On ikinci fəsil
Страница 1 из 3
Fəthi-meyxanə üçün oxuyalım fatihələr
Ola kim, üzümüzə açıla bir bağlı qapu.
Nəşriyyatdan çıxıb yavaş-yavaş küçələrlə addımlamağa başladı. Evlərinə getmək istəmirdi. Öz-özünə acı-acı güldü: “evimizə...” Məgər onun evi vardı? Onun “evim” dediyi yer – Manafın sabiq mənziliydi.
Çalışdı ki, bu barədə fikirləşməsin. Ayrı şeylər barədə düşünməyə cəhd etdi və birdən duydu ki, yamanca acıb, Təhminənin mətbəxini xatırladı, düşündü ki, evə getsə Təhminə nahar qızdırıb qabağına qoyacaq. Zaur da dinməz-söyləməz yeyəcək, heç birisi bir kəlmə də danışmayacaq, çünki ikisi də biləcək ki, danışacaqları hər bir söhbət gec-tez dava-dalaşla nəticələnəcək və həm də ki, bu dava-dalaş, yəqin ki, axırıncı savaşları olacaq... Yaxud dalaşmasalar, elə-belə danışsalar, bir-birini anlamağa, başa düşməyə çalışsalar, vəziyyətlərini, hallarını, hisslərini, fikirlərini bir-birilərinə sakit və təmkinlə izah etsələr belə, bunun da yeganə nəticəsi ayrılıq olacaq, hər ikisi mütləq bu qərara gələcəkdi – ayrılmalıyıq...
Trolleybusa minmədi, yolunu bulvardan saldı. Bulvar adamsız idi. Havalar pis keçmirdi, ağaclar tamam çılpaq olmasaydı, adama elə gələrdi ki, payız təzəcə girib. Amma payızın son ayı, qışın əvvəli olması yalnız ağacların yalın budaqlarından deyil, həm də havanın çox tez qaralmasından məlum olurdu. Adamlar idarələrindən çıxanda hələ işıq idi, amma evlərinə yollanarkən haradasa – trolleybusun, avtobusun içində – qaranlıq onları haqlayırdı. Bu keçid, xüsusilə metro sərnişinləri üçün kəskin idi. İşıq keçiddən yerin altına enir, öz dayanacaqlarında yer üzünə qalxanda isə qatı qaranlığa qərq olmuş şəhərə çıxırdılar...
Zaur bulvarla addımlayırdı. Sahil xiyabanına səpələnmiş şüşə kababxanaların, çayxanaların, qutabxanaların mehrəm və mülayim çıraqları ətrafa işıq çiləyirdi. Bu şüşə yeməkxanalarda – akvarium içindəymişlər kimi – təkdənbir adamlar oturmuşdu, elə bil işığın, istinin başına yığışmışdılar, yavaş-yavaş söhbət edirdilər. Heç buradan çıxmaqları gəlmirdi. Ocaq başı kimi cəlbedici idi bu məclislər. Bəzən insan yad şəhərin otellərində belə isti nəfəsə, ünsiyyətə, təmasa ehtiyac duyur – həm insanların içindəsən, həm də aralısan onlardan – heç kəsi tanımırsan, səni də heç kəs tanımır, amma hər halda, haradasa lap yaxında həyanların var – başqa insanlar – söhbət etmək, sorğu-suala tutulmaq, cavab vermək məcburiyəti də yoxdur, eyni zamanda ilıq hənirtiləri çatır sənə...
Kababxananın borusundan tüstü çıxırdı, ləzzətli iylər gəlirdi, Zaur da yolundan burulub kababxanaya tərəf addımladı.
Adam az idi. Dörd nəfər dəm kişi bir-biriylə qızğın mübahisəyə girişmişdi, bir-birinə isbat eləmək istəyirdilər ki, doğrudur, Əhmədov əclafın biriydi, amma Ağayev ondan da betərdir.
Başqa bir masanın dalında iki nəfər gənc oğlan, küncdəki dördüncü stolun ardında isə cavan oğlanla qız əyləşmişdilər.
