Mən aşıq, ləngə bizi,Qəşədi, Ləngəbizi.Qobunun tozlu yolu,Salıbdır ləngə bizi.

Mən aşığam Qobuda,Qobustanda, Qobuda.Dönəydim sal daşlara,Qalaydım o Qobuda.

Mən aşığam hər saat,Yağsa, yağar bir saat,Su götürər aləmi,Aşıb-daşsa Pirsaat.

Mən aşığam, bu dağlar,Bu dərələr, bu dağlar.Yar busəsin görməsəm,Getməz məndən bu dağlar.

Mən aşığam yazım var,Baharım var, yazım var.Sənin varın-dövlətn,Mənim isə sazım var.

Aşığam, qaravəlli,Qonşumuz Qaravəlli.Sevirəm mən o yarı,Çal gəlsin Qaravəlli.

Mixək əkdim, açıldı,Zülf gərdəndən saçıldı.Cürə sazım çalandaBütün qəlblər açıldı.

Yağış yağar Şirvana,Gün doğar hər bir yana,O deyilmi yar gəlir,Şam kimi yana-yana.

Şirvan çiçəkdi-güldü,Yağış yağdı, kəsildi,Yarım yola çıxacaq,Hələ gülüzəndədi.

Gəl dayanaq yan-yana,Oxuyaq qana-qana,Açıq söz qəlbi qırar,Keçmə həcvü-hədyana.

Yetirdim yara zəndi,Gülün bağrı zədəndi ,Sən gülsən, mənsə bülbül,Bülbül ki gül üzəndi.

Çək mizrabı sazına,Simlər, qoy, gəlsin cana,Görən cavab verərmi,Səsinə-avazına.

Xanım xalın dən-dəndi,Pərişanlıq nədəndi,Səsin ağlım apardı,Sözlərinsə üzdəndi.

Sənəm qəsd edər cana,Dost yolunda qurbana,Tale qismət edəydi,Bir gələydim Şirvana.

Bilal əhli-düzdəndi,Şirvan gülü bizdəndi,Sən Qəşədə qədəm qoy,Qulluq etmək bizdəndi.

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе