Hər dilin təkəllümü və kitabəti qərari-mütəarif üzrə nəsr ilədir və gahi bir para məzaminin fəhmindən ziyadə ləzzətənduz və mütəəssir olmaq üçün təkəllüm və kitabət şe’r ilə olur. Şe’r gərək laməhal ziyadə ləzzətə və hüzndə və fərəhdə ziyadə tə’sirə bais ola. Əgər olmasa, sadə nəzmdir. Və şe’r təbaye və adata və istilaha qərib əlfaz və məzamin ilə deyiləndə ləziz və müəssir düşəcək və ləvazimatdandır hüsni-əlfaz və təşbihat və təmsilat və tövzih və təsrih və sair mühəssənat. Əgər bunun xilafınca deyilsə, məzaci-müstəme’də onun eşitməyindən heç bir gunə təğyir hasil olmaz. Bu cəhətdəndir ki, əksər qəzəliyyat məzaci-insanidə hərgiz bir şövq və vəcd əmələ gətirmir. Bəs mə’lum oldu ki, şe’r əgərçi nəzm ilə olur, amma hər nəzm şe’r deyil. Məsələn: bir para mətalibi sühuləti-hifz üçün və hüsni-təbyin üçün nəzmlə zikr edərlər. Əlbəttə, belə nəzmlərə şe’r və naziminə şair demək xətadır.

Tarixi-hicridən bu zamana qədər milləti-islam arasında bir kimsənə şe’r ilə nəzmə fərq verməyib, hər nazimin adına bərxilafi-həqq şair deyiblər. Şe’r əlahiddə bir bəxşi-ilahidir və maddeyi-qabiliyyətişair xudadadədir və təhsil və tərbiyət o maddənin ancaq inbisatına və əş’arın artıq zinətinə bais olar. Belə maddə sahibləri çox nadir vücuda gələrlər. Əhli-fürsdən ancaq Firdövsi və Nizami və Cami və Sə’di və Mollayi-Rumi və Hafiz şairdirlər. Bunların da qüsuru budur ki, bir para məqamda izhari-fəzl üçün xilafi-təbiətü adət göftgu ediblər. Belə məqamlarda onların xəyalatına da şe’r demək caiz deyil, ancaq mənzumati-məqbulə və pəsəndidə demək olur. Şe’r dərəcəsindən əsfəl, bunlardan masəva sairlərinin hərgiz şe’r maddəsi yoxdur. Ancaq sənətkardırlar ki, əlfaz hifz edib şüruti-nəzmə müvafiq haman əlfazı rişteyi-nəzmə düzürlər və hərgiz nəzmlərində bir tə’sir yoxdur; bəlkə əksərinin nəzmlərində heç məzmunu-səhih dəxi tapılmaz və bu sənət bir belə asan zaddır ki, hər bir məktəbdən çıxan kimsənələrin əksəri fürs arasında bir az məşq etməklə əlfazı nəzmə düzməyə qadir olur və belə kimsənələrə şair demək qələtdir.

Bəhər surət, türk arasında dəxi bu zamana qədər mütəqəddimindən şair olmayıbdır. Füzuli şair deyil və xəyalatında əsla tə’sir yoxdur; ancaq nazimi-ustaddır. Amma mən əyyami-səyahətimdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü və dəxi Qasım bəy Sarucaluyi-Cavanşirə düçar oldum ki, əlhət türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu. Ondan ötrü ki, dediyim şərt ziyadə onun mənzumatında tapıldı. Mənim əqidəmə görə tarixi-hicridən indiyədək türk arasında şair münhəsirdir məhz bu iki şəxsə. Bir də bir Məsiha var imiş, xəyalatı az tapılır.

Bu iki şəxsin də fərqi bir-birindən budur ki, əgərçi Molla Pənah müqəddəm ərsəyə gəlib bu fənndə Qasım bəyə nisbət rəhnümadır və lakin ləzzət və tə’sir və mühəssənati-nəzmiyyə Qasım bəyin xəyalatında çoxdur. Məsələn: Qasım bəy qafiyatında öz məhbubəsi ilə bir növ müxatibə və mükalimə edir ki, adam valeh olur və vəqaye və güzarişatı və əhvali-müasirini və ətvari-pirü cavanı bir növ ilə bəyan edir ki, insan vəcdə və zövqə gəlir. Bunun xəyalatı binəzirdir. Ancaq bunun əş’arını oxuyanda müstəme inana bilir ki, şe’r vaqiən ləzzətə bais olurmuş.

Lihaza, milləti-islamı şe’rlə nəzmin fərqindən vaqif və bu iki şəxsin haqqında arif etmək üçün onların mənzumatını – o miqdarda ki, dəstgir oldu, – bir mücəllədin içində basdırıb müntəşir edirəm. Taki, bundan sonra şe’r maddəsi ilə zühura gələn vücudlara nümunə və əndazə olsun və bunların əş’arını görəndən sonra bir para öz haqlarında müştəbeh olan nəzm sənətkarları şair olmadıqlarını anlayıb, bihudə özlərini zəhmətə salmaqdan və yavan nəzmlərin inşasına övqat sərf eləməkdən əl çəksinlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов