İkinci nağıl
Страница 1 из 14
Bir də gördü ki, ağ qoçnan, qara qoç budu
döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat
sıçrayıb ağ qoçun belinə mindi. Amma ağ qoç
bunu qara qoçun belinə tulladı. Qara qoç da
Məlikməmmədi götürüb qaranlıq dünyaya
apardı.
Məlikməmmədin nağılı
I
Məlik Məmmədlini əzan səsi oyatdı. Gözlərini ağır-ağır açdı, pəncərəyə baxdı, hələ qaranlıqdı. Elə həmin andaca qapı döyüldü.
– Kimdir?
Qapının dalından səs gəldi: – Ağa durun, sabah namazının vaxtıdır.
Qaranlıqda dünən gecə düşdüyü və dərhal daş kimi yuxuya getdiyi bu otel otağını təsəvvüründə canlandırdı, bir çarpayı, bir dolab, bir masa vardı otaqda, kətillər yoxdu, döşəməyə nimdaş həsir salınmış və iki mütəkkə atılmışdı.
Qapının dalından səs gəldi:
– Ağa, namaz yeri birinci mərtəbədə, mehmanxana məscidindədir.
Məlik əlini atıb zəif gecə çırağını yandırdı, otağın küncündə Qiblə istiqaməti göstərilmiş və balaca namazlıq xalça salınmışdı.
Məlik: – Mən namazı odamda qılacam – dedi.
Qapının dalından: – Xub – dedilər.
Məlik durub pəncərəyə yanaşdı, hava hələ də açılmamışdı. Görəcəyi işləri qeyd etdiyi cib təqviminə baxdı – martın 22-si idi – gündüzlə gecənin tarazlaşdığı gün. Yadına düşdü ki, haçansa, çox uzaqlarda qalmış bir əyyamda bu gün Novruz bayramını qeyd edərdilər. Dərindən köksünü ötürdü. Elə otaqdaca qurulmuş əl-üzyuyanda üzünü yudu, balaca tutqun güzgüyə baxdı, bir elə dünənki gün ərzində saqqalı xeyli uzanmışdı. Amma üzünü qırxmadı.
Ərxanın sözlərini unutmamışdı: – Orda saqqallı gəzsəniz daha yaxşıdır.
¹ QEYD: İkinci nağılda cərəyan edən hadisələr xronoloji zaman etibarilə Birinci nağılın davamı deyil. Bu iki bir-birinə alternativ olan olaylar eyni vaxt kəsiyində təsəvvür edilir.
Otaqdan çıxmağa tələsmirdi. Qoy elə bilsinlər ki, namaz qılır. Bura ayağını basandan bəri hər addımı güdülürdü – bunu bilirdi. Amma yəqin, texniki səviyyələri elə deyildi ki, otel otağının içində izləyici cihazlar qura bilsinlər.
Əzan səsi zonanın hər tərəfinə yayılırdı.
Zona! Məlik ürəyində nəfəskəsici bir sancı duydu – onun doğulduğu, boya-başa çatdığı, oxuduğu, işlədiyi, sevib-sevildiyi, ailə qurduğu, oğul-uşaq atası olduğu şəhər indi Zona idi. Daha doğrusu Zonalar. Ən dəqiqi – üç Zona. Üç Zonaya bölünmüşdü onun Bakısı.
Dünya bu üç siyasi quruluşa malik olan hissələri məhz elə belə, Zona adlandırsa da, xarici kütləvi informasiya vasitələri imkan tapanda və xəsis məlumatlar alanda Birinci Zona, İkinci Zona, Üçüncü Zona istilahlarını işlətsələr də bu bölgələrin rəsmi adları da vardı – Birinci Zona BEHİŞTİ BADİ-KÜBƏ, İkinci Zona BAKI KOMMUNASI, Üçüncü Zona BAKU SİTİ adlanırdı.
Neçə il bundan qabaq bir telejurnalist kimi Bakıdan İstanbula on günlüyə ezamiyyətə gedərkən Məlik heç ağlına gətirə bilərdimi ki, bu ezamiyyət belə uzun – neçə illər – çəkəcək, onun da, başqa ölkələrdə qalmış milyonlarla azərbaycanlının da vətənlərinə yolu bağlanacaq. Burada elə müdhiş hadisələr baş verəcək ki, hər bir əsil azərbaycanlı kimi Məliyin də daha heç vaxt üzü gülməyəcək.
İndi neçə ildən sonra bura qayıdışın nə qədər üzücü olduğunu təsəvvür etsə belə, dünən keçirdiyi əzablar düşündüklərindən də ağır oldu.
Məlik buradan getdiyi gündən bəri Türkiyədə yaşamalı olmuşdu. Orda da əvvəl-əvvəl çox əziyyətlər çəkdi. Maddi çətinliklər öz yerində, Azərbaycanda qalmış ailəsi haqqında heç bir məlumat ala bilməməsi və nəinki yollar qapanandan, hətta poçt, teleqraf, telefon əlaqələri də kəsiləndən sonra arvadı Aypərinin, oğlu Beyrəyin, qızı Burlanın o məşum günlərdən sonra sağ qalıb-qalmamasını da bilmirdi.
Son illərin yeganə sevinci Ərxanın gətirdiyi müjdəydi. Ərxan neçə ildən bəri Azərbaycandan çıxıb Türkiyəyə gələ bilən yeganə tanışı idi. Nə yolla gəlmişdi, Məlik bilmirdi, doğrusu heç maraqlanmadı da...
Təxmin edə bilərdi ki, hansı Zonanınsa gizli xidmət orqanlarıyla bağlıdır, yoxsa Ordan çıxıb Bura gələ bilərdimi? Hansı zonanın-dinçilərinmi, kommunistlərinmi, demokratlarınmı xidmətində idi Ərxan – Məliyə gətirdiyi müjdənin müqabilində bunun nə əhəmiyyəti vardı?
Arvadı da, oğlu da, qızı da, o bəlalı günlərdən, o müsibətlərdən salamat çıxa biliblərmiş, üçü də sağ imiş. Bu şəraitdə, bu dövrdə, bu günlərdə bundan artıq nə sevinc gözləyə bilərdi ki?
Ərxan hər üçünün ünvanını, telefon nömrələrini gətirmişdi. Əlbəttə burdan, İstanbuldan zəng eləmək qeyri-mümkündü, amma Məlik ona təəccübləndi ki, bir yerdə deyil, hərəsi ayrı-ayrı ünvanlarda yaşayır.
Ərxan gülümsündü: nəinki ayrı-ayrı ünvanlarda, ayrı-ayrı zonalarda yaşayırlar – dedi.
Ərxan haçansa, dünyanın düz vaxtında Məliyin yanında işləmişdi, vaxtilə Məlik ona yəqin ki çox yaxşılıqlar eləmişdi, amma bütün ömrünü “Balığı at dəryaya, balıq bilməsə də, Xalıq bilər” düsturuyla yaşamış Məlik məhz hansı yaxşılığı etdiyini yaddaşına yük eləməmişdi. İndi nadir bir keyfiyyətlə – insanın yaxşılığı unutmamasıyla rastlaşıb təəccüb qalmışdı. Əlbəttə Ərxan İstanbula çox güman ki, müəyyən tapşırıqla gəlmişdi, amma Məliyi, dediyi kimi öz təşəbbüsüylə axtarıb tapmış və ona bu xoş xəbəri çatdırmışdı. – Bilsələr ki, sizinlə görüşmüşəm, dərimə saman təpərlər – dedi. Bilsələr? Kimlər bilsə – dinçilər, kommunistlər, demokratlar? Məlik soruşmadı, əvvəla Ərxan olanı deməyəcəkdi, ikinci də Məliyin bu məsələlərə zərrə qədər də marağı qalmamışdı. Bütün bu olub-keçənlərdən sonra onu dünyaya bağlayan heç nə yoxdu. Xəstəliyindən də, ömür möhlətinin bitə-bitdə olmasından da xəbərdar idi. Tək bir arzusu vardı – heç olmasa həyatının sonunda bircə dəfə də olsa arvadını, övladlarını görsün.
Ərxan sanki möcüzələr aləmindən gəlmiş bir sehrbaz idi. Məliyin bu istəyini sanki gözlərindən oxumuşdu.
– Xanımla, balalarla görüşmək istərdinizmi – deyə soruşanda Məlik qulaqlarına inanmadı. Bu mümkün idimi? Ərxan: – Dünyada mümkün olmayan heç nəsnə yoxdur – dedi – Mən danışmışam. Sizi Türkiyə qəzetlərinin birindən ezam edəcəklər, guya hər üç zona haqqında materiallar hazırlayacaqsınız. Məlik: Axı heç bir türk jurnalistini ora buraxmırlar – dedi. ORA kəlməsini işlətdi, Bakıya, Bakısına Zona deməyə dili gəlmirdi.
İndi Vətən Məlikçün ORA idi.
Ərxan: – Doğrudur – dedi – yalnız Türkiyədən deyil, ümumiyyətlə bütün dünyada hər üç zonanı görəcək ilk jurnalist olacaqsınız. Çünki ictimai təmayülündən, siyasi baxışlarından, yaşadığı ölkədən asılı olaraq hər hansı Zonaya tək-tük hallarda jurnalistlər gələ bilir, amma hər üçünə getməyə icazə alan ilk və tək jurnalist siz olacaqsınız..
Axır ki dözmədi, soruşdu:
– Bunu necə edə bildin, Ərxan?
– Kimsəyə desəniz ki, bunu mən etmişəm, bir daha nə siz, nə də heç kəs mənim üzümü görə bilməyəcək.
– Kimsəyə demərəm, əlbəttə, amma mənə ki, deyə bilərsən.
– İnciməyin, yox, deyə bilmərəm. Bəlkə haçansa elə bir vaxt gəldi ki, bu sirri aça bildim, hələlik isə sizə yalnız daşdan keçən sənədləri almaq, anketləri doldurmaq lazımdır – təkrar etdi – Sizə elə sənəd veriləcək ki, hər üç Zonaya gedə biləsiniz.
– Nəyimə lazımdır üç Zona – axır ki, bu sözü işlətməli oldu – mən yalnız ailəmlə görüşmək istəyirəm.
Ərxan kədərlə gülümsündü: – İş ondadır ki, onlar hərəsi bir zonada yaşayır. Bir zonadan o birinə keçməksə yasaqdır.
Hər şeyi Ərxan dediyi kimi etdi, lazımı sənədləri aldı. Üç ayrı-ayrı sənəddə göstərilirdi ki, o, qəzetəçi Məlik Məhmədoğlu, yazılar hazırlamaq üçün Behişti Badi-kubəyə, Bakı Kommunasına və Baku-sitiyə ezam olunur.
Özü pərdə arxasında qalsa da, bütün bunlar Ərxanın yardımıyla olunduğunu Məlik yaxşı dərk edirdi. Amma bilinmirdi, bütün bunların müqabilində Ərxan ondan nə istəyəcək. Artıq xeyli müddətdi ki, insanların təmənnasız xeyirxahlığına, haçansa edilmiş yaxşılığı unutmamalarına inamını itirmişdi.
Hər halda nə olur-olsun, Ərxan ona ailəsindən xəbər gətirmişdi. Məlik sonu hətta ölümlə nəticələnə biləcək bu səfərə çıxmağa hazırdı.
Blokada şərtlərinə görə Türkiyədən xaricə yalnız bir yolla çıxmağa icazə verilirdi – Cenevrəyə uçmalıydı, oradan Amerika uçağıyla yola düşə bilərdi.
Ərxan onu agah etmişdi ki, üç Zonanın bir aeroportu var və o, Dekade adlanır.
– Dekade nə deməkdir?
– DKD – abbreviaturadır, üç sözün baş hərfi – Din, Kommuna, Demokratiya.
Məlik gülümsündü – son illərdə üzündə görünən ilk təbəssüm idi.
Ərxan ona lazımı izahatlar verirdi: – Üç Zonanın bir hava limanı olduğundan üç sərhəd məntəqəsindən, üç gömrükdən keçməli olacaqsınız. Çalışın, az şey götürün, özü də hər Zonanın xüsusiyyətini nəzərdə tutun ki, gömrükdə əlinizdən almasınlar. Hə, bir də – Ərxan əlini cibinə atdı, bir xeyli Amerika dolları çıxarıb Məliyə uzatdı – Orada hər addımda sizə lazım olacaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-ag-qoc-qara-qoc-ikinci-nagil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Degildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Стихи других поэтов
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
O görükən dağlar sizin dağlardıBaşına döndüyüm, a Nərgiz xanım,O görükən dağlar sizin dağlardı.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?