Mirzə Melkum xana
Ruhi-rəvanım, Ruhül-qüds!
Avropa təqvimi ilə sentyabrın 16-da göndərdiyiniz məktub yetişdi. Yeni yazı üsulu ilə yazılmış vərəqə çeçen əlifbası idi. Həmin əlifbanı xüsusi məktubla Rusiya səfarətxanasının dəftərxanası vasitəsilə sizə göndərmişdim. Bundan başqa, poçt vasitəsilə sizə başqa bir məktub da göndərmişəm. Səfarətxananın dəftərxanasından və poçtdan hər iki məktubu almışsınız, ya yox? Bu xüsusda mənə bir qədər aydın və aşkar yazınız!
Poçt vasitəsilə göndərdiyim zərf sizin Avropa təqvimi ilə mayın 28-də yazdığınız məktubun cavabıdır. Yazırsınız ki, son günlərdə nazirlər heyəti sizi tamamilə məyus etmişdir və guya bir ağızdan bağırmışlar ki: “Eyvay, Melkum bizim dilimizi zay etmək, dinimizi korlamaq, dövlətimizi məhv etmək istəyir və ilaxır”. Mənim bu məktuba göndərdiyim cavabı poçtdan almışsınız, ya yox?
İndi mətləb üstünə gələk. Yazırsınız ki, Ali paşa ölmüşdür və yeni sədr-əzəm isə bizim fikirlərimizdən çox uzaqdır və bizim məqsədlərimizi dərk edə bilən az adam vardır. Habelə İstanbulun mötəbər nazirlərindən ikisi bizim böyük düşmənlərimiz olublar, çığır-bağır salıblar ki, köhnə islam əlifbasını dəyişdirmək islam dövlətinin məhvinə səbəb olacaqdır.
Cənab Ruhül-qüds!
Görürəm ki, böyük bir həngamə qopmuşdur. Vəziyyət o qədər gərgindir ki, sizin iradənizdə belə sarsıntı müşahidə olunur, əlifba məsələsinin irəli getməsi işində də ümidsizlik hissinə qapılmışsınız. Belə olarsa, mübarizə və müxalifətlə işi irəliyə apara bilməyəcəyik. Gərək düşmənlərimizlə sülh və barışıq yolu ilə rəftar edək! Onların təbiətinə başqa vasitələrlə təsir göstərək! Buna görə də, mən həmin iki nəfər böyük düşmənimizə öz tərəfimdən bir məktub yazıram və o məktubu sizə göndərirəm. Əgər məsləhət bilsəniz, məktubu onlara verin və bağışladığı təsir haqqında məni xəbərdar edin!
Cənab Ruhül-qüds!
Cənab Münif əfəndi İstanbulda məni Osmanlı Cəmiyyəti-elmiyyəsinə dəvət etdiyi gün həmin məclis əhlinin bəzilərinin yanında mənə belə bir sual verdi:
– Mirzə Fətəli, siz öz yeni yazı üsulunuzda nöqtələri tamamilə atmışsınız və bütün hərəkələri hərflər sırasına daxil etmişsiniz. Lakin sözlərin tərkibində hərflərin bitişikliyini əvvəlki qaydada saxlamışsınız. Əlifbanı dəyişdirməkdən məqsəd oxuyub-yazmağı asanlaşdırmaqdırsa, nə üçün bu işdə ayrılan, bitişməyən hərflərin mürəkkəb və bitişən hərflərdən üstün olduğunu nəzərdə tutmamışsınız?
Mən ona bu cavabı verdim:
– Ayrı-ayrı və fasiləli olan hərflər hər cəhətdən mürəkkəb və bitişik yazılan hərflərdən üstündür. Bu məsələ mənim üçün gizli deyildi. Lakin mən qorxdum ki, əgər yeni əlifbada fasiləli və bitişməz yazılan hərfləri qəbul etsək, yeni qayda ilə köhnə qayda arasında əsaslı fərq əmələ gələcəkdir ki, bu da xalqın qorxuya düşməsinə səbəb ola bilər.
Cənab Ruhül-qüds!
Yadıma gəlir ki, bir zaman İstanbulda da sizin bu xüsusda verdiyiniz suala eyni cavabı vermişdim. Hətta bir dəfə kiçik bir kağızın üzərində karandaşla yazıb sizə bildirmişdim ki, yeni əlifba layihəsində mən köhnə islam hərflərinin şəklinə zidd olan yeni bir təklif irəli sürməmişəm və bunun səbəbini də bir neçə kəlmə ilə sizə sübut etdim. Bunun səbəbi ancaq müsəlmanların qorxub-hürkməsindən çəkinməyim idi. İndi isə mənim güman və şübhə etməkdə haqlı olmağım aşkara çıxır.
Cənab Ruhül-qüds!
Yazırsınız ki, buradakı qəzetlər bizim məsələmiz ətrafında fransız dilində müfəssəl şərhlər yazmışlar və şiddətli mübahisələr ortaya çıxmışdır. Bu şərhlərin çap edildiyi bütün qəzet nömrələrini mənə göndərməyinizi xahiş edirəm.
Mənim sizdən etdiyim xahiş ancaq bundan ibarət idi. Mənim və ya sizin adınızın onlarda çəkilib-çəkilməməsi vacib deyildir. Madam ki, mətləb vardır, mütləq göndərin!
Eyni zamanda, mərhum sədr-əzəmin xüsusi katib tərəfindən onun ünvanına yazılıb çap edilən yeni əlifba haqqındakı fransız dilində olan məqaləni də mənə göndərin.
Ey Ruhül-qüds, Allah rizasına, məni Bombeydə hakim olan o ingilisin bütün yazılarının və habelə əlifbaya dair yazan o italiyalı filosofun məqalələrinin ləzzətindən məhrum etməyin! Onların hamısını mənə göndərin! Xüsusilə onun sizin adınıza yazıb hədiyyə etdiyi kitabçasını göndərin! Oğlum Rəşid fransız dilini bilir, onların hamısını oxuyacaq və məzmununu mənə söyləyəcəkdir.
Cənab Ruhul-qüds!
Tehranın arif adamları içərisində “Kəmalüddövlə” təsəvvürə gəlməz bir həyəcan yaratmışdır. Tehran ariflərinin hamısı onun surətini köçürmüşlər. Təəssüf edirəm ki, siz “Kəmalüddövlə”nin mükəmməl nüsxəsi ilə tanış deyilsiniz və inanılmış bir adam tapa bilmirəm ki, onu sizə göndərim. Cənab Həsənəli xana məndən çoxlu salam söyləyin və deyin ki: “Birdən sarıtüklü bir kişicik ki, indi İrana tərəf yola düşübdür, Allah öz bəndələrini bu haramzadanın şərindən saxlasın”, indi İranın sipəhsaları-əzəmi olubdur. Həsənəli xanın gözü aydın! Bu günlərdə Həmzə Mirzə elçi sifətilə Tiflisə gəlmişdi. Həmin “kişicik” onun ürəyinə də dağ qoymuşdur. İmperaturi-əzəm əlahəzrətlərinin verdiyi bar məclisində mən Həmzə Mirzənin mütərcimi idim; onun bəyanatını və məktubunu çox təntənəli bir surətdə rus dilinə tərcümə etdim. İmperaturi-əzəmin bir məclisində Osmanlı elçisinin mütərcimi də mən idim. Osmanlı elçisi çox xoşagələn, işbilən, savadlı, nəcib xasiyyətli və təbiətcə səxavətli bir şəxs idi. Lakin köhnəpərəst və mühafizəkar adamlardan idi. Mən yeni əlifbanın haqq bir iş olduğunu ona isbat edə bilmədim. O, əlifbanın dəyişdirilməsinin lüzumunu şiddətlə inkar etdi.
Sizin yeni dostunuz bizim böyük ağalardandır. İstanbulda olduğum zaman onu görmək arzusunda idim və bu arzu ilə də İstanbuldan qayıtdım. Ona çatdırmaq üçün yerlimiz tacir ağa Ələkbərə bir məktub verdim. Bilmirəm, göndərmişdir, ya yox? Hər halda, indi hər gecə Şeyxülislamla onun zikri-xeyrini edirik, onu görmək həsrəti ilə dünyadan gedəcəyik. Barı, bizim görüşünü nə dərəcədə arzu etdiyimizi ali cənablarına söyləyin!
Cənab Şeyxülislam sizi görmək arzusundadır. Yəqin ki, dostumuz Münif əfəndi düşmənlərdən qorxur və mənə məktub yaza bilmir. Heç olmazsa, mənim salamımı ona yetiriniz.
Cənab Ruhül-qüds! Bizim qarşımızda iki yoldan biri durur: ya gərək ümidimizi kəsərək yeni əlifbanın tətbiqi fikrindən birdəfəlik əl çəkək, ya da başqa tədbirlər vasitəsilə fikrimizi həyata keçirməyə və qarşımıza çıxan maneələri qaldırmağa birlikdə hümmət və qeyrət sərf edək.
Yeni əlifba fikrindən daşınmaq mənim qüvvəmdən xaricdir. Mən bu fikrə elə bağlanmışam ki, ondan əl çəkmək mənim üçün çox çətindir. Mən sizin də bu barədə iradəsizlik göstərməməyinizi arzu edirəm. Hər halda, əlacsızlıqdan mən bu tədbirə əl atıram. Mən qarşıda duran və maneələrlə dolu olan bir qalaya başqa yolla hücum edirəm. Görüm, bu qalanı almaq və ona yiyələnmək mənə müyəssər olacaqdır, ya yox? Əgər bu tədbirim də baş tutmazsa və bu hücumum da rədd edilərsə, yenə də başqa tədbirlərə əl atacağam.
Məgər siz bilmirsiniz ki, insanın kəlləsində olan bir ovuc beyin nə qədər müxtəlif və mürəkkəb fikirlərin xəzinəsidir?!
İnsanın fikir və xəyalının vüsəti qarşısında yeni yollar tapmaq heç də çətin deyildir. Çox mümkündür ki, bu tədbirlərimizin heç birinin təsiri olmasın. Lakin yeni fikir tapmaq yenə də çətin deyildir. Heç olmazsa, ömrümüzün sonuna qədər bir işlə, bir arzu ilə yaşayaraq ondan ləzzət aparacağıq. Nə eybi vardır? Sonu bu olacaqdır ki, camaat deyəcəkdir ki, bu Mirzə Fətəli və Melkum əcəb səfeh adamlardır, istəyirlər ki, bu ölmüş milləti yenidən diriltsinlər!..
Düşmənlərimizə yazdığım məktub sizin nəzərinizdə mənasız və cəfəng görünərsə, onu heç kəsə verməyin, mənə xatırladın ki, başqa cür məktub yazım! Hər halda, mən hər cəhətdən sizin fikirlərinizi, işarələrinizi və tapşırıqlarınızı yerinə yetirməyə hazıram. Cənab Ruhül-qüds! Düşmənlərimizin ünvanına yazdığım məktub xoşunuza gəlsə və məsləhət bilsəniz, yazın, onu Tehrana göndərdim ki, bir şey artırıb-əskiltmədən, orada qəzetdə dərc etsinlər. Çünki Mirzə Nəbi xanın oğlu da Tehranda demişdir ki: “İslam əlifbasını dəyişdirmək İranda qacarlar sülaləsi dövlətinin zəvalına səbəb olacaqdır”. Bu gün özlərini İranda dövlət başçılarından hesab edən avara lotular da onun sözünə qulaq asaraq, əlifba xüsusunda ağızlarına su almışlar. Bu xəbəri eşitdikdən sonra ürəyim yandı, bir mənzumə yazdım ki, birinci beyti belədir:
“Mənim ömrüm bu fani zəmanədə kədər və qüssə ilə başa çatdı”.
Qardaşınız kolonel Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.
14 oktyabr 1871-ci il, Tiflis
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-mirze-melkum-xana-7
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Cami-Cəm” coğrafiya kitabını ingiliscədən farscaya tərcümə edən şahzadə Fərhad Mirzə Qacar, Nəsrəddin şahın əmisi, Məkkəyə gedərkən, 1875-ci ilin oktyabr ayında Tiflisə gəlmişdi. Görüşdüyümüz zaman islam əlifbasını dəyişdirməyin zəruriliyi barədə aşağıdakıları yazıb ona verdim:Birinci fikir: əvvəldə olduğu kimi, hərflər bitişir, erab, yəni hərəkələr hərflərin sırasına daxil edilir və bütün nöqtələr atılır.
Həsən bəyəMərhəmətli cənab Həsən bəy!Sizin 5 aprel tarixli məktubunuzu aldım. Göndərdiyiniz elanlardan Şeyxülislama və müftiyə – hərəsinə 25 nüsxə verdim. Onların hər ikisindən sizin mənə yazdığınız məktubda ifadə etdiyiniz xahişinizi yerinə yetirməyi rica etdim. Bunun nəticəsini onlar özləri sizə yazacaqlar. Mənə göndərilən elanlara gəlincə, onlardan on dənəsini mənim xahişimə əsasən, buradakı İran konsulu cənabları qəbul etdilər. Beləliklə, siz on nəfər abunəçinin pulunu oradan alacaqsınız. Qalan 15 elana gəlincə, onlar hələlik məndədir. Mən nəzərdə tutmuşam ki, savadlı tanışlarıma təsadüf etdikdə, bu elanlardan onlara təqdim edərək, sizin qəzetinizə abunəçi olmalarını xahiş edim.
Mirzə Melkum xana“Kəmalüddövlə” çapdan çıxandan sonra Melkum xana yazacağım məktubun surəti**Mənim əzəmətli qardaşım! Ey mənim kimi qəmlərə mübtəla olan, arzusuna çatmayan, arzusunun oxu heç bir yerdə hədəfə dəyməyən və öz müasirlərinin qabiliyyətsizliyindən və anlamazlığından təngə gələn!
Mirzə Yusif xana1875-ci il noyabrın 8-də Təbriz naibül-vəzarəsi cənab sərtip Mirzə Yusif xana yazdığım məktubun surəti**Əzəmətli ağam! Səadətiniz daimi olsun!
Стихи других поэтов
Ey ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Böyük SabirəYadımdadır, bir gün, bir axşamçağı,Yayıldı aləmə həzin bir xəbər:
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.