Üçüncü fəsil
Страница 3 из 4 · 50%
– Manaf idi – Təhminənin əri.
Zaur dəstəyi asdı...
Axşam düşmüş, hava qaralmışdı. Zaur şəhəri gəzirdi. İki dəfə də zəng elədi. Manafın səsini eşidib asdı. Əlbəttə, salamlaşa bilərdi, öz adını deyə bilərdi və xahiş edərdi ki, Təhminəni telefona çağırsın: axı hər halda, bir idarədə işləyirdilər, neçə müddətdi tanışdılar. Amma belə etmək istəmirdi: əvvəla, ona görə ki, ümumiyyətlə, Təhminənin əriylə danışmaq heç ürəyindən deyildi. İkincisi, bəlkə Manafın qulağına da bir şey çatıb, həm də Manafın yanında Təhminə necə ona izahat verəcəkdi – Spartakla “dostluq” eləyib, ya yox? Bütün bu fikirləri beynində dolaşdıra-dolaşdıra şəhəri gəzirdi və gəzdikcə də elə bil sakitləşirdi. Lap tutalım Dadaş, ya elə Spartak Təhminənin adamı olub? Mənə nə? Nəyimdi mənim Təhminə? Arvadım, qızım, bacım? Tamam özgə bir adamdır. Gözəldir, cazibəlidir, məni də cəlb edir, çəkir. Çox gözəl, mən ki, niyyətimə çatdım, yaxınlığımız oldu onunla... Xoş dəqiqələr, saatlar keçirdik... İndi də, özünün dediyi kimi, ayrılmalıyıq. Çox əcəb... Daha iztirab keçirmək, qısqanmaq niyə?.. Nəyimdir mənim?.. heç nəyim... Onun qeyrətini mənmi çəkməliyəm?.. Həm də bütün bu əlaqələri – əgər doğrudan da olubsa bu əlaqələr – bizim münasibətlərimizdən qabaq olub... Mənə nə? Doğrudur, Təhminənin məhz Spartakla olması fikri Zaurun təpəsindən tüstü çıxarırdı. Kim olur-olsun, Spartak olmasın. Spartakı görməyə gözü yox idi. Hələ uşaq yaşlarından, həyətdə bir yerdə oynadıqları, dalaşdıqları vaxtlardan Spartakdan zəhləsi gedirdi. Spartak satqın idi, daima onları satırdı, həm də qorxaq idi. Zaur uşaqlıqda o qədər əzişdirmişdi ki, Spartakı. Alya xanım, əlbəttə ki, yalan danışır: Təhminə, dünya gözəli Təhminə Spartak kimi bir dəyyusla “dostluq"mu edə bilər?.. Əlbəttə ki, Spartak Təhminəyə heç yaxın da düşə bilməyib və məhz buna görə də ağzını Allah yoluna qoyub artıq-əskik danışmağa başlayıb. Başqa səviyyədə Dadaş da bu cür davranmırdımı? Təhminə özü Zauru başa salmışdı ki, Dadaş necə edir bunu və nə səbəbdən edir? İndi də Spartak? Yəqin söz düşsəydi, Təhminə Spartak məsələsini də dəqiq-dürüst izah edərdi Zaura. Zaurun da ürəyində heç bir şəkk-şübhə qalmazdı...
Axırıncı dəfə 12-nin yarısında zəng elədi, yenə də Manafin səsini eşidib dəstəyi asdı... Evə dönərkən düşünürdü: doğrudan, qəribədir, bax indicə bu saat Manafın səsini eşitdim. Gecədir. Yəqin Təhminəgilin pəncərələri də qaranlıqlaşıb. Onlar bir yerdədirlər, qaranlıq otaqda, gecəni bir yerdə keçirəcəklər, ər-arvaddırlar. Amma bu fikir Zauru Spartak haqqındakı şübhələri qədər incitmir...
Yağış çisələyirdi, Zaur evlərinə tərəf addımlayarkən birdən ağlına gəldi ki, sabah Təhminənin təzə iş yerinə zəng eləyə bilər. Telefonunu bilmirdi. Dadaşdan öyrənə bilər. Bəlkəm elə indi gecəyarısı Dadaşa zəng vurub öyrənsin? Məzəli bir əhvalat yadına düşdü, bu əhvalatı Təhminə danışmışdı ona: bir gecə Nemət içib dəm olub, gecə saat üçdə zəng eləyib Dadaşdan Təhminənin gözlərinin rəngini soruşub.
– Yox, mən belə etməyəcəyəm, – deyə düşündü Zaur. – Gecə zəng eləməyəcəyəm Dadaşa. Səhər idarədə xəbər alaram.
Sabahısı gün uzun zaman Dadaşa yanaşa bilmədi, otaq adamla dolu idi, Təhminənin yerində təzə bir işçi – qara bir qız oturmuşdu. Zaur Nemətlə bir-iki kəlmə ordan-burdan danışıb çıxdı otaqdan. Fasilə zamanı gələndə gördü ki, Dadaş otaqda təkdir... Dadaş iri şişman pörtfelini açmışdı, stolunun üstünə qəzet salıb evdən gətirdiyi yeməyini çıxartmışdı. Toyuq yeyirdi, otaq istiydi və Dadaşın sir-sifətindən tər axırdı, tər damcıları toyuğun yağına qarışırdı və bir an Zaurun bu görünüşdən ürəyi qalxdı...
Dadaş Zauru görüb:
– Buyur, buyur, – dedi, – gəl çörək yeyək...
Zaur:
– Nuş olsun, – dedi, kənardakı stolun dalına keçdi. Dadaş başa düşdü ki, Zaurun onunla işi var. Ağzındakı iri tikəni udub:
– Mənə sözün var? – dedi.
– Bəli. Təhminənin təzə işində telefonunu bilmirsiz ki?
Dadaş:
– Bilirəm, – dedi və barmaqlarının yağını silmədən əlini pencəyinin içəri cibinə saldı, oradan balaca telefon dəftərçəsini çıxartdı, ovulub didilmiş vərəqləri çevirdi, telefon nömrəsini tapdı və Zaura dedi, Zaur yazmadı. Bu nömrə də, Təhminənin ev nömrəsi kimi yaddaşına həkk olunacaqdı.
Daha Dadaşla bir işi yox idi, öyrənmək istədiyini öyrəndi, həm də şahidsiz-filansız, artıq söz-söhbət nəyə gərək? İndi gedə bilərdi, amma bir az yubandı, nədənsə birdən soruşmağı qərara aldı:
– Bəs, niyə getdi axı burdan Təhminə?
Dadaş ağzındakı loxmanı uzun zaman çeynədi, nəhayət, uddu, bundan sonra da cavab vermədi, hələ bir müddət də tikəsini həzm eləyə-eləyə, udquna-udquna, səssiz-səmirsiz başını buladı. Axır ki:
– Əşi, bu qızın işi uzun həngamədir, – dedi. – Elə ömrü boyu belə olacaq – kəpənək kimi ordan bura, burdan ora uçacaq... – Dadaş kəskin və sərt danışırdı, amma sonra sakitcə əlavə elədi: – Yəqin köhnə məhəbbəti yadına düşüb.
Zaur mat-məəttəl qalıb:
– Nə məhəbbət? – dedi.
– Nə bilim, nədir o oğlanın adı, Muxtardır deyəsən. Məhərrəmov Muxtar. Televiziyada rejissordur nədir... Bilmirəm, aralarında nə haqq-hesab var, amma yüz faiz əminəm ki, Təhminəni o dartıb apardı televiziyaya. Diktor eləyəcək onu. Bu qız guya filosofdur, diplomu var, universitet qurtarıb, indi gedib diktor olacaq. Ay-hay... Nə olub deynən, nəyin əskikdi burda?! Maaş kimi maaşın vardı, qonorardanzaddan da yazırdıq hərdən, kefin istəyəndə gəlirdin, kefin istəyəndə gedirdin...
Dadaşın sözlərindən açıq hiss olunurdu ki, Təhminədən yanıqlıdır, möhkəm inciyib onun bu gözlənilməz hərəkətindən. Yəni, doğrudan, görəsən, Dadaş Təhminəni sevirmiş ki, bu etibarsızlıq ona belə ağır təsir eləyib? İndi nə idi onu danışdıran?! – İnciklik, yanıq, qısqanclıq, ya da sadəcə himayədarlıq hissi, – heyifsilənirdi, yanırdı bəlkə Təhminəyə ki, öz qədrini bilmir, həyatda yerini tapa bilmir... Ya da elə bütün bu hisslərin hamısı bir yerdə hakim idi Dadaşa? Yaxşı, bəs bu Məhərrəmov deyilən kimdir belə, bu hardan çıxdı, bu nə yuvanın quşudur görəsən? Köhnə məhəbbət... Bəlkə “köhnə tanışım dəvət eləyirdi məni televiziyaya” deyəndə Təhminə məhz elə o Məhərrəmovu nəzərdə tuturdu. Köhnə tanış. Elə hara baxsan bunun köhnə tanışlarıdır. Belə də qadın olar, ilahi?
Dadaş yeyib qurtarmışdı, toyuğun sür-sümüyünü yığışdırıb qəzetə bükürdü. Zaur da ayağa durmuşdu ki, otaqdan çıxsın, amma bu vaxt Dadaş qəfilcə dedi:
– Zaur, bala, sənin atavı yaxşı tanıyıram, hörmətim var o kişiyə. Sən də elə mənim oğlum, incimə sözümdən, amma mən sənə məsləhət eləyirəm: Bir əmi kimi. O arvada baş qoşma.
Zaur heç belə söhbət gözləmirdi, bir an özünü itirdi elə bil, “Deməli, belə, – deyə düşündü. – Deməli, bu xəbər hamıya yayılıb. Anası düz deyirmiş, yerin qulağı var. Yaxşı, əgər belədirsə, onda, deməli, Dadaş həmin o Muxtar Məhərrəmovdan söz salanda hər şeyi bilirdi, – bilirdi Zaurla Təhminənin münasibətlərini. Elə çıxır ki, acıqcan deyirmiş bu sözləri Zaura, ondan hayıf çıxmaq üçün, intiqam almaq üçün... Axı bütün bu şayiələr düzdürsə, onda, deməli, Zaur Dadaşın da rəqibidir, məqsədinə nail olmuş rəqibi”.
– Yaman afətdir o qız. İnan mənə. Mən hər şeyi başa düşürəm: gözəldir, həddən ziyadə gözəldir, cazibəlidir. Sən də cavan oğlansan... Amma ondan mümkünsə gen gəz. Səni lopp eləyib elə udar ki, heç ruhun da inciməz...
Zaur ifadə tərzinə mümkün qədər çox zəhər qataraq:
– Bəs mən elə bilirdim, siz ona yaxşı münasibət bəsləyirsiz, – dedi.
Bu səfər Dadaş tutuldu, amma dərhal özünü ələ aldı və sakit-sakit sözünə davam elədi:
– Mən, doğrudan da, ona pis münasibət bəsləmirəm. Yazığım gəlir ona. Bir insan kimi yaxşı cəhətləri də var. Amma nə olsun? Özü özünü məhv eləyəcək... Onunçün heç bir qanun-kitab yazılmayıb, – kefi necə istəyir, elə də yaşayır. Dünya-aləm vecinə deyil... Axı, belə də olmaz... Qayda var, adət var...
“Yaxşı, ay kaftar haramzada, bəs sən, sinli, həm də evli kişi altdan-altdan Təhminəyə maz gedəndə – bu hansı qayda-qanuna, hansı adət-ənənəyə görə idi, hə? Özü də sənin işçin idi, tabeliyində idi”, – Zaur belə düşündüsə də dinmədi, maddım-maddım Dadaşın sifətinə baxırdı. Dadaş isə get-gedə daha çox cuşa gələrək danışırdı:
– Onunçün heç bir təfavütü yoxdur, kimiynən dostluq eləsin... Kimdir onun tanış- bilişləri? Baza müdirləri, nə bilim alverçilər, filan... Nə var, nə var, təzə bir parça alacaq, ya şuba, ya nə bilim, üzük-sırğa...
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-besmertebeli-evin-altinci-mertebesi-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin?*Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin?*
On altıncı fəsilƏgər tutsam qəmim eldən nihan, səbrü-qərarın yox,*Və gər şərhi-qəmi-pünhanım etsəm qəmküsarın yox.*
On yeddinci fəsilVəfa hər kimsədən kim istədim ondan cəfa gördüm,*Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.*
On səkkizinci fəsilYandı canım hicr ilə, vəsli-ruxi-yar istərəm,*Dərdiməndi-firqətəm, dərmani-didar istərəm.*
Стихи других поэтов
Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.