Polyak qızı Səlmi
(Müqəddimə əvəzi)
Bu il Avropaya nə tez yağıb qar?
Bu il Avropaya ağır gəlib qış.
Qardan divar çəkib elə bil yollar,
Kəndlər, biçənəklər qar altda qalmış.
Mən də qışda çıxdım bu il səfərə,
Demədim: – Gözləyim.
Uzaq yoldur bu.
İlk dəfə gördüyüm qürbət bir yerə
Gedirəm... bəlkə də ağır oldu bu...
Dedilər: – Düşərsən dumana, çənə,
Axı, bu, Polşaya ilk gedişindir.
Almaniya olsaydı bilərdin yenə
Yollar hardan gəlib hayana gedir...
İndi gecəyarı, yol buz,
maşında
Bütün bu söhbətlər düşür yadıma.
Yəqin deyəcəklər kamil yaşında
Ehtiyatsız olub...
Bilmirlər amma...
Bilmirlər bu adi bir səfər deyil,
Deyəm ki, qar, soyuq... daha nə bilim...
Doğrusu, bu mənə əskiklikdi, bil;
Sağikən cərgədə boş qalsın yerim.
Qəhvəxanada
Gəlmişəm Polşaya,
Nigaranlıq da,
Tərəddüd, sual da arxada qalmış.
Fikrimdə bir şey var: bu dumanlıqda
Görəsən bizimlə nə edəcək qış?
Ağappaq geyinib elə bil aləm,
Maşın sürüşdükcə buz üstə bəzən –
Deyirəm, mən gedib çıxa bilmirəm...
Sonra utanıram tərəddüdümdən...
Birdən ləngər vurub dayanır maşın,
Məni dövrələyir qara fikirlər.
“Keçdik pəncəsinə deyəsən qışın...”
“Yəqin ki, yolumu gözləyəcəklər...”
“Yəqin ki...” şoferə dönüb baxıram,
Şofer gülümsəyir:
– Buyurun, qonaq.
Pis olmaz burada qalsaq bu axşam,
Yoxsa səfərimiz çətin olacaq.
Bu, yolda yeganə qəhvəxanadır.
Yollar buz bağlayıb, sanki aynadır.
Bir də qatılaşır duman anbaan,
Burda qalmağımız yaxşıdır yəqin
Tələsib gecəni yolda qalmaqdan...
Keçirik içəri,
geniş, işıqlı,
Tavanı, divarı ağ, yaraşıqlı
Bir qəhvəxanadır...
Mizlər, səndəllər...
Bir yanda oturub beş-altı nəfər.
Bir mizin ardına keçirik biz də.
Elə yorulmuşuq,
hər ikimiz də –
Dinib danışdıran olmasa əgər
Yatarıq beləcə səhərə qədər...
Fəqət bir şey içib qızışmalıyıq,
Sonra da sübhədək danışmalıyıq.
Bakallar, fincanlar artdıqca mizdə,
Deyəsən qızışır bədənimiz də...
Şofer xumarlanır.
Qoy yatsın bir az.
Axı, o yatmasa yol getmək olmaz...
Tanışlıq
İndi tək qalmışam,
Xidmətçi qızdan
Qəhvə istəyirəm yenə bir fincan.
Qəhvəni gətirir yaşlı bir qadın.
Cənub göyləri tək dupduru, aydın
Mavi gözlərində bir mehribanlıq.
Baxır təbəssümlə mənə bir anlıq.
Mən də ixtiyarsız gülürəm,
fəqət
Anlaya bilmirəm nədir bu ülfət.
Deyəsən gözümdə görünən sual
Qadının qəlbində əks olur dərhal:
– Bayaqdan görürəm, ay Şərqli qonaq,
Ya çay içirsiniz, ya qəhvə ancaq.
Axı, şərqlilərdə başqa adət var,
Süfrədə nəməti çox xoşlayarlar.
Dedim ki: – Elədir, hörmətli xanım,
Ancaq yol üstdəyəm...
– Bilirəm, – dedi –
Dumanda yol getmək, axı, çətindir.
Bir də ki, səhərə çox qalır hələ.
Məni bağışlayın, bəlkə sizinlə
Belə danışmağım yersiz görünür.
Deyirsən, bu sorğu, bu sual nədir.
Dayana bilmədim sizi görəndə,
Axtarsan bir qədər şərqliyəm mən də.
Təəccüb etməyin şərqliyəm, ağa.
Mənsə ixtiyarsız qalxdım ayağa,
Bu “şərqli qadın”ın önündə bir an
Donub heykəl kimi dayandım, inan.
İstədim deyəm ki, düzü, ay xanım,
Şərqli olmağına necə inanım.
Baxdım saçlarına, dümağ – qar kimi,
Mavi gözləri də bulaqlar kimi
Elə bil indicə çağlayacaqdı.
Əlləri göy xətli bir ağ varaqdı.
Alnında illərin qırışı çin-çin,
Üzündə təbəssüm, bir də ki təmkin...
Elə ilk baxışda bu aydın idi –
Tamam avropalı bir qadın idi...
Mən donub qalmışdım,
o dindi yenə: –
– Bilirəm nə üçün baxırsız mənə:
“Şərqli olmağına necə inanım...”
Dedim ki, əfv edin mümkünsə, xanım,
Buyurub əyləşin, bir qəhvə için.
Şərab gətirsinlər bəlkə sizinçin?
– Əlbəttə qəhvədən yaxşıdır şərab.
Ey, Maya, şərab ver,
Doğrusu, cənab,
Mən yox, siz qonaqsız bu axşam mənə.
Bu qəhvəxananın müdirəsinə.
– Mən qəhvə içirəm şərab yerinə.
– Yəqin müsəlmansan, günahdır sənə?
Sevirəm iradə sahibini mən.
Rəhmətlik ərim də müsəlman idi,
O da içməmişdi heç sizin kimi.
Elə ki mənimlə Polşaya köçdü
Yazıq dərd əlindən içdi, nə içdi...
Deyirdi, ay Səlmi, sənin üçün mən
Keçdim hər şeyimdən...
– Adınız Səlmidir?
– İkinci adım.
Mən bunu ərimdən yadigar aldım.
Bu söhbət uzundur, sən danış, qonaq,
Elə istəyirəm Şərqdən danışaq.
Bəlkə bircə qədəh şərab içəydin?
Bilirəm səninçin günahdır şərab.
Səlminin xətrinə bu axşam, cənab,
Savabdan, günahdan bəlkə keçəydin.
Baxdım gözlərinə,
mavi gözlərin
Gördüm ümmanında bir kədər də var.
Sahilə atmamış onu dalğalar.
Bir doğma, müqəddəs, bir əziz kədər,
Təbəssüm donunda tərtəmiz kədər.
Dedim ki, Səlmi,
Mən nə müsəlmanam müsəlman kimi,
Nə də ki kafir.
İçsəm, ya içməsəm, hamısı birdir.
Səlmi gülümsədi:
– Bu əla oldu.
İçmək istəyirəm bu gün, doğrusu,
Mən sizi görəndə dərdim oyandı,
İçimdə elə bil bir ocaq yandı,
Yandı, o yandırdı dərindən məni.
Dedim ki, bu şərab dərdimdən məni
Ayırdı bəlkə də bir saat inan.
Mən susub dinlərəm, sən danışarsan
Vurğunu olduğum mehriban Şərqdən,
Sevgisi, hörməti bir ümman Şərqdən.
İyirmi ildir ki, görməmişəm mən,
İyirmi ildir ki, düşmür dilimdən...
Söz sözü gətirər
Danışdım...
əlini qoyub üzünə
Körpə uşaq kimi baxırdı mənə.
Baxırdı, elə bil bu dəqiqə mən
Nağıl danışıram Məlikməmməddən...
O bir qədəh içdi,
İçdi yenə də.
Bu hal təsir etdi, düzü, mənə də
Dedim: – Bir arzum var,
mümkünsə, əgər –
Deyin, nədən sizə Səlmi deyirlər?
Səlmi danışmadı, susdu bircə an...
Nə isə axtardı öz yaddaşından...
Qəmdən keflənəni ayıldır şərab,
O həm sevinc verir, həm də iztirab.
Səlmi də sahildən qopmuşdu artıq,
Nə tamam kefliydi, nə də ki, ayıq.
Dedi ki, Səlmini soruşdun məndən?
Səlmi ölən zaman doğulmuşam mən.
Səlmi Ümmanımın sevgilisiydi,
Sevgi qayıqları daşlara dəydi,
O öldü... ölmədi Səlmi mənəm, mən.
Nə məni Səlmidən, nə onu məndən
Kim ayıra bilər? Bu ki, mahaldır!
Bu ad Ümmanımdan yadigar qaldı...
Bir qədəh də içdi... üzündə həycan
Baxdı gözlərimə o heyran-heyran.
– Ümmanın ölməsi düz üç il olar.
Qəlbimdə üçillik qəm var, ağrı var.
Onu şərqdə tapdım, qərbdə itirdim.
Taleyim beləymiş, daha nə bilim...
Mənə şərab tökün, ağayi Azər,
Ümmanım öləndən indiyə qədər
Şərab içməmişəm, inanın mənə,
Özümün yerimə, onun yerinə
Şərab içməliyəm, şərab səninlə,
Bu axşam nə yaxşı sən gəldin belə,
Həm sevinc gətirdin, həm kədər mənə.
İndi bu badələr nə edər mənə...
O alıb qədəhi şəraba baxdı,
Elə bil onunla danışacaqdı.
İçmədi qaytarıb qoydu yerinə.
– Dedin ki, Səlmidən danışım sənə?
Danışım, içməyə vaxtımız olar...
Qaçqınlar
Yəqin ki, tarixdən xəbəriniz var,
Almanlar Polşaya hücum edəndə
Qaçqın dəstəsinə qoşulub mən də
Çıxdım Varşavadan.
Axı, ilk hücum
Atasız, anasız qoymuşdu məni.
Şərqlilər demişkən dərbədər oldum,
Neçə kənddən keçdik, şəhərdən keçdik,
Hörmət elədilər hər yerdən keçdik...
Bir axşam töyşüyüb dayandı qatar,
Düşdü vaqonlardan bütün qaçqınlar.
Soruşdum, haradır?
Dedilər: – Bakı.
İnanın o qədər yorulmuşdum ki,
– Daha mən burada qalıram – dedim, –
Yolların əlindən lap cana gəldim.
Güldü bu sözümdən qızlar, oğlanlar:
– Yəqin bu şəhərdə qohumunuz var?
– Yox, canım, buruqlar gəlir xoşuna.
– Bəlkə neft sevdası vurub başına.
– Dənizə bağlanıb, bilirəm bunu,
Delfin tək çiməcək günlər uzunu.
– Məni də özünlə saxla, əzizim...
Hərə bir söz dedi.
Daha nə bilim...
Dedilər, güldülər... gülürdüm mən də...
Yaxşı söyləyiblər, toy-bayram olur
Dərdi də, qəmi də ellə çəkəndə.
Deyirəm dünyada nə qədər sirr var,
Hələ açmamışdır onu insanlar,
Bəlkə dərk eləmək hələ mahaldı.
Mənə söz atanlar Bakıda qaldı,
Bizisə bir dəstə ayırıb sola,
Dedilər ki, sabah düşürsüz yola...
Sonradan öyrəndim Bakıda qalan,
Mənim tanıdığım neçə qız, oğlan
Mühəndis olmuşdur...
Sevindim, düzü.
O gün ki, eşitdim bu xoş xəbəri,
Yazdım ki, dostlarım, bir görün sizi
Necə də böyütdü o neft şəhəri...
Tufan doğma yurddan qopardı bizi,
Məhv edə bilmədi.
Bu səadətdir.
Bakıya bağlayan taleyinizi,
Dağa dağ söykənsə böyük nemətdir...
Beləcə yazışdıq biz xeyli zaman.
Elə ki, sülh gəldi dünya üzünə,
Bir gün məktub aldım mən Varşavadan
Bildim Bakıdakı dostlarım yenə
Vətənə qayıtmış.
Sanki təzədən.
Hicrandan hicrana düşdüm bir də mən...
Astara-Təbri yolunda
Dedim bir dəstəmiz sağa ayrılıb
Bakıda qaldı.
Bilmirəm nə üçün biz sola düşdük.
Elə ki gün batdı, göylər qaraldı,
Yenə vaqonlarda biz yola düşdük.
Getdik bütün gecə...
Dəmir təkərlər
Yeknəsəq mahnılar oxudu yenə.
Getdik, gözlərimdən asıldı kədər
Yuxu yerinə...
Niyə ayırdılar görəsən bizi?
Niyə biz qalmadıq Bakıda, niyə?!
Görəsən vaqonlar bu dəstəmizi
Çəkib aparırlar hansı ölkəyə!
Sual suallara hey calandıqca,
Vaqonlar yol boyu yırğalandıqca,
Gözümü yummadım səhərə qədər.
Birdən nəğməsini kəsdi təkərlər...
Yenə yığışdırdıq şeylərimizi,
Yenə maşınlara qoydular bizi,
Yadımda qalıb ki, körpüdən keçdik,
Dedilər İrana gəlib yetişdik...
İran – xatirimə nağıllar düşdü,
Qəlbimdə kədərlə sevinc görüşdü.
Qəmləndim, dərbədər düşmüşəm deyə,
Sevindim, gəlmişəm mən bu ölkəyə.
Mənə belə gəldi elə bu gündən
“Min bir gecə”dəki qəhrəmanlar tək
Sirli bir aləmə uçacağam mən...
Gəlir xatirimə bir səhər bizə
Üç məmur qoşdular, gedək Təbrizə.
Astara, Ərdəbil, sonra da Təbriz...
Neçə kənddən keçdik hörmət etdilər,
Qaş qara, göz qara, kirpiklər qara,
Bir cüt zəncir kimi hörüklər qara
Qızlar him-cim ilə söhbət etdilər...
Bir dağ aşrımında tufana düşdük, –
Yerdən də, göydən də ələnirdi qar.
Elə bil sahilsiz ümmana düşdük, –
Durdu maşınlar...
Endik maşınlardan,
hara gedək biz?
Hardadır Ərdəbil, hardadır Təbriz?
İlk dəfə ağladım xısın-xısın mən,
İstədim intiqam alım özümdən.
Ağlıma qəribə fikirlər gəldi,
Anam Varşavada bombadan öldü,
Mən qaldım, bu qalmaq kimə gərəkdi!
Əcəl gör haradan haraya çəkdi!
Qərib bir ölkədə, bir dağ başında,
Ölüb qalacağam.
Doğrusu özümə nifrət eylədim,
Niyə qaçqın olub buraya gəldim?!
Ağılsız bir uşaq deyim özümə?!
Mən kimə lazımam indi? Heç kimə!
Vətənimdə qalıb ölsəydim belə,
Cəbhədə ölərdim, ölməzdim belə,
Bu zaman zəng səsi gəldi uzaqdan,
Məmurlar qışqırdı: – Karvandır, karvan!
Sevindik, çatanda dəvə qatarı,
Tüstüsüz, matorsuz şərq maşınları.
Ömrümdə ilk dəfə dəvəyə mindim,
Sanki ləngər vuran gəmiyə mindim.
Qorxurdum, başını çevirib dala
Köpüklü ağzıyla tutacaq məni.
Bir göz qırpımında atacaq yola,
Ya da əjdaha tək udacaq məni.
Nə isə... Çox getdik biz ağır-ağır.
Bəlkə də yol mənə uzaq göründü.
Gəlib çayxanaya yetişdik axır,
Sevindim: bir işıq – ocaq göründü...
Çayxanada
Çayxana dediyim böyük bir bina
Sütunlu tağları durub baş-başa.
Çətində bir ordu sığınar ona,
Zamanla, ruzgarla çıxıb vuruşa.
Bircə iş düşməmiş daş divarlara,
Usta necə hörüb elə var, qalır.
Şah Abbas tikdirən bu karvansara
Nəsildən-nəsilə yadigar qalır.
Neçə karvan salıb yola xətərsiz,
Qurd kimi dişini ağardanda qış.
Pənah gətirmişik indi ona biz,
Nə yaxşı dünyada bu bina varmış.
Keçirik içəri, qoca sahibkar
Bizi qarşılayır bir gülər üzlə.
– Buyurun, xanımlar, gəlin, ağalar,
Məni şad etdiniz gəlişinizlə...
Qoca hörmət ilə düşdü qabağa,
Getdik, döşəmədə al-əlvan xalı,
Bizi görən kimi qalxdı ayağa
Buxarı başında oturanların
Neçə ağsaqqalı, qarasaqqalı...
Təəccüb eylədim, qaçqın qızlara
Nədir hörmət belə, ehtiram belə?
Faşistlər Polşanı çəkirlər dara,
Bəlkə bu cənablar bilməyir hələ.
Qoca döşək saldı, mütəkkə qoydu.
Kiçik stəkanda çay gətirdilər.
Bir oğlan uşağı qocadan sordu:
– Xanımlar, əgər...
Qoca tez uşağın sözünü kəsdi:
– Oğlum, yemək gətir, sual əbəsdir.
Qalsın qulağında,
Bir də heç zaman
“Yeyirsən” sözünü sorma qonaqdan.
Səlmi gözlərini qaldırıb bir an
Xəyal aləmindən geriyə döndü.
– Tamam unutmuşam, axı, doğrudan
Siz də yol gəlmisiz, acçınız indi.
Bir şey yeyəydiniz... səhərə çox var.
Mən təşəkkür etdim: – Danışın, Səlmi,
– Onda şərab için, şərab ki, olar...
O içdi... Manyanı çağırdı yenə,
Məni danlamayın cənabi Azər.
Bu axşam içərəm, zəhər versələr.
Nə isə, Hafizə, Xəyyama rəhmət,
Harada qırıldı bizim hekayət?
Hə, düşdü yadıma, qəlbimdə maraq
Oturduğum yerdən hey boylanaraq
Ətrafa baxırdım, gəncli, qocalı
Səhəri gözləyir hamı nigaran.
Neçəsi dövrəyə alıb manqalı,
Kimi çubuq çəkir, kimi də qəlyan.
İlk dəfə gördüyüm bu aləmdə mən
Elə bilirdim ki, əfsunlanmışam.
Kiçik bir nöqtə də qaçmır gözümdən,
Hər şey qəribəydi mənə o axşam.
Nə isə, gecədən səhərə çıxdıq,
Düzüldü qatara yenə də karvan.
Keçdik sıldırımlı, qarlı yollardan,
Gəlib min zəhmətlə şəhərə çıxdıq...
Təbrizə yetişdik, o ilk görüşdə
Miskin bir qocanı andırdı mənə.
Elə bil belini əymişdi qış da,
Boz çuxa geymişdi sanki əyninə.
Gözəllik ikidir, yaxşı məsəldir.
Biri batindədir, o biri üzdə.
Mən sonra bildim ki, necə gözəldir
Bu “miskin” görünən qoca Təbriz də...
Elə Səlminin də hekayətini
Təbrizdə eşitdim, Təbrizdə bildim.
O şəhər necə də dəyişdi məni,
Qaçqın tək getmişdim, xanım tək gəldim...
Həqiqətlər nağılı
Ümmandan öyrənmişəm
Nağıl danışan zaman,
Əvvəlcə başlayardı
Biri var, biri yoxdan,
Deyərdim: aydın danış,
Ya yox söylə, ya da var!
Deyərdi varla, yoxun
Vəhdətindən yaranıb
Şərqdə bütün nağıllar...
Nağıl yaranan zaman
Həqiqətin donunu
Oğurlamışdır yalan.
Birində yox ədalət,
Məşriqdən məğribədək
Ancaq hökmü rəvanmış.
Birində var sədaqət,
Qırx arşınlıq quyuda
Ömürlük qandallanmış.
Məhəbbət də var imiş,
Səadət də, hicran da.
Vüsalın yolu bağlı,
Açar Gilan yolunda.
Dəvələr qatar-qatar,
Hicran mənzilə çatar.
Vüsal yox.
Sarban dincəlib yatar,
Xəyal yox...
Kərəm varmış dünyada,
Bir də Əsli həsrəti,
Nağıl olmuş onların
Sevgisi, məhəbbəti.
Ancaq qara keşişdə
Yoxmuş insaf, mürüvvət.
“Yox” bir tilsimə döndü
Varlığın yaxasında,
Kərəm yandı nəhayət,
Görürsən Ümman mənə
Nələr öyrədib, nələr.
Nağılların qoynunda
Nağıl olmuş sirlər...
Kərəm yanır nəhayət,
Fəqət, mənim söhbətim
Səlmidən hekayətim
Bir el nağılı deyil.
Sirlər dünyasının
Qapısı bağlı deyil.
Bir vaxt var idi Səlmi,
İndi yox.
Bir gün yenə var olar,
Dastanlarda doğular.
Kitablarda doğular...
Təbrizdə
Təbrizə gəldiyim bir ay olardı,
Artıq mənzilim də, işim də vardı.
Qoca qarı idi ev sahibəsi.
O tək yaşayırdı, oğlu, nəvəsi
Başqa şəhərdəydi.
Dövləti, varı –
Oğlunun yanına getmirdi qarı.
Deyirdi: Bu baba ocağımızda
Gərək işıqlansın çırağımız da.
Əndərun, birunlu həyəti vardı.
Bir qoca bağbanı,
Bir də qulluqçusu orda yaşardı.
Adı... deyəsən ki... hə, Bətul xala.
Mənə ad qoymuşdu o, “qərib bala”.
Sonralar öyrənib, bildim, sən demə
Ürəyi yanırmış qəribliyimə.
Onunçun evində mənə yer verib
Hər gün süfrə dolu nemətlər verib.
Ortada nə para, nə haqq, nə hesab.
Qəribə əl tutmaq səvabmış, səvab.
Düz bir il onunla qalası oldum,
Elə bil doğmaca balası oldum.
Elə öyrənmişdim qarıya mən də,
Ümmanın evinə köçüb gedəndə
Mənə belə gəldi
Anamdan ayrılıb gedirəm, inan.
Ah, o da bir dövran, bir günlər idi.
Çıxmaz ölənədək çıxmaz yadımdan...
Səlminin hekayəti
Biri varmış, biri yox,
Biri acmış, biri tox,
Qəribə ruzgar imiş,
İki qardaş var imiş
Bir-birinə mehriban.
Birlikdə uzun zaman
Yer əkər, biçin biçər,
Yaşarmışlar birtəhər...
Böyüyün adı Həsən,
Kiçiyinki Məhəmməd.
Bir gün xırman üstündə
Belə edirlər söhbət.
Birinin oğlu olsa
Əgər birinin qızı,
Asimanda birləşsin
Onların bəxt ulduzu.
Həsən köçür dünyadan,
Oğlu doğulan zaman
Məhəmməd olur ona
Atadan da mehriban.
Oğlanın adı Ümman,
Qızının adısa Səlmi,
Bir yerdə böyüyürlər
Məktəb yaşına kimi.
Həsənin sözlərini
Xatırlayır Məhəmməd.
“Oğlumu məktəbə qoy,
Savad alsın həl-həlbət...”
Ümman Təbrizə gedir,
Səlmisə kənddə qalır.
Ancaq bəlli olmayır
Oğlan qürbətə düşür,
Ya qız qürbətdə qalır...
Ayrılığın yolunu
Əgər ümid qırmasa,
Vüsalın arxasında
İnam, dözüm durmasa,
Hicran əyər dağı da,
Yandırar torpağı da...
Ümman Təbrizə getdi,
Səlmi dözdü hicrana.
Səlmidən ayrılalı...
Ümman düşdü ümmana,
Xəyal kəməndə döndü,
Xəyalın qanadında
Yenidən kəndə döndü.
Uşaqlıq günlərinin
Aləminə qarışdı.
Bir gün Səlmidən küsdü,
Bir gün yenə barışdı.
Fəqət ağıllı Səlmi,
Ümmana bağlı Səlmi
Ona göndərdi xəbər:
– Məni əgər sevirsən
Həkimlik oxu, Ümman,
Həsrətə də dözərəm.
Hicrana da dözərəm,
Mən yolunu gözlərəm.
Uşaqlıq etmə nahaq,
Məni səndən ayırsa
Tək ölüm ayıracaq...
Səlminin sözü qanun.
Ümman getdi qürbətə.
Lap uzaq məmləkətə.
Oxusun,
Həkim olsun...
Günlərin bir günündə
Vəfat edir Məhəmməd.
Səadət göz açmamış
Hücum çəkir fəlakət.
Qalır Səlmi, anası.
Bir də qürbət ölkədə
Əminin nişanəsi.
Ancaq Səlmi kəsməyir
Məktubunun ardını.
Ürəyində gizlədir,
Bu kədərini, ağrını.
Deyir, Ümman eşitsə
Birdən tələsib gələr.
Dərsini kəsib gələr...
Gündən-günə Səlmi də
Boy atır, gözəlləşir.
Cavanların içində
Adı dillərə düşür,
“Səlmi bulağa getdi...”
Biçin biçən oğlanlar,
Ot çalan pəhləvanlar
Hamı bulağa gəlir.
“Səlmi yaylağa getdi...”
Atların dırnağında
Qığılcımlar alışır,
Elə bil ki, cıdırda
Qəhremanlar yarışır.
Hamı yaylağa gəlir.
Səlminin şöhrətini
Xana verirlər xəbər.
– Bu qıza yer üzündə
Tapılmaz tay, bərabər,
Bircə gün geciksə xan
Əli çıxar şikardan.
Biri deyir: – Qaçırdaq,
Gecənin bir yarısı.
O biri tədbir tökür:
– Xanın elçisi getsə,
Qızı yalvarıb verər
Məhəmmədin qarısı.
Ancaq zalım xanın da
Həsənlə Məhəmmədin
Əhdindən xəbəri var.
Atalar ölübsə də
Ümman sağdır, düşünür –
Bunun da xətəri var...
Hər gün bir söz deyirlər
Xan-dinib danışmayır.
Bu xətərli sövdaya
Ürəkdən yapışmayır.
Bir gün bulaq başında
Səlmiyə rast gəlir xan.
Səlminin gözəlliyi
Onu endirir atdan.
Xan qıza salam verir,
Çox mehriban danışır.
Ümmanı da soruşur...
Sonra minib atını
Kəndə sarı uçur o.
Sanki onu yandıran
Bir atəşdən qaçır o.
Görənlər heyran qalır,
Səlmi durub, xan qaçır.
Cəllad şikardan qaçır.
Yox, qaça bilməyir xan
Gözəllik afətindən.
Qəlbində baş qaldıran
Dilsiz məhəbbətindən...
Xan yatmaır gecələr.
Diksinir hər xəbərdən.
Öz-özünə deyir ki,
Ymman dönər səfərdən...
Daha dözə bilmir xan,
Qıza məktub yazdırır
O, Ümmanın adından...
“İndi necə yazım sənə dərdimi,
Günah tək məndədir, tək məndə, Səlmi.
Mən hardan bileydim belə olacaq
Bu qürbət ölkəyə gələndə, Səlmi.
Kaş xanın yanında qalaydım nökər,
Kənddə yaşayardıq bəlkə birtəhər.
Səndən ayrılalı düşdüm dərbədər,
Məni qəbul etməz vətən də, Səlmi.
Mən sənə hər şeyi danışmalıyam,
Taleyim bəd gəlib, barışmalıyam.
Ancaq mən özümlə vuruşmalıyam
Özümü salmışam kəməndə, Səlmi.
Daha mən nə üçün səni aldadım,
Burda evlənmişəm, evim, arvadım.
Deməli ömürlük bu yerdə qaldım,
Bil, gələn deyiləm mən kəndə, Səlmi...”
Səlmi alır məktubu,
Deyir Ümmandan deyil!
Ümman belə yazarmı?
Məhəbbət atəşinə
Yanan belə yazarmı?
Yox, yox inanmıram mən.
Bu sözlər necə çıxar
Ümmanımın dilindən...
Yalan bəzən doğrunun
Örtüyünə bürünür,
Yalanın qabağında
Doğru aciz görünür.
İnam bir yana çəkir,
Şübhə çəkir bir yana.
Ancaq mümkün deyildi
Xan yazdıran məktuba
Sevən bir qız inana.
Axı, xan hardan bilsin
Məhəbbət dünyasının
Ayrı bir aləmi var.
Hicranın da sevinci,
Vüsalın da qəmi var.
Məhəbbətdən uzaqdır
Şübhədə boğulanlar...
Xan istərdi Səlmini
Ata şübhə oduna,
Sonra bu köməksizin
Guya çatıb dadına,
Uzada öz əlini.
Səssizcə ram eyləyə
Bir kəndin gözəlini...
Səlmi rədd edir xanı,
Xan qorxur üzə çıxsın
Məktubunun yalanı.
Forraşlara əmr edir
Oğurlayırlar qızı.
Səlmini alıb gedir
Xan özü...
Səlminin gözü bağlı.
Səlminin ağzı bağlı.
Səlmi atın tərkində,
Nə danışır, nə dinir.
Kim bilir ki, bu anda
Xan nə haqda düşünür...
Səlmi nəyi düşünür...
Yol uzaq, gecə qara,
Görəsən bu zalım xan
Onu aparır hara?
At, təpədən sallanıb
Enir köpüklü çaya.
Səlmi də qulaq asır
Çaydan gələn haraya,
Onun son ümidinə
Haray verən haraya...
Su kəhərin dizində,
Gedir at.
Üzənginin gözündə,
Gedir at.
Səlmi qısılır xana
Bu anda.
Çöpə pənah gətirir,
İnsanlar boğulanda.
Xan deyir: – Qorxma, Səlmi,
Mən malımı, mülkümü
Axıdaram bu çaya,
Ancaq səni vermərəm.
At gedir qədəm-qədəm...
Su qalxır qarış-qarış,
Xanın dizinə çatmış,
Qızın dizinə çatmış.
Sanki artır qorxudan
Səlminin həyəcanı.
Köksünə sıxır xanı.
Xan məst olur elə bil
Qızın bu ülfətindən.
Səlmisə taleyinin
Sonuncu fürsətindən,
Elə bil qüvvət alır.
Qucaqlayıb xanı da
Özüylə suya salır.
Dalğalar hay qoparır,
Çay öz qurbanlarını
Qucaqlayıb aparır...
Dalğaların səsində,
İntiqam var, qəzəb var.
Sıyrılmış qılınc kimi,
Parçalamaq istəyir
Zalım xanı dalğalar.
Dalğaların səsində,
Bir inilti yalvarış.
Səlminin örpəyindən
Dalğalar çalma qoymuş...
İki aləm əks olur
Dalğaların hayında,
Məsum bir quzu ilə
Bir canavar boğulur,
Qızılözən çayında...
İlk tanışlıq
Şəfqət bacısıyam xəstəxanada,
Günləri, ayları sayırdım bir-bir.
Bəzən dözməyirdim bircə ana da,
İntizar olanda an da ləngiyir.
O zaman cəbhədən gələn hər xəbər,
Qəmimin üstünə qəm qalayırdı.
Mənə ürək verən, təskin verənlər
Elə bil qəlbimi parçalayırdı.
Dərd çəkmə deyəndə, doğrusu, hər kəs,
Baxırdım üzünə eləcə mat-mat.
Dil də bilmirdim ki, bir soruşam bəs
Necə dərd çəkməyim? Sən mənə anlat...
O vətən, bu qürbət, bu mən, bu hicran,
Hardan hara atdı rüzigar məni!
Kədərsiz yaşaya bilsəm bircə an,
Bunu dərk edənlər qınayar məni.
Yaman kövrək idi o zaman qəlbim.
Bətul xalaya da demişdim bunu.
Soyuq baxsa idi üzümə hər kim
Bəlkə dindirməzdim illər uzunu.
Bir həkim var idi, cavan bir həkim,
Bahar buluduydu qaşı-qabağı.
Dərdini, qəmini bilməzdi heç kim,
Yenə oturmuşduq bir axşam çağı
Lap belə, sizinlə oturduğum tək.
Dedi ki, “Ürəyim darıxır yaman,
Bilmirəm nağıldır, ya da ki, gerçək,
Bir hekayət desəm qulaq asarsan?”
Danışdı Səlminin hekayətini,
Sanma mənim kimi nəql eləyirdi.
O nakam gözəlin fəlakətini
Danışa-danışa o inləyirdi.
Bir Şərq əfsanəsi, yoxsa həqiqət,
Bilmədim hansını dinləyirəm mən.
Lal-dinməz oturdum bir xeyli müddət,
Sanki ixtiyarım getdi əlimdən...
Bir kəlmə danışa bilmədim, düzü,
Bilmədim nə zaman getmişdir həkim.
Sanki hər kəlməni, sanki hər sözü,
Təkrar edə-edə əzbərləyirdim.
O gecə sübhədək hey yuxu gördüm,
Gördüm ki, Səlminin üzü-gözü qan,
Necə də dəhşətli, qorxunc bir ölüm –
Xanı asmışdılar ayaqlarından.
Səhər xəstələndim... Qızdırmam artır,
“Səlmi... Səlmi...” deyə sayıqlayıram.
Yazıq Bətul xala yamanca qorxur,
Həkimin dalınca göndərir adam.
Düz bir həftə yatdım,
o cavan həkim
Gəldi dəydi mənə hər səhər, axşam.
Elə ki, ayılıb özümə gəldim,
Dedi ki: – Yanında çox günahkaram.
Hey “Səlmi” deyərək sayıqlayırdın
Mənim dərdlərimə sən ağlayırdın.
Dedim: – Sən Ümmansan məgər, ay həkim?
Dedi: – Yoxdur ondan xəbərim mənim.
Ancaq Səlmi olmaq istəsən əgər
Ümman hüzruna baş əyib gələr.
Mən başa düşmədim bu işarəni,
O, Səlmi olmağa çağırır məni...
Mənə Səlmi dedi o gündən hamı,
Sanki zövq alırdı bu addan həkim.
Elə ki evləndik, mən toy axşamı
Bildim ki, Ümmanmış həkimim mənim...
Bir anlıq sükut
Səlmi susdu, elə bil bir heykələ döndü o,
Yanan bir ocaq idi, yavaş-yavaş söndü o.
Xatirələr dünyası onu apardı yenə,
Cavanlıq günlərinə...
Səlmi susdu, mən susdum,
gözlərin aynasında
Sükut buza çevrilib naxış saldı bir anda.
Kim dinib, kim qıracaq görən ümman sükutu?
Xatirələrlə dolu bu mehriban sükutu?!
Şərab süzdüm, al şərab günəşin telləridi,
Sükut buzu əridi, sükut özü əridi.
Qaldırdım piyaləni: – Bir qurtum şərab için,
Xəyallar dünyasından bizim aləmə köçün...
Səlmi güldü: – Təbrizdən bir dünya xatirəm var,
Nə deməklə qurtarar, nə yazmaqla qurtarar.
45-ci il idi, xatirimə gəlir ki...
Məni də o günlərə alıb apardı Səlmi...
Təbrizdən xatirələr...
Ona danış dedim, o da danışdı,
Fəqət demədim ki, bu xatirələr
Mənə tanışdır.
Keçdi gözlərimdən doğma səhnələr,
Təbriz, Urmiyə, Ərdəbil, Əhər...
Qaraqaş, qaragöz o gülər oğlan
Yəqin Ümman imiş...
Düz deyirsiniz –
Bir gün bayram kimi geyindi Təbriz.
Bir ildə bir əsrin işini gördük,
Bir il ürək dolu sevindik, güldük.
Bir ildə dərk etdik özümüzü də.
Dünyaya car çəkdik sözümüzü də.
Qəribə dediniz, Səlmican, bunu,
– Bizim o ilin,
Nə əvvəli vardı, nə də ki, sonu.
Bizim ömrümüzdə o nemət idi,
Röyaya bənzəyən həqiqət idi.
Bir il çox gec gəldi, çox tez qurtardı,
İllərin, günlərin göyçəyi idi,
Elə bil bir bahar çiçəyi idi,
Küləklər, çovğunlar aldı apardı...
Yenə də cəbhəyə getdik birbaşa,
Getdik vuruşa.
Sonra da hərəmiz bir elə düşdük.
Gör harda ayrılıb harda görüşdük?
Baxdım Səlmiyə mən, susurdu Səlmi,
Susurdu niskilli bir adam kimi.
Dedi: – Heç yadımdan çıxmaz o gecə
Mən necə ayrıldım Təbrizdən, necə.
Kiçik bir maşında Ümman, bir də mən
Çıxdıq Təbrizdən.
O şəhər gözümdə bir cahan idi.
Bu maşın cahandan ayırdı məni.
Ulduzu sayrışan kəhkəşan idi,
Maşın kəhkəşandan ayırdı məni.
O mənim doğmamdı, əzizim idi,
O mənim Varşavam, Təbrizim idi,
Ayrıldıq, qəlbimdə niskili qaldı,
İlk andan fərağa dözə bilmədim.
Maşın necə getdi, düzü, bilmədim.
Başım çiynim üstə bükülü qaldı.
Baxdım, kəhkəşan da söndü elə bil,
Baxdım, o ulduza döndü elə bil.
Yumdum gözlərimi, nurlu ulduzu
Əriyib, əriyib sönən görməyim
Yumdum gözlərimi, doğma Təbrizi
Zülmət bir pərdəyə dönən görməyim...
Nə vaxt ki, göylərin açılar üzü,
Nə vaxt ki, ulduzlar alışıb-yanar,
Gözüm çox axtarar o tək ulduzu.
Qəlbimdə qəribə hisslər oyanar.
O susdu, gözləri yol çəkdi yenə,
Başımı əyərək öpdüm əlindən.
– Heyranam qəlbinin böyüklüyünə,
Neçə həqiqəti eşitdim səndən.
Ümmanın məhəbbət, döyüş dastanı,
Yox, bir el həsrəti yatır sinəndə.
Sən təkcə sevmədin Azərbaycanı,
Elə bil Şərq özü əks olub səndə.
Epiloq əvəzi
Oxucum, beləcə bitdi bu dastan,
Bir gün yolun düşsə, Polşada olsan,
Səlmini, Ümmanı görmək istəsən
Onda Varşavaya uzanıb gedən
Yolun kənarında bir qəsəbə var.
Orda dayansanız bir saat, inan –
Səlmi özü sizi axtarıb tapar.
Ancaq soruşmayın hardadır Ümman.
Bir cığır ayrılır təpəyə sarı,
Gedin o cığırla, gedin bir qədər.
Üstü xaç nişanlı qəbir daşları
Hər şeyi, hər şeyi sizə nəql edər.
Orda bir qəbir var, qara mərmərdən,
Üstündə nə ay var, nə də ki, xaç var.
Həkkak bircə cümlə yazıbdır zərdən:
“Səlmidən Ümmana qalsın yadigar”.
Dörd ləpir var orda, kobud və incə,
İki dəstə çiçək saralıb-solub.
Oxucum, Səlmiylə mən görüşəndə
Ləpir iki idi, indi dörd olub...
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-polyak-qizi-selmi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Sənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Düşdü yenə dəli könül gözlərinin xəyalinəDüşdü yenə dəli könül gözlərinin xəyalinə,Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı