Страница 1 из 2

“Elə ki, şöhrəti İskəndər şöhrətinə bərabər olan xaqan həzrətləri Quriyanın mühasirə və zəbt edilməsinə qəti hökm verdi, dünyanı lərzəyə salan ordu şə’banəl-müəzzəmin onunda dağ və səhraya meydanı təng etdi; bir aləm rəngbərəng çadır və alaçıq quruldu. Quriyanın xarici, Qəzneynin və Qurun daxilindən abad oldu. Cəsarətli adamlardan bə’ziləri qalanın üstünə çıxdılar; qalasındıran və bürcyıxan güllələrin zərbindən aşağı düşdülər.

Quriyanın ətrafını şəhər alan əmirlər və igid sərhənglər arasında böldülər. Mübarək topxanaya əmirlik edən və bu rütbədə tam müstəqil olan şahsevən Həbibullah xan Əliquluxan oğlu Quriyanın şimal tərəfində yerləşdi və bu sahə ona tapşırıldı. Şəhərin cənub tərəfi iki şəqaqlı dəstənin sərtibi “Bəhadiri-cəng” ləqəbli Hacı xan Qarabağiyə məxsus oldu; qərb tərəfi, tünkabinli Vəli xan Gilaniyə, firuzkuhlu Məhəmməd Hüseyn xan Ərcüməndiyə, Səvadkuhi və Bəndapey dəstələrinə və Mazəndaran sərkərdələrinə tapşırıldı. Şərq tərəfi isə, Əmiri-tuman Məhəmməd xan İrəvaniyə və onun adamlarına yetişdi.

Dörd tərəfindən lağım və murçal qazımağa başladılar. Qaladakılar hasarın möhkəmliyinə və Herat hökmranının köməyinə arxalanıb baş girləyirdilər. Onlar özülün havada olduğundan və o möhkəm binanın ən yaxın zamanda dağılacağından qafildirlər. On gün ərzində lağım və murçal işləri qurtardı. Fələk cəlallı Şahənşah qalanın alınmasına hökm verdi. Ümman kimi dalğalanan dəstələr ətrafından hərəkətə gəldilər. Təbil, şeypur, kəranay və şəndəfin səsi dağlara, daşlara əks etdi və qalaya dəyən topun gurultusu yer üzünə vəlvələ saldı. Bürclərin lağımlarını barıt, neft, ağac və odunla doldurdular ki, od gücünə uçurtsunlar və xəndəyin suyunu boşaldıb torpaqla doldurdular ki, onun üstündən keçsinlər.

Dağdələn top güllələrinin arasıkəsilməz zərbələrindən bürclər və qalanın divarları titrədib şikəst tapdı və daş partladan qumbaraların zərbindən bircə divar da yerində qalmadı”. – Limüəllifihi...

F ə t ə l i – Rzaquluxan, Allah rizasına, qoy görək qalanı necə alırlar, sənin şe’rini oxumaq məqamı deyil. Başqa bir vaxt oxuyaram.

R z a q u l u x a n – Qəribə xasiyyətin var, nə üçün mənim şe’rimi oxumursan?

F ə t ə l i – Qardaş, mən ki şe’r divanı oxumuram, mən tarix oxuyuram. Qoy görüm nə etdilər? Sən Allah, məndən əl çək, öz şe’rinlə hisslərimi pərişan etmə. Əhvalat xatirimdən çıxdı.

R z a q u l u x a n – Sən şe’rin dimağa fərəh verməsini danırsan? Bu nə əqidədir ki, şe’ri hissləri pərişan etməyə səbəb bilirsən?

F ə t ə l i – Baba, mən demədim ki, şe’r hər yerdə hisslərin pərişanlığına səbəb olur. Onu oxumağı burada lazım görmürəm: ordu hər tərəfdən hücum etməkdədir, indicə qalanı alacaqlar, ürək döyünməkdədir, sən də “Limüəllifihi” çomağı ilə başımın üstündə dayanıb, tələb edirsən ki, əvvəl mənim şe’rimi oxu, sonra ordunun halına tamaşa et! Rzaquluxan, bu böyük zülmdür. Vallah, mən əhd eləyirəm ki, bundan sonra sənin şe’rlər divanını bütünlüklə oxuyam. Məgər mən bilmirəm ki, sən həm tarixçi, həm də şairsən? Amma indi qoy mətləbə gələk.

R z a q u l u x a n – Oxumalısan! Qoymaram! Mən zəhmət çəkib şe’r demişəm və onu tarixə daxil etmişəm, sən mənim şe’rimi necə oxumaya bilərsən!

F ə t ə l i – Rzaquluxan, axı sənə kim dedi ki, şe’r deyəsən və onu tarixə daxil edəsən? Tarixdə şe’rə heç bir lüzum yoxdur. Vallah, səhv edibsən.

R z a q u l u x a n – Çox danışma. sən özün səhv edirsən, oxu!

F ə t ə l i – Yaxamı nə üçün tutubsan? Yaxşı, burax oxuyum, Vallah, oxuyacağam, inan!

R z a q u l u x a n – Yox, yalan deyirsən, oxumaq istəmirsən. Gözlərindən oxuyuram ki, sən mənim şe’rimdən vaz keçmək, sözün mabə’dini izləmək istəyirsən.

F ə t ə l i – Vallah, yalan demirəm. Vəqta ki, çarəm yoxdur, nə üçün oxumayım?! Oxumasam ki, məni buraxmayacaqsan. Amma ümidvaram ki, sənin şe’rinin məzmunu heç olmazsa mətləbə aid olacaq. Yəqin ki, sən sərbazların filan bürcdən yürüş etdiklərini və atların filan qala qapısından içəri girdiklərini yazmısan. Bax, oxuyuram:

Bu nədir? Mərrix kimdir? Qalanın işi necə oldu? İnsaf elə, Rzaquluxan, qalan beytlərinin oxumaqdan məni bağışla, taqətim yoxdur. İstəyirsən öldür. Hər nə istəyirsən elə, amma özün zərər görəcəksən.

R z a q u l u x a n – Nədən zərər görəcəyəm?

F ə t ə l i – Məsələn, mənim az-çox ağlım var, məzacı sağlam və bədəncə də nöqsansızam. Əgər məni, öz şe’rini oxumağa məcbur eləsən, naxoşlaram, o vaxt sənin dediyin “mülki-əqim” kəlamının mə’nası mənim üçün üstüörtülü qalar. Bu sənə zərər deyilmi?

R z a q u l u x a n – Mən bunu harada demişəm?

F ə t ə l i – Məgər yadından çıxıb? Axır, Sahibqiran xaqan Fətəlişah həzrətlərinin taxta çıxmasının ikinci, ya üçüncü ilində sən belə yazıbsan: Bu dövrün hadisələrindən biri də Cəmşid cəlallı padşah həzrətlərinin qardaşı şahzadə İkinci Hüseynqulu xanın üsyanıdır ki, naçar bu barədə yazılacaqdır; ta “Əlmülki-əqimin” mə’nası sağlam məzaclı ağıllıların fikrincə nöqsansız, valeh və ondan sonra layih olsun.

R z a q u l u x a n – Mən burada məzmunu nəzərə almamışam, məqsədim qafiyə olmuşdur. Yoxsa xəstə məzaclı ağıllılar da “mülkiəqimin” mə’nasını anlaya bilər. Əgər sən xəstə olsan da, az-çox ağıllı olduğundan onun mə’nasını anlayacaqsan.

F ə t ə l i – Hə!.. Qafiyə xatirəsi üçün belə yazıbsan? İndi anladım. Yaxşı, Rzaquluxan, nə lazım gəlir ki, sən məzmunu nəzərə almadan, yalnız qafiyə xatirəsi üçün bu qədər artıq ləfzləri öz yazında caiz görürsən?

R z a q u l u x a n – Bu yerdən başqa, mən harada məzmunu nəzərə almadan qafiyə xatirəsi üçün artıq ləfzləri caiz bilmişəm?

F ə t ə l i – Məsələn, Ə’zəm xan Əfğanın oğlu Məhəmməd xanın Nərmaşir və Bəmdəki üsyanını zikr edərkən deyirsən: “Qacar sərdarının gəlməsi haqqında şayiəni eşitcək Məhəmməd xan Bəmi boşaltdı, zir naləsi ilə Nərmaşir yolunu tutdu”.

R z a q u l u x a n – Sən anlamırsan. Bu, məzmundan xali deyildir. Nalə ola bilər ki, bəm olsun, ola bilər ki, zir olsun. Bu halda Məhəmməd xan Bəmdən zir naləsi ilə qaçırdı ki, Nərmaşir ilə qafiyə düzəlsin; bir də “bəm” və “zir” ləfzləri tənasübünün artıqlığı haradadır?

F ə t ə l i – Afərin, Rzaquluxan, həqiqətdə mən bu nüktələrdən xəbərdar olmamışam. Bu kəlam başqa münasibətlərdən dəxi xali deyildir; çünki “zir” ləfzi bə’zən məq’əd mə’nasında da gəlir. Necə ki, Şeyx Sə’di rəhmətüllah buyurur:

Mə’lumdur ki, Məhəmmədxan qaçarkən nə vəziyyətdə idi. Bağışla, burada mən səhv etdim. Adam səhvsiz olmaz. Bəs başqa yerdəkilərə nə deyirsən ki, yazmısan: “Ş a h z a d ə M ə h ə m m ə d V ə l i M i r - z ə n i n y a r d ı m ı i l ə İ r a n q o ş u n u n u n s ə r ə x s t ü r k m ə n l ə r i i l ə m ü b a r i z ə s i n i n z i k r i. Bu işarələrin tövzihi və bu ibarələrin tənqihi odur ki”.

“Tövzihin” işarəti mə’lumdur. Əgər “tənqihi” ibarəti lüzumsuz deyilsə və qafiyə xatirəsi üçün gəlməmişsə, pəs bu nə olan şeydir?

Sizin mürşidiniz Mirzə Mehdi xan Astrabadi belə hallarda ancaq bu sözlərin izahını yazır. O da: “Bu məqalın tövzihi və bu sifalın tənqihi odur ki...” deməyi bacarırdı.

R z a q u l u x a n – Xa, xa, xa... əcəb savadsızsan. “Tənqihi in sifal” nə deməkdir?..

F ə t ə l i – Rzaquluxan, nə üçün gülürsən? Məndən nə hərəkət baş verdi ki, sənin gülməyinə bais oldu? Məgər günah oldu ki, mən də bir qafiyəli kəlam söylədim? Pəs nə üçün başqaları deyirlər?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов