Mirzə Hüseyn xana yazılmış məktubun surəti

Mənim əzəmətli ağam, səadətiniz daimi olsun!

Siz, nə vaxta qədər məndən incikli olacaqsınız? Sizə qarşı məndən nə günah baş vermişdir? Məgər mən o adam deyiləm ki, siz Tiflisdə qaldığınız günlərdə bircə gün sizi görməsəydim, qərarım gəlməzdi? Məgər mən o adam deyiləm ki, Tiflisdə həmişə sizin xeyirxahınız olub, bədxahlarınızın qarşısında sizin haqqınızdakı səmimiyyətimi hər cür vasitələrlə göstərirdim? Məndən sədaqətdən özgə nə görmüşsünüz?

Siz ki, əlifba üstündə məndən inciməmişsiniz. Siz ona görə pərt olmuşsunuz ki, mən türk dilində çap olunmuş “Təmsilat”ı nə üçün İstanbula gətirib, Osmanlı sədr-əzəmi Fuad paşa vasitəsilə Osmanlı Cəmiyyəti-elmiyyəsinə təqdim etmişəm. Məgər mən bu işin sizin narazılığınıza səbəb olacağını bilirdim? Mənim İstanbula gəlmək fikrim yox idi. Siz mənə məktub yazdınız, israr və təkidlə xahiş etdiniz ki, əlifbamı götürüb İstanbula gəlim və sizin evinizdə qonaq olum. Mən də sizin xahişinizə görə İstanbula səfər etdim, əlli gün mənzilinizdə sizin duz-çörəyinizi yedim. Məktubunuzu bu günə qədər saxlamışam və heç vaxt itirməyəcəyəm. Məktubunuzda məni mehriban qardaş adlandırırsınız. Lakin işdə, özünüz mənimlə Yusifin qardaşlarından da namehriban rəftar edirsiniz.

Siz nə üçün məktubunuzda yazmadınız ki: “Mirzə Fətəli, “Təmsilat”ını İstanbula gətirmə!” Mən müqəssir deyiləm ki, hələ İstanbula gəlməzdən əvvəl “Təmsilat”ımdan bir çox nüsxələri İrana göndərmişdim ki, həmməzhəblərim gözəl dram sənətindən, yəni teatrdan xəbərdar olsunlar. Mən öz əqidəmə görə bu cür əsərləri yazmağımı xalqımı sevməyimin nişanəsi hesab edirəm; çünki bütün Avropa xalqları adamların məişəti və rəftarı barədə bu kimi əsərlər yazmışlar və bu sənəti insanların əxlaqını yaxşılaşdırmaq işində bir vasitə hesab edirlər. Bu da məlumdur ki, hər bir xalqın içərisində fırıldaqçılar, şərbazlar və axmaqlar vardır. Bu cür adamların həyatını və rəftarını dram sənətində məsxərə ilə ona görə verirlər ki, başqalarına ibrət olsun. Bu kimi yazıların dövlətə, səltənətə, siyasətə və bütün xalqa dəxli yoxdur. İstehzaya qoyulanlar xalqın ayrı-ayrı fərdləridir və bu, əlbəttə, ümumxalq üçün ibrət dərsi olur.

Nə isə, bu təmsillər sizin nəzərinizdə xalqı sevməyə yabançı göründü. Mən sizinlə münaqişə etmirəm. Ancaq bunu deyə bilərəm ki, mən bu “Təmsilat”ı siz Tiflisə gəlməzdən əvvəl yazmışdım. Tiflisdə onların hamısını özüm sizə oxudum. Sizdən isə ancaq tərif və afərinlər eşitdim. Qətiyyən demədiniz ki, onlar sizin xoşunuza gəlmir və mənə xəbər vermədiniz ki, onları İstanbula gətirməyim?!

Hər halda, indi yeddi ilə yaxındır ki, bizim aramızda soyuqluq davam edir. Məncə bu qədər bəsdir. İndi elə bir vaxt çatmışdır ki, gərək yenə də dostluq və məhəbbətə başlayıb keçmişləri unudasınız; mütləq mənə bir məktub yazıb, dövləti-əliyyeyi-İranın baş konsulu Əli xana göndərəsiniz ki, mənə çatdırsın. Mən də sizin könlünüzü şadlandırmaq üçün yazdığım bəzi şeyləri hədiyyə olaraq sizə göndərərəm. Bəzilərini isə səfərdən qayıdarkən, əgər Tiflis yolu ilə gəlmiş olsanız, özüm sizə oxuyaram. Hələlik Maarif Nazirliyinə göndərmiş olduğum bəzi yazılarımı oxuyun, qorxmayın, kəsalətinizə səbəb olmaz. Əksinə, şübhəsizdir ki, həzz alacaqsınız.

Əsil mətləb budur ki, bu gün əlifba məsələsi böyük bir məsələ olmuşdur. Bu barədə hər tərəfdən, hər guşədən məqalələr yazıb, qəzetlər vasitəsilə çap edirlər. Bu məsələnin təzələnməsi üzündən mənim qəlbimdəki sönmüş atəş də yenidən alovlanmışdır. Bu dəfə mən dövlətiəliyyeyi-İranı bu işə sövq etməyi layiq hesab edib, bu xüsusda yazdığım bir sıra əsərləri Maarif Nazirliyinə təqdim edərək istəyirəm ki, nə mənim ixtiram və nə də başqalarının ixtirası və dəxaləti qəbul olunsun. Bəlkə də nazirlik bu barədə elə bir qərar qəbul etsin ki, guya bu iş dövləti-əliyyeyi- İranın rəhbərlərinin səyi nəticəsində başa çatmışdır və bununla da həmin xeyirli iş o dövlətin adı ilə bağlanmış olsun. Vəssalam!

Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
1868-ci il, sentyabr ayı, Tiflis şəhəri

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mirzə Məhəmmədrəfi Sədrül-üləmayə

Cənab müstətab, qüdsi əlqab ağa Mirzə Məhəmmədrəfi Sədrül-üləmaya çoxlu salam yetirirəm Allah onu səlamət eləsin!**Ağa! Əziz ağam Mirzə Əsədulla xanın xahişi ilə, onun vasitəsilə özümün türkcə “Təmsilat”ımdan bir cild yadigar olaraq cənabınıza hədiyyə göndərdim və bununla da təsadüfən istifadə edərək, sizinlə tanışlıq və dostluğun əsasını qoyub, birinci məktubumu islam dillərində yazmağı, oxumağı və çap işini asanlaşdırmaq üçün yeni əlifbanı qəbul etmək zərurəti barədə yazıram.

6 мин
Əzəmətli ağam!

Filan ilin filan ayında mən öz böyüklərimin icazəsi və dövləti-əliyyeyi İranın baş konsulu vasitəsilə maarif naziri həzrət-əşrəf Əliqulu Mirzəyə öz tərtib etdiyim həm keçmiş, həm də yeni nüsxələrdən ibarət yeni əlifba layihəsini, habelə cənab Ruhül-qüdsün tərtib etdiyi layihəni göndərərək, xahiş etmişdi ki, Maarif Nazirliyində bu məsələni müzakirə etsinlər və nəticəni isə öz rəyləri və fikirləri ilə bərabər, mənə bildirsinlər. Bu günə qədər Maarif Nazirliyindən bu xüsusda mənə heç bir cavab yetişməmişdir. Ona görə də mən sizdən xahiş edirəm ki, haman yazıları Maarif Nazirliyindən geri alasınız...Qafqaz canişini Baş idarəsi depar-*

1 мин
Rəşidə

Sevimli Rəşid!Keçən məktubda mən ananın fotoşəklini sənə göndərmişdim. İndi isə Xanbaba xanın, Nisə xanımın, Mənsur Mirzənin və Mələksima xanımın şəkillərini göndərirəm. Mənim keçən məktubumda verdiyim suallara cavab yaz və fotoşəkillərinin çatması haqqında məlumat ver.

1 мин
Sevimli Rəşid

Səbirsizlik və ruhi həyəcanla gözlədiyim 23 dekabr tarixli məktubunu aldım.Rəşid!

2 мин

Стихи других поэтов