Страница 3 из 3 · 67%

* * *

Bütün gecəni gözünü qırpmadı Zaur. Səhər işə də hamıdan ertə gəldi. Mühasib Səfdər kişi gəlib çıxanacan özünə yer tapa bilmirdi.

– Səfdər dayı, bu gün maaş verəcəksən?

– Bəs necə? Günün ikinci yarısında...

– Bayramlarda növbətçi olmuşam, üç gün otqulum var, götürə bilərəm?

– Gərək direktor müaviniylə danışasan bu barədə.

Direktorun müaviniylə danışdı. Müavin təəccübləndi, amma Zaurun ərizəsinə dərkənar qoydu. Saat ikidə Zaur cədvələ qol çəkib, 52 manat 30 qəpiyini aldı. İndi cibində 95 manatı vardı. Gedib aeroflotun kassasından gündüz reysinə bilet aldı, sonra poçta girib teleqram vurdu: Moskva, Sentralnoe televidenie, Taxmine Aliyevoy. Leçu k tebe v pryamom i perenosnom smısle slova. Zavtra budu v Moskve. Reys 852, seluyu, Zaur”.

* * *

– Mən bilirəm sən niyə Moskvaya gedirsən... Dünən sənə qaş-göz eləyirdi televizordan, elə bilirsən başa düşmədim... Heç hara getməyəcəksən... Yalan deyirsən, heç bir işin-filan, heç bir komandirovkan-zad yoxdur... Guya bilmirəm, zəng eləyib idarədən soruşaram bu saat, görüm, nə təcili işdi belə səni əlimyandıda göndərirlər. Gördün, deməli yalan deyirsənmiş, heç eyib etməz, əlbət indi aton gəlib danışar səninlə. Necə, atovu da gözləməyəcəksən? Nə reys, nə bilet, a gədə, bu saat biletivi də götürüb cıraram, nə mənim başımı tovlayırsan a virananın balası, bu saat mən atova zəng eləyim. Necə, onsuz da gedəcəksən, deməli, vecinə deyil, atan da, anan da, deməli, o həyasız köpəkqızı səninçün atondan-anondan əziz olub. Budu bizim haqq-sayımız, bütün əzab-əziyyətlərimizin, çəkdiyimiz zəhmətin əvəzi budu verirsən bizə, deməli, anavın göz yaşı da səninçün bir qoz imiş, gör bir o çərhaya bunun başını necə fırladıb, sən allah; çərhaya deyil nədir, çərhaya da deyərəm, ləçər də, ondan onqat betərini də, hələ sən məni yaxşı tanımırsan, götürüb zəng eləyərəm onun o əri qurumsağa. Mənə yazığın gəlmir, barı xəstə atava yazığın gəlsin. Sənin heç insafın-mürüvvətin yox imiş, ə nə təhər adamsanmış sən. Yaxşı get, lütkomun biri lütkom, get görüm hansı pula gedirsən. Elə bilirsən elə əvvəlki kimi atan-anan cibinə xərclik qoyacaq, asta ye boğazında qalar, gedirsən elə get ki, bir də qayıtma, gözüm səni görməsin, naxələf övlad... Gedirsən, ay oğul, ay bala, gözümün işığı, anan ayağının altında ölsün. Necə yəni nigaran olma, axı ana ürəyidir, necə nigaran olmasın, bilmirəm hara gedirsən, kimin yanına, nə olsun ki, üç günə qayıdacaqsan?! Bu üç günə vacibdir o lotubeçənin yanına gedəsən?! Yaxşı, demirəm, demirəm onun haqqında pis söz, amma axı, görürəm axı, başını hərlədib sənin, dünya-aləm gözündə deyil sənin bu saat, mən bu dərdə necə dözüm, ilahi?! Gəlib mənim meyitimi görərsən, heç olmasa bu plaşı at çiynivə, şərfi dola boynuva, soyuqdur indi oralar yəqin?! Aman Allah, bu nə müsibət idi bizim başımıza gətirirsən. Öləydim bu günü görməyəydim, barı bir əlcə teleqram vur görüm necə gedib çatdın? Cadu eləyib sənə, Allaha and olsun cadu eləyib, görüm sənə cadu eləyənin əli-qolu qurusun, dili tutulsun. Görüm onu gözü ağlar qalsın, necə mənim gözüm ağlar qalır balamın dalınca. Dayan görüm, adə, qoy bir su atım barı dalınca... Allah, nə günahımız var ki, sən bizim başımıza belə müsibət açırsan, teleqramı yaddan çıxartma ha...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов