1618-ci ildə Bağdad yaxınlığında Türkiyə ordusunun vəziyyəti
Страница 2 из 2 · 50%
Bu itkilərin xəbəri müsəlman ordusu içərisinə çox böyük bir qorxu saldı. Baş komandan hələ fikrə gedib nə etməli olduğunu düşünürdü: o, tutduğu cəbhəni tərk edib Şahla müharibəyə girişməkmi, yaxud Bağdadın mühasirəsini davam etdirmək üzərində fikirləşirdi. Birdən xəbər aldıq ki, Şah özü sür’ətlə bizə doğru hərəkət edir. Zalım Zeynal xanı Şah ordusunun keçməsi üçün Dəyalə çayı üzərinə kəndir körpü salmağa qoymamaq lazım idi. Bunun üçün baş komandan Diyarbəkir valisi Murad paşaya seçmə əsgərlərdən 15000 adam verib 6 top ilə həmin yerə göndərdi; ancaq təəssüf ki, Murad paşa oraya gəlincəyə qədər, körpü artıq qurtarmışdı və məl’un Zeynal xanın özü ilə birlikdə üç, ya dörd min iranlı körpünü qoruyurdu. Kaş Allah tezliklə bu Zeynal xanı öldürəydi!
Murad paşa dərhal onunla vuruşmağa girişib, özünün bütün dəstəsi ilə ona həmlə etdi; iranlılar onları cəsarətlə qarşıladılar və onların iki, ya üç hücumunu dəf edərək özləri də bizə hücum etdilər. Bizim bədbəxtliyimizdən, Allahın anlaşılmayan qəzası mövcibincə göy sakinləri türk qoşununa mərhəmət etmədilər; qoşunun sıraları pozuldu, Murad paşa məğlub oldu və ancaq bir neçəsi yaralanmış və soyulmuş yoldaşları ilə qaçıb qurtardı. Dostum, təsəvvür et ki, onların gecə vaxtı bizim düşərgəyə gələrək, Diyarbəkir, Qaramin, Gelab və Anadolu alaylarının məşhur, seçmə qəhrəmanlarının tələf olduqlarını xəbər vermələri qoşuna necə tə’sir buraxa bilər!
Bu işdən sonra Şah maneəsiz öz qoşunlarını çaydan keçirərək bir dəstə qoşun bizim üzərimizə, bir dəstə köhnə Bağdadın üzərinə göndərdi; özü də gah orada, gah burada görsənərək, bizimlə gizlənqaç oynamağa başladı. Bir sözlə, biz Bağdadı mühasirə etdiyimiz halda, özümüz Şah tərəfindən mühasirəyə alınmış olduq. İndi bilmirik kimə qarşı əməliyyat aparaq, qalaya qarşı, ya Şaha qarşı? Birinci təqdirdə Şah bizə rahatlıq verməz, ikincidə isə mühasirədəkilər bizim arxa cəbhəmiz üçün təhlükə törədər. Bu vəziyyət bizi düşərgə ətrafına xəndək çəkməyə məcbur etdi və bu maneəyə baxmayaraq, gözümüzün qabağında iranlılar öz alaylarını döyüş qaydası ilə düzərək bizim üzərimizə hücum etmək fikrinə düşdülər. Başqa çarə yox idi, baş komandan dərhal davaya hazırlaşmağı əmr etdi. Qala qarşısında mina düzməklə məşğul olan yeniçərlərdən savayı, biz hamımız – böyükdən-kiçiyə qədər, atlı-piyada – iranlıların qarşısına çıxdıq. Tüfəng və top atışmaları başlanıb gün batıncaya qədər davam etdi. Bu zaman qoşun komandanı Zeynal xan şiddətli hücuma keçdi. Bunun alayları şən qışqırıqlarla, güllə və qumbaralara e’tina etməyərək, sel kimi üzərimizə töküldülər. Hücum elə yekdillik və qətiyyətlə başlandı ki, Elbrus dağı da onun qabağında davam gətirməzdi. Ön sıralarımız əzildi və geriyə, baş komandan özü oturduğu mərkəzə doğru atıldı. Mərkəz də hücumun zərbəsindən pozuldu. Xəndəkdə döyüş meydanı çox dar olduğundan cərgəyə düzülmək mümkün deyildi. Piyadaların bir çoxu iranlıların atlarının ayağı altında əzildi, bir çoxu xəndəkdən keçib möhkəmlənmiş düşərgədə mühafizəyə sığına bilmədi, əks tərəfə qaçdı və xəbər-ətərsiz itdi; qoşunun qalan hissəsi düşərgəyə keçə bildisə də, bunların pərvanə kimi qanadları yanmış, ürəkləri üzülmüş idi.
Bu işdən sonra baş komandan öz yanında qoşun rəislərinin hərbi şurasını çağıraraq, e’lan etdi ki, artıq bir də düşərgə arxasında iranlılarla toqquşmaq yaramaz; biz qalaya qarşı əməliyyatımızı qüvvətləndirməliyik ki, bəlkə qalanı təslim edə bilək. Hamı bir səslə bu təşəbbüsü bəyəndi. Lakin Şah bizim xəyalımızı duydu və keçən gecə 15 minlik qoşunun mühafizəsi altında mühasirədəkilərə dəvə və qatırlarla 3000 yük ərzaq çatdıraraq bizim ümidimizi puça çıxardı. Bu işə mane olmaq üçün göndərdiyimiz alaylar bədbəxtlikdən məğlub edilib, Şətt çayında batırıldılar və çoxlu miqdarda ərzaq gözümüzün qabağında gəmilərlə qalaya daşındı. Biz bunun qarşısını ala bilmədik. Bu şikəstlik və müvəffəqiyyətsizliklərdən türk ordusunun beli büküldü. Qalanı almaq ümidini itirdik, özümüzü xilas etmək üçün düşünməyə başladıq; çünki işlər pis şəkil aldı; Bağdadı almaqdansa bizim özümüzü iranlılar əzib tabe edə bilərdilər. Bu əsnada Şah öz qoşun dəstələri ilə bizi əhatə etdi və vətənimizin daxili hissələri ilə bütün əlaqəmizi kəsdi. Yalnız quru yolu ilə yox, heç su ilə də bir quş belə bizim yanımıza uçub gələ bilməzdi. Böyüklükdə Dunaydan geri qalmayan Şətt və Fərat çayları İran süvarilərinin ayağı altında kiçik bir çay kimidir. Hillə, Kərbəla, Fəllucə və Müseyib kimi yerlər artıq qəsb edilmiş və o yerlərdə Aslan paşanın və başqa böyük paşaların sərkərdəliyi altında olan bütün türk qoşunları qırılmışdır. Bədbəxtliyimizi qələmim yazmağa, dilim nağıl etməyə acizdir. Artıq çoxdandır ki, müqəddəs düşərgəmizə heç bir tərəfdən azuqə çatdırılmır. Bə’zilərinin əvvəlki ehtiyatı qurtarmış, bə’zilərininki az qalmış və bu qiymətlərə satılır: bir vakiyə un 40 ağçaya, iki vakiyə yağ 2 quruşa, 1 vakiyə xurma 1 quruşa, bir keyl arpa 8 quruşa, üç dirhəm çörək 1 ağçaya, bir vakiyə at əti 40 ağçaya. İftixar və ləzzətlə həmişə paxlava yeyən adamlar indi at ətinə baxanda sevindiklərindən peyğəmbərə şükür-səna göndərirlər. Əvvəllər Misir kətanından köynək geyən o şəxslər indi dağılmış çadır cındırlarından köynək geyəndə sevinirlər. Qəhvəxanalarda oturub iranlılara istehza edən xudbin və özlərini öyən ağalar indi ən adi bir iranlını belə görəndə onu Firdövsinin qəhrəmanı Rüstəm kimi hesab edirlər. Allahın köməkliyi ilə iranlıların varını alıb özlərinə dövlət düzəltmək xəyalına düşən bu yalançı pəhləvanlar, indi özləri öz çadır və şeylərini tərk edərək öz həyatlarını qurtaranda sevinirlər. Bir dəstə nökər yanlarında, gümüş yəhərli at üstündə hamama gedən dövlətlilər indi palanlı eşşək sahiblərinə ürəkdən həsəd aparırlar; çünki bütün şəhərdəki adamların ancaq dördə birinin heyvan saxlamağa ixtiyarı vardır, qalanlarının hamısı bu hüquqdan məhrumdur. Əgər yerimizdən tərpənmək lazım gəlsə, qoşunun üç hissəsi piyada sürünməlidir. Bax, indi bizim vəziyyətimiz belədir. Təəssüf ki, hərbi yürüş başlananda Bağdad mühasirəsində istifadə etmək üçün böyük kalibrli mühasirə topları Bəsrədən çıxarılmışdır. Bu toplar xoşbəxt Sultan Süleymanın hökmranlığı dövründən qalmışdır. Onları düşmən üçün qoymaq fikri baş komandanı öldürür. Bu ləkə əsrlərlə Osman nəsli üzərində qalacaqdır! Dəfələrlə yardım və pul üçün qasidlər göndərilmişdir, ancaq onların hamısı xəbər-ətərsiz itmişdir; bilmirik iranlıların əlinə keçmişlər, ya ki, öz keyfində olan hökmdarımız bütün türk ordusunun Yer üzündən məhv olmasını istəyir?! Əgər keçən ay bizə kömək gəlsə idi, ordunun xilasına ümid olardı. İndi isə bizim sahib həzrətləri iltifat edib buraya gəlsə də bizə kömək edə bilməz; çünki bizim üçün bir tərəfdən Dəyalə çayı, o biri tərəfdən Şətt çayı, arxadan Şah Abbas, ön cəbhədən də Bağdad təhlükə törədir. Məgər təkcə bir Allah bizi bu qorxunc tələdən xilas edə bilərmi? Müxtəsər, ulu babamız Adəmin vaxtından heç kəs belə bir çıxılmaz girdaba düşməmişdir! Görünür, İran şahının sərəncamları taleyin bizim üçün yazdıqlarına müvafiqdir. Şübhəsiz ki, bunlar hamısı peyğəmbərimizin istəklisi müqəddəs Əlinin xahişi ilə əmələ gəlir. Bilmirik nə üçün bizim İmami-Ə’zəm* bizə belə rəhmsizlik edir. Biz onun qəbrini və müqəddəs sümüklərini xilas etmək üçün buraya gəlmişik və ona da pənah gətiririk. Ancaq, dostum, yüngülfikirli adamların məzəmmətinə düçar olmamaq üçün bu son sözləri ucadan oxuma.
Düşdüyümüz fəlakətə əlavə olaraq, düşərgəmizdə şiddətli xəstəliklər də vardır. Buranın iqlimi iranlıların əyri qılıncından da öldürücüdür. Adamlar əksəriyyətlə ya qəflətən, ya qarın ağrısı və su xəstəliyindən ölürlər. Daima öldürücü, zəhərli küləklər əsməkdədir. Hansı sağlam bədən belə bədbəxt hadisələrin qarşısında dayana bilər?! Xoşbəxt o adamdır ki, bu fəlakətdən qurtara bilə və bir də öz dostları ilə görüşə. Yaxşı dostlara salamımızı yetir. Bizi bağışlasınlar. Bizdən də qoy Allah öz nəzərini kəsməsin. Bərkə düşsək, İmami-Ə’zəmin qəbri yanında can verməklə təskinlik taparıq! Bə’zi şeyləri təfsilat ilə yazmamağıma acığın tutmasın; bir sətir yazmamış hay-küy qopur ki, düşmən gəlir. Bu məl’un və zalım iranlılar türk qoşunları qarşısında o qədər cəsarətli və qorxmaz olmuşlar ki, bizi qoyun hesab edirlər və qurd kimi üstümüzə tökülürlər...
Bizim düşərgəmizin xəndəyi yanından “vur, kəs!” səsləri kəsilmir. Gecələr isə rahatlığımız yoxdur. Belimizdən kəməri açmaq və silahı yerə qoymaq imkanı yoxdur, ancaq olur ki, iki əl ilə başımızı qoruyuruq. Allahdan savayı heç kəs bizim qismətimizdən xəbərdar deyil. Əgər hər şeyi müfəssəl yazmağa dursam, kağız-qələm çatmaz. İnanmıram ki, məhşər gününün müsibəti bizim düşdüyümüz müsibətdən artıq ola”.
Türk əfəndisi öz məktubunu bu sözlərlə qurtarır və öz rəhbərinin qanmazlığı nəticəsində acınacaq bir hala gətirilmiş Türkiyə ordusunun pozulması haqqında öz dostuna belə mə’lumat verir. Mənim tərcümə etdiyim məktubda söylənilən bu hadisənin doğruluğu, türk tarixçisi Murtuza Nəzmizadənin Bağdad tarixinə dair yazdığı “Gülşəni-xüləfa” adlı əsərdə də təsdiq olunur. Nəhayət, Bağdad yaxınlığında qalmaq imkanı olmayan Türkiyə baş komandanı öz dövlətindən geri çəkilmək icazəsi gözləmədən, ordunun sağ qalmış nəfərlərini labüddən məhv olmaqdan qurtarmaq üçün geri çəkilməyi qət etdi. Ancaq müvəffəqiyyətlərlə ruhlanmış düşmən dəstələri arasından geri çəkilmək də az fəlakətli deyildi. Belə bir çətin vəziyyətdə o, Şahın mərhəmətinə müraciət etdi; hərbi əməliyyatın dayandırılmasını, Bağdad yaxınlığında onun rəyasəti altında qalmış qoşunların çıxarılmasına və İstanbula qayıtmasına icazə verməsini təvəqqe etdi və bu mərhəmət müqabilində iki dövlət arasında sülh bağlanmasına ürəkdən kömək edəcəyini və’d etdi. Şah, Türkiyə baş komandanının xahişini qəbul etdi və onun düşərgədən çıxmasına icazə verdi. Türklər onlara mərhəmətlə aman verildiyini eşidib sevindilər, heç bir qayda gözləmədən, rəislərini unudaraq öz darısqal düşərgələrindən çıxmağa tələsdilər və müxtəlif istiqamətlərdə dağılışdılar. Bunların çoxu iranlılar tərəfindən soyuldu və çılpaq buraxıldı. Beləliklə, Hafiz Əhməd paşaya tapşırılmış ordudan bir şey qalmadı. Qəlbinə bir qədər təskinlik olmaq üçün, onun başına ağır topları yerə basdırmaq fikri gəldi. Qaldırılması mümkün olmayan başqa ağır şeylər isə öz yerlərində qaldılar. O, sə’ylə möhkəmləndirdiyi düşərgəni dərin bir kədərlə tərk etdi və ordunun azacıq qalıqları ilə İstanbula tərəf hərəkət etdi. Yolda o öz acığını, iranlıların kiçik bir dəstəsindən qorxub qaçmış və bununla da, türk ordusunun hərbi-əhvaliruhiyyəsinin zəifləməsinə səbəb olmuş Diyarbəkir valisi Murad paşadan aldı. Yatağanın bir zərbəsi ilə bu bədbəxtin başı bədənindən ayrıldı. Bu, türklərin fəlakəti ilə nəticələnən yürüşün axırıncı qurbanı oldu. Bundan sonra Bağdad uzun müddət iranlıların əlində qaldı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-1618-ci-ilde-bagdad-yaxinliginda-turkiye-ordusunun-veziyyeti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mirzə Yəqub xan oğlu Mirzə Melkum xana 1871-ci ilin 8 Martında yazılmış məktubun surəti**Ruhi-rəvanım, Ruhül-qüds!
Cəlaləddin Mirzəyə1871-ci il mayın 20-də şahzadə Cəlaləddin Mirzəyə yazılmış məktubun surəti**Nəvvab-əşrəf-əmcəd, alinəsəb şahzadə Cəlaləddin Mirzənin, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm.
Cəlaləddin Mirzəyə (ayrıca məktub)Ayrıca məktubun surəti**Şahzadə!
Həsənəli xana1871-ci il mayın 20-də İran dövlətinin İstanbuldakı səlahiyyətli səfiri Həsənəli xanın vasitəsilə cənab Ruhül-qüdsə göndərdiyim məktubda bu məsələlər yazılmışdır**Birincisi, əzəmətli ağa Həsənəli xanın da əlifbanı dəyişdirmək məsələsinə zidd olması haqqında mənə Tehrandan yazmışdılarsa da, lakin onunla görüşdükdən sonra məlum oldu ki, bu xəbərin qətiyyən əsli yoxdur və bütünlüklə iftiradır.
Стихи других поэтов
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
لبت راست آب حیاتی دگردهان تو دارد نباتی دگر
Eşq əhli bu afaqda rüsva gərək olsunEşq əhli bu afaqda rüsva gərək olsun,Məcnun kimi sərgəşteyi-səhra gərək olsun.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş