Xaqanın yaxın adamı və cəlal sahibi olan cənab, səadətiniz əbədi olsun!

Tehran şəhərində Hüseyn Nizamüddövləyə yazılmışdır.

Mən darül-xilafeyi-Tehranda bir kəsi tanımıram. Sizin cəlal sahibinizlə də üz-üzə gəlib tanış olmamışam. Amma eşitmişəm ki, cənabınız Müqəddəm elindənsiniz. Mən də ata və ana tərəfdən müqəddəməm. Bundan əlavə, sizin qohumunuz cəlal sahibi müqərrəbül-xaqan Mirzə Cəfər xan mənim mərhum əmim axund Hacı Əliəsgərlə tanış və dost idi. Rəhmətlik əmim həmişə əzəmətli xanın tərifini edərdi və o mərhumun əzəmət sahibi olan xandan Şeyx Bəhainin “Xülasətül-hesab” əsərinin bəzi mətləblərini öyrəndiyini bilirdim. Habelə müqərrəbülxaqan Mirzə Cəfər xan şəxsən mənim özümü də tanıyır. Tiflisdə olduğu zaman səfarətxanaya təşrif gətirərkən mənə yadigar olaraq bir “Min bir gecə” kitabı da bağışlamışdır. Yeri cənnətdə olan Məhəmməd şahın tərəfindən mübarək fərman ilə “Şir-Xurşid” nişanı da onun elçiliyi vasitəsilə mənə əta olunmuşdur. Buna görə də hal-hazırda cəlal sahibi olan cənabınıza müraciət edib, gələcəkdə qeyd edəcəyim bir iş barəsində sizin yardımınızı və vasitəçiliyinizi xahiş edərək, tamamilə xatircəm və ümidvar olduğumu bildirirəm ki, cəlal sahibi olan cənabınız ellilik təəssübü ilə mənim tərəfimi saxlayacaq, həmin iş barədə mənim tərəfimdən vəkillik vəzifəsini icra edəcək, mənim haqq sözümü darülxilafeyi-Tehranda nazirlərin və dövlət başçılarının hüzurunda sübuta çatdıracaq və bu nəcib işinizlə məni özünüzə sonsuz dərəcədə minnətdar edəcəksiniz.

Bu ilin rəbiüssani ayında şərəf sahibi sərkar Qafqaz canişininin icazəsi ilə dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu müqərrəbülxaqan Mirzə Hüseyn xan, islam yazı qaydalarını dəyişdirmək barədə yazmış olduğum bir kitabçanı dövlət rəhbərləri və millət başçılarının nəzərinə çatdırmaq üçün İranın xarici işlər naziri cənablarına göndərmişdir. İndiyə qədər xarici işlər nazirliyindən hörmətli baş konsula bu xüsusda cavab gəlmədiyindən nigaran qalmışam və buna görə də sizin cəlal sahibi olan cənabınızdan xahiş edirəm. Mən bunun mənasını iki haldan birinə yozuram. Ya onlar bu məsələni başa düşmürlər, ya da ki başa düşürlər, lakin bəzi səbəblərə görə mənim sözlərimi və dəlillərimi qəbul etmək istəmirlər. Hər iki halda cəlal sahibi olan cənabınızın vasitəçiliyinə və köməyinə ehtiyacım vardır ki, siz mənim vəkilim olasınız. İşin nə yerdə olduğunu dövlət rəhbərlərinin qarşısında izah edəsiniz və onları razı salasınız ki, bu yeni əlifbanı müzakirə üçün on-on iki nəfər kamal və mərifət sahibindən ibarət bir məsləhət şurası təyin etsinlər və haman məsləhətçi heyətin qərarı ilə imtahan üçün bu əlifbadan min cild çap edib, göstərilmiş qayda və üsul ilə uşaqlara öyrətməyə başlasınlar və bu məsələni qəzetlər vasitəsilə yazıb hər yerə bildirsinlər. Bundan sonra əgər xalq bu yeni yazı qaydasını canla-başla qəbul etmək istərsə, onu hər yerdə tətbiq etməyə başlasınlar.

Əgər dövlət başçıları mənim bu təklifimi qəbul etmək istərkən ona görə ehtiyat edirlər ki, yeni yazı qaydası tətbiq olunduğu təqdirdə bütün İran ölkəsində mövcud olan köhnə kitab sahiblərinə bir kürur və ya iki kürur zərər dəyə bilər və buna görə də onlar şikayət etmək qərarına gələrək, bu təklifi asanlıqla qəbul etməyəcəklər, o zaman dövlətiəliyyeyi-İran üçün bu qorxunu aradan qaldırmaq əlacı tamamilə mümkündür. Əlbəttə, bu xüsusda heç bir şübhə ola bilməz ki, yeni əlifba tətbiq olunduqdan sonra köhnə kitab sahibləri zərərə düşəcəklər. Lakin məsələnin bu cəhəti də aydındır ki, yeni əlifba tətbiq olunduqdan sonra mətbəə sahibləri köhnə kitabları yeni əlifba ilə çap edib satmaqdan kürur-kürur qazanc əldə edəcəkdirlər. Çünki hər bir yeni kitab mətbəədə çapdan çıxan kimi satılacaqdır. Belə olduqda, mətbəə sahiblərinin öhdəsinə belə bir vəzifə də qoymaq olar ki, iyirmi il müddəti ərzində hər hansı bir kitabı çap edib satışa buraxdıqda, haman yeni kitabın yarı qiymətinə köhnə kitab sahiblərindən eyni kitabın əski əlifba ilə olan nüsxələrini satın alsınlar və dərhal əski əlifbada olan haman kitablara elə bir əlamət vursunlar ki, bu nüsxələr bir daha hiylə yolu ilə başqa mətbəələrə təqdim olunub satıla bilməsin.

Bu yol ilə sabiq kitab sahiblərinin zərərinin yarısı ödənilmiş olar. Bu yardım isə onlar üçün kifayətdir. Əgər mətbəə sahibləri bu şərti qəbul etməyə razı olmazlarsa, dövləti-əliyyeyi-İran həmin şərti icra etmək əsasında iyirmi il müddətində kitab ticarətini öz əlində saxlaya bilər.

Məlumunuz olsun ki, həmin yeni əlifbadan bir cild Osmanlı dövləti başçılarına və beş cild isə Avropanın beş mühüm dövlətinə göndərilmişdir. Müsəlman xalqlarının külli mənafeyini təmin edə bilən yeni əlifba haqqındakı fikrimi sübut etmək və onu tətbiq etmək üçün özüm də Qafqaz vilayətlərində çalışmaqdayam. Cəlal sahibi olan cənabınızın tanış olması üçün bu məktubla bərabər yeni əlifbanın müqəddiməsini, hərflərin şəkillərini və yeni əlifba ilə yazılmış bir qitəni hüzurunuza göndərirəm. Mənim məqsədim ümumun mənafeyini təmin etməkdir. Yoxsa, Allaha şükürlər olsun ki, mənim yaşayış vəsaitim və həyatımın yaxşılığı başqa yolla da tamamilə təmindir və bu kimi işlərin qazancına ehtiyacım yoxdur. Yeganə arzum budur ki, müsəlman tayfaları da başqa xalqlar kimi savadlanmaq imkanı əldə edib, məişət işlərində məlumat sahibi olsunlar.

Allah eləməmiş, əgər bu məqsədə çatmaq üçün gətirdiyim dəlillərdən heç birisi dövlət başçılarının və millət üləmasının təbiətinə təsir etməzsə, cəlal sahibi olan cənabınızdan xahiş edirəm ki, əhvalatı yazıb mənə bildirəsiniz ki, nigarançılıqdan xilas olum. Aramızda məhəbbət və mehribanlıq olan baş konsul müqərrəbül-xaqan Mirzə Hüseyn xana cəlal sahibi olan cənabınızdan məktub gələrsə, o mənə çatdırar.

20 şəvval 1274 (5.VI.1858-ci il) Tif-
lisdə şərafətli sərkar Qafqaz canişini
xidmətində islam dilləri mütərcimi olan
kapitan Mirzə Fətəli Axundzadə tərə-
findən yazıldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов