Страница 2 из 2 · 50%

R z a q u l u x a n – Söz bunda deyil.

F ə t ə l i – Pəs söz nədədir? Məgər “sifal”, “məqal”a qafiyə ola bilməz?

R z a q u l u x a n – Qafiyə ola bilər, amma mə’nası yoxdur.

F ə t ə l i – Rzaquluxan, “tənqih” sözü ibarətlərə şamil ola bildiyi halda, “sifal” sözü daha yaxşı şamil ola bilər. Necə mə’nası yoxdur? İxtiyarın var, istəyirsən bu münaqişəni üçüncü şəxsə həvalə edək, bizim aramızda həkəm olsun. Əgər sənin sözün təsdiq olunsa, mən məğlub olaram və əgər mənim sözümü təsdiq eləsə, sən məğlub olacaqsan. Rzaquluxan, inan ki, nəsrdə qafiyə kəlamı çiy edir və zəiflədir. Bu qayda bizə ərəblərdən qalmışdır, səkkiz yüz ilə yaxındır ki, İranda işlədilməkdədir; lakin mütləq səhvdir. İndi bu qaydanı tərk etməyimizin və uşaqcasına işdən əl çəkməyimizin vaxtıdır, çünki qafiyə xatirinə mütəradif ləfzlər və çoxlu təkrarlar əmələ gəlir, gərəksiz mə’nalar meydana çıxır, kəlamın aydınlığı itir, məcazlar ondan nifrət edir və əsər şöhrət qazanmır. Necə ki, “Tarixi-Vəssaf” və “Dürrə” şöhrət qazanmadılar. Sən kitabın axırında işarə edibsən ki, biri dövlət tarixini səc’lə yazır. De ki, boş yerə zəhmət çəkməsin, heç kəs oxumayacaqdır. Mənim əqidəmə görə sən də öz tarixini çox yerdə səc’lə yazmışsan.

R z a q u l u x a n – Niyə böhtan deyirsən? Mən harada səc’lə yazmışam?

F ə t ə l i – Böhtan deyil, məsələn, İkinci Hüseynqulu xanın üsyanı haqqında yazmamışsanmı ki:

Bu, səc’lə yazı deyilmi? Çünki mənim özümün bu növ şeylərə bir o qədər bələdliyim yoxdur, səndən soruşuram.

R z a q u l u x a n – Bir az oxşayışı var. Amma, Mirzə Fətəli, bə’zi şeyləri sən artırmısan. Mən o qədər yazmamışam və bundan əlavə, kəlmələri də rəbtsiz etmisən.

F ə t ə l i – Rəbtləndirmək asandır. Sən deyirsən ki, bə’zi şeyləri mən artırmışam. Əlbəttə, lazım oldu, artırdım.

R z a q u l u x a n – “Gürg-müşt” və “yuz-püşt”ün nə mə’nası var ki, deyirsən?

F ə t ə l i – Burada məzmunu deyil, tənasüb və qafiyəni nəzərdə tutmuşam, “gürg” ilə “yuz”un münasibəti var və onlardan sonra “müşt” ilə “püşt” də bir-biri ilə həmqafiyədir və həm də çox qəşəng qafiyədir.

R z a q u l u x a n – Sən artırdıqlarının heç bir lüzumu yoxdur.

F ə t ə l i – Bu halda sənin yazdıqların bir o qədər artıqdır; məsələn, başqa yerlərdə tarixlə heç bir əlaqəsi olmayan bə’zi çətin və artıq mətləblər yazıb oxucunun və katibin zəhmətinə səbəb olmusan.

R z a q u l u x a n – Nə deyirsən, mən harada çətin, artıq mətləblər yazmışam?

F ə t ə l i – Məsələn, Nadir Mirzənin işinin axırında ki, onun həyatı sona çatır, – sən yazmısan: “Əql və nəqlə müvafiq olaraq təqas və təlafi hiss əlamətlərində mənsusdur və bu mə’na bərahini-şər’iyyə və əxbari-həqiqiyyə ilə mənsusdur. Allah gec tutar, ancaq bərk tutar. Süvər və əsmanın təğyirində xalq həqaiq və müsəmmadan qafil düşər. Bu işarətlərin təhqiqi tarix üsuluna müxalif deyil. Söz yox ki, müxalifdir. Bəlkə bunlar maarifin dəqaiqindən və tarixnəvisliyin nükıtandandır. Əgər bildiyimiz kimi, bə’zi təlafi və tənafinin zikrini irəli sürsək, bu mübahisəni görənlər irad edərlər və bizim yazımızı mütədavil şəkildə qəbul etməzlər”.

F ə t ə l i – Şeyx Bəhainin cəbr-müqabiləsini anlamaq sənin bu müqəddəməni anlamaqdan asandır. Sənin nə məqsəd güddüyünü və nə demək istədiyini ancaq Allah bilir. “Dər əvalimi hiss məhsusəst” nə olan şeydir? Və “təğyiri-süvərü əsma” deyəndə nəyi nəzərdə tutubsan? Bu hansı “süvərü əsma”dır? “Həqiqət və müsəmmadan” bəhs etməkdə məqsədin nədir? Bəli, tənasüx əhlinin və hindulərin əqidəsincə bu ləfzlərə mə’na vermək olar; amma şəriətcə qətiyyən mümkün deyildir. Şəriətin adını niyə burada çəkmisən? Məgər şəriət bu növ qisası caiz sayır? Nadir Mirzənin atasının babası xəta etmişdir, nəvəsindən nə üçün qisas alınsın? Pəs nə deməkdir? Bundan sonra sən məni zahirə inananlardan say! Qorxum yoxdur. Sən özün özünü xalqın məzəmmət oxlarına hədəf edibsən. Belə ki, sən burada fərasət ilə anlamısan ki, sənin bu təsəvvüratını qəbul etməyəcəklər. Çox yaxşı edibsən ki, biz oxucuların halına rəhm edib hələ bildiyin bə’zi təlafi və təkafi haqqında nüktəçilik etməmisən. Əgər Allah eləməsin, o “bə’ziləri” haqqında dəxi nüktəçilik etsəydin, o vaxt onları anlamaqda biz biçarələrin işi daha pis olardı. Hər əqidə ilə olursa olsun, tarixdə bu növ mətləblərə əl vurmaq caiz deyildir, xüsusən məzmun səhih olmadıqda. Tarixçiyə yalnız hadisələri yazmaq vacibdir. Sən başqa yerdə hərdənbir məzmunun səhihliyinə mültəfiq olmursan. Məsələn, Darulfünun rəisliyi haqqında nəql edərkən deyirsən ki: “Şahənşahın günəş işıqlı rə’yinə mə’lum idi ki, gənclərin gənclərə məhkum olması yaramaz; gənclər mücərrəb və mühəzzəb qocaya tapşırılmalıdırlar ki, əmanətin vüfuru və dəyanətin zühuru və meylin qilləti və zeylin iffəti və rə’yin diqqəti və qəlbin riqqəti və ə’raqın yaxşılığı və əxlaqın gözəlliyi ilə mövsuf və mə’ruf olsun; taki, nəcib əmirlərin əziz övladlarına atacasına tərbiyə versin və hər birinin sadə təbiətini və saf tinətini məvaddi-rəzilənin ixlatından və sifəti-xəbisənin irtibatından hifz etsin. Və bu yaxınlarda mən bəndə, səkkiz ay sürən uzaq Xarəzm səfərindən əzm və həzmlə Şahənşahın asitanını öpməyə qayıtmışdım. Ona baxmayaraq ki, insafən mən bu gözəl sifətlərin heç birinə malik deyildim, İran Şahənşahı həzrətləri mövhibət və məkrəmət məqsədi ilə bu naqabil qoca qulu, bu böyük xidmətə qabil bilib padşah hüzuruna çağırdı və Darülfünun rəisliyinə göndərdi”.

Əmanət və dəyanətin, qilləti-meyl və iffəti-zeyl və diqqəti-rə’y və riqqəti-qəlb və teybi-ə’raq və əxlaqın ziddi, xəyanət və dinsizlik və kəsrəti-meyl və ədəmi iffəti-zeyl və süstiyi-rə’y və səxtiyi-qəlb və xübsi-ə’raq və sui-əxlaqdır. Sən iqrar edirsən ki, insafən bu gözəl sifətlərdən heç biri səndə yoxdur. Onda pəs nə olsun? İnsan iki haldan xali deyildir: o ya gözəl sifətlərə malik olur, ya da pis sifətlərə. Orta yoxdur. Səndə gözəl sifətlər olmadan Darülfünunu sənə tapşırdılar. Onda pis haradan mə’lum olur ki, Şahənşah Darülfünun rəisliyini gözəl sifətlərə malik olan bir şəxsə vermək istəyirdi!? Deyəcəksən ki, mən təvazö’dən ötrü belə demişəm. Aya, heç eşitmisən ki, bir adam təvazö’dən ötrü “mən xainəm və dinsizəm” desin? Məzmun doğru deyildir; düzgün fikirləş!

Bu mühavirələri Tehran qəzeti idarəsinə göndərib, mə’lum edirəm ki, bu qaydaya Avropada əməl olunur və onun böyük faydaları vardır; məsələn: bir şəxs bir kitab yazdığı zaman, başqa bir şəxs onun əsərinin mətləbləri xüsusunda kritika yazır, bu şərtlə ki, onun yazısında müəllif haqqında ədəbsiz və könülə dəyən bir söz belə olmasın. Hər nə deyilsə, incəliklə deyilsin. Bu işi “kritika”, fransız istilahı ilə “kritik” adlandırırlar.

Müəllif ona cavab verir. Ondan sonra üçüncü bir şəxs meydana çıxır, ya müəllifin cavabını təsdiq edir, ya da kritika yazanın fikrini üstün tutur. Bu işin nəticəsi budur ki, get-gedə nəzm və nəsr, inşa və təsnif bütün Avropa xalqlarının dilində səlasət qazanır və mümkün qədər cəmi nöqsanlardan təmizlənir. Müəlliflər və şairlər öz vəzifələri və təklifləri haqqında tamam xəbərdarlıq alırlar. Əgər Tehran qəzeti vasitəsi ilə bu qayda İranda tətbiq olunarsa, hər halda İran əhalisinin gələcək nəslinin Şərq dillərini bilmələri işinin tərəqqisinə səbəb olacaqdır. Xüsusən bu qaydadan sonra, hal-hazırda məzsunsuz və duzsuz deyilən və heç bir faydası olmayan qəzəl və qəsidələr düzəltməkdən əl çəkərək Firdövsinin “Şahnamə”si, Şeyx Sə’dinin “Bustan”ı və onlar kimi məsnəvi tərzində müxtəlif xalqların əhval və adətini bildirən hekayəli şe’r deməyə başlayacaqlar və nəsrdə də qafiyədən və uşaqcasına mübaliğələrdən və əbləhcəsinə təşbihlərdən bütünlüklə çəkinəcəklər; ancaq rəğbətli məzmun arxasınca gedəcəklər. Elə bir məzmun ki, oxucu ondan həzz alsın və qulaq asan ləzzət aparsın və müəllif bunun sayəsində ad qazansın. Belə ki, məzmun gözəl olduqda, kritika əvəzinə hər tərəfdən onun haqqında tə’rifnamələr göndərəcəklər; çünki gözəl məzmun tapmaq, Allah vergisi olan təb’in xüsusiyyətlərindəndir, amma qafiyə düzəltmək, başqa sənətlər kimi, öyrənilə bilən bir işdir.

İndi qoy Rzaquluxan mənim göndərdiklərimə qəzetdə cavab yazsın və ondan sonra üçüncü bir şəxs bizim aramızda həkəm olsun.

Mayor Mirzə Fətəli Axundzadə
Rəbiüləvvəl 2, 1279-cu il
Qocur yaylağı – Tiflis

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов