Страница 2 из 4 · 25%

Atası heç bir vaxt onunla belə danışmamışdı. Ümumiyyətlə, az-az danışırdılar, atası elminə – kitablar aləminə qapılmış qaradinməz bir adam idi, arvadıyla nadir hallarda danışar, oğluyla isə demək olar ki, heç danışmazdı. Bu cür açıq sözləri isə Zaur, ümumiyyətlə, birinci dəfə eşidirdi ondan. Elə buna da mat qalmışdı. Amma bundan daha artıq başqa bir şeyə mat qalmışdı Zaur. Mat qalmışdı ki, atası neçə illər bundan qabaq öz həyatını dəqiq qrafik üzrə qurduğu kimi, indi onun, Zaurun da həyatını bu cür dəqiq planlaşdırmışdı: ali təhsil, dissertasiya, mənzil, evlənmə, övlad... Doğrudur, bəzən görürsən gözlənilməz hadisələr də olur, məsələn: İkinci Dünya müharibəsi. Qrafik müəyyən dərəcədə pozulur. Amma hər halda İkinci Dünya müharibəsi də, ağır yaralanması da Məcid Zeynallının çox gənc yaşlarında müəyyənləşdirdiyi həyat cədvəlini – qarşıya qoyulmuş bir məqsəddən yeni bir məqsədə gedən dümdüz yolu dəyişə bilməzdi. Və bu dümdüz yol üzrə gedən hərəkəti Məciddən sonra onun oğlu Zaur davam etdirməli idi. Sonra isə, inşalllah, Zaurun oğlu qədəm qoymalı idi bu yola...

* * *

Şam yeməyindən sonra atası öz iş otağına çəkildi, Zaur jurnalları vərəqləyirdi ki, birdən Zivər xanım:

– Bura bax, – dedi, – qulağıma cürbəcür sözlər çatır ha...

Zaur “Oqanyok"dakı krossvordu gözdən keçirərək laqeydcəsinə:

– Nə sözlər?

– Səni tez-tez bir xanımla görürlər.

“Oqonyok"u bir qırağa qoydu:

– Nə xanımla?

– Nə bilim, nədir onun adı – Nərminədi, Təhminədi nədi...

Zaur hiss elədi ki, qızarıb pörtür və qulaqları od tutub yanır. Özünü ələ alıb:

– Nədir ki? – dedi.

– Yaxşıdır yenə sifətində bir az həya qalıb, – dedi anası, – bir gözümün içinə düz bax görüm. Zaur güclə gülümsündü və anasının gözlərinin içinə baxdı.

– Düzdür ki, onu maşınına mindirib bütün Abşeronu gəzdirirsən?

“Aman Allah, hər şeyi yerli-yataqlı çatdırıblar”.

– Bilmirsən ki, yerin qulağı var?.. Heç ağlın var, heç bir beynivə vurursan? Ərli arvaddır axı... Sənin Tanka-mankalarından deyil...

– Kimdir bu xəbərləri sənə çatdıran?.. Camaatın işi-gücü qurtarıb...

– Yox, görünür sənin işin-gücün qurtarıb... Heç əməllərindən utanıb eləmirsən... Bura bax, gör nə deyirəm, sən day balaca uşaq deyilsən. Bığlı, saqqallı yekə kişisən... Mən heç vədə sənin işlərinə qarışmamışam ki, hə, de də, qarışmamışam, yox? Amma bu səfər, bax, deyirəm, aç qulaqlarını yaxşı-yaxşı eşit, gör nə deyirəm. Nə qədər ki, atovun qulağına çatmayıb, biryolluq bu işdən əl çək. Bildin?

Məsələnin bu cür qoyuluşu özündən çıxarırdı Zauru: nə ultimatumdur bu belə, o südəmər körpə-zaddır bəyəm? Amma dinmədi... Bəlkə elə Zivər xanım da gərək söhbətini burada xətm eləyəydi. Sözünü bununla qurtarsaydı Zivər xanım, hər şey bəlkə ayrı cür olardı. Amma Zivər xanım harın arvad idi, içində hikkəsindən qaynayırdı və dilini dişləyib demək istədiklərini ürəyində saxlaya bilməzdi. Və dediyi sözlər də bütün sonrakı hadisələr üçün təkan oldu... Zivər xanım üz-gözünü elə turşutdu ki, elə bil çimçəşirdi, iyrəndiyi murdar bir şey haqqında danışırdı:

– İndi də sənə ilişib, – dedi, – idarəvizin bütün kişiləriylə fırıldaq çıxarıb doyub, indi növbə sənə çatıb?!

Zaur yerindən sıçradı:

– Bəsdir, – dedi, – ayıbdır səninçün, bu cür sözlər danışmaq... onun-bunun ara söhbətlərini təkrar eləmək yaraşmaz sənə...

Yəqin bunu çox sərt dedi, çox əsəbi dedi, anası elə bil barmağını dişlədi, sövq-təbii bir hisslə elə bir şeyi duydu ki, o hələ Zaurun özünə də tam aydın deyildi. O vaxt, Zaurla Təhminənin əlaqələri, Zaurun fikrincə, qeyri-ciddi, yüngül bir şey olduğu vaxtda Zivər xanım qadınlıq və analıq intuisiyası ilə bu əlaqələrin ciddiliyini dərk eləmişdi.

Kinayəylə:

– Ara söhbətləri?! – deyə təkrar elədi. – Əcəb ara söhbətləridir! Bütün şəhər danışır da bu söhbətləri... Bircə sənin kimi uşağı ələ salıb aldada bilərlər ki, bütün bunlar ara söhbətləridir, boş qeybətlərdir... Bütün şəhər bilir ki...

– Bütün şəhər... Anket paylamısan bütün şəhərə?

– Anket-zad lazım deyil... Hamı bilir də... Özü də onunçün təfavütü yoxdur kim olsun... nə idi o kişi, o yaşlı kişi var e, dədəsi yerindədir, əşi sizin idarədə işləyir, nədir o köpəkoğlunun adı, balaca dazbaş kişidir e, burnunda da ziyil var...

Bilirdi ki, anası kimi nəzərdə tutur, amma boğazına ip də salsaydılar Zaur Dadaşın adını çəkməzdi...

Zivər xanımın özünün yadına düşdü:

– Hə, Dadaş, deyirəm axı, adı Dadaşdır. Utanıb yerə girmir, həyasızın qızı... Denən, cavan gəlinsən... Sir-sifətdən də babatsan – bu, Zivər xanımın Təhminə haqqında dediyi birinci və axırıncı yaxşı söz oldu: “babatsan” – cavan ərin var... Amma di gəl, gör kimnən eşqbazlıq eləyir – qoca idbar kişiynən...

Zaur dəqiqləşdirməyə çalışdı:

– Deməli, belə çıxır ki, eşqbazlıq eləməyi günah deyil, günahı ondaymış ki, qoca idbar kişiylə eşqbazlıq eləyir?

– Sən mənimlə burada söz güləşdirmə... Kimnən eşqbazlıq eləyir – öz işidir. Bir də o əri qurumsağın işidir. Kül onun başına ki, bu cür arvadı evində saxlayır. Amma, bax, səndən əl çəksin. Yoxsa, Allaha and olsun, onun başına bir oyun açaram ki, öz adını da yadından çıxarar. – Zivər xanım Təhminəyə nə edəcəyini daha da dəqiqləşdirərək əlavə elədi. – Gözlərini çıxararam o it qızının...

Zaur anasının xasiyyətinə bələd idi, bilirdi ki, anası dediyini eləyəndir, bütün bu əhvalat da, görünür, Zivər xanıma möhkəm toxunmuşdur. Zaur məsələni daha da gərginləşdirmək istəmirdi, odur ki:

– Sən allah boşla görək, ay ana, – dedi. – Aramızda heç nə yoxdur. Bir idarədə işləyirik, tay-tuşuq, bəlkəm indi işdən çıxanda bir-iki dəfə onu maşınla aparmışam, vəssalam... Nə böyük bir məsələ imiş ki bu? Əgər belə ürəyinə salırsansa, yaxşı, söz verirəm ki, bir də onu maşınıma mindirməyim, qoy trolleybusla getsin. – Həmişəki kimi yarızarafat tərzində danışırdı, amma elə bil daxili bir nigaranlıq hissi keçirirdi, nədənsə ona elə gəlirdi ki, Təhminəni bir növ satır və məhz elə buna görə, özünə vicdanı qarşısında bəraət qazandırmaqçün Təhminəni müdafiə eləmək istədi:

– O ki qaldı, Dadaş, – dedi, – səni yüz faiz əmin edə bilərəm ki, bu, yalan sözdür, böhtandır, vəssalam. Mən lap yəqin bilirəm, Dadaşla onun arasında heç bir şey olmayıb, ola da bilməz.

– Sən hardan bilirsən? Özü sənə deyib?

– Yox, özü deməyib. İntəhası mən də həmin o idarədə işləyirəm və çörəyi burnuma yemirəm axı... Bu söhbət ağ yalandır.

Amma Zivər xanım heç cür razılaşmaq istəmirdi:

– Tək Dadaşdır bəyəm? Odey bizim qonşu da neçə vaxt onunla “dostluq” eləyib.

Zaur:

– Hansı qonşu? – deyə xəbər aldı və hiss elədi ki, bütün içi donub buz bağlayır.

– Alyanın oğlu da... Spartak... Alya danışırdı, deyir, yazıq gədəyə aman vermirdi. Telefonumuzu, deyir, day yerindən çıxardırdı. Gecə bilməz, gündüz bilməz, zəngi zəngə calayır... Ciyəriyanmış hardan zəng vururmuş görəsən, öz evindən? Bəs, əri balqabaq harada itib qalıbmış?.. Əh...

İçi elə bil don bağlamışdı Zaurun, elə bil beyni ağırlaşmış, qıc olub qalmışdı, yavaş-yavaş özünə gəldikcə bircə istək hakim kəsilirdi qəlbinə: bu saatca Təhminəylə görüşsün, lapdan, aman, macal vermədən soruşsun Spartak barəsində və cavabından asılı olaraq ya münasibətləri birdəfəlik qırılsın, ya da... Sanki anasının səsini də artıq eşitmirdi. Anası elə hey üyüdüb tökürdü, deyirdi ki, axır Alya dözməyib, özü işə qarışıb, amma Alya mənim kimi oğluynan danışmayıb, axı oğlu da elə avaranın, yelbeyinin biridir, yox, Alya o çərhəyanın özüylə danışıb, zəng eləyib hədələyib ki, bax, əl-ayağını yığışdır, yoxsa, gəlib saçlarını keçirdərəm əlimə, bircə-bircə yolub tökərəm tüklərivi. – Zivər xanım güldü. – Saçları da deyir, heç özününkü deyil o lotunun, qoymadır, parik taxır başına.

Zaur elə bil bu hədələri artıq icra olubmuş kimi görürdü, elə bil gözləri qarşısında canlanırdı. Təhminənin gözlərinin Zivər xanım tərəfindən deşilməsi, tüklərinin, (bu tüklər parik-zad deyildi, özününkü idi – bunu Zaur yaxşı bilirdi) uzun saçlarının Alya xanım tərəfindən yolunmasını...

– Çıxıram bir az havaya – dedi Zaur.

Küçəyə düşən kimi avtomatdan Təhminəyə zəng elədi.

– Bəli... bəli, eşidirəm sizi. – Telefondan yumşaq kişi səsi gəldi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов