Melkum xana məktub
Melkum xana yazılmış məktubun surəti
Cənab Ruhül-qüds!
Sərhəng Şeyx Məhəmməd ağa sizin əlifbanızın surətini mənə çatdırdı. Onu başdan-başa nəzərdən keçirdim. Çap işini asanlaşdırmaq yolunda, həqiqətən böyük bir xidmət göstərmişsiniz. Yəni indiyə qədər dörd şəkildə yazılan hərfləri bir şəklə salmışsınız. Şəkillər çox yaxşı və gözəldir. Hərflərin bir-birinə bitişmədən yazılmasını da lazım bilmişsiniz. Lakin mən nöqtələrin saxlanılmasından, erabın (saitlərin) hamısının hərflərə daxil edilməməsindən, onların hamısı üçün ki, doqquz ədəddir, ayrıca şəkillərin yaradılmamasından və onların keçmiş çirkin şəkillərinin saxlanmasından yenə də narazı və şikayətçiyəm.
Siz nöqtələrin tədricən atılacağını və saitlərin samit hərflər sırasına daxil ediləcəyini düşünürsünüz. Lakin mən sizin əlifbanızı əvvəldənaxıra qədər oxudum. Nöqtələr olduğu kimi qalmışdır. İki-üç əyri və çirkin işarədən başqa saitlər samitlərin sırasına daxil edilməmişdir. Bəs nöqtələr nə vaxt atılacaqdır? Saitlər nə zaman hərflərin sırasına daxil ediləcəkdir? Ehtimal olunur ki, sizin belə bir məqsədiniz var: bir müddət keçdikdən sonra şəkillərin dəyişməsi ilə nöqtələr öz-özünə atılacaq, saitlər isə hərflərin sırasına daxil olacaqdır. Məqsədiniz budursa, mən belə bir məqsədi münasib bilmirəm. Bu iş çox uzun sürəcəkdir. Əgər əlifbanı təmizləmək məqsədi qarşıya qoyulmuşsa, gərək bu saat və birdəfəlik tamamilə təmizlənib təzələnsin. Gördüyümüz yeni işi nə üçün nöqsanlı görməliyik ki, bir neçə vaxtdan sonra əlifbanı yenidən dəyişmək ehtiyacı qarşımıza çıxsın? Bundan əlavə, sizin bitişməyən hərfləriniz yazı işində böyük çətinliyə səbəb olur.
Hərflərin bitişməməsini, samit hərflərin sait hərflərlə bitişdirilməsini mən yalnız yazı işinin asan və sürətli olması xatirinə lazım bilirəm. Çünki biz yenə də sağdan-sola yazsaq, qələmin bir dəfə dövrə etməsi ilə kəlməni və ya kəlmənin yarısını yazıb bitirə bilməsək, bizim yazı işimiz yenə də yavaş gedəcəkdir. Əgər biz kəlmələrin tərkibi üçün yazıda biri digərinə bitişməyən hər bir hərfi sizin qaydanızla ayrı-ayrı yazsaq, qələm tez-tez kağızın üzərindən qaldırılar. Beləliklə də, bir səhifəni yazmaq bir saatdan artıq vaxt aparar.
Xülasə, sizin əlifbanız haqqında göstərdiyim bu iradları da yazaraq, onu başqa yazılarımla birlikdə dövləti-əliyyeyi-İranın Maarif Nazirliyinə göndərdim. Xahiş etdim ki, əlahəzrət şahənşahın fərmanı sadir olduqdan sonra, darül-xilafə (Tehran) fazillərinin müşavirəsində müzakirəyə qoyulsun.
Mən də sizin kimi, hərflərin indiyə qədər mövcud olan dörd şəklinin vahid bir şəklə salınmasını məsləhət görərək, köhnə əlifbamızı dəyişdirməyi xahiş etmişəm. Ancaq yazı işində sürət və asanlıq əldə etmək üçün bir cüzün bitişməsi, yəni hər bir samit hərfin sait hərflə birgə yazılması, güman etmirəm, çətinliyə səbəb olsun.
Sonra, əgər istəsələr, yazı işində mənim yeni əlifbamı tətbiq etsinlər. Sizin yeni layihənizi isə bütün nöqtələri atmaq, doqquz sait hərfdən ibarət olan bütün saitləri onlara məxsus yeni şəkillər yaradıb, köhnə şəkillərini ləğv etdikdən sonra samit hərflər sırasına daxil etmək şərti ilə çap işində işlətsinlər. Əgər nə mənim layihəmi yazı işində, nə də sizin layihənizi çap işində tətbiq etməyi bəyənməsələr, o zaman təklif etdiyim bütün şərtlərə uyğun yeni bir yazı qaydası düşünsünlər və həyata keçirsinlər. Mən çox güman edirəm ki, onlar bizim acığımıza özləri yeni bir əlifba qaydası düşünüb, köhnə əlifbanı dəyişməyə iqdam edəcəklər. Belə olarsa, mənim və sizin məqsədiniz yerinə yetişəcəkdir. Əgər sizin əlifbanızı çap işlərində tətbiq etsələr, zərər görməzlər, çünki çap işindən ötrü onlar bu gözəllikdə və bu zəriflikdə hərflər tapa bilməyəcəklər. Mən buna əminəm. İnsafla desək, sizin düzəltdiyiniz hərflərin şəkli gözəllikdə və zəriflikdə misilsizdir. Onları bir qədər təkmilləşdirdikdən sonra çap işində tətbiq etsələr, asanlıq və gözəlliyi əla dərəcəyə çatar.
Cənab Ruhül-qüds!
Siz elə bir tədbir görün ki, yatmış osmanlıları da oyadasınız. Əgər onlar sizin əlifbanızı bəyənsələr, bu, məqsədə çatmaq deməkdir.
Mehribanlıq və səmimiyyətlə dolu məktubunuz üçün sizə çox təşəkkürlər edirəm.
Sizin salamınızı Şeyxülislama yetirdim. Möhtərəm Şeyxülislam da öz ixlas və məhəbbətini izhar edərək, sizə çoxlu salam göndərir.
Köhnə islam əlifbasının dəyişdirilməsinə dair məruzəni hazırladıqdan sonra və bu məruzəni dövləti-əliyyeyi-İranın Maarif Nazirliyinə göndərmək istərkən, əlifbamızın islahı haqqında Süavi əfəndi tərəfindən yazılmış məqalənin çap edildiyi qəzetin bir nömrəsini Paris şəhərindən mənə göndərdilər. Buna görə də mən Süavi əfəndinin irəli sürdüyü əqidəyə qarşı tənqid yazmağa başladım. Nəticədə məruzəni göndərməyi bir neçə gün təxirə salmağa məcbur oldum. Bu işi bitirdikdən sonra həmin tənqidi də məruzəmlə birlikdə Tehrana göndərdim. İndi isə Süavi əfəndinin türk dilində olan qəzetini və onun fars dilində tərcüməsini, habelə müəllifin əqidəsinə qarşı yazdığım tənqidin surətini, Tehrana göndərdiyim kimi, sizə də göndərirəm ki, məsələdən xəbərdar olasınız. Məsləhət görsəniz, bu tənqidimi olduğu kimi, münasib olmazsa, öz səliqənizə uyğun bəzi dəyişiklik və islahdan sonra İstanbul türkcəsinə tərcümə edib, nəşr etdirmək üçün Osmanlı Cəmiyyəti-elmiyyəsinə təqdim edin!
Cənab Ruhül-qüds!
Sizin tərtib etdiyiniz çap hərflərinin şəklinin gözəlliyinə heç bir söz ola bilməz. Lakin bu, biri-digərindən fasiləli və bitişməyən hərflər sağdan-sola yazmaq işində çox çətinlik törədəcəkdir. Bil-mirik, bəlkə də həmin hərflərlə avropalılar kimi soldan-sağa yazmağı təklif etmək fikrindəsiniz. Belə isə şübhəsiz ki, bütün çətinliklər aradan qaldırılacaqdır. Lakin mən sizin indiki təklifinizi də rədd etmirəm. Əgər əksəriyyət bunu qəbul edərsə, mən də onlardan biriyəm. Amma islam xalqları başçılarının əlifbada bu qədər ciddi islah və dəyişikliyin icrasına razı olacağını güman etmirəm.
Cənab Ruhül-qüds!
Mirzəağa xanın sizə dediyi kimi, sən cin balasısan, mən səndən qorxuram və sirlərini mənə verməyin barəsində israr etmirəm. Biz də sizin nə barədə düşündüyünüzü bilmirik. Buna görə də sizdən qorxuruq. Siz hər şeyi etməyə qadirsiniz. Əgər doğrudan da yazımız soldan-sağa yazılarsa, o zaman nöqtələr də öz-özünə atılacaq, saitlər də hərflərin sırasına daxil olacaqdır. Bundan başqa, hər cür əlavə dəyişiklik istəsək də, mümkün və asan olacaqdır. Beləliklə, yazı işimiz tamamilə asanlaşacaqdır.
Adres: Yüksək məqamlı, fəzilət və kəmal sahibi, əzəmətli və hörmətli dostum Melkum xana, Allah onun ömrünü uzun eləsin, çatacaqdır İstanbul şəhərində.
Dostunuz Mirzə Fətəli Axundzadə
Cəmadiyəl-axır ayı, 1285-ci il.
[1868-ci il sentyabr ayı] Tiflis şəhəri
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-melkum-xana-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu şərtnaməni yazmaqdan məqsəd odur ki, hicri 1283-cü ildə (1866-1867) mayor Mirzə Fətəli Axundzadə “Kəmalüddövlə” adlı türk (Azərbaycan) dilində bir kitab yazmış, orada bəzi fars şeirləri və ərəbcə bir sıra ayələr, hədislər və misallar gətirmişdir. Həmin kitab müqərrəbül-xaqan, ikinci sərtib Mirzə Yusif xan və müəllifin öz köməyi ilə fars dilinə tərcümə olunmuşdur. Avropa xalqlarının mövcud qanunlarına görə, hər bir əsərin çap edilməsi hüququ müəllifin özünə məxsusdur. Lakin, burada, müəllif tam könüllü olaraq, şüurlu surətdə özünün bu hüququnu bundan sonra əsərin üzünü köçürən ləqəbi ilə göstərilən müqərrəbül-xaqan Mirzə Yusif xana aşağıdakı şərtlərlə verir:1. Əsərin üzünü köçürənin bu əsəri öz xərci ilə hər yerdə – İran xalqı və bütün Asiyanın farsca danışan əhalisi üçün fars dilində və Osmanlı xalqı üçün türk dilində çap etdirməyə ixtiyarı vardır.
ŞərtnaməBirinci. Mən, aşağıda bunu imza edən Mirzə Fətəli Axundzadə, Hindistan şahzadəsi monqol Kəmaluddövlənin məktubları adlı bir farsca kitabın sahibi, həmin kitabı həqiqi mülki müşavir şərqşünas Adolf Petroviç Berjenin köməyi ilə rus dilinə tərcümə etmişəm. Təsdiq edirəm ki, cənab Berjenin də ixtiyarı vardır ki, həmin kitabı onun ruscaya tərcüməsindən ya da fars mətnindən firəng, alman və ingilis dillərinə tərcümə etsin. Sonra o, bu dörd tərcümənin nəşrini münasib bildiyi qiymətlə hər hansı kitab satıcısının öhdəsinə buraxa bilər və bu dörd tərcümənin bütün nəşrlərinin satılmasından alacağı pullar ikimizin arasında tən yarı bölünməlidir, bir şərtlə ki, Berje kitab satıcısı ilə öz arasında olan müqaviləni mənə göstərsin. Tərcümələrin nəşri təkrar edilərsə, yenə hər nəşrdən alınan gəlir aramızda bərabər bölünməlidir.Kitabın fars mətninin nəşrinə gəldikdə, bunun da ixtiyarını mən, vəd etdiyi yaxşılıq üçün səmimi minnətdarlıq əlaməti olaraq, cənab Berjeyə verirəm. Və əgər vəd etdiyi ixlas, onun bütün səyinə rəğmən, hər hansı bir səbəb üzündən imkan xaricində olarsa, yenə də məzkur kitabın fars mətninin nəşrindən alınan gəlir aramızda bərabər bölünməlidir.
Nikolay İvanoviç BaranovskiyəQafqaz canişinliyi baş idarəsi departamentinin tərcüməçisi mayor M.F.Axundzadənın yazılı məruzəsi**Sentyabr 1868-ci il Baş idarə departamentinin direktoru, həqiqi dövlət müşaviri və kavaler Nikolay*
Maarif nazirinə məktubHəzrət-əşrəf, nəvvab maarif naziri Etizadüssəltənəyə! Onun ali səadəti daimi olsun!Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan alicənab bir cavandır. Onun mənə çox məhəbbəti və hörməti vardır. Həmişə sizin gözəl sifətləriniz və yaxşı xasiyyətləriniz haqqında söhbət edir. Bu vasitə ilə də məni sizin həm fitri, həm də elmi fəzilətlərinizlə qiyabi surətdə tanış etmişdir. Ona görə də mən köhnə islam əlifbasını dəyişdirmək və yeni yazı qaydaları tətbiq etmək haqqında Maarif Nazirliyinə ərizə göndərərkən, mənim ixlasımı bildirən bu məktubla həzrət-aliyə başağrısı verməyə cəsarət etdim.
Стихи других поэтов
Ey qönçədəhanım, tazə-tərlikdəNə gül həmta olub, nə lalə sənə.
Yarəb, məni cəfayə salan şad olmayaYarəb, məni cəfayə salan şad olmaya!Səyyadi-zülmə seyd olub, azad olmaya!
Dol arvadBəndədən utanmaz, hakimdən qorxmaz,Nə də baxmaz o Mövlaya dol arvad.
Müqəddəs ixtilalQaranlıqda gözlərim dikilmiş üfüqlərə,Bir fırtına səsi var, buludlar göydə dal-dal