Страница 2 из 3 · 33%

Xa... xa... xa!.. Süavi əfəndi qaçır. O, bizimlə belə bir şərt bağlamır, belə bir zəmanəti vermək istəmir. Mən isə onun yaxasından əl çəkən deyiləm.

– Xeyr ha, Mirzə Fətəli, sən nə üçün Süavi əfəndinin yaxasından bir qədər möhkəm yapışmısan? O, kamil adamdır, özü çox yaxşı qanır ki, bu iş baş tutası deyildir. O, belə bir şərtə necə girişsin və belə bir zəmanəti necə versin? Süavi əfəndinin məsləhət gördüyü əlifbadakı bütün o saitlər, hərəkələr, əlamətlər, işarələrlə çətin, çox çətin ki, bizim uşaqlar bir neçə həftə dərs oxuduqdan sonra qəzet oxuya bilələr. Məgər Süavi əfəndinin özü bunu bilmir ki, bu yazı ilə dərs keçilərsə, bizim uşaqlarımız bir neçə həftədən sonra deyil, bəlkə də beş il oxuduqdan sonra belə, hərəkələri və işarələri gördükdə “Sütünavəndə”ni tələffüzə gətirə bilməyəcəklər. Ərəbcə olan bu beyti də düzgün oxuya bilməyəcəklər:

və bu dörd kəlməni:
düzgün tələffüz edə bilməyəcəklər. Yazıq uşaqlarımızın heç bir təqsiri yoxdur. Onlar nə bilsinlər ki, ay Mirzə Fətəli, sən (həza) yazıb

(haza) oxuyursan; (fəti) yazıb (fəta) oxuyursan. Əhmədin hərəkələri isə lap böyük müsibətdir. Ərəblərin evi yıxılsın! Ərəb dilini öyrənmək, o dildə danışan xalq olmadığımıza görə, başımıza böyük bir bəladır. Uşaqlar doqquz cəhəti yadda saxlamalıdırlar və oxuduqları zaman hər ismə təsadüf etdikdə xəyallarından keçirib bilməlidirlər ki, o doqquz cəhətdən ikisi həmin adda mövcuddurmu, ya yox? Əgər mövcuddursa, isim hallanmayandır, əgər mövcud deyilsə, demək isim hallanandır. Əgər bunda qəflət etməsələr də, hər halda həmin ismin hərəkə və saitlərini oxuduqda mütləq səhvə yol verəcəklər. İndi, de görək bizlərdən hansımız, taza oxumağa başlayarkən bir neçə həftədən sonra o dərəcəyə çata bilərik ki, isimlərin hallananları ilə hallanmayanlarını bir-birindən seçib fərqləndirməyi bacaraq? Məgər, dərd birdir ki, onun dərmanını tapa bilək! Bu məsələ Süavi əfəndinin özünə tamamilə aydındır və bu barədə o, əsla mübahisəyə girişə bilmir. Demək, yazıq, düşünmədən bir söz demişdir; daha bunun üçün onu bu qədər sıxışdırmağa dəyməz.

Çox yaxşı! Mən Mirzə Fətəli, bu şərt və zəmanət təklifindən vaz keçirəm. Ancaq Süavi əfəndi cənablarından xahiş edirəm ki, savadlanma məsələsində son həddi və dərəcəni tə’yin etsin. Yə’ni o desin görək, bir uşaq nə halda, nə məqamda savadlanmışlar dərəcəsinə çata bilər ki, biz həmin məqamda sait və hərəkələri onun gözü önündən götürək?!

Mən öz əqidəmcə bizlərdən heç birimizin bu məqama çatdığını zənn etmirəm. Bizim əlifbamız o qədər çətindir ki, əgər biz öz ana dilimizdə savadlanmanın başlanğıc dərəcəsindən son dərəcəsinə birtəhər çata bilsək də, ərəb dilində, çox kamil olan bə’zi alimlərimizdən başqa heç birimiz özümüzü kamil savadlı hesab edə bilmərik. Hətta, bu kamil alimlərin özləri də belə, bu dildə səhv və xətalara yol verməkdən tamamilə tə’min deyildirlər. Çünki ərəb dilində Cövhəridən kamil savadlı olmaq heç kəsə mümkün deyildir. “Qamus” müəllifi Məhəmməd Firuzabadi öz kitabında həmişə yazır ki: “Əl-Cövhərinin səhvi” və “Əl-Cövhərinin səhvi iki haldan xali deyildir. Ya Cövhəri kəlmənin hərəkələrində səhvə yol vermişdir, ya da ki, Firuzabadi özü səhv edir. “Qamus”un farsca mütərcimi də Firuzabadiyə iradlar tutur. Mən isə bilmirəm ki, haqq bunlardan hansının tərəfindədir. Hər halda bunun o qədər də əhəmiyyəti yoxdur. Cövhəri də, Firuzabadi də kamil savadlı adamlardır. Onların ərəb dilindəki biliklərinin üçdə biri, dörddə biri belə, bizim hər hansımızda olsaydı, tamamilə kifayət idi. Lakin sözüm ondadır ki, Süavi əfəndinin göstərdiyi yol ilə getsək, bizim uşaqlarımız 15 il, hətta 20 ildən sonra belə kamil savadlılar dərəcəsinə çata bilməzlər. Əgər biz hərəkələri və işarələri onların gözü önündən qaldırıb, onları hərəkəsiz, işarəsiz yazı oxumağa məcbur etsək, görəcəyik ki, həmin əvvəlki korlardır. Onlar yenə də uzun müddət bu “çılpaq” yazılar üzərində zəhmət sərf etməlidirlər ki, onları da oxumağa adət edə bilsinlər.

Yazı üsulunda islahat aparmaqdan əsas məqsədimiz bundan ibarət idi ki, oxumağı öyrənmək üçün lazım olan uzun müddət qısa müddətlə əvəz olunsun. Əlifbanın çətinliyi nəticəsində ömrümüz nəfis elmləri öyrənmədən əvvəl, kəlmələrin və cüz’i şeylərin üstündə zay olmasın. Süavi əfəndinin təklif etdiyi üsul islahat deyil, əksinə bir çətinliyin üzərinə digər bir çətinliyi əlavə etməkdir. İndi təsəvvür ediniz, tutaq ki, mən farsca və ya türkcə və ya ərəbcə bir kitab yazmışam və ya bir kitabı çap edirəm; hərflərin üstünü və altını saysız və hesabsız nöqtələrlə doldururam, fəthə, zəmmə və kəsrə düzürəm, mədd, təşdid, cəzm, vəqf əlamətləri yığıram və üç cür tənvin də yazıram və bunlardan əlavə, 1, 2, 3, 4, 5 kimi həndəsi rəqəmlər də yazıram. Mənim bu kitabım sizin gözünüzdə nəyə oxşayacaqdır? Dağ çapmaq belə bir kitabı oxumaqdan, yazmaqdan və çap etdirməkdən daha asandır. Bu, məgər islahatdır? Bu, məgər asanlaşdırmaq vasitəsidir? Ramazandan çox razıydıqmı ki, Şəvvaldan da altı gün alıb ona qatırıq? Nöqtələrdən, fəthədən, zəmmədən, kəsrədən, tənvindən və sair işarələrdən çox razıydıqmı ki, indi də həndəsi rəqəmlərdən onlara yeni işarələr əlavə edirik? Özü də ki, yəhudiləri təqlid yolu ilə!

Biz artıq təqliddən təngə gəlmişik. Təqlid bizim evimizi yıxmışdır. İndi-indi bu qərara gəlmişik ki, təqlid boyunduruğunu boynumuzdan ataraq qaranlıqdan işıqlığa çıxaq, azad və sərbəst fikirli yaşayaq. Bir məsələdə yəhudilərə təqlid etdik və “Biz Adəm övladına kəramət göstərdik. Onları səhrada və dənizdə gəzdirdik, onlara pak maddələrdən ruzi verdik, onları üstün yaratdıqlarımızın çoxundan üstün tutduq” kimi hörmətli ayənin ziddinə olaraq, bütün yer üzü xalqlarını murdar və natəmiz hesab edib, onlardan uzaqlaşmağı lazım bildik və bunun nəticəsini də gördük. Başqa xalqlarla qaynayıb-qarışmadığımıza görə, bu günə qədər elmləri və sənətləri öyrənməkdən məhrum olduq. Daha bəsdir, bundan belə artıq yəhudilərə təqlid etməyəcəyik.

Onların təqlidi elmi bada verdi,
“Bu təqlidə iki yüz lə’nət olsun!”
Bizim cəhalətimizin babası ictihad olmuş,
Ey hüşyar insan, ictihaddan qaç!
Əxbarilərə xitab:

Dünyada qopan bu qədər qovğa və üsyan,
Bütün təbrizlilərin ixtilafı,
Həm təqliddəndir, həm ictihaddan,
Sinəmizi açaraq hər ikisindən aman istəyirik.
Təqlid üçün bizə eyb olsun,
Xüsusilə də ki, yəhudinin təqlidindən!

Əgər yəhudilərin tə’lim-tərbiyə üsulu tərəqqi və inkişafa səbəb olsaydı, bəs nə üçün onların özləri bu günə qədər ən dəhşətli cəhalət və korluq girdabında qalmışlar.

Müxtəlif bilikləri öyrənmək üçün bu gün biz məcburuq ki, Avropa xalqlarının dillərindən istənilən mə’nanı verən saysız-hesabsız sözlər alaq və öz dilimizdə işlədək; çünki bu kimi sözlərin qarşılığı bəhs edilən üç dilimizdən heç birində yoxdur. Bundan başqa bə’zi yerlərin, ölkələrin və şəhərlərin adını, şöhrətini bildirən sözlər də bizim indiki əlifba ilə əsla düzgün yazılıb oxuna bilməz. Əgər bu kimi sözləri bütün kitablarımızda və əsərlərimizdə fəthə, zəmmə, kəsrə və başqa əlamət və işarələrlə qeyd etsək, yenə də düzgün oxunmayacaq, əgər onlarsız yazsaq, vəziyyət daha pis olacaqdır.

Osmanlı Cəmiyyəti-elmiyyəsi bizim hazırkı yazı qaydalarımızın çətinliyindən daima şikayət edir. Bu çətinliyin əsas səbəbi hərflərimizin bir neçə şəkildə yazılması, onların kəlmə tərkibində bitişikliyi və fəthə, zəmmə, kəsrə, tənvin və başqa işarələrin mövcud olmasındadır. İndi isə, əgər Süavi əfəndinin məsləhəti ilə yazımıza bir sıra yeni işarə və əlamətlər də artırsaq, qoz üstə qoz olar və Osmanlı Cəmiyyətielmiyyəsinin fəryadı göylərə yüksələr.

Əlbəttə, azacıq dəyişiklik olmadan yazı qaydalarını islah etmək mümkün deyildir. O ki mənəm, mən özümün hər iki layihəmdə sabiq hərflərimizin tərkibini atmamışam, ancaq nöqtələri atmışam və hərəkələri bildirən bə’zi şəkilləri də əlifbaya əlavə etmişəm ki, onların da heç birisi gözümüzə qəribə gəlməz. Məsələn: şikəstə xətti üsulunda (Ra) hərflərini əvəz edən işarəsini fəthə qəbul etmişəm. Elə bil ki, yazırsan:

Bu şəkli kəsrə tə’yin etmişəm ki, əslində lam ilə əlifin birləşməsindən əmələ gəlir. Necə ki, yazıram Habelə, bu şəkli, ya da bu zəmmə təklif edirəm ki, bu da əlifə və ya mimə çox oxşayır. Mədd şəklində də qəribəliyin olmadığı çox aydındır. Hanı burada elə bir külli dəyişiklik ki, yeni qaydaya adət edənləri köhnə kitab oxumaqdan məhrum edə bilsin? Biz, hazırkı əsrdə belə, kufi xəttini oxuya bilirik. Çünki kufi xəttin əlifbası əlimizdə vardır. Bəs necə ola bilər ki, biz yeni qaydaya adət etdikdən sonra öz köhnə kitablarımızı oxumaqdan aciz qalaq? Ancaq bu qədər var ki, biz onları, yavaş-yavaş, tədricən yeni qaydada olan əlifbaya köçürəcəyik. Onları köçürmək isə işsiz alimlərimiz üçün pakizə bir iş olacaq və elmlərin sahəsində böyük bir hərəkat başlanacaqdır ki, mən onun vəsfindən acizəm. Çoxlu mətbəələr təşkil olunacaq, xalqın yoxsul və miskin kütlələrinin əli duz-çörəyə çatacaqdır. Yeni-yeni əsərlər meydana gələcək, tamamilə yeni bir aləm qurulacaqdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов