Manukciyə
Manukci Sahibə
Əziz və mehriban dostum Manukci Sahib! Allah iqbalınızı daimi etsin!
Bu ilin rəbiəl-əvvəl ayının 28-də yazdığınız məhəbbət məktubunuz yetişdi. Böyük şadlığıma səbəb oldu. Pak Allahdan bircə arzum vardır ki, əcəl mənə o qədər aman verəydi ki, bir-birimizi görəydik. Lakin bilmirəm, mən bu arzuma çata biləcəyəm, ya yox? Çünki qocalmışam, yaşım 65-ə çatmışdır. Saçım-saqqalım tamamilə ağarmışdır. Lakin sağlamlığım və bədənimin qüvvəsi hələ də qalır. Gözlərim yaxşı görür, vücudum sağlamdır. Bircə arzum vardır ki, 11 il də yaşayaydım və halhazırda Avropada Belçika ölkəsinin paytaxtı olan Brüssel şəhərində mühəndislik elmini öyrənən yeganə oğlum Mirzə Rəşidin təhsildən qayıtmasını görüb, ona özüm toy edəydim, ondan sonra “Kəmalüddövlə”ni və bundan əlavə 20 başqa əsərimi gələcək nəsil üçün yadigar qoyaraq, bu fani və puç dünyanı tərk edəydim. Qoy, gələcək nəsil “Kəmalüddövlə”nin məzmununa əməl etsin və məhvi yolunda illər uzunu çalışdığım köhnə islam əlifbasını da dəyişdirsin!
Bir oğlumdan başqa bir də Nisə xanım adlı qızım vardır ki, şahzadə Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə vermişəm. Qızımın əri bizim imperatorun ordusunda xidmət edir. Xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir. Günah işlərin və bəd əməllərin yanından belə ötməz. Mənim kimi o da mütləqa şərab içməz, həmişə Tiflisdə yaşayır. Öz evimdə ona bir neçə otaqdan ibarət mənzil ayırmışam. Qızımdan və həmin Xanbaba xandan iki nəvəm vardır. Böyüyü oğlandır. Adı Mənsur Mirzədir, altı yaşı vardır. Kiçiyi isə Mələksima xanım adlı qız uşağıdır.
Siz də yazın görüm, oğlanlı-qızlı neçə uşağınız vardır, onların adı nədir və əlavə edin görüm, ailəniz hal-hazırda haradadır və özünüzün neçə yaşınız vardır. Farsca yazıları özünüz yazıb-oxuyursunuz və ya katibiniz vardır?
Bundan başqa, mənim səmimi salamımı dəsturi-əzəm Pəşutənci Bəhramciyə yetirin və deyin ki, qiyabi olaraq mən ona hörmət bəsləyirəm. Əgər o, mənim şəklimi alması barədə sizə cavab yazarsa, məktubun əynini və ya surətini mənim üçün göndərin.
“Kəmalüddövlə”ni çap etdirmək uğrunda çalışıram və ümidim vardır ki, “Kəmalüddövlə” Fransada çap ediləcəkdir. Çapdan çıxan kimi, əlbəttə, ondan sizə yüz nüsxə göndərəcəyəm.
Tiflisdə fars dilində mətbəə olmadığına görə, burada Şərq kitablarını çap etdirmək mümkün deyildir. “Dəsatiri-farsiyan” nüsxəsi indiyə qədər nəzərimə çatmamışdır. Təvəqqe edirəm, onun fars dilinə tərcüməsi mənə göndərin! “Əncümənara” kitabı misilsiz hədiyyədir. Onu oxumaqdan ləzzət aparıram. Əgər “Dəsatir” kitabını da göndərsəniz, sizə sonsuz dərəcədə minnətdar olaram. Sizin tərcümeyi-halınız məndə vardır. Onu oxuyarkən mənim ürəyim qana dönür və təəssüf edirəm. Lakin nə edə bilərəm? Bu kimi müsibətlərdən Azərbaycanda mənim atam mərhum Mirzə Məhəmməd Təqinin başına çox gətirmişlər. Zülm həddini aşıbdır. Nə edim ki, pak Allah bunların hamısına dözür. Səbrdən başqa əlacımız yoxdur. Bizim nakam sirdaşımız olan şahzadə Cəlaləddinə minlərcə dəfə heyif olsun! Sizin və sizin xalqın dostluğunda həmişə sadiq qalacağam.
18 may, 1876, Tiflis
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-manukciye-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir əcəb çeşmə Əlaiddin rəvan etmiş idi,Məscidi-Batum civarində nəziri-səlsəbil.
Cəfərqulu xana məktubSəbəb nədir kim, yazdığım kağıza,Heç cavab yetişməz bizim diyara?
Cəfərqulu xanaSəlam olsun məndən sərkar xana,Mollalardan bir az edim şikayət.
Cəfərqulu xanaHacı qulu səndən, ey taci-sərim,Ziyadə-ziyadə xürrəm olubdur!