Ah idi həmnəfəsim ah ki, ol həm axır,

Çıxdı ikrah qılıb gülbeyi-ehzanımdan.

Heç vaxt bu pilləkənləri belə ağır bir hisslə belə ağır-ağır qalxmamışdı. Qapının ağzında da xeyli yubandı, cibindən çıxardığı açar heç cür yuvasına düşmürdü.

Axır ki, qapını açdı, mənzilə girdi. Təhminə evdəydi. Zaur keçib əllərini yudu, bir xeyli də orda yubandı. Sonra otağa keçib kürsüdə əyləşdi. Təhminə də qarşıdakı kürsüdə oturmuşdu, siqaret çəkirdi.

– Nahar eləmirsən? – deyə soruşdu.

Zaur:

– Yox, yemişəm, – dedi, o da siqaret çıxarıb odladı... Hər ikisi dinib danışmadan siqaret çəkirdi, heç biri söhbəti açmaq istəmirdi və hər ikisi bilirdi ki, gec-tez mütləq söz açılmalıdır.

Nəhayət, Zaur qərara gəldi:

– Dünən Dadaşlaydın? – deyə xəbər aldı.

Təhminə başıyla təsdiq elədi:

– Elçi göndərmişdilər yanıma Dadaşı, – dedi. – Sənin valideynlərin... Sövdalaşmaqçün. Deməli, mən səni onlara qaytarıram, əvəzində onlar məni rahat buraxırlar, daha qulağımı dəng eləmirlər.

Zaur:

– Əcəbdir, – dedi. – Mən demək elə-belə cansız bir əşyayam, dəyişdüyüş edirsiz.

– Bu sənin özündən asılıdır. – Zaura elə gəldi ki, bu sözlərlə Təhminə yenə də onun zəif damarını tutmaq istəyir. Axı çox gözəl bilirdi ki, Zaurun söyər yeri məhz budur – onun müstəqilliyinin, sərbəstliyinin şübhə altına alınması: indi beyni içki dumanı içində olarkən Təhminənin niyyəti ona daha dəqiq və aydın görünürdü.

Təhminə:

– Hər halda, – dedi, – mən səni zorla tutub saxlamaq fikrində deyiləm. Mənim evimə özün öz ayağınla gəlmisən, haçan kefin istəsə, özün öz ayağınla çıxıb getməyə də ixtiyarın var.

– Ehtiras bitib-tükəndi? – Zaur kinayəylə Dadaşın sözlərini təkrar elədi.

Təhminə əsəbi bir tərzdə:

– Ehtirasın bura nə dəxli var? – dedi. Dünya tək bir ehtiras üzərində qurulmayıb ki.

“Dadaşın fikirləridir büsbütün”.

– Bircə şey mənə aydın deyil, – dedi Zaur. Niyə sən bizim ikimizə aid olan məsələləri Dadaşla müzakirə eləməlisən? Dadaş sənin nəyindir – əmindir, atandır, nəyindir, hə?

Təhminə kədərlə:

– Mənim nə atam var, dedi, – nə də anam. O sənsən, maşallah, atan da var, anan da.

Zaur əllərilə saçlarını qarışdırdı, sonra üzünü, gözlərini ovuşdurmağa başladı.

– Axı niyə məhz Dadaşla danışırsan bizim işlərimiz haqqında?

– Dedim də sənə, bu anavın təşəbbüsüdür. Tək Dadaş olsaydı, dərd yarıydı. Haradansa Muxtara da tanış tapıblar. O da dünən axşam bu məsələyçün axtarırmış məni.

Bu xəbər gözlənilməz olmadı Zaurçün. Bayaq Muxtar deyəndə ki, səninlə sözüm var, Zaurun ürəyinə dammışdı. Axı ayrı nə sözü ola bilərdi ki, Muxtarın Zaurla?

– Hətta Mədinəyə də zəng vurubmuş.

– Mədinəyə?

Təhminə:

– Bəli, – dedi, sonra rişxəndlə əlavə etdi, – amma Mədinəyə zəng eləməyi yaxşı olub. Mədinə onun cavabını yaxşı verib. Büküb abrını ətəyinə... Mədinəni tanımır hələ anan... dilinə bələd deyil, Mədinə doqquz qoyar ona söyüş söyməkdə.

– Mədinənin nə həddi var ki, mənim anama söyüş söysün? – Zaur hiss edirdi ki, bütün əsəbləri gərilib, hirsindən əsirdi və hiss edirdi ki, bu gərginlik Təhminəyə də yoluxur. Ya bəlkə əksinə, Təhminənin hirsi, hiddəti, əsəb gərginliyi Zaura təsir edirdi.

Təhminə:

– Bəs sənin ananın nə həddi var ki, Mədinəni aradüzəldən yengə adlandırır? Həyasızlığa bax sən allah... Nə var, nə var Mədinənin əri yoxdu. Əri yoxdursa, ona ağzından gələni demək olar? Nə olub, Mədinənin nəyi əskikdir ondan, öz əlinin zəhmətiylə dolanır, balasını saxlayır... Heç mən bilmirdim, demə sənin anan da cavanlıqda elə Mədinə kimi makinaçı işləyirmiş, intəhası ananın bəxti gətirdi, mötəbər adama ərə getdi, amma Mədinəninki gətirməyib də.

– Sus, kəs səsini, – dedi Zaur, – anam barəsində artıq-əskik danışma, – o az qala qışqırırdı.

– Bəs nə haqla anan Mədinəni təhqir edir, kim verib bu haqqı ona?

– Təhminə də qışqırırdı. Əsəbdən əsim-əsim əsirdi... – aradüzəldən yengə.

Zaur:

– Düz deyib anam, sənin Mədinən elə aradüzəldən yengədir ki, var.

Heç bir vaxt Təhminəni bu sifətdə görməmişdi; elə bil üzü əyildi Təhminənin.

– Deməli, belə. Aradüzəldən... mən də, deməli, onun kadrıyam da.

– Mən belə söz demədim.

– Nə olsun demədin? Fikrində ki, tutmusan. Həmişə fikrində bunu tutmusan. Əlaqəmizin ilk günündən mənim haqqımda belə düşünmüsən. Fahişə hesab eləmisən məni. Elə ona görə də mənə yaxınlaşmaq fikrinə düşmüsən də. Fikirləşmisən ki, nə var, yüngül, ayağısürüşkənin birisidir də... Sonralar ən xoşbəxt günlərimizdə də bu fikir içini gəmirib, həmişə-həmişə şübhələnmisən məndən. Xəyanət, etibarsızlıq gözləmisən məndən. Ürəyinin dibində məni əxlaqsız qadın hesab eləmisən həmişə. Elə indi də bu fikir səni rahat qoymur. Ona görə ki, sən südəmər uşaqsan, kişi deyilsən hələ.

Zaur içindəki bütün zəhəri dilindən tökərək:

– Əlbəttə, kişi Dadaşdır, Spartakdır, qəssab Fazildir, – dedi, – sənin aləmində...

– Kişi məlakəni fahişə edən deyil, fahişəni məlakə edəndir.

Zaur:

– Düz deyirsən, mən bunu bacarmadım dedi.

Təhminə ağappaq ağardı və:

– Dur, çıx get burdan, – dedi. – Yüyür get anavın yanına, “Moskviç”ivin yanına. Alçaq.

Zaur özü də bilmədi ki, necə oldu, birdən-birə şillə çəkdi Təhminəyə. Təhminə əlləriylə üzünü örtüb yerindən sıçradı, qaçıb otaqdan çıxdı. Zaur da ayağa durdu, dəhlizə çıxdı. Yavaş-yavaş çöl qapısına tərəf addımladı, sonra otağa qayıtdı, cibindən qapının açarını çıxardıb, dolabçanın üstünə qoydu. Yenidən dəhlizə çıxanda qeyri-ixtiyari mətbəxə tərəf baxdı: Təhminə mətbəx masasının arxasında hərəkətsiz oturmuşdu, əlləriylə sifətini örtmüşdü.

Zaur qapını çırpıb çıxdı...

* * *

Unutmaq olmaz axı, unutmaq olmaz axı, unutmaq olmaz axı ki, bu ancaq oyundur... Yeniyetməlik çağlarında, qadınlar dünyasına qədəm qoyduğu ilk aylardan, illərdən bunu dərk eləmişdi, bilmişdi, öz-özünə tövsiyə vermişdi axı. Ciddi, ya qeyri-ciddi, qısa, ya uzun müddətli, təsadüfi, keçəri, yaxud əsaslı, davamlı əlaqələrinin heç birində Zaur bu dərsi, bu qanunu unutmurdu... bəs necə oldu ki, o, kişi çağında bu vacib həyat təcrübəsini unutdu birdən-birə? Niyə imkan verdi ki, cilovsuz bir duyğu varlığına hakim kəsilsin, iradəsini buxovlasın, ona bu qədər ağrı və acı gətirsin. Unutmamalıydı, bütün bunların yalnız oyun, əyləncə, ötəri xoş münasibətlər olduğunu unutmamalıydı bir an da. Unutdu və indi budur – cəzasını çəkir... necə oldu ki, bu cür aldandı, necə oldu ki, oyunun qanunlarını pozdu və bu oyunu məhəbbət bildi? Məhəbbət bilən kimi də oyun amansızlaşdı, əyləncə yox, işgəncəyə çevrildi... Elə bilirdin ki, möcüzə baş verib? Sevgi filan... ancaq kitablarda və kinolarda olur bu, ya da həyatda olursa, yalnız 17-18, ən uzağı 19 yaşında, vəssalam. Sən isə 24 yaşında bu cür aldandın... Öz yaşının acı, amma vacib dərslərini necə unutdun ki, belə tələyə düşdün, ay biçarə?

Beynində qaynayıb pırtlaşan fikirlərlə şəhərin küçələrini dolaşadolaşa adamsız qaranlıq dalanlara gəlib çıxdı. Burada şəhər evləri qurtarırdı, çöllük başlanırdı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов