İslam yazısı haqqında, etimada layiq fəzilət sahiblərinin yazmış olduqları bir çox kitablar əsasında mayor Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri

1274 (1858)-cü il

Ərəblər arasında yazının meydana gəlməsinin başlanğıc dövrü tamamilə aydın deyildir. Lakin bəzi tədqiqatçıların əsərlərindən anlaşılır ki, himyərilər arasında “məsnəd” adı ilə məruf olan bir xətt olmuşdur ki, həzrət Əyyubun müqəddəs kitabı da həmin xətlə yazılmışdır. İbn-Xəldun ləqəbi ilə şöhrət tapmış cənab Əbdürrəhman, yazının Ərəbistanda necə meydana gəlməsini aydın şəkildə izah edərək yazır: “Himyər qəbiləsində “məsnəd” adlanan və hərfləri bitişməz olan bir yazı olmuşdur ki, himyərilər özlərinin icazəsi olmadan başqalarının bu yazını öyrənməsinə mane olurdular”.

Bu sözlərdən məlum olur ki, ərəbcə yazı əvvəllər Himyər qəbiləsində meydana gəlib, onlardan Hiyrəyə və Hiyrədən də Tayif və Qureyş qəbilələrinə keçmişdir.

Himyər qəbiləsində yazı-pozu olduğunu sübut edən dəlillərdən biri də “Qamus” müəllifi Məhəmməd ibn-Yəqub Firuzabadinin rəvayətidir. “Şüfr” kəlməsinin izahında verilmiş bu rəvayətin məzmunundan aydın olur ki, hələ Yəqub oğlu Həzrət Yusifin zamanında belə, yazı yazmaq sənəti himyərilər arasında yayılmışdı. “Qamus” müəllifinin verdiyi rəvayətin məzmunu belədir: “İbn-Hüşşan deyir ki, sel Yəməndə bir qəbrin üstünü açır. Orada bir qadın meyiti görünür ki, boynunda yeddi şəddə mirvari boyunbağı, biləklərinin hər birində yeddi qolbaq, ayaqlarında yeddi-yeddi xalxal, barmaqlarının hər birində qiymətli (səkkiz bucaqlı) cavahirdən bir üzük var idi. Onun başı üstündə mal-dövlətlə dolu bir sandıq və oradaca bir lövhə də var idi ki, onun üzərində yazılmışdı: “Sənin adınla, ey himyər Allahı! Mən Zişüfrün qızı Taçəyəm. Azuqə üçün Yusifin yanına adam göndərdim. O yubandırdı. Kənizimi pulla göndərdim ki, un gətirsin, tapılmadı, qızıl göndərdim, yenə də tapılmadı, dəniz qiymətlilərindən göndərdim, yenə də tapılmadı. Yarpaqları döyməyi əmr etdim. Ancaq fayda vermədi. Mən acından öldüm. Mənim barəmdə eşidənlər mənə rəhmət oxusunlar. Mənim bəzək şeylərimdən geyinən hər bir qadın isə ancaq mənim kimi ölsün”.

Cənab Əllameyi-Sənani “Məcməül-bəhreyn” və Həmzə ibn-Həsən əl-İsfahaninin dilindən rəvayət edir ki, ərəblər Ədnan zamanında və ondan bir qədər sonra yazıb-oxumaq sənəti ilə məşğul olmuşlar. Rəvayət bundan ibarətdir: “Əbu-Əbdüllah Həmzə ibn-Həsən əl-İsfahani deyirdi: “Ərəb yazısının ilk baniləri Ədnan ibn-Davudun yaşadığı yerlərə köçmüş ən qədim qəbilələrdir. Onlar ərəbləşmiş və bu yazını öz adlarının hərflərinin sayı əsasında tərtib etmişlər. Adların sayı isə altı olmuşdur: Əbcəd, Həvvəz, Hütti, Kələmən, Səfəs, Qərəşət. Onlar Midyən başçılarından olmuşlar ki, rəisləri Kələmən idi və tufan günündə Şüeyb qövmü ilə birlikdə həlak olmuşlar. Onlardan sonra gələnlər gördülər ki, onların adlarında təsadüf edilməyən daha altı hərf vardır ki, bunlardır: Sa, Xa, Zal, Zad, Za, Eyn. Onları rədiflər adlandırdılar.

Son zamanlarda yaşamış alimlərdən bəziləri belə güman etmişlər ki, əbcəd kəlmələrini icad edən Müramir ibn-Mürrədir ki, Qərəşətə qədər Siryani və İbrani hecalanma hərflərinin tərtibi ilə düzəldib, axırıncı iki kəlməni isə ərəb heca hərflərini təkmilləşdirmək üçün artırmışdır və belə də ehtimal olunur ki, bu kəlmələrin sayının səkkiz olmasının səbəbi odur ki, Müramirin səkkiz oğlu var idi və Əbcəd kəlmələrindən hər birisi bu oğlanlardan birinin adı idi. Lakin kufi xəttinin ixtiraçısı və tərtibedicisi, bütün tarixçilərin təsdiq etdiyinə görə, Müramir ibn-Mürrə olmuşdur. Əllameyi-Sənani də bu sözü təsdiq edir. O deyir: “Bizim yazımızın ilk icad edənləri böyük Tey qəsəbəsindən bir neçə kişi olmuşdur ki, Müramir ibn-Mürrə onlardan idi. Şairin sözləri də bu iddianı qüvvətləndirir: “Əbcədləri Müramirin övladından öyrəndim, katib olmadığım halda paltarımı qaraltdım. Müramirin övladının hər birisi Əbcəd kəlmələrinin biri ilə adlanırdı”.

Sühah Əlcövhərinin mütərcimi Məhəmməd ibn-Müstəfa əl-Vali də bu sözləri təsdiq edib, Müramir – birinci mimin zəmmə, (ü) ikinci mimin kəsrə (i) ilə oxunması şərti ilə bir kişinin adıdır. Şərqi ibn-əl-Qütami demişdir: “Bizim xəttimizi icad edən Tey qəbiləsindən olan bir neçə şəxsdir ki, Müramir ibn-Mürrə onlardan biridir. Onun səkkiz oğlu var idi və Əbcəd kəlmələrinin hər birisi ilə bir oğlunu adlandırmışdı. Əbcəd isə əvvəldən axıra qədər səkkiz kəlmədən ibarətdir.

Fazil Kəlbinin dediyinə görə, “bir neçə şəxs” dedikdə, birinci – Əsləm ibn-Şədrə, ikinci – Amir ibn-Həzərədir ki, Müramirlə birlikdə üç nəfər olurlar. Onlar Tey qəbiləsindən idilər. Onların birincisi Müramir hərflərin şəklini düzəltdi. Onların ikincisi olan Əsləm hərflərin fasilə və bitişikliyini təyin etdi. Üçüncüsü olan Amir bəzi hərflər üçün nöqtələr tərtib etdi. Hərflərin şəkli yazının əsas şərti olduğundan və Müramir hərflərin quruluşunun yaradıcısı olduğuna görə digər iki şəxsdən daha ziyada şöhrət qazanmışdır.

Kufi xətti ilə siryani xətti arasında bir neçə cəhətdən böyük oxşarlıq vardır. Birinci budur ki, kufi xətti və habelə siryani xətti yazılarkən hərflər bir-birinə bitişirlər. İkinci budur ki, bu xətlərin hər ikisində hərflər bitişərkən onların, sonundan bir hissəsi kəsilir. Üçüncü budur ki, a, d, z, r, z, v kimi bir neçə hərf həm kufi, həm də siryani xəttində yazılarkən özündən sonra gələn hərflərlə bitişmirlər.

Xülasə, bu iki xəttin bir-birinə oxşaması kufi xətti ilə yeni nəsx xətti arasındakı oxşarlıqdan az deyildir.

“Qərəşət” sözünə qədər əbcəd kəlmələri sistemi siryani və ibrani dillərində də vardır. Onların dillərindəki hərflərin xüsusiyyəti və ərəb dilindəki hərflərin miqdarı nəzərə alınaraq səxiz və zəziğ kəlmələri ərəbcəyə artırılmışdır. Kufi xətti meydana gəldikdən sonra Qureyş əhli və başqa qəbilələr bundan istifadə etdilər. Bu xətt gündən-günə dəyişilməkdə idi. Nəhayət, hicri tarixin dördüncü əsrinin əvvəllərində Əbu-Əli Məhəmməd ibn-Əli ibn-Həsən ibn-Muqlə nəsx xəttini kufi xəttin əsasında düzəltdi və kufi xətti tamamilə dəyişdirib, yeni xətti isə “nəsx” adlandırdı. Çünki bu xətt kufi xətti nəsx edən (yəni ləğv edən) bir xətt idi. Ondan sonra İbn-əl-Bəvvab ləqəbi ilə məşhur olan Əli ibn- Hilal bu xəttə seyqəl verib təkmilləşdirdi. İbn-Xəlləkan adı ilə tanınmış misilsiz alim Qazi Şəmsəddin Əhməd ibn-Məhəmməd, Əbubəkr ibn- Bəvvab haqqında belə nəql edir: “Nə ondan qabaq yaşayanlar və nə də müasirlərindən heç biri bu yazının mislini görməmişdir. Bu yazını kufi xəttindən yeni bir üsula köçürən və onu hazırkı şəkildə meydana çıxaran birinci adam Əbu-Əli ibn-Muqlə olmuşdur. Buna görə də birincilik fəziləti ona məxsusdur. Düzəltdiyi xətt isə son dərəcə gözəl xətdir. Lakin ibn-Bəvvab bu üsulu təkmilləşdirmişdir. İbn-Bəvvab nəsx xəttinə tam rövnəq verib, Bağdadda şöhrət bayrağını yüksəltdi”.

İzah olunan bu fəsildən aydın olur ki, kufi xətti hələ islamiyyətdən əvvəl ərəblər arasında, xüsusilə Qureyş qəbiləsində məşhur olaraq işlənilirdi. Və Allah kəlamı olan Quran da nazil olduqca haman xətt ilə qeydə alınırdı.

Beləliklə, kufi xətti Allah tərəfindən göndərilmiş bir xətt deyildi və Allah kəlamı olan Quranın bu xətt ilə yazılması da istər şəriət və istərsə də hüquq nöqteyi-nəzərindən həmin xəttə elə bir şərəf qazandırmamışdır ki, onun dəyişdirilməsinə mane ola bilsin. İbn-Muqlə onu tamamilə dəyişdirib, nəsx xəttini yaratdı. Madam ki, belədir, əgər biz xalqın mənafeyini nəzərə alaraq, İbn-Muqlənin indi bütün müsəlman xalqları arasında işlənməkdə olan nəsx xəttini dəyişdirib, daha asan bir yazı üsulu yaratsaq, şəriətcə və hüquq cəhətdən buna nə söz-söhbət ola bilər?

Mayor Mirzə Fətəli Axundzadə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əsgərxan bəyə

Əzizim Əsgərxan bəy!**Mən burada təbrizlilər arasında elə bir adam axtarırdım ki, Təbrizə qayıtdıqdan sonra yeni əlifbanı sizə öyrətmək üçün ona öyrədim. Bu axtarış nəticəsində axund Molla Əliməhəmməd rövzəxandan başqa adam tapa bilmədim. Əlifbanı ona öyrətdim ki, Təbrizə yetişən kimi bu xüsusda sizinlə danışıb bəzi şeyləri sizə göstərsin. Eyni zamanda mən sizin fitri bacarığınıza bələd olduğumdan əminəm ki, onun köməyi olmadan belə, [sizə göndərdiyim] kitabçanın üzündən bu yeni əlifbanı öyrənə biləcəksiniz. Məhz buna görə də adı yuxarıda çəkilən axundun çox bədbəxt olmasına baxmayaraq, yeni əlifba kitabçasını onun əlilə köçürtdürüb həmin məktubla sizə göndərirəm. Xahiş edirəm ki, bu nüsxəni aldıqdan sonra onu üzköçürən xoşnəvislərdən birinin vasitəsilə çox gözəl yazdırıb özünüzdə saxlayasınız. Bundan sonra sizə göndərdiyim nüsxəni axund Molla Əliməhəmmədə verərsiniz.

2 мин
Aleksey Fyodoroviç Kruzenşternə

Qafqaz canişini dəftərxanasının direktoru, həqiqi mülki müşavir və Kavaler, həzrət-əşrəf Aleksey Fyodoroviç Kruzenştern cənablarına**Kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 23 sentyabr 1857-ci il, Tiflis*

3 мин
Apolinari Petroviç Butenova

Əlahəzrət Sultanın dərbarında xüsusi tapşırıqların İcraçısı, Konstantinopolda Rusiya Nümayəndəliyinin müdiri, həqiqi gizli müşavir və Kavaler Apolinari Petroviç Butenov zati-alilərinin yüksək hüzuruna**Qafqaz Canişinliyi dəftərxanasının mütərcimi kapitan Mirzə Fətəli Axund- zadədən*

3 мин
Hüseyn xan Nizamüddövləyə

Xaqanın yaxın adamı və cəlal sahibi olan cənab, səadətiniz əbədi olsun!**Tehran şəhərində Hüseyn Nizamüddövləyə yazılmışdır.*

4 мин

Стихи других поэтов