldi, dəstəyi götürdü və nömrəni yığdı
Qadın səsi gəldi:
– Bəli... – Təhminə susmuşdu, qadın səsi bir də təkrar etdi:
– Eşidirəm...
Təhminə əlini uzatdı ki, dəstəyi assın, amma dayandı, nəfəsini dərdi və bilərək ki, bu sözlərlə hər şey həmişəlik həll olunur, dedi:
– Manafı çağırın...
İndi də xəttin o biri ucunda sükut çökdü və bu zaman Təhminə səhərdən bəri öz-özünə təkrar elədiyi cümləni dedi:
– Madam ki, mən bu nömrəylə zəng eləyirəm, deməli, Manafın sizdə olduğunu bilirəm. Xahiş edirəm onu telefona çağırın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-besmertebeli-evin-altinci-mertebesi-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Degildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Doqquzuncu fəsilVəsl qədrin bilmədim hicran bəlası çəkmədən,*Zülmət hicr etdi çox mübhəm işi rövşən mana.*