On ikinci fəsil
Страница 3 из 3 · 67%
– Bəli, gəldik çıxdıq bağa... Day nə deyim...
Zaur fikir verdi ki, bundan qabaqkı bütün təfsilatları yerli-yataqlı danışan Nadir sonluğu nə isə tələsik tamamladı. Səbəb nə idi? Nadirin utancaqlığı, abır-həyasımı, yaxud başqa bir şey? Bəlkə də bütün bu tədbirlə qurulmuş tələlərə, konyaklara, noyabrda stolun üstünə düzülmüş parnik pomidorlarına, xiyarlarına, qərənfillərə və fransız likörünə baxmayaraq, əhvalat heç də Nadir arzu etdiyi nəticəylə bitməmişdi? Çox güman ki, Nadirin söhbətinin axırının itməsi də elə bu səbəbdən idi.
Nadir qədəhlərə araq süzdü, içdilər, Muxtar saatına baxdı. Nadir isə başqa bir qadına aid yeni bir əhvalat danışmağa başladı. Danışırdı ki, bir qadından yaman kəsirdim, onunla tanış olmaq üçün dəridən-qabıqdan çıxırdım. Nəhayət, ümumi tanışımız tapıldı və ilk tanışlıq xətrinə qadına hədiyyə olaraq kremplin parça göndərmək istədim. Bir dostum məni sklada aparıb üç cür kremplin göstərdi – boz, yaşıl və göy rəngli... Əvvəl istədim üçünü də alıb göndərim, hansını bəyənsə, seçsin, sonra qorxdum birdən zalımın qızı üçünü də bəyənər, yox, dedim, baha düşər, xarab eləyər səni, əvvəlcədən belə öyrətsəm, sonra necə çıxaram bunun altından? Özüm göy rəngini seçdim, göndərdim, ismarış elətdirdim ki, bəli, axşam ona qonaq gəlmək istəyirəm. Tək yaşayır, “Monolit”dən bir tin yuxarı... Adresini çoxdan bilirdim, axşam bir yaxşı bağlama düzəltdirdim: – dörd-beş sveji tabaka, içkisi-filan yanında, apelsin, bir dəstə gül – hər şey öz qaydasında... Hə, bir də təzə pomidorla xiyar... Özü də noyabr ayı idi...
Zaur diqqət elədi ki, Nadirin bütün məhəbbət sərgüzəştləri noyabr ayında cərəyan edir və ilin bu vaxtlarında ortaya pomidor, xiyar çıxartmasıyla Nadir xüsusi fəxr edir... Kiməsə yamanca oxşayırdı Nadir, amma kimə, Zaur nə qədər etsə də yadına sala bilmirdi.
Nadirin danışdığı bu əhvalat da əvvəlki əhvalat kimi birdən-birə, gözlənilməz-tələsikliklə qurtardı və Nadir artıq təzə bir əhvalata başladı. Xüsusi kayut götürərək bir aşnasıyla gəmidə Krasnovodska getməsindən danışırdı indi də... Həmin bu aşnası üç dəfə eyni bir üzüyü aldırmışdı Nadirə. Bir dəfə bahalı üzüyü Nadirə göstərib, “bu üzüyü gətiriblər mənimçün, bilmirəm götürüm-götürməyim – demişdi. Nadir: “xoşun gəlirsə, əlbəttə, götür” – demişdi, pulunu çıxarıb vermişdi və ilk dəfə ayrıca kayutda Krasnovodska getmişdilər... Yarım ildən sonra (qadın elə bilib ki, Nadirin yadından çıxıb) aşnası ikinci dəfə həmin üzüyü Nadirə göstərib, eyni sözləri təkrar etmişdi: “bilmirəm götürüm-götürməyim”. Nadir dəm imiş, ya da doğrudan da unudubmuş, odur ki, bu səfər də fərqinə varmadan “əlbəttə, götür” – deyib, pul çıxarıb verib və onlar ikinci dəfə Krasnovodska gediblər... Ancaq üç ay sonra yenə də Nadirin dəm vaxtında arvad üçüncü dəfə həmin üzüyü göstərib həmin sözləri deyəndə qan vurub Nadirin təpəsinə: “Yaxşı, ay ləçər, – deyib, – istəyirsən sənin on barmağının onuna da bu cür üzük alıb taxım, amma day mənə paçka basmaq niyə?.. Mən bəyəm hərifzadam səninçün ki, üçüncü dəfədir həmin üzüyü aldırırsan mənə?”
– Əşi, qadınların işi uzundur, – deyə Nadir sözünü yekunlaşdırdı, – danışmaqla qurtarar bəyəm?
Zaur nə qədər cəhd edirdisə də, bu adamın kimə bənzədiyini təyin edə bilmirdi. Danışıq tərziylə bənzəmirdi, amma nəyiləsə, nəyiyləsə kimisə yaman xatırladırdı... Dayan, dayan... Elə bil nə isə Zaurun beynində durulub aydınlaşmağa başladı, amma Nadir dərhal onu fikirlərindən ayırdı. Zaura müraciətlə:
– Gəlin bunu da içək sizin sağlığınıza, – dedi. – Bağışlayın, siz nə sənət sahibisiniz?
Zaur:
– Nəşriyyatda işləyirəm, – dedi.
Nadir:
– Yaşa, – dedi, – nəşriyyat işçiləri bizim hamımızın fəxrimizdir, başımızın ucalığıdır... Siz bizə mənəvi qida verirsiniz, bizim də borcumuzdu ki, sizə nə cür ki, lazımdır, o cürə hörmət göstərək... Nəşriyyatda kitab buraxırsız da, ya bəlkə səhvim var? Ay sağ ol... Kitab biliyin anasıdır. Kitabsız indi bir addım atmaq olmaz... Mənim atam rəhmətlik, – allah ölənlərivizə rəhmət eləsin, – yaman istəyirdi ki, mən də oxuyub alim olum, nə bilim, kitab yazan olum. Elə əmim də məni görən kimi başlayır, danlamağa ki, bircə sənsən bizim ailənin adını batıran. Axı, doğrudan da, bizim nəsildə hamı oxumuşdur, bircə mənəm belə fərsiz çıxan. Neyləyim, vaxtında ağlım olmayıb, oxuyub başımı bir yana çıxarda bilməmişəm, indi də birtəhər çaq-çuruq eləyirəm də. Bütün qohum-əqrəbam hamısı oxumuşdular, amma bilmirəm, nə məsələdir ki, bu oxumuşlar həftə səkkiz mən doqquz gəlirlər yanıma ki, bəs gərək borc verəsən bizə, puldan korluq çəkirik. – Nadir qəhqəhə çəkib güldü. – Ay Muxtar müəllim, zarafatdır da, dilxoşluqdur da, bala-bala edirik özümüzçün. Amma əmim, doğrudan da, böyük adamdır. Kişi əməlli-başlı alimdir e... Hə, yeri gəlmişkən, elə o da nəşriyyatda işləyir, bəlkəm siz tanımamış olmazsız? Dadaş.
Zaur: “Əlbəttə, Dadaş, – deyə düşündü, – nə cür olub ki, indiyə qədər tapa bilməmişəm bu adamın kimə bənzədiyini? Bu gödək əllər, bu toppuş qısa barmaqlar – bunlar ki, Dadaşınkıyla eynidir”.
Zaur sual, yox, təsdiqlə:
– Cabbarov Dadaş, – dedi.
– Tanıyırsız?
Zaur:
– Bir yerdə işləyirik, – dedi və düşündü ki, vəssalam, hər şey gəlib nöqtəsində dayandı. Bütün iplər bir-biriylə bağlanıb düyünləndi. İndi Nadir bir neçə əhvalat da danışacaq və məlum olacaq ki, Təhminəylə də yaxından tanışdır.
Nadir:
– Təsadüfə bax e, – dedi. – Yox, bu məsələnin üstündən belə yüngülvarı keçmək olmaz. Bu məsələni gərək biz əməlli-başlı qeyd edək. Adə, Arif! – deyə çağırdı, – o arağı bəri gətir görüm.
Amma Muxtar:
– Yox, yox, – dedi, – mən daha içən deyiləm, getməliyəm. Tələsirəm. Qalsın başqa səfərə. Amma özünüz bilin, bəlkə Zaurla ikiniz içmək istəyirsiniz. Hər halda, mən gedirəm.
Zaur:
– Yox, dedi, – mən də tələsirəm.
