Страница 14 из 14 · 93%

Ərxan? Sən hardan gəlib çıxdın bura? – dedi.

Ərxan gülümsəyib göyü göstərdi:

– Ordan – dedi.

– Aydındır ki, uçaqla gəlmisən, bəs bura necə gəlib çıxdın?

Ərxan yenə gülümsədi və göyü göstərdi.

– Göydən?

– ...

– Yəni quş-zadsan?

Ərxan bu səfər daha da müəmmalı gülümsünərək:

– Bəlkə də – dedi.

Susdular.

Ərxan: – Sizinkilərin hamısını görə bildiz? – deyə soruşdu.

Məlik köksünü ötürdü.

– Gördüm – dedi – sonra əlavə etdi – Bilmirəm məni bura gətirtməklə yaxşılıq elədin mənə, ya pislik.

– Bunu ancaq siz özünüz təyin edə bilərsiz.

– Mən də bilmirəm. Ailə üzvlərimi ölmüş bilməyim daha yaxşıydı, ya onları BELƏ görmək.

– Ölüm hər şeyin sonudur. Yaşadıqca insanın hələ həyatın dəyişəcəyinə ümidi var. Bu bir az da insanın özündən asılıdır. Öləndən sonra ondan daha heç nə asılı olmur.

– Bir ölümə çarə yoxdur deyiblər. Amma görünür ölüm çarəsizliyin çarəsiymiş. Çıxılmazlıqdan yeganə çıxış.

Ərxan bir şey demədi.

Ola bilsin ki, Ərxan çox gizli bir təşkilatın nümayəndəsi idi, hər cür səlahiyyətləri vardı, istədiyi yerə girib-çıxa bilirdi, bura da Məliyi izləyə-izləyə gəlib çıxmışdı, amma axır ki, ondan nə istəyirdi?

– Yaxşı, axı nə bildin mən burda, bu qumlu sahildəyəm?

Ərxan:

– Yəqin özünüz də bilmədən tükümü oda tutmusuz – dedi – mən də uçub gəlmişəm. Məlik Məmməd nağılı yadınızdan çıxıb, bəlkə mən də sizin Zümrüd quşunuzam – güldü.

– Boşla sən Allah, nə nağılbazlıqdır? Həyat nağıl deyil. Çox acı şeymiş həyat.

– Təəssüf ki, elədir – dedi Ərxan – amma nağıl həyatdan daha gerçəkdir.

– Yaxşı, nağıl həyatdan gerçəkdirsə, sən də Zümrüd quşusansa, çıxar məni işıqlı dünyaya. Qa deyəndə ət, qu deyəndə su verərəm.

Özü də təəccübləndi ki, bu halında hələ zarafat da edə bilir.

Ərxan:

– Yox işıqlı dünyaya yalnız öz gücümüzlə çıxa bilərik – dedi.

– Kimin gücüylə?

– Hamımızın.

– Bununçün nə etmək lazımdır?

– Əvvəla, ağ qoçu qara qoçdan seçə bilmək lazımdır. Sonra da sıçrayıb ağ qoçun belinə minəndə, elə möhkəm oturmalısan ki, səni qara qoçun belinə ata bilməsin.

– Eh, ay Ərxan, mənim də, elə sənin də nağıla inanmaq vaxtımız keçib.

Ərxan yenə cavab vermədi, xeyli susdular, sonra Ərxan:

– Bir ora baxın – dedi.

Hava işıqlanmağa başlamışdı, Məlik Ərxan göstərən səmtə baxdı.

– Nə var ki, orda?

– Görmürsüz? Diqqətlə baxın.

Məlik bir az da diqqətlə baxdı və doğrudan da nə isə gördü.

– Deyəsən itlərdir – dedi – hə, iki itdir, boğuşur.

Ərxan:

– İtlər deyil, iki qoçdur, boğuşmurlar, döyüşürlər. Ağ qoç, qara qoç.

– Qoçlar burda nə gəzir?

– Sizinçün gəliblər. Məlik Məmməd nağılını tamamlamaqçün. Axı hələ göydən üç alma düşməyib.

Məlik: – çoxdan düşüb üç alma – dedi və kədərlə əlavə etdi: – özü də hərəsi bir zonaya.

Ərxan: – Yox, bu çürük almalardı, mən birinci gün çiçək açan, ikinci gün çiçəyini tökən, üçüncü gün bar verən almaları deyirəm. Padşahın həsrət qaldığı almaları.

– O almaları da divlər yeyərmiş – dedi Məlik – yenə Məlik Məmməd nağılı.

– Divlərə də qalib gəlmək olar. Unutmayın ki, divlərin canı bir şüşədədir.

– Bütün bu rəmzlərlə nə demək istəyirsən Ərxan, sözünü açıq de, bir şey başa düşüm.

– Məlik Məmməd ağ qoçun belinə sıçrayıb İşıqlı dünyaya çıxa bilərdi. Sizin də hələ bu şansınız var.

Elə bil bu sözlər Məliyi ovsunladı. Çətinliklə yerindən durdu, az qala yıxılacaqdı. Bir-iki addım atdı, indi qoçları doğrudan da aydın görürdü. Ərxana tərəf çevrildi və yenə donub qaldı: Ərxan ilim-ilim itmişdi. Yerin dibinəmi batmışdı, uçub göyəmi qalxmışdı? Bəlkə doğrudan da quş imiş – Zümrüd quşu.

Məlik qumların üstüylə qoçlara tərəf addımlamağa başladı. İndi lap aydın görürdü, özü də orda tək bir qoç qalmışdı: Ağ qoç. Amma Məlik irəlilədikcə elə bil o da uzaqlaşırdı. Məlik qaçmağa başladı, ayaqlarını qumlardan güclə dartıb çıxarırdı.

Bir-iki dəfə büdrəyib yıxıldı, sonra durub yenə qaçmağa başladı. Ona elə gəlirdi ki, məsafə get-gedə azalır. Bax indicə ağ qoça çatacaq. Az qala çatacaqdı...

Az qala. Az qala...

Avqust-sentyabr 2003, Zuğulba

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов