Zərdüştilərin Tehranda yaşayan rəhbəri əziz dostum Manukci Sahibə yazılmış 29 iyul 1871-ci il tarixli məktubun surəti

Mənim əziz və mehriban dostum Manukci Sahib! Allah ömrünüzü artırsın!

Sizin könülaçan məktubunuz çatdı, hədsiz sevinc və şadlığıma səbəb oldu. Hər şeydən əvvəl, həzrət-əşrəf şahzadeyi-azadə Cəlaləddin Mirzədən son dərəcədə razı və məmnunam ki, məni sizinlə tanış etmişdir. Bundan başqa, sizinlə dost olmaqdan ona görə fövqəladə şadam ki, siz bizim babalarımızın yadigarısınız. Əsrlərdən bəridir ki, vətənimizin düşmənləri vasitəsilə biz sizdən o dərəcədə uzaqlaşmışıq ki, indi siz bizi başqa bir xalq və başqa bir məzhəbdə olan adamlar hesab edirsiniz. Mən bu ziddiyyətin aradan qalxmasını arzu edirəm.

Qoy bütün iranlılar bir həqiqəti başa düşərək desinlər ki, biz parsların övladıyıq, İran bizim vətənimizdir. Hümmət sahibi olmaq, ülviyyət axtarmaq, qeyrət və namus sahibi olmaq bizdən öz həmnəsillərimiz, həmdillərimiz və həmvətənlərimizin təəssübünü çəkməyi tələb edir. Biz yadların, yolkəsənlərin, qaniçənlərin təəssübünü çəkməməliyik! Biz əcnəbilərin cəhənnəmə oxşar torpağının deyil, behiştə bərabər olan vətənimizin şərəfini ehya etməliyik. Babalarımız ədalət sahibi və mələktəbiətli adamlar olmuşlar. Onların övladı olan bizlər də bu gözəl sifətlərdə onların ardınca getməliyik. Zalımların, əhrimənlərin göstərdiyi yolla getməməliyik.

Mən özüm zahirən türk olsam da, əslim parslar nəslindəndir. Ulu babam Hacı Əhməd Rəştdən gəlib, Azərbaycanda vətən tapmışdır. Atam Mirzə Məhəmməd Təqi və mən özüm Azərbaycanda doğulub böyümüşük. Lakin mən sizin bir əqidənizlə razılaşa bilmirəm. Siz belə bir əqidədəsiniz ki, şərarət və pis əməl sahibləri heç bir zaman ağıllı və xeyir iş görən adamlar ola bilməzlər; Əhriməndən mələk çıxmaz. Sizə xatırlatmalıyam ki, bu şərarət və pis əməl sahibləri min iki yüz neçə il bundan qabaq ağıllı və xeyirxah adamlar idilər ki, sonradan şərir və bədəməl adamlar olmuşlar. Yəni onlar mələk idilər. Əhrimən olmuşlar. Madam ki, mələk Əhrimən ola bilər, Əhrimən də mələk ola bilər. Biz hər şeyin səbəbini nəzərdə tutmalıyıq. Nə səbəbə görə, mələk Əhrimən olmuşdur? Əgər bu səbəb aradan qaldırılarsa, Əhrimən təzədən dönüb mələk olacaqdır!

Kəmalüddövlənin öz əsərini yazmaqda əsas məqsədi həmin bu səbəbi aradan qaldırmaqdır. Siz deyirsiniz: Ərdəşiri-Babəkan və fərhəng sahibi Keyxosrov lazımdır ki, Əhrimən mələk olsun. Mən isə deyirəm ki, xeyr, məlum səbəbi aradan qaldırmaq lazımdır ki, Ərdəşiri-Babəkan, fərhəng sahibi Keyxosrov meydana gəlsin və Əhriməni mələkə döndərsinlər.

Nə qədər ki, o səbəb yerindədir, dünya durduqca nə Ərdəşir, nə fərhəng sahibi Keyxosrov meydana gələ biləcəkdir. Bu cür şahların, habelə Firidunun və Ənuşirəvanın meydana gəlməsi “Peymani-fərhəng”in sayəsində idi. İran torpağı öz xasiyyətini dəyişdirməmişdir. İran əvvəldə olduğu kimi, yenə də behişt kimi bir ölkədir. Lakin bizə məlum olan səbəb onun əhalisinin təbiətini xarab etmiş, xarab edir və nə qədər ki, o, aradan qaldırılmamış, yenə də xarab edəcəkdir.

Birinci dəfə siz “Səyahətnamə” kitabınızı göndərərkən, mən sizdən məktub almamışdım. İndi məlum olur ki, məktub yazmışsınız, lakin kitabçanı göndərdiyiniz vaxt yaddan çıxıb Tehranda qalmışdır. İndi isə surətini oxuyub çox-çox şad oldum. Sizin mənə olan məhəbbət və mehribanlığınızdan çox razıyam.

Sizdən bir xahişim var: yazıb mənə bildirin görüm, “Kəmalüddövlə məktubları”nı harada, hansı şəhərdə çap etdirmək mümkündür? Bombeydə və ya İranın özündə bu işi görmək mümkündürmü? Hər halda, əgər belə bir iş mümkün olarsa, o zaman xahiş edirəm ki, naqis olan başqa nüsxələri deyil, mənim özümdə olan mükəmməl nüsxəni çap etdirməyə çalışasınız. Mən “Kəmalüddövlə məktubları”nın mükəmməl nüsxəsini sizə göndərmək istəyirəm. Amma elə bir etibarlı adam tapa bilmirəm.

Yazırsınız ki, bəzi səbəblərə görə, Kəmalüddövlə adını İqbalüddövlə yazmışsınız. Mən etiraz etmirəm. Lakin bu qədər demək istəyirəm ki, adı dəyişdirməkdən sizin məqsədiniz nədir? Hər halda, kitabda olan məsələlər, sözlər, üslub heç bir vəchlə dəyişdirilməməlidir.

Sizin mənə məktub göndərmək yolunuz həmin vasitədir ki, şahzadə öz məktublarını göndərir. Siz də məktublarınızı həmin vasitə ilə göndəriniz! Mən isə məktublarımı həzrət-əşrəf şahzadə vasitəsilə göndərəcəyəm ki, şəxsən öz əlinizə çatsın.

Zərdüştilərin vəziyyəti haqqında ətraflı yazmağınızı vəd etmişdiniz. Bu vədinizi yerinə yetirəcəyinizə əminəm. “Əncümən-araye-huşəng” kitabını da göndəriniz.

Mən hazırda yaylaqdayam. Cənab Şeyxülislam şəhərdə qalmışdır. Onunla görüşəndə salamınızı yetirib, cavabını sizə yazacağam.

Tiflis yaxınlığında, Qocur yaylağında,
dostunuz Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.
29 iyul 1871-ci il

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов