Ümməhati-həyat, yaxud cinsi-lətifə bir baxış
1
Ana bir bağ, çiçək açar qucağı,
Canlı güllər yaşar o cənnətdə.
Ananın qucağı cənnətdir,
Bir mələkdir cahani-xilqətdə,
Şəkli-insandadır o can yatağı...
2
Ana gülşən... çocuq onun çiçəyi,
Parlaq əzhar açar gülüstanı.
İki çeşmə: iki bu püstanı,
Gül böyütmək bu çeşmənin əməyi.
3
Sənə hörmətlər, ey behişti-həyat!
Ey qadın!
Olmasaydın, yeri qucardı məmat,
Varlığındır bunu edən isbat,
Varlığın varlıq eyləyir inbat.
Ey müqəddəs ana!
4
Ey sevimli ana, bu ağuşun –
Yavrunun ilk bəslənən yeridir.
Çocuğun bağının güli-təridir.
Ləbimizdir sənin ləbənnuşun.
5
Doğdu səndən həyati-cəm’iyyat,
Doğduğundan da doğdu müxtəreat
İştə, ey mənbəi-məaliyyat,
Ümməhati-həyati-ülviyyat!
6
Vaxt olurdu,
Vaxt olurdu beşik qucağında –
Uyuyurkən mışıl-mışıl bizlər
Bəlkə ağlar – deyə – çocuq, bəklər,
Duruyordun yataq qırağında.
7
Baxıyordun, öpərdi didələrin
İsti-isti çocuq cəmalımızı,
İstəməzdin, ana, məlalımızı,
Çünki ruhundur aföridələrin:
Yə’ni övladın.
8
Mehriban gözlərin, sıcaq baxışın
Yaşadırdı bizi hərarət ilə,
Qadına bənzəyən nəzakət ilə
Dadlı idi, gözəldi yalvarışın,
Pək də ahəngdar bu oxşayışın.
9
İncəlikdən yaranmış iştə tənin,
Ey qadın, mənbəi-nəzakətsən,
Sən təcəssüm edən lətafətsən.
Hörmətin göüləri sənin vətənin.
10
Yatmış ikən duranda növzadın,
Gecələr ağlayanda qalxar idin –
Yatağında, a möhtərəm məxluq!
Səni gördükdə can atardı çocuq,
Göksün ilə onu qucaqlar idin –
O zaman.
11
Yaşayırdı məmən dodağında,
Oxşayırdın ki, ağzı gül açsın;
Gülərək ruhuna çiçək saçsın,
Xəndələr doğsun, ağlayış qaçsın,
Xəndələr doğurmaq üçün –
12
Səslənirdi ləbin yanağında,
Sanki bülbül yaşardı bağında,
Çocuq iştə gülün budağında.
Gülüyordu sənin quğacında –
Qönçeyi-zində, ballı bir xəndə.
13
Çocuğun çöhrəsində rəngi-bahar,
Ləbi gülzari-xəndeyi-əzhar...
Olmuş idi gecə çiçəkli nəhar,
Bunu gündüz yapan nəvazişi-harr,
Yə’ni mədər oxşayışı.
14
O sıcaq oxşayış ki, mədərinin –
Uçuyordu ləbü dəhanından,
O gülüşlər ana cahanından –
Doğuyordu,
Öpüyordu fəmin güli-tərinin.
15
Bus edərdi bu tifli-xəndanı –
O gülüşlər içində xabi-lətif,
Uyudurdu onu xəfif-xəfif,
Əmiyorkən çocuq da püstanı.
16
O sıcaq mədərənə ətvarı
Uyudurdu bizi hərarət ilə:
Mehriban, lütfkar ənzarı
Öpüyordu bizi məhəbbət ilə.
17
Çocuq ağuşi-xabə düşmüş ikən –
Məmə hala dodaqdan ayrılmaz,
Ana da çəkməyə onu qıymaz,
Uyqudan tifl ayılmasın, uyusun.
Ananı anla, ey hüquqşikən!
18
Həqqi-mədər bülənd payəlidir,
Həqşünasan edər bunu iqrar,
Hiç yüksəlməz eyləyən inkar.
Gün tutulsa, zəmin də sayəlidir.
19
Bir günəş var, yerin üzündə doğar,
Parlan ismi: qadın! Bu canlı günəş –
Qərbə ruyilə oldu şə’şə’əbəxş,
Şərq eli bu cəmalə pərdə tutar.
20
Böyüdür, parladır bu növzadı,
Məməsilə, o süd bulağilə,
Dirilik bəsləyən qucağilə.
Sonra gör ki, bu zalım övladı:
Hiç utanmaz və hiç qızarmaz ki!
21
Ana! Eylər hüquqini pamal,
Üzünə, həqqinə çəkər pərdə,
Olmuş ikən südünlə pərvərdə,
O səbəbdən ki, çöhreyi-amal
Bu mühit içrə sayəpuşi-cəmal!
22
Günəşi, gündüzü, hilalı bu gün –
Məşriqin kölgələr geyinmişdir.
Dirilik nuru sanki sönmüşdür,
Hər duruş qəmli, hər baxış küskün.
23
Sən bizi canlandırdın, ey mədər,
Ey qaranlıqların içində qalan!
Parlayan Qərbdən biziz qovulan,
Tərdə şayistədir əşərr bəşər!
24
Şərqin amalı, fəcri-iqbalı
Örtülü... Qərb açıldı, oldu sabah.
Olduğuyçün qadınlarında cinah –
Açdı Məğrib səmayə şəhbalı.
Əlbət, səfil olursa qadın,
Alçalır bəşər!
25
Üzünü örtmədə zülami-niqab,
Onun üçün də kölgələr geydi –
Millətin kainati-ümmidi!
Çıx ki, yansın işıqlarınla səhab!
26
Mədənilər yanında yox ki, yeri
Fikri, idrakı vəhşi əqvamın.
Nerdə açdı rüxi-şəfəqfamın,
O yerin doğdu çöhreyi-səhəri.
27
Mədəniyyət biz ilə istehza –
Ediyor, əylənir, nədən əcəba?
Çünki baziçə oldu, bizcə, nisa,
Bizə ancaq budur cəzayi-səza.
28
Çeynəyənlər hüquqi-nisvanı –
Çeynənirlər, bu bir həqiqətdir
Buna fərman verən təbiətdir,
Çeynəyən, çeynənir, bu fərmanı...:
29
Biz də qurbanıyız bu fərmanın,
Əzəli hökmdür... Nə yapmalıyız?
Bu siyəhru niqabı yırtmalıyız.
Parlasın həqqi, ruyu nisvanın.
30
İşıq olsun onunla rahi-həyat,
Qoşalım parlayan yol ilə gəlin!
Pək də sür’ətlə qayeyi-əməlin –
Arxasında və öndə şəhri-nicat.
31
Xaliqati-həyat madərdir,
Anaya olmalı pərəstişkar,
Həqqi-qüdsiyyətin edən inkar
Mədəni çeşmələrdə əhqərdir.
32
Gözəl düşününüz!..
Dəli, Avropamı və ya ki, biziz?
Bu sual istəyir ağıllı cavab.
Söyləyin, anladın nədir əsbab,
Nədən olduq zəlilü xanəxərab?
Əməl üfqündəki nədir o səhab?
Bir günəşdir qadın, üzündə niqab,
Günəş olmazsa, parlamaz gündüz.
33
“Təl’ətüşşəms min məğaribiha”.
O səmapayə ruyu nisvanın,
Ey qadın, çöhreyi-dirəxşanın –
Və həyatın, həyati-rəxşaın –
Açdı Məğribdə şahrahi-rəha.
Doğdu səndən cahan bəhalı düha.
34
Dəli Avropamı? Biziz məcnun!
Öylə hümmalıdır ki, cinnətimiz,
Həzəyanlar saçar təbiətimiz,
Yenə müşkül deyil ki, səhhətimiz.
Ölməli mütləqa cəhalətimiz,
Analar olmalı həyatnümun.
35
Qadın ismi gələndə daş düşüyor
Sanki başımıza həp!
Bu ədavət nə əcinsi-nazanə,
Cinsi-nazəndəvü füruzanə?
Zülm edənlər hüquqi-nisvanə –
Zülmətə doğru bilməyir qoşuyor.
36
Ölmədən də qaranlıq içrəyiz, a –
Bu işıq yer üzündə bizlər ya!
Mədəni qövmə cilvəgahi-ziya –
Kainati-həyat olan dünya
Duruyor qarşımızda qəbrliqa!
37
Ölüdür Şərqdə həyati-nisa!
Onun üçün buna məzar dərəm!
Qəri gördüm, bu ərzi-imranı,
Çiçək açmış həyati-nisvanı.
Şərqi gəzdim, bu xaki-viranı,
Bu pərişan cahani-xüsranı
Matəməfza məzarə bənzədirəm.
38
Ey gülü solğun, ey riyazı xərab!
Noldu buyun, o rəngi-rüxsarın?
Niyə böylə saraldı əzharın?
Neçin uçdu o parlaq ənvarın?
Ağlayır bülbüli-nəğəmdarın...
Görəcəkmi bu bağ rövnəqü tab?
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-ummehati-heyat-yaxud-cinsi-letife-bir-baxis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kimdir onlar?*Cinsi-lətif qadınlar!..*
Növxəndə çiçəklərMələküs-sibyanə növşükuftə*şe'rlər ithaf edirəm*
Yadi-vətən...Şirvanda "Nicat"*Hacı İbrahim qardaşıma ithaf*
Hüsni-qalib və hüzni-cazibHüznafərin şairimiz A.Şaiq bəradərimə*Keçən gün idi gəzirdim, sataşdı gözlərim, ah, –
Стихи других поэтов
Qayna! Qayalardan tökül, ey bulaq!Atam da, babam da içib suyunu.
DünyadıAy sevənim, sev məniDünya bekara dünyadı.
Qadınlar olmasaQadınlar eşqinə şairlənər ürəklərimiz,Qadınlar olmasa olmuşdu puç diləklərimiz.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.