On dördüncü fəsil
Страница 2 из 2 · 50%
Zivər xanım otağa qayıtdı, gözləri qıpqırmızı idi, amma üzü gülürdü. Zivər xanımın armudu stəkanlarda gətirdiyi çaydan qurtumqurtum içir və üçü bir yerdə Məcidin xəstəliyindən danışırdılar. Zivər xanım arabir ötəri replikalarla Zaura ailələrindəki son xəbərlərdən məlumat verirdi, gəlib-gedəndən danışırdı, kim zəng eləyib, kim soruşub, kimdən məktub gəlib, sözarası Zaurun kooperativ mənzilinin hazır olduğunu da eşitdirdi oğluna və dedi ki, bu günlərdə ev təhvil veriləcək. Orderlər hazırdır, bir nəfər öz gözüylə görüb.
Atası görünür yorulmuşdu bu söhbətdən, gərginlikdən və tez-tez masası tərəfə, açıq qalmış kitablara, kağızlara tərəf baxırdı. Zaur ayağa qalxdı, atasıyla görüşmədən o biri otağa keçdi. Zivər xanım onun dalınca gəldi və bu an Zaur anasının gözlərində qorxu, təlaş oxudu. Bu təlaş vəziyyətin qeyri-müəyyənliyiylə, Zaurun gəlişinin aydın olmayan məqsədiylə bağlı idi. Atası da, Zivər xanım da bilmirdi ki, Zaur necə gəlib – birsaatlığa, ikisaatlığa xəstə atasına baş çəkməyə, ya həmişəlik... Təhminəylə biryolluq əlaqəni kəsib evlərinə qayıdıb, ya qısa bir müddətə rüsxət alıb, bədbəxt ata-anasını yoluxmağa gəlib? Və odur ki, Zivər xanım diqqətlə oğlunun hərəkətlərini izləyirdi – hara, hayana gedəcək, çöl qapısına tərəfmi, öz otağına tərəfmi, ya da bəlkə elə bu otaqda oturacaq, yeməyə bir şey istəyəcək... Zaur divarlara göz gəzdirdi, elə bil ilk dəfəydi görürdü bu oboyları.
Sükut üzücü, dözülməz idi. Zivər xanımın hövsələsi çatmadı:
– Yerini dəyişmişəm, – dedi. – Çiməcəksən?
Zaur da yalnız bu suala deyil, verilməmiş, amma nəzərdə tutulmuş başqa suala cavab olaraq:
– Hə, – dedi.
* * *
Çiləyin isti iynələrindən sonra, dabandaşının təmasından sonra, köpüklü şampunların mülayim tumarlarından sonra tərtəmiz, ağappaq yatağa uzanmaq, tanış otağın doğma divarlarına – hər qarışı, hər çapığı, hər məftili, xətti, ləkəsi tanış olan divarlara baxmaq nə qədər xoş idi. Divarlara haçansa Zaurun özünün çəkdiyi fotoşəkillər vurulmuşdu, çarpayısının yanında, gecə dolabçasının üstünə siqaret qutusu, alışqan, külqabı, yapon tranzistoru və maqnitofon qoyulmuşdu, yerindən durmadan ancaq əlini uzadaraq musiqi dinləyə bilər, siqaret çəkər, fikirxəyallara dala bilərdi. Cürbəcür cihazların dəlisiydi, səsyazan aparatlarla saatlarla əlləşməyi, fotoqrafiyayla məşğul olmağı sevərdi. Sonra – maşın sürməyə başlayandan sonra – bu həvəsləri kölgədə qaldı, çoxundan vaz keçdi. Əsas marağı, həvəsi maşın motoruyla əlləşmək oldu. Bu həvəsin sayəsində idmanı da unutmuşdu tamam, qantellər, espanderlər otağın bir küncündə atılıb qalmışdı. Amma nahaq yerə – idmanı boşlamaq olmaz – yaşı da elə yaşdır ki, idmanla ardıcıl məşğul olmasa, bir də görürsən, Dadaş kimi göbək bağladı.
Dadaşın adı beyindən keçən kimi, dərhal telefon səsləndi və Zaur diksindi bu zəngdən. Amma o saatca da düşündü ki, daha hər telefon zəngindən diksinməyə, təlaş keçirməyə səbəb yoxdur: nə Təhminəni çağıran kişi səsləri eşidəcəkdi dəstəkdən, nə anasının Təhminəyə aid olan hədələrini, söyüşlərini heç kəs onun “allo”suna cavab olaraq dəstəyi şırpadan asmayacaqdı daha.
Dəstəyi götürdü:
– Bəli.
– Zaur?!
– Bəli. – Mədinənin səsini tanımışdı.
– Danışa bilərsiz, ya bəlkə çıxıb avtomatdan zəng vurasız mənə.
– Yox niyə ki, lap rahat danışa bilərəm, buyurun, – soyuq bir nəzakətlə deyirdi bu sözləri.
– Üç gündür sizi axtarıram, tapa bilmirəm, nə işdə, nə evinizdə.
– Nədir ki, nə olub?
– Bilmirəm, Zaur, – o həyəcanlı idi, – bilmirəm telefonla bu barədə danışmaq olarmı. Telefonunuz paralel deyil ki?
– Yox.
– Bilirsiz... Təhminənin halı yaman xarabdır.
– Niyə, nə olub ki?
– Necə nə olub? Tamam halı özündə deyil yazığın... Əlbəttə, bilmir ki, mən sizə zəng vurmuşam, yoxsa qoymazdı, amma siz gedəndən bəri dəli-divanə kimidir. Qorxuram ki, lap özünə bir şey eləyər.
– Siz nə danışırsız? – Zaurun tonunda istehza var idi, halbuki qəsdən deyildi bu istehza, öz-özündən rişxənd, kinayə kimi alındı.
– Dünən gecənin bir aləmində oyandım – bilmərəm üç idi, dörd idi, neçəydi – gördüm işığı yanır. Həm də musiqi eşidilir. Təəccüb qaldım. Durub keçdim yanına, gördüm oturub divanın üstündə, əlləriylə dizlərini qucaqlayıb, musiqiyə qulaq asır və içir... Bir şüşə konyakı təkbaşına içib.
– Daha niyə nigaran qalırsız ki, – dedi Zaur, – bundan da yaxşı kef olar?
Mədinə səbirsizliklə:
– Eh, ay Zaur, – dedi, – Niyə özünüzü bilməməzliyə qoyursuz? Başa düşmürsüz ki, halı çox pisdir Təhminənin, mənə deyirdi ki, özümü öldürmək istəyirəm.
Zaur susmuşdu.
– Niyə başa düşmürsüz axı? Sevir e sizi. Hamıdan çox sizi sevir...
Zaur:
Bəli, “hamıdan çox” – deyə təkrar elədi, – elə iş də bundadı ki, “hamıdan”... “hamıdadır” elə iş...
Mədinə bu sözləri qulaqardına vurdu.
– Bilmirsiz ki, əriylə da sizdən ötrü ayrıldı?
Zaur:
– Əşi, boşlayın görək, – dedi. Təzədən bütün bunlara qayıtmaq istəmirdi, amma tam arxayınlaşmaq üçün Təhminənin başında heç bir fəlakət olmadığını da bilməliydi. Əlbəttə ki, Mədinə hər şeyi şişirdir. Ayrılıqlarının ilk günləri Zaurun da az qala bağrı çatlayacaqdı, amma bax bir neçə gün keçdi, yavaş-yavaş sakitləşib, toxtayıb.
Mədinə:
– Sabah axşam bizə gəlin, – dedi. – Təhminəgilə yox e, bizə, mənim mənzilimə. Bir oturaq, ağıllı-başlı danışaq. Burda nə isə bir anlaşılmazlıq olub, vallah, kimsə girib aranıza... Yaman yazığım gəlir qıza...
Zaur:
– Yaxşı, – dedi. – Gecəniz xeyrə qalsın.
– Gecəniz xeyrə qalsın. Amma məbadə deyəsiz mənim zəng elədiyimi.
Bəli, buyurun görək... Evə qayıtdığı ilk axşam, rahat keçirmək istədiyi ilk axşamı da burnundan tökdülər. Axı qəti söz vermişdi özünə – bütün olan-keçənləri biryolluq kəsib atsın, yenə təzədənmi başlanmalıdır hər şey? Əlbəttə, sabah Mədinəgilə gedib-eləyən deyil... Zaur siqaret yandırdı, ayrı şeylər barəsində düşünmək istədi, amma nə qədər cəhd etsə də bacarmadı. Təhminə gəlib dururdu gözlərinin qarşısında. Otağı, divanı. Təhminə də əlləriylə dizlərindən tutub oturub divanın üstündə, musiqi dinləyir, konyak içir və xısın-xısın ağlayır. Bəlkə götürüm zəng eləyim ona? Telefon budur bax, əlimin altındadır, dəstəyi götürüb altıca rəqəmi yığmaq, vəssalam. Zəng vurub danışım. Ya heç danışmayım, zəng vurum səsini eşidim, asım. Bəs birdən telefonu cavab vermədi?.. Birdən yoxdur evdə?.. Bu gün bazar ertəsidir, işləmir, evdə olmalıdır. Bəs birdən olmadı evdə?.. Evdə deyilsə, hardadır bu vaxt? Deməli, yenə bu barədə – Təhminənin harada olması barədə düşünəcək, deməli, yenə də biganə deyil buna, yenə də həyəcanlanacaq. Yaxşısı budur heç zəng vurmayım. Sabah zəng vuraram... Doğrudan da sabah zəng vurmaq olar... Elə bil bu fikirdən yüngülləşdi Zaurun ürəyi, ürəyindən asılmış daş qırılıb düşdü sanki. Sabah hökmən zəng vurar – bu fikirdən elə sevindi ki, sanasan itirdiyi, bir də görüşəcəyinə heç bir ümid bəsləmədiyi bir adama təsadüfən yenidən rast gəlib... Sabah zəng eləyər – yarıciddi, yarızarafat üzrxahlıq eləyər – hər halda o şilləni nahaq vurdu – bəli, zarafata salıb üzrxahlıq eləyər, sonra görüşməyi təklif edər. Əgər Təhminə ayrılmaqlarını, doğrudan da, ürəyinə salıbsa, doğrudan da iztirab çəkirsə bu ayrılıqdan, onda mütləq razılaşacaq, görüşəcəklər... Ümumiyyətlə, gələcəkdə də tez-tez görüşə bilərlər – amma indi daha tamam başqa cür – Zaur daha ayıq olar, bir də tələyə düşməz. Yazıq valideynlərini də incitməsin daha gərək... Sinləri də o sin deyil, səhhətləri də... Zaur bundan sonra gərək tam ayıq başla davransın. Ayrılmağımızı istəmirsən, görüşmək istəyirsən, çox yaxşı, mən də razı, amma daha gərək hər görüşümüz gizli olsun, aləmə car çəkməyək. Həm də hər ikimiz dəqiq bilək ki, bu görüşlərin məhəbbətə-filana dəxli yoxdur, qadınla kişinin, erkəklə dişinin cinsi görüşləridir bu, vəssalam, şüttəmam... Və belə olan surətdə Zaurun nə borcuna Təhminəyə kim zəng vurur, kim vurmur, işdə olmayanda hardadır, harda deyil? Bir sözlə, onların münasibətləri ilk vaxtlarda, ilk görüşlərində necəydisə elə davam eləməlidir – nə məhəbbət gərəkdir Zaura, nə sədaqət. Yalnız elə-belə xoş görüşlər. Təhminə də buna razıdırsa, çox əcəb, görüşərlər, razı deyilsə... Nə deyib razı olmayacaq. Mədinə demirdi ki, ölüb əldən gedir?.. Səhər işdədir, axşam tərəfi zəng vuraram. Deməli, sabah zəng vuracam... Bu xoş fikirlə Zaur yuxuya getdi.
Səhər ertədən oyandı, əl-üzünü yudu, mətbəxə keçdi. Zivər xanım oğluna çay tökəndə.
– Bilirsən ki, atan sənə hədiyyə alıb? – dedi. – Əhd eləmişdi ki, sən evə qayıdan gün versin, amma deyəsən, utanır. Mənə deyir ki, sən de.
Zivər xanım balaca açarı Zaura uzadaraq:
– Get, bax, – dedi. – Qarajdadır.
Yüyürə-yüyürə qaraja tərəf gedərkən Zaurun ürəyi nanə yarpağı kimi əsirdi, yox, yanılmamışdı, qarajda köhnə “Moskviç”in yerində par-par parıldayan təzə “Volqa” dayanmışdı.
* * *
Nahar vaxtı atasıyla bir azca çaxır içdilər. Məcid bircə qurtum aldı, sağlıqsız-filansız qədəhini Zaurun qədəhinə toxundurdu və Zaur başa düşdü ki, atası onun evə qayıtmasının şərəfinə qaldırır bu badəni. Sonra atasının tezliklə sağalması şərəfinə içdilər. Zivər xanımın sağlığına içdilər ki, belə dadlı-ləzzətli plov bişirib. Hətta kooperativ mənzilin şərəfinə də badə qaldırdılar.
Sonra atası öz otağına keçdi. Zaur da dedi ki, istəyirəm bir maşını havaya çıxardım.
Anası təlaşla:
– Axı içmisən? – dedi.
– Əh, nə içmişəm ki, iki-üç rumka yüngül çaxır da içməkdir? Tez qayıdacam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-besmertebeli-evin-altinci-mertebesi-on-dorduncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əgər tutsam qəmim eldən nihan, səbrü-qərarın yox,*Və gər şərhi-qəmi-pünhanım etsəm qəmküsarın yox.*
On yeddinci fəsilVəfa hər kimsədən kim istədim ondan cəfa gördüm,*Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.*
On səkkizinci fəsilYandı canım hicr ilə, vəsli-ruxi-yar istərəm,*Dərdiməndi-firqətəm, dərmani-didar istərəm.*
EpiloqÖylə sərməstəm ki, idrak etməzəm dünya nədir,*Mən kiməm, saqi olan kimdir, meyü-səhba nədir.*
Стихи других поэтов
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,