Zaur arxası qapıya oturdu. Piştaxtanın arxasındakı bufetçi radiocihazı qurdalayırdı, nəhayət, konsert verən İran stansiyasını tapdı... İki başqa xidmətçi mətbəx qapısının ağzında mırt vururdu. Zaur xeyli oturdu, nəhayət, xidmətçilərdən biri tələsmədən yanaşdı. Zaur kabab və iki yüz qram araq sifariş verdi. Bir azdan sonra xidmətçi göyərti, pendir, bir şüşə “Badamlı”, üstünə xaş-xaş səpilmiş çörək və kiçik armudu qrafində araq gətirdi.
Zaur arağı qalın çapma stəkana süzdü, bir qurtuma başına çəkdi... Ac qarnına içdiyi araq dərhal təsirini göstərdi. Zaurun beyni yüngülcə dumanlandı və kiçik kababxananın, gur işıqlı elektrik qızdırıcısıyla yaxşıca isidilmiş bu şüşə otağın məhrəmliyi, şüşələrin arxasındakı gecəyə, qaranlığa qərq olmuş bulvarın, ağır, qatı, zülmət dənizin yaxınlığı – hamısı birlikdə Zaurun ürəyini riqqətə gətirdi: elə bil ki, burda əyləşən adamlar da, xidmətçilər də, kök bufetçi də ona əziz və doğma oldular. Piştaxtanın ardındakı divara zillədi gözlərini – divara “Oqonyok”dan kəsilmiş rəngli reproduksiyalar, Zeynəb Xanlarovanın və Müslüm Maqomayevin portretləri, Stalinin generalissimus formasında, habelə anası və oğluyla birlikdə şəkilləri, “Neftçi” futbolçularının fotoları vurulmuşdu... Bir neçə kinoaktrisanın şəkilləri də vardı divarda, adlarını bilməsə də sifətləri tanış gəlirdi Zaura. Zaur cəhd eləyib onları hansı filmlərdə gördüyünü də yada sala bilərdi. Lenanı, Moskvada kino evində tanış olduğu Lenanı tanıdı, dərhal da Moskva sərgüzəştləri yadına düşdü. Muxtarı xatırladı və elə bu vaxt qulağının dibində tanış bir səsdən diksindi:
– Ay sizi xoş görmüşük.
Başını qaldırdı və masasının yanında dayanmış gülümsünən adamı gördü – Muxtar Məhərrəmov idi... Qəribə təsadüf idi. Sanki Muxtar Zaurun fikirlərindən canlanıb çıxmış, hansı cinin əmriylə peyda olmuşdu elə bil... Zaur ayağa qalxdı, əl verib görüşdülər.
– Buyurun, əyləşin, – dedi. Muxtar dərhal stul çəkib oturdu.
– Elə indicə sizə zəng vurmaq istəyirdim, – dedi.
– Bizə, yəni Təhminəyə, – deyə dəqiqləşdirdi Zaur.
Muxtar yüngülcə gülümsündü.
– Yox, məhz sizə, – dedi, – Təhminəylə telefonla danışdım, dedi ki, hələ işdən qayıtmamısınız, indilərdə gələrsiniz...
Zaur “Necə də arxayındır Təhminə, – deyə düşündü, – necə də arxayındır ki, mütləq indilərdə gələcəm”.
– Siz də demə, burada – kababxanada kefdəsiniz – Muxtar araq qrafininə işarə elədi.
Zaur gülümsündü, araqdan öz stəkanına və ikinci təmiz çapma stəkana Muxtar üçün süzdü.
Muxtar:
– Zəhmət çəkməyin, – dedi. – Mən bu saat deyərəm gətirərlər. Arif! – deyə xidmətçini çağırdı.
Xidmətçi dərhal gəldi. Kök bufetçi də Muxtarın səsini eşidib piştaxtanın arxasından başını yellədi, hal-əhval tutdu.
Arif:
– Muxtar müəllim xoş gəlib, – dedi. – Çoxdandı görünmürsüz?
Muxtar:
– İş çoxdur, – dedi. – Bəs Nadir hanı?
– Nadir indi gələr. Biz burdayıq da, nə qulluğunuz var, buyurun.
– Yaxşı, bir iç-qovurma düzəlt bizimçün, iki şiş də qabırğayla ağ ətdən kabab çək.
– Baş üstə!.. Nə içəcəksiz?
– Yox, verilişim var, içməyəcəyəm mən... Yaxşı, day keçib, iki yüz araq gətir. Zaur müəllimlə birtəhər həzmi-rabedən keçirərik...
Xidmətçi getdi. Muxtar:
– Nadir buranın böyüyüdür, – dedi. – Qəribə oğlandır.
Zaur:
– Məni niyə axtarırdınız ki? – deyə soruşdu.
Muxtar cavab verə bilmədi, Zaurun başının üstündən indicə açılmış qapı tərəfə baxırdı. Sonra ayağa durdu.
– Hə, – dedi, – adını çək, qulağını bur, Nadir müəllim özü də təşrif buyurdu.
Zaur da çevrildi və qapıdakı potaboy, yekəqarın, qırmızıyanaq kişini gördü.
Nadir Muxtarı görüb dişlərini ağardırdı, daha doğrusu, dişlərini ağarda bilməzdi, çünki bütün dişləri qızıldan idi... Tələsik onlara tərəf gəldi.
– Ay Muxtar müəllim xoş gəlib bizim tərəflərə... Çoxdandı görünmürsən, a kişi?
Muxtar:
– Tanış ol, – dedi. – Zaur mənim dostumdur.
Nadir razılıqla başını tərpətdi, Muxtarın dostu olması Zauru onun gözlərində elə bil bir neçə mərtəbə ucaltmışdı.
– Nə var, nə yox, ay Muxtar müəllim?.. Baxırıq, izləyirik işivizi... Həm sevinirik, həm həsəd aparırıq.
Muxtar:
– Nəyə sevinirsən və nəyə həsəd çəkirsən ki? – deyə xəbər aldı.
– Hə, bunları bu saatca bircə-bircə sənə deyəcəyəm. – Nadir yoğun boynunu çevirmədən barmaqlarıyla çiyninin üstündən çırtma çaldı və xidmətçi Arif dərhal onlara yanaşdı. Muxtarın sifariş verdiyi iç-qovurmanı, arağı da gətirmişdi... Nadir gözucu tavaya baxıb Arifdən soruşdu:
– O ətdəndir?
Arif:
– Eyib sözdür ki, Nadir qədəş, – dedi. – Biz bəyəm adamımızı tanımırıq? Muxtar müəllimə hamımızın hörməti var, – Nadirin məmnun-məmnun dodağı qaçdı, amma sonra qrafindəki arağı görüb qaşlarını çatdı.
– Bu nədir bəs? – dedi.
Muxtar üzrxahlıq edirmiş kimi:
– İşim var, Nadir, getməliyəm, – dedi.
Nadir:
– Yox, canımçün, ürəyimə toxunarsan, – dedi və sonra Arifə müraciətlə, – uberite etu menzurku, – deyə əlavə etdi. – O dünənki ekstralardan hələlik bir şüşə gətir, birin də qoy xolodelnikə... Orda xolodelnikdə pivə var e, bilirsən hansından deyirəm də, ondan da hələlik üç-dörd şüşə gətir bura, dalısına baxarıq.
Arif tapşırığı yerinə yetirməyə getdi və Nadir təmkinlə kababxanadakı adamlara göz gəzdirdi.
– Belə-belə işlər, Muxtar müəllim, – dedi.
Arif beş şüşə çex pivəsi gətirəndə Muxtar:
– Bax bu olmadı da, – dedi. – Köhnə dostları yaddan çıxardırsan.
Nadir:
– Canımçün, Nadirin ölmüşünə dünən axşam almışıq on yeşik, elə bu gün sənə zəng vurmaq istəyirdim, özün öz ayağına gəlib çıxdın. Bir qutusunu məxsusi sənünçün ayırmışam, bilirəm axı çex pivəsinin bazısan mənim kimi, istəyirsən bax elə indi götür apar.
Yox, indi işə gedirəm, amma sabah səhər gəlib aparacam.
– Əşi, nə zəhmət çəkirsən, özüm göndərərəm evinə.
Arif qırmızı “Ekstra” etiketli araq şüşəsini açdı, təzə gətirdiyi üç nazik qədəhə süzdü və getdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-besmertebeli-evin-altinci-mertebesi-on-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həm vüsali vurur od canıma, həm hicranı*Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.*
Beşinci fəsilDegildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Стихи других поэтов
Əsil dost məhləsinə girəndə,İstər ayağına başını qoya.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki