1871-ci il 14 oktyabr tarixində Mirzə Fətəli tərəfindən

Böyük ağalarım! Allah ömrünüzü uzun eləsin!

Mən siz cənablarla görüşüb tanış olmaq şərəfinə nail olmamışam. Lakin dostlarım İstanbuldan xəbər verirlər ki, islam əlifbası məsələsində sizin əqidəniz bambaşqadır. Sizin nəzərinizdə elə görünür ki, köhnə islam əlifbasını dəyişdirmək, yəni köhnə islam xəttini dəyişdirmək islam dövlətinin zəvalına səbəb olacaqdır. Buna görə də mən sizə həmin məktubu yazmağa cəsarət edirəm.

Mən ümumiyyətlə sizin fikrinizin haqlı olduğuna şərikəm və qabaqcadan sizə deyirəm ki, əlifbanın və köhnə islam xəttinin dəyişdirildiyi təqdirdə nə kimi bir həngamə qopacaqdır. Müsəlman tayfalarının əksəriyyəti savadsız və dünyanın vəziyyətindən və xalqlarının tarixindən xəbərsizdirlər. Hətta, bizim ruhani alimlərimizin belə, dünya mədəniyyətindən xəbərləri yoxdur. Belə bir vəziyyətdə əgər biz əlifbanı və köhnə islam xəttini dəyişdirməyə iqdam etsək və avropalıların xəttinə oxşar bir əlifba qəbul etsək, əvvəlcə ruhanilər və onların ardınca bütün xalq baş qaldırıb fəryad qoparacaqlar ki: “İslam dövlətinin başçıları bizim xəttimizi dəyişirlər, dinimizə rəxnə salırlar, islamiyyəti aradan qaldırırlar, bizi avropalıların rüsum və adətlərinə tabe edirlər”.

Bu cür qışqır-bağırın nəticəsi də bu olacaqdır ki, müdafiə olunan məmləkətlərin hər yerində, hər guşəsində, xüsusilə Ərəbistanda, Yəməndə, Misirdə, Məğrib-Zəmində, Afrika və Asiyanın başqa yerlərində qovğalar və üsyanlar baş verəcək, həngamələr qopacaq, fitnələr başlayacaq və qanlar töküləcəkdir ki, qələmlə vəsfini etmək çətindir. Bu hadisələr baş verdikdə, nəinki şahlıq və dövlət təhlükə qarşısında qalacaq, bəlkə də ehtimal ki, islam xalqları arasında qan tökmək işi hətta yüz il bundan sonra belə dayandırıla bilməyəcəkdir.

Köhnə islam xətti dəyişdirildiyi təqdirdə belə bir vəziyyətin yaranacağını mən Mirzə Fətəli Axundzadə tam yəqinliyi ilə qabaqcadan müşahidə edirəm. Əgər Melkum xan və köhnə xəttin dəyişdirilməsinə tərəfdar olan başqaları bu əqidəni inkar edərlərsə, onlara deyə bilərsiniz ki, İbn-Muqlə islam xəlifələrinə yaxın olduğu halda, nazir rütbəsinə malik olduğu halda, kufi xəttini nəsx xətti ilə əvəz etmək qərarına gəldiyi zaman, avam camaatın və ümumi qarmaqarışıqlığın qorxusundan bu işə birdən-birə cəsarət edə bilmirdi. Buna görə də müdafiə olunan bütün islam məmləkətlərində belə bir şayiə yayıb elan etdi ki, guya Əli ibn-Əbutalib, Allah ondan razı olsun, onun yuxusuna gəlmiş və kufi xətti nəsx ilə əvəz etməyə onu məmur etmişdir.

Xalq onun yuxusuna inandı. Çünki İbn-Muqlə dindar, Quranın üzünü köçürən bir adam idi, ruhanilərin və avam camaatın etimad və etibarını qazanmışdı. Bu yuxu, cürbəcür və müxtəlif bəlalar qarşısında İbn-Muqlə üçün bir qalxan olub, onu müdafiə etdi. Xalq onu böyük imamın məmuru zənn etdi və görəcəyi işə razılıq verib susdular. Bu yuxunun sayəsində idi ki, İbn-Muqlənin hərəkəti üsyan və qovğaya səbəb olmadı.

İbn-Muqlənin yuxu görməsi və kufi xətti dəyişdirməsi əhvalatı, mən yazdığım həmin şəkildə “Süleymaniyyə” kitabında şərh edilmişdir. Ola bilsin ki, bu mətləb başqa kitablarda da fəzilət sahiblərinin nəzərinə çatmışdır.

Mən Mirzə Fətəli Axundzadə və habelə Melkum xan və köhnə islam xəttini dəyişdirmək tərəfdarı olan başqaları, aydındır ki, günahkar adamlardanıq. Biz zahidlik və müqəddəslik iddiasında ola bilmərik. Avam camaat və ruhanilər bizə inanmaz. İbn-Muqlənin gördüyü yuxunu biz görə bilmərik, görsək də, heç kəs bizə inanmaz. Bununla belə, biz istəyirik ki, köhnə islam xəttini avropalıların işlətdiyi xətt ilə əvəz edək. Elə isə, ehtimal olunan şübhəsiz bəlalardan özümüzü qorumaq, üsyanları və qovğaları aradan qaldırmaq üçün hansı sipər və nə kimi vasitələrimiz vardır? Heç nə!

Bununla da, mən Mirzə Fətəli Axundzadənin, Melkum xanın və başqalarının arzu etdiyimiz tərzdə köhnə islam xəttini dəyişdirmək qeyrimümkün işlərdən hesab olunur və belə bir işə əl qaldırdıqda böyük hadisələrin baş verəcəyi aydındır.

Ona görə də mən sizin dövlət dostu olmağınıza, dindarlığınıza, vətənpərvərliyinizə, uzaqgörənliyinizə afərinlər göndərib, təqdirlər yazıram.

Lakin, ey mənim böyük ağalarım! Digər tərəfdən də, siz islam xalqlarının başçılarından olduğunuza görə vacib hesab edirəm ki, müsəlmanların vəziyyətini və əhvalını yaxşılaşdırmaq barədə fikirləşəsiniz və xatırlayasınız ki, bütün hicri tarix boyunca, islam xalqını mədəni xalqlardan geri salan səbəblər nədir və hansı tədbirlər vasitəsilə bu xalqı tərəqqilərə çatdırmaq olar ki, nəticədə fitnələr baş vermiş olmasın?

Tərəqqi yolunun əsas maneələrindən biri, islam əlifbasının çətinliyidir. On min nəfər müsəlman içərisindən bir nəfər savadlı tapmaq olmur. Qadınların hamısı savadsızdır. Bizim savadlı sayılanlarımızın da çoxunun savadı naqis və yox dərəcəsindədir.

Belə olduqda, rəvadırmı ki, dövlət vəkilləri və başçıları islam xalqının bu vəziyyətinə yanmasınlar? Onun xoşbəxtliyi və tərəqqisi üçün səy və qeyrət göstərməsinlər? Bu dünya fanidir! Dünyada yaşamağın yeganə ləzzəti yaxşı ad qazanmaqdır ki, o da xeyir əməllərin sayəsində əldə edilə bilər. Əgər xudavənd-aləm bizdən soruşsa ki, sizə dünyada yetmişhəşdat il tam qüdrətli ömür verdim, bu müddətdə bəndələrimə nə kimi xeyir işlər gördünüz? O zaman nə cavab verəcəyik?

Gəlin əl-ələ verək, Allah bəndələri barədə, islam xalqının xoşbəxtliyi barədə düşünək! Deməyin ki, Mirzə Fətəli, sənə nə var?! Melkum xan, sənə nə var?!.

İnsanlar təbiətinə görə heç bir şeyi başqasına vermək istəmirlər. Onlar təkcə bir şeyi, öz biliklərini başqalarına verməyə hərisdirlər. Bilik elə bir şeydir ki, başqalarına bağışlanılmazsa, onun sahibi dərdə düşər, ömrü qüssə və kədər içində keçər.

Mən və Melkum xan islam xalqının naxoş olduğunu görürük, onun dərdinin əlacını da bilirik və bizdə olan bəşər təbiətinin tələbatı üzündən bu əlacı xalqdan gizli saxlaya bilmirik. Əgər gizlətsək, özümüz də naxoş olacağıq.

İslam xalqının tərəqqisini təmin edib, eyni zamanda fitnə və fəsada səbəb ola bilməyən yeganə tədbir, mənim fikrimcə, bundan ibarətdir ki, islam əlifbası məsələsi ilə məşğul olmaq üçün İstanbulda xüsusi bir məclis təsis olunsun. O məclis belə bir qərar çıxarsın ki, köhnə islam xətti Qurani-şərif, fiqh kitabları və bütün dini kitablar üçün əsla dəyişilmir və ruhani alimlərimiz həmişə dini elmləri bu əlifba ilə öyrənməli, oxumalı və öyrətməlidirlər. Lakin dini işlərə əsla dəxli olmayan dünyəvi elmlər və müxtəlif sənətlərə aid olan kitablar üçün xüsusi məclis yeni bir əlifba tətbiq etməlidir ki, peşəkarların, qoşun əhlinin və başqa dövlət məmurlarının uşaqları dövləti məktəblərdə elmləri və bilikləri həmin əlifba ilə öyrənsinlər.

Xüsusi məclis bütün xalqı başa salmaq üçün daima qəzetlərdə açıqaydın yazıb elan etməlidir ki, köhnə islam əlifbası öz yerində qalır. Bunu da yazmalıdır ki, köhnə əlifba dəyişdirilərsə, fitnə və fəsad baş verə bilər. Dövləti-əliyyə və din alimləri onun dəyişdirilməsinə heç bir vəchlə razı olmayacaqlar. Ancaq köhnə əlifbanın çətinliyi üzündən onu öyrənməyə qüdrəti, vaxtı və imkanı olmayan yoxsullar, peşəkarlar, qoşun əhli və başqa dövlət qulluqçuları üçün dövləti-əliyyə xüsusi məclisin məsləhəti ilə yeni və ayrıca bir əlifbanın tətbiqinə icazə vermişdir ki, həmin təbəqələrdən olan adamlar bu yeni əlifbanın köməyi ilə az bir zaman ərzində savadlanmağa qadir olub, sonra hər birisi öz məişət işlərilə məşğul ola bilsinlər. Bu yeni və ayrıca xətti isə, islam xətti adlandırmayacağıq! Bu yeni xətt, rəssamlıq və sairə kimi, sənətin bir növüdür. Necə ki, Əbdürrəhman ibn-Xəldun da öz tarixinin birinci cildində xətti sənət növlərindən hesab edib yazmışdır: “Yazı və xəttin insanların yaratdığı sənət növlərindən olması haqqında fəsil, o da hərflərin quruluşu və şəkillərindən ibarətdir, ilaxır”. Sonra isə deyir: “Xətti bilmək kəmalşərti deyil. Çünki xətt mədəniyyət və məişət sənətləri növündəndir. Onun naqisliyi dini nöqsan sayılmaz, ancaq məişət vasitələrinin nöqsanı sayılır”.

Bu yol ilə də yeni və ayrıca xəttə icazə verilməsi ilə ümumi xalq öz dini barədə qorxuya və təşvişə düşməyəcəkdir. Belə bir tədbir sayəsində dövlət və səltənət üçün əsla heç bir təhlükə ehtimal olunmayacaqdır.

Mən Mirzə Fətəli Axundzadənin və Melkum xanın yeni xəttin ixtira və tətbiqinə müdaxilə etməsinə əsla ehtiyac yoxdur. Qoy, xüsusi məclis özü yeni əlifbanın yeganə ixtiraçısı və tətbiqedicisi olsun! Ancaq bu şərtlə ki, yeni yazıda əbəda nöqtə olmasın, hərflər nöqtələrin köməyi olmadan bir-birindən seçilsinlər, hərəkələr və saitlər tamamilə və hamılıqla hərflərin sırasına daxil edilsinlər; hərflər isə sözlərin tərkibində bitişməz və ayrı-ayrı yazılsınlar. Bu üsul qəribə bir iş və ya təkcə avropalılara xas olan üsul deyildir. Ayrı-ayrı yazılıb bitişməyən hərflər, kufi xətti meydana gəlməzdən əvvəl ərəblərdə, Himyər tayfasında da mövcud olub işlənilirdi. Necə ki, Əbdürrəhman ibn-Xəldun öz tarixinin birinci cildində, yuxarıda qeyd edilən bəhsdə yazır: “Himyər tayfasında bir xətt var idi ki, “məsnəd” adlanırdı, hərfləri isə bitişməzdi”.

Yeni xətti islam xətti adlandırmayacağıq. Ona görə ki, islam xətti ancaq dini elmlər üçün saxlanılan xətdir. Yeni xətt isə ayrıca bir sənət növüdür ki, xalqın məişəti üçün onu öyrənməyi lazım bilmişik. Odur ki, həmin sənətin öyrənilməsi işini asanlaşdırmaq məqsədilə həmin xətti əgər soldan-sağa yazsaq, heç kəs bizi danlayıb məzəmmət etməz.

Yeni xətt üçün hərflərin şəkillərini ixtira və tətbiq məsələsində qoy xüsusi məclis yer üzü xalqlarının bütün əlifbalarını göz qarşısına qoysun və onlardan hər hansının şəkli xoşuna gələrsə, onu seçsin! Əlbəttə, gözəllikdə, zəriflikdə misilsiz olub. Həm də öz köhnə hərflərimiz əsasında düzəldiklərinə görə üstünlüyə malik olan Melkum xanın ixtira etdiyi hərflərin şəkilləri də xüsusi məclisin nəzərindən qaçmamalıdır.

Nəhayət, sizin kimi böyük ağaların ömrünün uzun olmasını arzu edərək, həm əlifba məsələsində, həm də yazıb təklif etdiyim tədbir barədə şəfqətli cavabınızı arzu edirəm.

O böyük ağalara ixlası olan kolonel
Mirzə Fətəli Axundzadə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов