Cəlaləddin Mirzəyə
1871-ci il mayın 20-də şahzadə Cəlaləddin Mirzəyə yazılmış məktubun surəti
Nəvvab-əşrəf-əmcəd, alinəsəb şahzadə Cəlaləddin Mirzənin, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm.
Əvvəla, pak Allaha çox şükür olsun ki, gözlərinizin ağrısı keçmişdir və bu da sizə ixlası olan mənim sonsuz sevincimə səbəb olmuşdur. Xudavəndi-aləm bundan sonra siz valahəzrətə dərd verməsin ki, siz xəmirəsi pak olan bir vücud və nadir görünən insansınız. Zəmanə sizin kimi yüksək hümmətli bir alimi və hamıya xoş gələn qeyrət sahibini bu dünyada, xüsusilə səltənət ailəsində uzun illər ərzində vücuda gətirə bilməz.
İkinci, “Nameyi-xosrovan” əsərinin ikinci cildini mənim başımı ucaltmaq üçün göndərmişdiniz, aldım və həddindən artıq məmnun oldum. Məktubun axırında adını yazacağım şəniyüksək dostlardan birisi ilə zərdüştilərin əhvalatını oxuyub ləzzət apardıq. Xüsusilə mənim xoşuma gələn Tahirin zərdüştilərlə rəftarı hekayəsidir ki, bu hekayə məni vəsfəgəlməz dərəcədə sevindirdi. Onu olduğu kimi, əsərlərimdən birində münasib gördüyüm yerə əlavə etdim. Çünki çox qəribə hekayədir. Mən islam tarixlərinin heç birində onu görməmişdim.
Biz bu günə qədər elə bilirdik ki, ərəblər ancaq Misir kitabxanalarını yandırmaqla qədim elm və mədəniyyəti puça çıxarmışlar. İndi məlum oldu ki, bu zalımlar parsların da kitablarını və yazılarını yandırmışlar. Bu qövm bizim vətənimizin başına elə müsibətlər gətirmişlər və onun xarabalığına səbəb olmuşlar ki, onları xatırladıqda hər bir ağıllı insanı ağlamaq tutur.
Nə isə, olanlar olub keçibdir. Bundan sonra bu qövmün dini və əməllərinin nəticəsi olan müsibətlərin gələcəkdə rədd edilməsinə çalışmaq və həmvətənlərimizi gələcək bəlalardan qorumaq lazımdır.
Göndərdiyiniz ikinci cildi cildçiyə verdim. İndi şahzadənin əsərlərindən iki cildi məndə vardır. Başqa cildlərin yolunu gözləyirəm ki, iltifat edib göndərəcəksiniz. Oğlum Rəşid fars dilini bu iki cilddən və Firdovsinin “Şahnamə”sindən öyrənir.
Çingiz xandan tutmuş Səfəvilərə qədər padşahların şəklini axtarıram. Əgər tapsam, göndərməyi əsirgəməyəcəyəm. Amma çətin ki, tapılsın. Eyni zamanda mənim əqidəmə görə bu padşahların ləyaqəti yoxdur, onların şəkli sizin əsərinizdə çap edilsin.
Şahzadə! İkinci cild mənə çatan gün, eyni zamanda, ayrıca bir zərfdə Dərviş-fani ləqəbli Manukci Sahib Kəyaninin səyahətnaməsi də məktubsuz mənə çatdı. Belə güman edirəm ki, bu kitabçanı da həzrət-əşrəf mənə göndərmişdir. Hər halda çox-çox şad oldum, şəniyüksək olan dostumla onu əvvəldən axıra qədər oxuduq, yazıq zərdüştilərin əhvalatından xəbərdar olduq. Manukci Sahibin Şeyx Mürtəzaya verdiyi sualları təhlil edərək, Şeyxin cavablarını da görüb, təəssüf etdik. İndi həzrət-əşrəf şahzadədən xahiş edirəm ki, Manukci Sahibi hüzuruna çağırıb, mənim tərəfimdən ona salam yetirsin və mənim dilimdən aşağıdakı mətləbi ona söyləsin:
Ey Manukci Sahib!
Şeyx Mürtəza və onun kimiləri sizin və həmdinlərinizin qeydinə qala bilməzlər. Allah onlara elə bir fərasət verməmişdir ki, sizin kim olduğunuzu, İranın necə idi, necədir və necə olacağını anlaya bilsinlər, sizin zillətinizin, İranın viranlığının və iranlıların bədbəxtliyinin səbəbini başa düşsünlər...
Allah 1280 ildən sonra halınıza rəhm edib iltifat göstərmiş, Fətəli şah Qacarın oğlu Cəlaləddin və Övrəng-Zibi-Bərlasın oğlu Kəmalüddövləyə ilham vermişdir ki, bütün hicri tarix boyunca qaranlıq pərdə dalında gizlənən həqiqət sirlərini kəşf edib meydana qoysunlar, öz əsərləri vasitəsilə öz həmvətənlərini sizin vəziyyətiniz və İranın əhvalı ilə tanış etsinlər, onları qəflət yuxusundan oyadaraq, cəhalət zülmətindən mərifət işıqlığına çıxarsınlar.
Ey Manukci Sahib! Cəlaləddinin əsər yazmaq yolu açıqdır və xalq arasında bu əsəri yaymaq üçün hazırda heç bir maneə yoxdur. Lakin Kəmalüddövlənin əsərinin yolu hələ bağlıdır. Çünki Kəmalüddövlənin özü də gizlənir və guşənişindir. Bu əsəri çap etdirmək üçün onun özünün imkanı yoxdur. Lakin onun dostları və həmfikirləri çox-çoxdur. Dünyanın hər tərəfində onun dostları əsərlərinin nüsxələrini almışlar. Çox çəkməz ki, dostları onun əsərini bir yerdə çap etdirib bütün dünyaya yayarlar.
Ey Manukci Sahib! Öz həmməzhəblərinizə müjdə və gözaydınlığı verib açıq deyin ki, Kəmalüddövlənin əsərləri çap edildikdən sonra onların üzünə səadət və xoşbəxtlik nəsimi əsəcəkdir və hər yerdə olurlarsa olsunlar, əziz və hörmətli sayılacaqlar. Bu gün onlardan cizyə alan və onları öz nazirlərinə “tyul” (peşkəş) olaraq bağışlayan islam şahları onları öz övladları kimi əzizləyəcəklər. Nəinki onlardan cizyə almayacaq və onları qul kimi bağışlamayacaqlar, bəlkə də, onların hər birinin hər yerdə xoş güzəran və yaxşı vəziyyətdə yaşaması üçün lazımi şərait yaradacaqlar. Çünki onlar bizim babalarımızın yadigarıdırlar və əgər onların nəsli bütün yer üzündə yayılmazsa, ey Manukci Sahib, zülm və istibdadından kitabçada dad çəkdiyin islam tayfasından olan quldurlar və lotular aradan getməyəcəklər.
Ey Manukci Sahib! Kəmalüddövlənin sənin həmməzhəblərinə atadan, qardaşdan mehriban olmasına inan! Onun əsəri çap edildikdən sonra bütün İran əhli təəssüf edəcək ki, nə üçün bu günə qədər sizi tanımamışlar və bütün hicri tarixi boyu ərəbləri, yəni özlərinin canının, malının düşmənlərini, onların vətənini xaraba qoyan, onları zəlil və bədbəxt edən bir tayfanı müdafiə etmişlər. Cəhalət üzündən sizə öz qardaşlarına, həmdil və həmvətənlərinə, pak və mələktəbiətli babalarının yadigarlarına zülm və cəfanı rəva görmüşlər.
Ey Manukci Sahib!
1280 il dözmüşsünüz, bir neçə il də dözün ki, mənim bu söylədiklərimin nəticəsini görəsiniz. İndiyə qədər sizin haqqınızda olan bütün haqsızlıqlar cəhalət üzündən və həqiqət sirlərini bilməməzlik üzündən əmələ gəlmişdir.
Bu cəhalətin üzündən pərdəni götürmək və həqiqət sirlərini açıb meydana qoymağın lüzumu, hicrətdən bu günə qədər heç kəsin ağlına gəlməmişdir. Nəhayət, bağışlayan Allah bu işdə Cəlaləddini və Kəmalüddövləni müvəffəq etmişdir.
Ey Manukci Sahib!
“Peymani-fərhəng”in, məhbadilərin qanunlarının, Zərdüşt dininin, atəşpərəstlərin qanunlarının və kəyanilər dövlətinin ehyası İranda bundan sonra ağlasığan iş deyildir. Çünki dövlətlərin və dinlərin özünəməxsus ömrü vardır. İnsanların ömrü müəyyən vaxt başa çatdığı kimi, din və dövlət cəhətdən siz də ömrünüzü başa çatdırmışsınız. Dünyanın vəziyyətindən və xalqların mədəniyyətindən yaxşı xəbərdar olduğunuza görə, siz bu xüsusda təmənnalarınızdan əl çəkməlisiniz. Hələlik, İranda islam dini yaşayıb bərqərar olacaqdır. Çünki islam dininin ömrü hələ başa çatmamışdır. Lakin bu din əvvəlki vəziyyətdə və əvvəlki qaydada yaşamayacaqdır. Siz isə, İranda olan müsəlmanların yanında hər kəsdən artıq hörmətli və əziz olacaqsınız. Elə olacaq ki, mühacirətdə olan sizlər öz ata-baba vətənlərinizə, cənnətmisal İrana qayıdacaqsınız.
Həzrət-əşrəf şahzadədən yenə xahiş edirəm ki, bu sözlərimi oxuduqdan sonra Manukci Sahibin fikrini öyrənib yazsınlar.
Yuxarıda qeyd etdiyim şəniyüksək dostum Qafqazın Şeyxülislamı Axund Molla Əhməd Hüseynzadədir. O, hümmətli və qeyrətli həzrətəşrəfinizin biliyindən vəcdə gəlir. Hər yerdə sizə dua edib tərifləyir. Müxtəlif elmlər və fənlər sahəsində: astronomiya, coğrafiya, hesab, riyaziyyat, heyət, tarix, hikmət və xüsusilə fiqh elmi sahəsində bütün Qafqaz ölkəsində Şeyxülislamın tayı-bərabəri yoxdur. Bununla belə, o, filosof təbiətli və liberal məsləkli bir adamdır. Onun fəzilətləri haqqında əzəmətli ağamız Mirzə Yusif xandan soruşa bilərsiniz. Hər gecə Şeyxülislam cənabları ilə bir yerdə əyləşərək söhbət edirik. Həzrətəşrəf şahzadənin, Mirzə Yusifin və cənab Ruhül-qüdsün adları həmişə bizim məclisimizə zinət verir. Şeyxülislam həzrət-əşrəfinizə qaibanə məhəbbət bəsləyir və sizə salam yetirir. O, sizə məktub göndərərdi, lakin öz vəzifəsinə görə müqəyyəddir.
Həzrət-əşrəfinizə ixlası olan
Mirzə Fətəli Axundzadə
20 may 1871-ci il, Tiflis şəhəri
Cəlaləddin Mirzəyə məktubun ünvanı:
Nəvvabı-əşrəf-əmcəd, vala alinəsəb
şahzadə Cəlaləddin Mirzə cənnətmə-
kan Fətəli şah Qacarın oğluna, Allah
onun səadətini daimi etsin!
Ayrıca vərəqənin surəti
Şahzadə! Avropa camaatının istilahında həqiqi padşah adı o şəxsə layiq görülür ki, qanuna tabe olub, vətənin abadlığı, əmin-amanlığı və xalqın tərbiyə və tərəqqisinin fikri ilə yaşasın.
Ərəblərin qələbəsi, farslar dövlətinin zəvalı “Peymani-fərhəng” və məhbadilər qanunlarının ləğvindən sonra İran məmləkətində həqiqi səltənət olmamışdır. Bütün hicri tarixi boyu bu ölkənin hökmdarları hamılıqla despot və həramibaşıların tayı olmuşlar. Buna görə də mən yazıram ki, həmin padşahların ləyaqəti yoxdur ki, şəkilləri sizin əsərinizdə çap olunsun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-celaleddin-mirzeye-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
ДЕЙСТВИЕ ПЕРВОЕ(Театр представляет ущелье и лес, впереди дерево, а возле него камень.)
İkimci məclisДЕЙСТВИЕ ВТОРОЕ(Театр представляет ущелье, в глубине холм.)
Üçümcü məclisДЕЙСТВИЕ ТРЕТИЕ(Декорация представляет внутренность кибитки; Заседатель сидит на скамейке; подле него переводчик, Машади-Курбан, Намаз и другие татары.)
Sərgüzəşti-vəziri-xani-LənkəranДействующия лица:СЕРАБСКИЙ ВЛАДЕТЕЛЬНЫЙ ХАН.
Стихи других поэтов
Ey cahan dövlətinə səy qılan talibi-mal,Dövlətə səy eyləmə, axirəti yadına sal
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Ümməhati-həyat, yaxud cinsi-lətifə bir baxış1Ana bir bağ, çiçək açar qucağı,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.