Mirzə Yusif xana məktub
Mirzə Yusif xana göndərilmiş məktubun surəti
Əzəmətli ağam, səadətiniz daimi olsun!
Cəlal sahibi cənabınızın şəxsən öz xətti ilə yazılmış məktub yetişdi. Düzünü istəsəniz, mən sizin fikrinizi başa düşmürəm. Səbəb də odur ki, siz gedəndən sonra mənim hafizəm çox kütləşmişdir.
Keçən məktubunuzda aşağıdakı ibarəni yazmışdınız: “Mən əlifbanı dəyişdirməkdən daha əhəmiyyətli olan, xalqa və dövlətə daha artıq fayda verən böyük bir işlə məşğulam. Əgər mənim və mənimlə həmrəy olan iş yoldaşlarımın səyinin səmərə verməsinə tale yardım edərsə, bizə və həmvətənlərimizə ən gözəl nemətlər nəsib olacaqdır. Bu məsələni sizə gizli yazıram. Sirrimi əmanət saxlayın, görək nəticəsi nə olacaqdır”.
Özünüz düşünün, belə bir ibarəni oxuyarkən mənim fikrimə nə gələ bilərdi?
Qoy özüm deyim. Həmin ibarəni oxuyarkən mənim xəyalıma elə gəldi ki, siz bütün biliklərin canı hesab etdiyiniz məlum əsəri çap etdirməklə məşğulsunuz. Sevincimin, vəcdimin çoxluğundan az qalmışdı durub oynayam. Düşünürdüm ki, bu işin nəticəsində nə böyük hadisələr baş verəcəkdir. Fransızlar demişkən, bu xəyalla nə kimi saraylar tikirdim. Mənim vəziyyətim ən gözəl yuxu görən adamların vəziyyətinə oxşayırdı. Bu yuxunu həmişə dövlət və səadətə yozurdum, hər an Hafizin bu qəzəlini dilimdə əzbər etmişdim:
Şirin yuxuda gördüm ki, əlimdə piyalə vardır.
Elə güman etdim ki, işim səadətə doğru gedir.
Qırx il zəhmət və əziyyət çəkdik, axırda isə
İşimiz ikiillik şərabla həll olundu.
Yəni hicrətin birinci günündən bu vaxta qədər qəm-qüssə çəkdik, azadlıq həsrəti ilə ömrümüzü başa vurduq; axırda səadətimiz münşi Yusifin əlində imiş ki, onun hümmət və qeyrəti sayəsində Yəqub kimi qüssədən kor olan gözlərimiz işıqlandı; onun sayəsində qaranlıq cəhalət quyusundan nicat tapdıq və öz arzumuza çatdıq...
Xülasə, bu kimi şirin xəyalların ləzzəti ilə sərxoş kimi idim. Siz məni bu gözəl sərxoşluqdan nə üçün ayırdınız? Nə üçün məni bu gözəl yuxudan oyatdınız? Nə üçün mənim ümid dünyamı məyusluq dünyası ilə əvəz etdiniz? Nə üçün siz mənə bu sonuncu məktubunuzu yazdınız? Nə üçün mənə bildirdiniz ki, dünyada sizin üçün Hüseyndən daha əziz olan bir nüsxə çap etdirəcəksiniz ki, həm şiə, həm sünni, həm fransız, həm bütpərəst, həm yəhudi onun məzmununa görə sizə sonsuz hörmət bəsləyəcəkdir?
Deməli, sizin uzun müddətdən bəri məşğul olduğunuz böyük iş bu imiş! Bəs məşğul olduğunuz o böyük iş necə oldu? Belə məlum olur ki, sizin çapa hazırladığınız əsər bütün biliklərin canı hesab etdiyiniz əsərin məzmununu alt-üst edib, sizi dediyiniz böyük işi yerinə yetirmək niyyətindən çəkindirmişdir!
Ehtimal olunur ki, böyük iş deyə adlandırdığınız, həmin əsər imiş. Mən isə hafizəmin kütlüyündən səhv edərək, onu bütün biliklərin canı düşünmüşəm. Əgər məqsədiniz bu imiş, nə üçün yazmışsınız ki: “Bu məsələni sizə xəlvəti yazıram, sirrimi əmanət saxlayın!”. Bir əsər ki, bütün dinlərə qulluq edən adamların xoşuna gələcəkdir, onu gizli saxlamağın nə mənası vardır?
Xeyr, belə deyildir. Hafizəm nə qədər kütləşsə də, yenə də təyin edə bilərəm ki, “böyük iş” dedikdə sizin məqsədiniz başqa idi. İndi isə mənə məlum olmayan bəzi səbəblərə görə o məqsəddən əl çəkmişsiniz. Belə bilirəm ki, siz mənim əsərim kimi və ya ona oxşar bir əsərin çapına iqdam edəcəksiniz, ya da ki, heç bir iş görməyəcəksiniz. Lakin özünüzü qəsdən belə göstərmək istəyirsiniz.
Əgər desəniz ki, “böyük iş”in bu əsərə dəxli yoxdur, yəni bu əsərin çapı hal-hazırda məşğul olduğunuz “böyük iş”dən əlavə bir işdir, bu söz də ağlımca doğru deyildir; çünki ancaq bu əsər, sizin üçün dünyada Hüseyndən əziz ola bilər.
Belə isə, həmin əsərin çapı böyük iş sayılmalıdır. O zaman əvvəlki məktubunuzda “böyük iş” adlandırdığınız məsələnin əhəmiyyəti itir.
Nə isə, mən sizin məqsədinizi anlaya bilmirəm. Məktubun başlanğıcında yazdığım kimi, tutaq ki, bu əsər başqa şeydir, sizin “böyük iş”iniz tamamilə başqa bir şeydir. Belə isə, bu əsəri çap etdirməyinizin mənə nə dəxli vardır? Nə zaman əsər çapdan çıxardı, mənə ondan bir nüsxə göndərərdiniz. Öz məqsədinizi qabaqcadan mənə yazmağınızın nə mənası var idi?
Xeyr, bunun özü də mənasız deyildir. Bunun mənasını mən anlayıram, ancaq sizə yazmıram...
Artıq mən elə bir qərara gəlmişəm ki, adı sizə məlum olan o gənci yavaş-yavaş sizin fəzilət, mərifət və nəcabət sahibi olmağınızla tanış edib, onu bu həqiqətə inandıram. O, sizi yaxşı tanımır və haqqınızda səhv edir. O sizi də ömrü boyu içərilərində tərbiyə aldığı adamlardan biri hesab edir. Lakin mən əminəm ki, onu şəxsən sizə məktub yazmağa vadar edəcəyəm.
Gözümün işığı olan Hüseyn xanı öpürəm. Rəşid ona çoxlu salam yetirir.
Bu məktubu sizə Qocurdan yazıram. Şeyxülislamı və Molla Əlini hələ görməmişəm. Onlarla görüşdükdə salamınızı Şeyxülislama yetirib, Molla Əlidən də qəbalə məsələsini öyrənəcəyəm.
...Cənabınız bir neçə vaxt bundan qabaq mənə yazmışdınız ki, guya məni Fransanın məşhur və adlı-sanlı yazıçıları nəzərində tanıtdırıb şöhrətləndirəcəksiniz. Mən elə güman edirdim ki, onlar sizin dediklərinizə əsasən, Parisdə çıxan qəzetlərdən birində mənim haqqımda məqalə yazacaqlar, siz isə o qəzetdən bir nömrə mənə göndərəcəksiniz ki, buradakı tanışlara və dostlara göstərim. Lakin bu vədinizdən heç bir nəticə çıxmadı.
Sizə ixlası olan Mirzə Fətəli tərəfin-
dən yazıldı.
1868-ci il, 3 sentyabr, Qocur
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-mirze-yusif-xana-mektub-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Canişin dəftərxanası mütərcimi poruçik Mirzə Fətəli Axundzadənin raportu 10 oktyabr 1852-ci il. Şuşa*Ucaməqamlı knyaz Canişinin buyruğu ilə mən həmin ilin aprel ayının 1-dən qvardiya podpolkovniki Meyyerlə Şuşa qəzasında fevralın 18-də kazaklarla toqquşan kontrabandistlərin sorğu-sualına göndərildim. Mən bu günədək müstəntiqin işində heç bir səsim və dəxalətim olmadan mütərcim sifətilə qulluğun bütün vəzifələrini və Pyotr Martınoviç Meyyerin tapşırıqlarını yerinə yetirmişəm ki, bunu o özü şəxsən sizin hüzurunuzda iqrar edə bilər. Lakin zati-aliniz mənim xəstəhal olduğumu bilməmiş deyilsiniz. Mən hələ may ayında ağır qızdırmaya tutulmuşdum. Bu xəstəlik mənim qısa müddət üçün Tiflisdə olduğum vaxt təzələndi. İndi isə qızdırma məni hər gün əldən salır. Bundan əlavə Şuşanın nəmli havası mənim babasil tutmalarından zəifləmiş səhhətimi tamamilə pozur.
Qafqaz Canişini dəftərxanasının direktoru A.F.KruzenşternəKapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 25 sentyabr 1857-ci il*Knyaz M.S.Voronsovun canişinliyi vaxtında mən beş komediya yazdım. Bu əsərlər o əlihəzrətin diqqətini mənə cəlb etdirdi, maaşımın 500 manat artırılmasını buyurdu və dəftərxanaya göstəriş verdi ki, xəzinə hesabına 1500 nüsxə çap edilsin və canişinliyin tabeliyində olan hərbi və mülki idarə rəislərinə göndərilsin, arzu edənlərə hər nüsxəsi manat yarıma satılsın və yığılan məbləğ mənə verilsin.
İslam yazısı haqqında Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələriİslam yazısı haqqında, etimada layiq fəzilət sahiblərinin yazmış olduqları bir çox kitablar əsasında mayor Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri**1274 (1858)-cü il*
Aleksandr Pavloviç NikolaiyəŞtabs-kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi**4.V-1853-cü il, Tiflis Qafqaz təhsil dairəsinin hamisi, Qaf- qaz ölkəsi baş idarəsi Sovetinin üzvü,*