Nadir:
– Yox, siz mənim ürəyimi qırırsız, qoy bir boşqabları təzələsin, bir-iki şiş isti kabab gətirsin, bir balaca araq, dünya dağılmaz, iş qaçmır ki... – amma Muxtar onu dinləmədən yavaşca durdu, “bağışlayın, bir dəqiqə” – deyə harasa çıxdı və bir qədərdən sonra qayıtdı.
– Zaur, gedirsiz? – dedi.
Zaur:
– Bəli, gedirəm, – dedi, ayağa durdu. Nadirə müraciətlə: – Neçə verəcəyik? – deyə xəbər aldı.
Muxtar:
– Çatıb, – dedi.
– Necə? – Nadir yerindən sıçradı. – Adə, Arif, adə, qırışmal, utanmırsan Muxtar müəllimdən pul alırsan?
Arif boynunu büküb:
– Neyləyim, ay Nadir qədəş, – dedi. – Muxtar müəllim dedi ki, almasan, bir də bura ayaq basan deyiləm.
Nadir:
– Muxtar müəllim, yaman sataşırsan a, – dedi, – mən sifariş verirəm, xərci sən niyə çəkirsən? Mən sizi qonaq eləmək istəyirdim.
Muxtar:
– Biz xanım deyilik ki, bizi qonaq edəsən, – deyə gülümsündü. Həm də, – Zaura göz vurdu, – mən Zaurun üsuluyla hərəkət elədim. Bir dəfə Moskvada bax bu sayaq o məni qonaq elədi, mən də borclu qalmaq istəmədim. Nadir, sağ ol, deməli, pivəni gözləyirəm.
Nadir:
– Mütləq, – dedi, amma hiss olunurdu ki, möhkəm pərtdir. Axı nə Muxtara, nə də əmisi Dadaşın iş yoldaşı Zaura səxavətini, əliaçıqlığını lazımınca nümayiş etdirə bilməmişdi.
...Zaurla Muxtar bulvarın adamsız xiyabanlarında addımlayırdılar. Sükutu Muxtar pozdu:
– Siz yəqin təəccüblənərsiz... Mənim bu sayaq – Nadiri deyirəm – bu sayaq adamlarla tanışlığıma təəccüblənirsiniz. Məsələ ondadır ki, məni hər cür, hər növ insanlar maraqlandırır – yaxşısı da, pisi də, axmağı da, ağıllısı da, təmizi də, əyyaşı da... Azarımdır cürbəcür adamlarla görüşmək, təmasda olmaq, sözlərini eşitmək, anlamağa çalışmaq onların düşüncə və həyat tərzini.
Zaur:
– Nə üçün axı? – deyə soruşdu.
Muxtar:
– Nə bilim, – dedi və təkrar etdi, – nə bilim... Amma illər keçdikcə mən özümü də, başqalarını da daha pis anlayıram. Heç başa düşə bilmirəm insanları da, özümü də. Bircə onu bilirəm ki, bu dünyada sual çoxdur, cavab az.
Bulvardan çıxdılar...
Muxtar:
– Taksini hardan tapaq indi? – dedi. – Burada bütün taksilər Bayıl tərəfə gedir.
Zaur:
– Yaxşı, axı demədiz, mənə niyə zəng vurmuşduz.
Muxtar:
– Hə, deyirəm axı, nə isə sözüm qaldı sizə... Məsələ ondadır ki... Aaa, taksi! – deyə çağırdı. – Taksi! Saxla görüm!
Maşın düz onların qabağında dayandı.
Muxtar:
– Bağışlayın, sən allah, – dedi və maşına əyləşdi, – yaman tələsirəm, gecikmişəm daha doğrusu, sabah axşam sizə zəng vuraram, danışarıq. Yaxşı?
Maşın hərəkətə gəldi. Zaur hiss edirdi ki, içkinin ağır dumanı beynini get-gedə daha çox bürüyür. Ağır-ağır evə tərəf addımladı. Təhminənin evinə tərəf...
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-besmertebeli-evin-altinci-mertebesi-on-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həm vüsali vurur od canıma, həm hicranı*Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.*
Beşinci fəsilDegildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Стихи других поэтов
Əsil dost məhləsinə girəndə,İstər ayağına başını qoya.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki