Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surəti
Страница 3 из 3 · 67%
Amma Melkum xan əlifbada əsaslı dəyişiklik aparmağı məsləhət bilir. O da Osmanlı Cəmiyyəti-elmiyyəsinin fikrinə şərik olub, çap işini asanlaşdırmaq məqsədini izləyir. Mənim fikrimcə, bu böyük işdə Melkum xanın nəzəriyyəsi də əsassız deyil. Köhnə kitablarımızı saxlamaq xatirinə bütün xalqı cəhalət və korluq məhbəsində saxlamaqdansa, keçmiş yazı qaydalarımızı kökündən dəyişmək daha yaxşı olardı.
Süavi əfəndi deyir: “Mən qızdırma-titrətmə naxoşluğuna tutulmuşam. Məni müalicə edin, yə’ni əlifbanı islah edin”.
Mən deyirəm: “Yeməyini azalt, xinin ye! (Yə’ni nöqtələri at, hərəkələri hərflərin sırasına daxil et”).
Melkum xan isə deyir: “Havanı dəyiş! Arandan yaylağa köç! (Yə’ni əlifbanın keçmiş şəkillərindən əl çək və yazının hərflərini avropalıların hərfləri kimi zərif və bitişməz yaz!”).
Süavi əfəndi isə deyir: “Mən, nə yeməyimi azaldıram, nə xinin yeyirəm, nə də havamı dəyişirəm. Bütün yer üzünün xalqları da mənim kimi qızdırma-titrətmə naxoşluğuna mübtəladır (yə’ni onların da əlifbası qüsursuz deyildir). Qoy onlar da yeməklərini azaltsınlar, xinin yesinlər və havalarını dəyişsinlər (yə’ni gərək onlar da öz əlifbalarını dəyişdirsinlər). O zaman mən də sizin sözünüzə qulaq asaram. Yoxsa, yox!.. Əgər siz mənim xeyirxahımsınızsa, məni dua ilə müalicə edin (yə’ni keçmiş yazı qaydalarını dəyişdirmədən, onda islahat əmələ gətirin!”).
Süavi əfəndi! Mən bu yerdə artıq özümü saxlaya bilmirəm və güzəştə getməyə də əsla meylim yoxdur. Sən öz qəzetində e’tiraf etmisən ki, Avropa əhalisi əlifbalarının əlverişli olması sayəsində elm və sənaye sahəsində xeyli tərəqqi edib, bizdən irəli düşərək, böyük üstünlük əldə etmişlər.
İndi necə deyə bilərsən ki, gərək onlar da öz əlifbalarını dəyişdirsinlər? Bir halda ki, onların əlifbası xalqın tərəqqisinə mane olmur, nə üçün gərək onu dəyişdirsinlər? Görünür, onların yazısında olan qüsurlar bizimkində olduğu qədər böyük deyildir. Əks təqdirdə, onların uşaqları da bir neçə həftəlik tə’limdən sonra öz qəzetlərini oxumağa qadir olmazdılar. Aydındır ki, onların əlifbasının nöqsanı az, bizim əlifbanın nöqsanı isə çoxdur. Əgər sən desən ki, onların əlifbası əlamətlərin və işarələrin vasitəsi ilə islah olunub, mükəmməlləşdirilmişdir, bəs onda sən nə üçün mənim istədiyim zəmanəti vermirsən ki, biz də sənin dediyin kimi əlamət və işarələri əlifbamıza daxil edib, onlar kimi olaq?
İndi cavabımı ver! Aydındır ki, cavab tapmırsan. Çox gözəl, elə mən də bunu istəyirdim. Belə isə bundan sonra sözünün dal-qabağını yaxşı düşün! Gör nə demişsən və nə deyəcəksən.
Bəs necə, sən istəyirsən ki, mən və ya Melkum xan dua yazmaqla sənin xəstəliyinə əlac edək? Mən duası müstəcab olan adam deyiləm. Melkum xan da məndən betər. Xüsusilə ki, o, kafərdir. Mən o cür müalicəni edə bilmərəm. Mö’cüzə və kəşf-kəramət dövrü keçmişdir. Bu gün Allah bizə qarşı kəmiltifatdır. Artıq Cəbrayılını bizlərdən heç kəsin yanına göndərmir ki, onun ətəyindən tutub dərdimizi ona açıb söyləyək. Biz insanlardan heç kəsin duasını qəbul etmir.
*Bir neçə gün bundan əvvəl nadir bir hadisə olaraq, Allah mələklərindən iki-üç nəfərini Həkimül-məmalikin yanına göndərmişdir. Həkimül-məmalikin qabiliyyətsizliyi üzündən onların gəlməsi də nəticəsiz qaldı. Yə’ni vücudunda taqət yox idi, ona görə də tab gətirmədi. Burnundan, qulaqlarından qan açıldı, təngnəfəs oldu, məqsədə çata bilmədi, yarı yoldan qayıtdı.
Bu gün biz hamımız başlı-başına buraxılmışıq. Bizim yaxşımız da, pisimiz də tamamilə öz qabiliyyətimizin öhdəsinə atılmışdır. İndi hər bir naxoşluq təbiət qanunlarına müvafiq olaraq müalicə edilir və hər cür islahat təbii vəziyyətdə tətbiq oluna bilər.
Fransız və ingilis əlifbasından bizim də az-çox xəbərimiz vardır. Onların əlifbasındakı qüsurlar bizim əlifbamızda olan qüsurlar qədər çox deyildir... Yəqin bil ki, əgər onların əlifbası da bu dərəcədə qüsurlu olsaydı, onlar da elmləri öyrənmək sahəsində bizim kimi aciz qalardılar; onların uşaqları da 3-4 il təhsil aldıqdan sonra öz əlifbaları ilə yazılmış qəzetlərini oxuya bilməzdilər və özləri də əlifbanı dəyişdirmək təşəbbüsündə olardılar. Yə’ni onların naxoşluğu da səninki qədər şiddətli olsaydı, müalicə olunmaq üçün şübhəsiz ki, xörəklərini azaldar, xinin yeyər və havalarını dəyişdirərdilər. Elə isə, əsassız təklif etmə! Bə’zi dəyişikliklər olmadan əlifbada islahat aparmaq mümkün deyil, vəssəlam!
İslam əlifbasında heç nəyi dəyişmədən islahat aparmağı istəyən Süavi əfəndinin əqidəsinə qarşı Mirzə Fətəlinin tənqidi bitdi.
*Nəvvabi-müstətabi-əşrəfi-valadan xahiş edirəm Tehran qəzetinin mühərririnə tapşırasınız ki, bu yazı üsulunu dəyişmək məsələsini qəzetin bə’zi nömrələrində məşvərət orqanının rə’yinə müvafiq olaraq yazıb, ölkənin hər tərəfində yaysın ki, bəlkə ətrafdan və xaricdən də fikir sahibləri öz əqidələrini bu barədə yazıb Tehrana göndərsinlər.
Bizim həmməzhəbimiz olan bilik və kamal sahibləri bu günə qədər xalqın axirət dünyası mənafeyi barədə nə yazmışlarsa, kifayət edər. Qoy bundan belə öz fikirlərini xalqın dünyəvi mənafeyi uğrunda sərf etsinlər və xacə Hafizin bu beytini bir daha təsdiq etsinlər:
“Mədrəsənin qiylü qalından ürəyim təngə gəldi.
Qoy bir müddət də mə’şuqə və meyə xidmət edim”.
Sentyabr ayı, 1868-ci il, Tiflis
Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-suavi-efendinin-eqidesine-qarsi-yazilmis-tenqidin-sureti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1872-ci il mart ayının 29-da Ruhül-qüdsə yazılmış başqa bir məktubun surəti**Ruhi-rəvanım, Ruhül-qüds!
Əli xanaİranın sabiq konsulu Əli xana Tiflisdən Tehrana yola düşdüyü zaman yazılmış məktubun surəti**Mənim əzəmətli ağam, səadətiniz daimi olsun!
NikolaiyəKeçmişdə Rəşt şəhərində böyük Fransa dövlətinin baş konsulu olub, fars dilini yaxşı bilən müsyö Nikolaiyə yazılmış məktubun surəti**1872-ci il dekabrın 6-da Tiflisdən*
“Həqayiq” qəzeti redaktoruna1290-cı [1873] ildə Tiflisdən “Həqayiq” qəzeti redaktoruna**Mənim əziz qardaşım, səadətiniz daimi olsun!
Стихи других поэтов
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
TapmacalarMən Aşıq qan ayağı,Qan alı qan ayağı,