Страница 1 из 3

Genə Təbrizdən, rəməzan ayında, sənə 1280-də

Ey bəradəri-mehribanım Cəlalüddövlə, bu gün rüfəqa ilə məscidicameə gedib, Molla Cabbar mərsiyəxanın mərsiyə məclisində oturdum. Məscid mala-mal idi. Molla Cabbardan əvvəl bir başqası minbərə çıxdı. Həzrəti-Əli ibn-Əbutalibin vəfatın oxudu; sonra Molla Cabbar çıxdı. Əvvəl bir neçə əhadis əimmənin fəzilətindən və tə’ziyədarlığın səvabından nəql elədi, sonra mətləbə şüru etdi.

Ey Cəlalüddövlə, hər millətin övliyasının başına az, ya çox bəla gəlibdir, amma şiə millətinin övliyasının müsibəti vaqeən ziyadədir. Bunun səbəbi budur ki, Ələvilərdən Bəni-Üməyyə xilafəti qəsb etdi; Ələvilər də tab gətirməyib tələbi-mafatdə ciddü-cəhdə düşdülər. Bəni-Üməyyələr və sonra Bəni-Abbasilər zorlu çıxdılar. Bu müddəiyi-xilafətləri aralıqdan götürdülər, beş gün bunlar sarıdan qulağı dinc səltənət etdilər. Sonra olara da başqa bəlalar üz verdi; olar da müsibətə düşüb aradan çıxdılar və nəsyən mənsiyyən oldular. Belədir bu dünyanın övzaı:

Bəni-Üməyyənin silsiləsini, – necə ki, mə’lumdur, – Bəni-Abbas münqəriz etdi və Bəni-Abbasın silsiləsini də Çingizilər Yer üzündən yox elədi. Təvarixi-küllimiləl bu növ həvadisdən doludur. Amma Ələvilər səltənəti-suridən məhrum qaldıqları zaman, səltənəti-mənəviyyəyə təlaş etdilər və zöhd-təqvanı özlərinə şüar edib bu vəsilə ilə özlərinə batində şiələr və müridlər hasil elədilər və onların mədəkarlığı ilə beş gün ömürlərində ehtiyac məşəqqətindən kəmü biş azad oldular. Və həmişə şiələrinə və müridlərinə özlərinin fəzilətindən və Bəni-Üməyyənin və Bəni-Abbasın zəmmində sözlər deyirdilər və filhəqiqə haqları da var idi. Ta inki dövranların sürdülər, getdilər. Nə Bəni-Üməyyədən və Bəni-Abbasdan bir əsər qaldı, nə bulardan.

Əvvəl binayi-tə’ziyədarlığı səlatini-Dəyalimə qoydular ki, şiəməzhəb idilər, sonra səlatini-Səfəviyyə ki, sadati-Ələviyyədən sayılırdılar, xüruc etdilər və öz politikalarının xətiri üçün tə’ziyədarlığa rəvac verdilər. İndi haman səbəb ki, Səfəviyyə onun xatiri üçün tə’ziyədarlığa rəvac vermişdilər, bilkülliyyə rəf’ olubdur. Amma İranda tə’ziyədarlıq, Səfəviyyə zamanından da ziyadə rəvac tapıbdır. Yalqız məhərrəmin əşəreyi-ulasında tə’ziyədarlığa məşğul olsalar, genə səhldir, hər yerə gedirsən, tə’ziyədir. Hər məsciddə həftədə laəqəl bir gün tə’ziyə məclisidir. Hətta nəql edirlər ki, Tehranda hər gün təkyələrin birisində tə’ziyə məclisi var. Əlhəq, bu ifrata yetişdi. Nə xəbərdir? Məgər insanın özünün az müsibəti və az dərdi var ki, min illik güzarişin nəqli ilə övqatını daima təlx etsin və bilafayda əməl səbəbi ilə işdən və kəsbdən müəttəl olsun və cüvəllağılar bu əmri özlərinə vəsileyi-ruzi edib, ənva və əqsam kizblər toxuyub, minbərlərdə biçarə avamı fəriftə etmək üçün zikr etsinlər? Mən ki, özüm də şiə-məzhəbəm, necə ki, sən də bilirsən, mənim ki, nəuzbillah əimmeyi-ətharə büğzüm yoxdur və mükərrər sən özün əimmənin əxlaqi-cəmilə və ətvari-həmidələri babında məndən mədhlər eşidibsən, amma mənim muradım budur ki:

Bu tə’ziyədarlıqdan əsla nə sənə bir fayda var və nə imama. Vaxtını böyük işlərə sərf et. Gör xəlqi-aləm nə tərəqqiyat edirlər. Axır sən də bir hərəkət elə, bir proqressə ayaq qoy, bir sivilizasasyona talib ol. Nə çağatan qəflət yuxusunda yatacaqsan?

Molla Cabbarın büka məclisin yazmıyacağam. Amma bükadan əqdəm, bir para cəfəngiyat ki, öz əqidəsincə oları hədis təsmiyə edirdi, zikr edəcəyəm, ətin tökülsün. Gör ki, İran xalqı nə mərtəbədə əqli-tüfuliyyətdə baqidirlər ki, bu növ cəfəngiyata qulaq asmaqdan mütənafir olmurlar.

Baxırsan ki, bir tərəfdə birisi oturubdur, əynində mahut cübbə, belində tirmə şal, başında buxara papaq, saqqal uzun, hənalı və rəngli. Surətdə görürsən ki, adamdır; soruşursan ki, bu kimdir? Deyirlər ki, filan hacıdır; əbus və qəmgin müntəzirdir görsün ki, minbərdə səfih və şarlatan nə pərpuçat nəql edəcək.

Bir tərəfdə görürsən ki, bir mütəşəxxis əyləşibdir, barmağında yaqut üzük, soruşursan ki, bu kimdir? Deyirlər: bu da filan ağadır. Yaxın durursan, söhbət başlayırsan, soruşursan ki: kütubi-farsiyyə və ərəbiyyədən nə oxuyubsan? Cavab verir ki: mən oxumamışam və həmd edirəm Allahıma ki, mənə oxumaq nəsib etməyibdir; çünki oxuyanların əksəri bəd e’tiqad olur və zəlalətə düşür. Di gəl cavab ver. Di gəl bu kövdəndən soruş ki: ey kövdən, sən nə dəlil ilə bu qövlünü sübutə yetirirsən? Di gəl bunu başa sal ki, ey əhməq, səhv edirsən!

Başqa tərəfə rücu edirsən, görürsən ki, birisi təsbih çevirir, birisi də onun tərəfinə uzanıb soruşur ki: filankəs, bu gecənin ə’malı nədir? Bu gecə neçə rük’ət gərək nəmaz qılmaq?

O cavab vermir. Taki, zikrin tamam edir, sonra sailə mültəfit olub deyir ki: nə tələsiyirsən?

Molla Cabbardan sonra Axund Cə’fər minbərə çıxacaqdır. Bu gecənin ə’malını “Zadül-məad” kitabından zikr edəcək. Pərvərdigara, qəribə halətdir, külli-aləm dəyişilib, külli-aləmin ətfalı hədd-bülüğa çatıbdır, əhli-İran hələ yengicə iməkləmək başlayır.

+

Axund Molla Cabbar minbərə çıxdı, başladı:

*Ey Cəlalüddövlə, “Məsaibül-əbrar” bunların ümdə literaturlarından birisidir”. Seyyidüşşühədanın viladət gecəsində həqq-təala behişt hurilərindən birisinə ki, adı Lə’ya idi, vəhy etdi ki, dari-dünyaya nüzul et və həzrəti-Bətulə mamaçalıq elə! Müsənnifi-kitabi-“Məsaibıləbrar”, hədisi-sərih mucibincə rəvayət edir.

Ey Cəlalüddövlə, guya ki, Mədinədə dəxi bir arvad tapılmırdı ki, mamaçalıq etsin. Lə’ya huri tayfası belə ömründə [kişiyə yaxınlığı] yox, doğduğu yox, doğuzdurduğu yox; o mamaçalığı nə biləcək idi? Bəhər surət *...

Lə’ya nüzul etdi və rüsumi-mamaçalığı mə’mul edib Seyyidüşşühədanın göbəyin kəsdi, həzrəti-Bətulə mübarəkbad dedi, genə bəhiştə rücu’ elədi.

Ey Cəlalüddövlə, mən müxtəsər yazıram, elə bilmə ki, bu gunə cəfəng beş-altı kəlmədə tamam olur. Qərəzim budur ki, sən biləsən, əhli-İran nə dərəceyi-kəmaldadırlar ki, mamaçalıq qeydini dəxi mucidi-kainatın öhdəsinə həvalə edirlər. Bu surətdə Molla Rəməzani səfih Həzar-Cəriblini gərək sərzəniş etməyək ki, əimmeyi-əthara nisbət fərti-ixlasından bir səc’i-möhr bir misrədə həzrəti-barinin ismi üçün inşa edib, Mazəndəranın nüktəsəncanlarına mə’ruz eləyib, onların tə’nəsinə müstəhəq olmuşdu. Budur biçarə Molla Rəməzanın misrəi-səc’i:

Genə Molla Cabbar zikr etdi:

Seyyidüşşühədanın gəhvarədə yatdığı övqat, həzrəti-Bətul bir şüğl üçün evdən kənar oldu. Seyyüdüşşühəda gəhvarədə ağlamaq başladı. Onun ağlamaq səsi ərşi-ə’lada zati-kibriyanın səm’inə yetişib Cəbrailə əmr etdi ki: Ya Cəbrail, yetir özünü sibti-rəsulun üstünə; onun gəhvarəsini tərpət və lay-lay çal!

Cəbrail filfövr Mədinəyə nüzul edib oturdu həzrətin gəhvarəsinin yanında; başladı onu yüyürməyə və lay-lay çalmağa, bu beyti oxuya-oxuya:

Genə Molla Cabbar dedi:

Həqq-təalanın bir mələki var idi ki, adına Fətrəs deyirdilər, ərşiilahinin hamillərindən və müqərrəb məlaikədən idi. Bir gün xudavəndialəm Fətrəsə bir iş rücu etdi; Fətrəs haman işi bir az gec bitirdi. Lihaza həqq-təalanın ona qəzəbi tutdu, onun balü-pərin sındırdı. Dərya cəzirələrinin birisinə saldı. Yeddi yüz il o cəzirədə qaldı. Sonra həqq-təala onu dünya əzabı ilə axirət əzabının arasında müxəyyər elədi.

Fətrəs dünya əzabını ixtiyar etdi. Pəs həzrəti-bari onu gözünün kirpiklərindən haman cəzirədə müəlləq elədi. Vəqta ki, Seyyüdüşşühəda təvəllüd tapdı. Cəbrail ərşdən həzrəti-rəsulun mübarəkbadlığına mə’mur oldu. Güzəri haman cəzirəyə düşüb Fətrəsi gördü. Fətrəs ona yalvardı ki, məni də özünlə apar!

Cəbrail onu özü ilə bərabər götürdü. Onun əhvalını həzrəti-rəsula nəql etdi. Həzrəti-rəsulun tə’limi ilə Fətrəs üzünü mövludi-mübarəkə sürtdü. Fətrəsin əvvəlki kimi balü-pəri düzəldi; genə ərş tərəfinə pərvaz elədi.

*Ey Cəlalüddövlə, əgər cənabi-əqdəsi-ilahi, nəuzbillah mərsiyəxanların qövlüncə belə despot imiş ki, bir möhtərəm və müqərrəb firiştəsini bir buyuruq bitirməkdə cüzvi tə’xir etmək üçün balü pərin sındırıb yeddi yüz il cəzirədə dustaq edib, axırda kirpiklərindən asmaq ilə onu müəzzəb edibdir; onun despotluğundan da əlhəzər...

Molla Cabbar bu əxbarı zikr edəndən sonra təqrir elədi ki: bu növ əhadis bihəddü-həsrdir. Xah Seyyidüşşühədanın şərafətində, xah onun tə’ziyədarlığının və ona ağlamağın və ziyarətinə getməyin və xah o mədfun olan torpaqda dəfn olunmağın və bu qəbil zadların səvabında. Və şüru etdi bir məclisi-büka oxumağa. Molla Cabbar tamam edəndən sonra Axund Cə’fər minbərə çıxdı “Zadül-məad” kitabı əlində. Kitabı açdı, başladı ki, bu gecənin ə’malı budur ki, qüruba yaxın gərək qüsl edəsiniz, bu gecə əhya saxlayasınız və yüz rikət namaz qılasınız. Hər rikətdə həmddən sonra on mərtəbə qülhüvallah oxumaq ilə və bu yüz rikətdən başqa nafilə namazını da gərək qılasınız və covşəni-kəbir duasını da gərək oxuyasınız.

Məclis dağıldı. Mən yolda rüfəqaya dedim ki: mənim üçün məclisi-və’zdə də, məclisi-mərsiyədə də biixtiyar kəsalət hasil oldu.

Filfövr rüfəqadan birisi dedi ki: onun səbəbi vazehdir. Sən hər gün bu qişri və bimə’rifət mollaların və’zinə gəlirsən. Bular üsulidirlər, bular əhli-zahirdirlər, buların əqvalı çoxdan köhnəlib əldən düşübdür. Bulardan nə ləzzət aparacaqsan? Sabah gəl, gedək filan məscidə, axund Molla Rəhimin və’zinə ki, şeyxidir. Mətalib eşit ki, ruhun ləzzət aparsın. Təbrizin yarısı indi şeyxi məzhəbdir, külli-əhli-kəmal, külli-sahibi-fətanət tamam şeyxi məzhəbdirlər; ancaq baqqal-çaqqal üsuli məzhəbində baqi qalıblar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов