1871-ci il iyunun 2-də yazılmış ayrıca vərəqənin surəti

Ruhi-rəvanım, Ruhül-qüds!

Mən o həriflərdən deyiləm ki, düşmən qarşısında diz çöküb onların əmrinə tabe olam. Nə qədər ki, sağam, İstanbul nazirləri ilə qələmimlə vuruşacağam. Mən və mənim yavərim olan siz öldükdən sonra bizim müasirlərimizin nə dərəcədə şüursuz olduğunu görən gələcək nəsil, minlərcə dəfə halımıza heyifsilənəcək, bizim fikirlərimizi həyata keçirəcək və qəbrimizin üzərində heykəllər qoyacaqlar.

Bir zaman Qəznə şəhərinin camaatı Sultan Əlaəddin Hüseyn Cahansuzi-Quri qarşısında müxalifət bayrağı qaldırmışdılar. Sultan bu beyti yazıb onlara göndərmişdi.

“Əgər mən Qəznəni gözündən dağıtmasam, Həsən oğlu
Hüseynin oğlu Hüseyn deyiləm”.

Bu islam dini əlifbanın həyata keçirilməsi yolunda sədd olduğu üçün:

“Əgər mən bu dini kökündən məhv etməsəm Həsən oğlu
Tağının oğlu Əli deyiləm”.

“Kəmalüddövlə məktubları”nın bir çox nüsxələri dünyanın hər tərəfində mənim dostlarımın və həmfikirlərimin əlində mövcuddur. O qədər çəkməz ki, dostlarım bu kitabı bir yerdə çap etdirib, Asiya və Afrikanın hər tərəfində yayarlar. O zaman görək, İstanbul nazirləri öz dinlərini necə saxlayacaqlar! O vaxt onların dini əldən gedəcək, məcburən bizim əlifbanı qəbul etməyə razı olacaqlar və xalqların səadət və xoşbəxtlik günləri başlanacaqdır. O zaman onlar, hazırda bizə rəva gördükləri rəftarlarından peşman olaraq bizdən üzr istəyəcəklər. Çünki onların mənasız əqidələrinin əsasının sarsılması özlərinin cəhalət qaranlığından xilas olmasına və yüksək dərəcələrə tərəqqi etmələrinə bais olacaqdır.

Cənab Ruhül-qüds! Özümün və Qafqaz Şeyxülislamı cənablarının dilindən sizə yazıram ki, İstanbul nazirlərinin hərəkətindən pərişan və bədbin olmayın! Öz işinizdə mərd-mərdanə olun! Nazirlərin müxalifəti mənasız və yersizdir. Onlarla çox mülayimliklə mübahisəyə girişin və münasib gördüyünüz mövqedə onların hər birisinə əlifbanın dəyişdirilməsinin lüzumu haqqında yazdığınız “Vəzir və Şeyxin sual-cavabı” kitabçanızı da oxuyun və elə ediniz ki, vəkalətpənah sədr-əzəm cənabları da bu kitabçanı ya oxusun və ya dinləsin ki, bəlkə onun qəlbində sönmüş hümmət atəşi sizin qələminizin təsiri ilə alovlansın.

Əgər siz bu kitabçanı yazmasaydınız, mən qüssədən ölərdim. Çünki o zaman heç kəs mənim fikrimin haqq olduğunu başa düşməzdi. Ancaq indi təsəlli tapmışam. Kitabçadan 3-4 nüsxə Tiflisdə varımızdır. Bir neçə nüsxə də Tehrana göndərmişik. Əlimə keçən hər bir şəxsin bu kitabçanı oxumadan yaxasından əl çəkmirəm. Hətta Həsənəli xan Tiflisə çatan gecə yorğun olmasına baxmayaraq, məcbur etdim ki, kitabçanı oxuyum, qulaq assın. Cənab Şeyxülislam da bu kitabçanı ağıl və dərrakə sahibi olan adamlara oxumaqda böyük hümmət sərf edir. Amma nə etməliyik ki, ağıl və dərrakə sahiblərinin sayı çox azdır.

Cənab Ruhül-qüds!

Nə qədər ki, mən sağam, əlifba fikrindən və onu həyata keçirmək arzusundan ayrıla bilməyəcəyəm. Siz bu yolda çox zəhmət çəkib, böyük pullar xərclədiyiniz kimi, mən də on ildən artıqdır ki, bu yolda ağır zəhmətlərə və böyük xərclərə qatlaşmışam. İşin başlanğıcında, sevindiyimdən hər bir tələbəyə bir əşrəfi, dəftərimdə qeyd etdiyimə görə, ənam adı ilə cəmi həştad əşrəfi bağışlamışam ki, yeni əlifbanı öyrənsinlər. Bir bu qədər pul da xoşxət mirzələrə vermişəm ki, yeni əlifbanın bir çox surətlərini çıxarsınlar. İstanbula gedib-gəlmək üçün beş yüz manat xərcim çıxmışdır. Hətta bu gün belə, bu məsələ ilə əlaqədar olan yazılara, poçt və katiblərə əlmuzduna gedən xərclərdən bir gün də olsun, asudə və rahat deyiləm. Bundan sonra da bu yolda nə qədər zəhmət və məxaric lazım gələrsə, səmim-qəlbdən qəbul edəcəyəm ki, öz həmvətənlərimi qaranlıqdan işıqlığa çıxarım və bunun mənəvi ləzzətini dadım.

Mənim həmvətənlərim xeyri şərdən ayırmaq qabiliyyətinə malik deyildirlərsə də, tərəqqi və yüksək ad nəşəsindən məhrumdurlarsa da, sizdən çox-çox xahiş edirəm ki, Həsənəli xan vasitəsilə yazdığım kimi, islam əlifbasını dəyişdirmək haqqında fransız dilində bir məqalə yazıb, “Konstantinopol” qəzetində və ya başqa bir qəzetdə çap etdirəsiniz. Siz o məqalədə mənim adımı və bu məsələdən ötrü İstanbula gəlməyimi və öz adınızı, habelə, bütün müttəfiqlərimizin və tərəfdarlarımızın adını, bu məsələdə bizim fikrimizi təsdiq edən və yardım göstərən vəkalətpənah sədr-əzəm cənablarının adını açıq və aydın yazmalısınız. Məsələnin hazırda nə vəziyyətdə olduğunu qeyd edin! Məqalə çapdan çıxandan sonra həmin qəzetdən bir neçə nüsxəsini mənə göndərin. Burada rus dilinə tərcümə edib, “Kafkaz” qəzetində və Peterburq qəzetlərində çap etdirəcəyəm. Lakin bu məsələdə politika-molitika sözünü kənara qoymalısınız. Ancaq fransızca ünsürlərin əlifbanı dəyişdirmək işinə əngəl törətdiklərini və bunun üçün gətirdikləri dəlilləri də qeyd etməlisiniz.

Bundan sonra məktublarınızı bilavasitə mənim adıma yazaraq, poçta veriniz ki, itməsin! Əgər istəyirsinizsə, məktubları “straxovi”, yəni fransızca “asure” (sifarişi) göndəriniz. Mən də öz məktublarımı sizin adınıza “asure” göndərəcəyəm.

Bir də, cənab Ruhül-qüds! Açıq və aydın yazaraq mənə bildirin görüm, tam səmimiyyətim olan əziz qardaşım Münif əfəndi nəyə görə və nədən qorxaraq mənə cavab yazmır? Görək, vəkalətpənah sədrəzəm cənabları mənim ərizəm haqqında nə sərəncam vermiş və nə buyurmuşdur. Münif əfəndi mənim şəkillərimi kimlərə vermişdir?

Bir də bu məsələni öz tərəfinizdən mənə yazın görüm, əlifbanı dəyişdirmək məsələsi əlahəzrət Sultanın qulağına çatmışdırmı, ya yox? Habelə yenə də əlifbanı dəyişdirmək məsələsi Misir xədivi İsmayıl paşanın qulağına çatdırılmış, ya yox?

İstanbul nazirləri əlifbanın haqq iş olduğunu inkar etdiklərinə görə, bu barədə İsmayıl paşaya da yazmaq istəyirəm. Hər halda, bütün bunlar sizin məsləhətinizdən asılıdır. Bunların özü də bir şeydir. Əgər İsmayıl paşa təklifimizi qəbul etsə də, mən İstanbul nazirlərinin yaxasından, onları təslim olmağa vadar edib, öz muradıma çatmayınca, əl çəkməyəcəyəm.

Cənab Şeyxülislam İstanbul nazirlərindən çox-çox narazıdır. Bu gündən etibarən o, sünnilərin öz kitablarında köhnə islam əlifbasını dəyişmələrinin şəriətə müxalif olmadığına dair bir fitva axtarmağa başlamışdır. Bu dəlil hazır olan kimi sizə göndərəcəyəm.

Qardaşınız Mirzə Fətəli Axundzadə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Hekayəti-Seyyid Ələm Səlyani

Səlyanda var idi bir Seyyid Ələm,Ələmdən olmuşdu mərdi-möhtərəm.

5 мин
“Ey zahidi-bizövq o məscid ki, sənin var”

Ey zahidi-bizövq o məscid ki, sənin var,Olsaydı mənim, mən onu meyxanə edərdim.

1 мин
Mərhum xaqan Məhəmməd şah Qacarın Herat səfərində Quriyanın mühasirəsinin zikri

“Elə ki, şöhrəti İskəndər şöhrətinə bərabər olan xaqan həzrətləri Quriyanın mühasirə və zəbt edilməsinə qəti hökm verdi, dünyanı lərzəyə salan ordu şə’banəl-müəzzəmin onunda dağ və səhraya meydanı təng etdi; bir aləm rəngbərəng çadır və alaçıq quruldu. Quriyanın xarici, Qəzneynin və Qurun daxilindən abad oldu. Cəsarətli adamlardan bə’ziləri qalanın üstünə çıxdılar; qalasındıran və bürcyıxan güllələrin zərbindən aşağı düşdülər.Quriyanın ətrafını şəhər alan əmirlər və igid sərhənglər arasında böldülər. Mübarək topxanaya əmirlik edən və bu rütbədə tam müstəqil olan şahsevən Həbibullah xan Əliquluxan oğlu Quriyanın şimal tərəfində yerləşdi və bu sahə ona tapşırıldı. Şəhərin cənub tərəfi iki şəqaqlı dəstənin sərtibi “Bəhadiri-cəng” ləqəbli Hacı xan Qarabağiyə məxsus oldu; qərb tərəfi, tünkabinli Vəli xan Gilaniyə, firuzkuhlu Məhəmməd Hüseyn xan Ərcüməndiyə, Səvadkuhi və Bəndapey dəstələrinə və Mazəndaran sərkərdələrinə tapşırıldı. Şərq tərəfi isə, Əmiri-tuman Məhəmməd xan İrəvaniyə və onun adamlarına yetişdi.

13 мин
Babilik əqidələri

Vacibül-vücud xüsusunda Babın e’tiqadı belədir ki, həqiqi yaradıcı, kainatı yaradan günəş kimi nuri-mütləqdən ibarətdir və onun nuru növi-bəşərdən olan məxluqatın bə’zi fərdlərində hər zaman özünü göstərə bilər. O halda işığın özünü göstərmə yeri olan o cisim, vacibül-vücuda nisbətlə məzhərdir; yə’ni bir aynadır ki, günəşin nuru onu işıqlandırmışdır.Bu halda məzhərdən və aynadan hər nə baş versə, günəşdən əmələ gəlmiş hökmündədir. Seyid Əli Məhəmməd Bab günəş işığının məzhəri və aynası idi; onun cisminin zavalından sonra, başqa məhzərlər meydana çıxdı. Molla Hüseyn Buşrəvi, Molla Məhəmməd Əli Zəncani, Seyyid Yəhya və Qürrətül-eyn kimi. Bunlar bir-birinin ardınca gələrək, hər biri Babın dininə rəvac vermiş və onu mükəmməlləşdirmişlər.

6 мин

Стихи других поэтов