Mirzə Yusif xana
Страница 1 из 2
Əzəmətli ağam Mirzə Yusif xan! Səadətiniz daimi olsun! Yazırsınız ki, cəlal sahibi sədr-əzəm cənab ları öz vəzifəsində İranda o işləri görəcəkdir ki, Böyük Pyotr Rusiyada görmüşdür. Ümid var ki, bizim həmvətənlərimiz tərbiyəsizlik bəlasından xilas olsunlar. Elə isə, mən Mirzə Fətəlinin sizin cəlal sahibi, yüksək və əziz cənabınıza təbrik yazmağımın yeri vardır.
Lakin hər iddia üçün dəlil göstərmək lazım gəlir. Böyük Pyotr öz xalqını tərbiyəsizlik və savadsızlığın bəlasından xilas etmək üçün rusların köhnə əlifbasını ləğv edib, yeni bir əlifba tətbiq etmişdir. Sizin sədrəzəm cənabları isə köhnə əlifbanı saxlayır. Bəs hansı vasitə ilə o, bizim xalqımızı tərbiyəsizlik və savadsızlığın bəlasından xilas edəcəkdir.
Yeni əlifbanın tətbiqindən və maarifin genişləndirilməsindən əvvəl İran ölkəsində görülə biləcək hər cür mülki tədbir nəticəsiz və bəhrəsiz qalacaqdır. Belə bir vəziyyətdə İranda görülən hər bir tədbir qumsal səhrada tikilən bir evə oxşayır ki, külək qalxdıqda bu binanı alt-üst edərək, yerlə yeksan edəcəkdir.
Bu o deməkdir ki, maarifin yayılmasından əvvəl görülən hər cür tədbirlər alt-üst olacaqdır. İran xalqı bu gün sizin sədr-əzəm cənablarının fikrinə şərik deyildir və onun fikrində tutduğu məqsədləri dərk etmək qabiliyyətindən məhrumdur. Hər şeydən əvvəl, belə bir vasitə tapmaq lazımdır ki, xalq onun fikrinə şərik olaraq, onun gördüyü tədbirləri müdafiə etməyə hazır olsun! Bu vasitə isə köhnə islam əlifbasını dəyişdirmək, yeni əlifbanı tətbiq etmək yolu ilə maarifi yaymaqdan ibarətdir. Əgər belə olarsa, nəinki mən Mirzə Fətəli onu təbrik edərəm, hətta bütün dünya onun məddahı olar və gələcək nəsillər dünya durduqca ona təşəkkür edərlər və tarixin səhifələri onun tərifi və vəsfi ilə dolar.
Lakin sizin sədr-əzəm cənabları mənə qarşı kəmiltifat olması üzündən, bu cür ümumi bir mənfəətə ona görə göz yumub ki, köhnə əlifbanı dəyişdirmək fikri mənim tərəfimdən ortalığa atılmışdır. O, elə güman edir ki, bunsuz onun gördüyü cürbəcür və müxtəlif başqa tədbirlər dövlət və millətə bir səmərə verəcək və bəhrə göstərəcəkdir. Lakin o, bilməlidir ki, yeni əlifba tətbiq edilməzsə, maarif yayılmazsa, onun gördüyü bütün tədbirlər uzaqdan su kimi görünən səraba oxşayar. Mətləb daha aydın olsun deyə, sizin üçün bir müqəddimə fikirləşib yazıram. Bu da ona görədir ki, qəm-qüssənin çoxluğundan ölüm arzulayıramsa da, mənə qismət olmur. Odur ki, bir neçə saatlığa qəm və qüssəni unutmaq xatirinə özümə bir məşğələ axtarıram. Çünki məhərrəm ayının 17-də Xanbaba xanın arvadı olan qızım Seyrəbəyim sizə məlum olan xəstəlik nəticəsində ölmüşdür. Ondan iki uşaq qalmışdır ki, biri 4 yaşında qızdır, ikincisi 3 yaşında oğlan. Daha nə vəziyyətdə olduğumu soruşmayın!
Müqəddimə
İran viran olmuşdur.
S u a l – Nəyə görə?
C a v a b – Ona görə ki, camaatı yoxsul və fəqirdir?
S u a l – Nə üçün İran camaatı yoxsul və fəqirdir?
C a v a b – Ona görə ki, əkinçilik, ticarət, maldarlıq, fəhləlik və bu kimi peşələrin qayda-qanunlarından xəbərsizdirlər.
S u a l – İran əhalisinin əkinçilik, ticarət, maldarlıq və kəsbkarlıqdan xəbərsiz olmasının səbəbi nədir?
C a v a b – Ona görə ki, məişət və güzəran haqqında İran xalqının əlində kitab yoxdur.
S u a l – Məişət və güzərana dair İran xalqının əlində kitabların olmamasının səbəbi nədir?
C a v a b – Ona görə ki, İranda heç kəs bu cür kitabları yazmaq və ya tərcümə etmək istəmir.
S u a l – Nəyə görə heç kəs bu kimi kitabları yazmaq və tərcümə etmək istəmir?
C a v a b – Ona görə ki, İranda heç kəs bu cür kitabları sevmir və onların müəllifi və ya mütərcimlərinin zəhmətini qiymətləndirmir.
S u a l – Nə üçün heç kəs onları almır?
Cavab – Ona görə ki, kitabları oxuya bilmir.
S u a l – Nə üçün onları heç kəs oxuya bilmir?
C a v a b – Ona görə ki, mində bir nəfər müstəsna olmaq şərtilə, bütün İran camaatı savadsızdır.
S u a l – Nəyə görə İran camaatı savadsızdır?
C a v a b – Ona görə ki, savadlanmaq çox çətin bir işdir.
S u a l – Savadlanmağın çətinliyinin səbəbi nədir?
C a v a b – Ona görə ki, savadsızlığın ləğvinin vasitəsi olan əlifba çox çətindir.
S u a l – Savadsızlığı ləğvin vasitəsi olan əlifbanın çətinliyinin səbəbi nədir?
C a v a b – Ona görə ki, bu əlifbanın samit hərfləri sözlərin tərkibində biri digərinə bitişir və biri-birindən nöqtələrlə seçilir; digər tərəfdən isə sait hərflər sözlərin tərkibində yazılmır, ancaq ifadə olunur.
S u a l – Bəs İranı abadlaşdırmaq üçün nə etmək lazımdır?
C a v a b – Bunun üçün İran camaatı behişt misli olan yer üzündə cəlal sahibi olan Allahın onlar üçün yaratdığı bütün nemətlərdən faydalanıb, sərvət və dövlət sahibi olmalıdırlar.
S u a l – Təbiətin və Allahın bəxş etdiyi nemətlərdən İran xalqının faydalanması üçün nə etmək lazımdır?
Ç a v a b – Onun üçün İran camaatı istər şəhərli, istər kəndli, istər elat olsun, istisnasız, qadınlı-kişili, Prussiya ölkəsinin əhalisi kimi, başdan-başa savadlı olmalı, təbiətin sirlərini öyrənməli və Allahın nemətlərindən istifadə etmək üçün elmin gücü və qüdrətinə arxalanmalıdır.
S u a l – Bütün İran camaatının, qadınlı-kişili, savadlanması üçün nə etmək lazımdır?
C a v a b – Köhnə əlifbanı dəyişdirmək və yeni əlifbanı tətbiq etmək lazımdır ki, savadlanmaq hər kəsə mümkün olsun. Prussiya dövlətinin etdiyi kimi, camaatı məcbur etmək lazım gəlir ki, hər yerdə məktəblər açsınlar və bütün uşaqlar 9 yaşından 15 yaşına qədər oxuyub-yazmağı öyrənməkdən başqa, heç bir işlə məşğul olmasınlar.
S u a l – Yeni əlifbanı nə cür yaratmaq lazımdır?
C a v a b – Samit hərflərin hamısı bitişməz olmalıdır; sait hərflər, yəni erab hamısı samit hərflərin sırasına daxil edilməli, hərflərdə olan bütün nöqtələr atılmalı və Avropa xalqlarının əlifbası kimi yazmaq və oxumaq soldan-sağa tətbiq edilməlidir.
S u a l – Bəlkə bu iş, yəni belə bir əlifbanın yaradılması şəriətə zərər yetirdi?
C a v a b – Birincisi, belə bir iş heç bir vəchlə şəriətə zidd deyildir. İkincisi, tutaq ki, bu iş şəriətə müxalifdir, lakin xalqın xeyrinə olduğu üçün bu işdə bir hiyleyi-şəri düşünüb tətbiq etmək lazımdır. Məlumdur ki, müqəddəs şəriət sələmi də haram etmişdir. Lakin din alimləri görmüşlər ki, heç kəs şəxsi xeyri olmadan, yəni sələmsiz, Allah xatirinə, heç kəsə borc vermir və hər kəs ki, başqasından Allah xatirinə borc istəyir, cavabında deyirlər ki: “Sadığın yanına get!”. Beləliklə də dünyanın işi pozulur. Buna görə də labüd və çarəsiz qalaraq, bir hiyleyi-şəri düşünmüşlər ki, pul sahibi öz pulunu borc verərkən qazanc və mənfəətdən məhrum olmasın. Məsələn, bir şəxs başqa bir şəxsə bir il müddətinə min tümən borc verir. Ondan sonra bir dənə almanı və ya başqa bir qiymətsiz şeyi əlində tutaraq, şəriət hakiminin məsləhəti ilə borclu olan adama müraciət edərək deyir: “Bu almanı pulunu bir il sonra almaq şərtilə sənə 200 tümənə satıram. Sən bilə-bilə və anlaya-anlaya bunu məndən almaq istəyirsənmi ki, vədə başında 200 tüməni mənə verəsən?” Borc alan şəxs də bunu qəbul edir, şəriət hakimi isə onların arasında əmələ gələn saziş haqqında siğə oxuyur. Bundan sonra isə borc alan şəxs, borc verən şəxsə 1200 tümənin sənədini təqdim edir.
Belə bir hiyleyi-şəri Allah öz Quranında buyurmuşdurmu?
Şəriəti tətbiq edən şəxs onu öz hədislərində xəbər vermişdirmi? Əlbəttə, xeyr! Elə isə məlum olur ki, lazım gələrsə, müxtəlif hiyleyişəri vasitəsilə şəriətin bəzi hökmlərindən kənara çıxmaq mümkündür.
Əgər dövlət xadimləri əsrin padşahına havadar çıxmaq məqsədilə bir etiraz edərək desələr ki: “Maarifin yayılması mütləqiyyət hökumətinin mötədil hökumətlə əvəz edilməsinə səbəb olar”, onlara bu cavabı vermək olar ki: “Maarif yayılmazsa, müstəqil şahların sülaləsi tamamilə məhv olmaq təhlükəsi qarşısında qalacaqdır. Yəni savadsız bir ölkədə bir müstəqil padşahın yerinə başqa sülalədən olan müstəqil padşahın meydana çıxması daha artıq mümkün və ehtimala yaxındır. Bütün dünya tarixi bu xüsusda sübutlarla doludur. Belə isə elm və maarifin yayılmasına mane olan dövlət adamları özləri istəmədən və bilmədən onların güzəranını təmin edən hazırkı əsrin müstəqil padşahının devrilməsi üçün şərait yaradırlar. Lakin əgər elm və maarif yayılarsa, hazırkı şahların müstəbid səltənəti mötədil səltənətlə əvəz edilərsə də, əsrin padşahlığının sülaləsinin zavala uğraması təsəvvürə belə gəlməz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-mirze-yusif-xana-7
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1875-ci il noyabrın 8-də Təbriz naibül-vəzarəsi cənab sərtip Mirzə Yusif xana yazdığım məktubun surəti**Əzəmətli ağam! Səadətiniz daimi olsun!
ManukciyəManukci Sahibə**Mənim əziz və mehriban dostum Manukci-Limci Sahib! Allah ömrünüzü uzun etsin!
ManukciyəManukci Sahibə**Əziz və mehriban dostum Manukci Sahib! Allah iqbalınızı daimi etsin!
Tehran seyidləri və əşrafından birinə[Tehran seyidləri və əşrafından biri ilə müsahibə]**1876-cı ilin may ayında Tehranın seyidləri və əşrafından və şahın xüsusi katibi olan... adlı bir şəxs ki, çox qanacaqlı və mükəmməl savadlı bir adam kimi görünürdü, Məkkə səfərindən qayıdıb, Tiflisdəki İran konsulu Mirzə Əsədulla xanın evində mənzil etmişdi. Məndən xahiş etdi ki, yeni əlifbanın bir nüsxəsini ona verim. Odur ki, əlifbanın surətini yazıb, bu bəyanatı da səhifənin aşağısına əlavə etdim.
Стихи других поэтов
کرد در صحن چمن شاهد گل پرده دری
Belə deyirmi həyatDünyada bir təmiz ad,dünyada bir sağlam can.
TamaraEşqsiz qalan bir dil kimi göz dikərək ənginə,Gizli-gizli həsrət çəkib ağlarmıan, Tamara?
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,