Atılmayan toplar
Daş barılar, qalalar,
Bürclər durur yan-yana.
Onlar keşik çəkirlər
Sultanın sarayına.
Toplar da tuşlanıbdır
Daş barıdan şəhərə.
Toplar bura gələli
Atılıbmı bir kərə?
Yox! Niyə də atılsın?
Sultanın bu dünyada
Nə dərdi, nə qəmi var.
Axı, niyə atılsın
Axı, niyə, bu toplar?
Gəlmələr yerliləri
Çapır da, talayır da...
Sultan hasar içində,
Millət isə bayırda...
Toplar da mürgüləyir,
Elə bil yasa batmış,
Təkərləri əyilmiş,
Lülələri pas atmış...
Yadlar hücum çəkdilər,
Yadlar doldu şəhərə,
Paslı toplar dinmədi,
Atılmadı bir kərə.
Sultan öz aləmində,
Sultan öz kefindədir.
Axı, ona nə var ki,
Milləti nə gündədir.
Toplar atılmadı ki,
Sultan diksinə bilər
Güllələrin səsinə.
Niyə zəhər qatılsın
Kişinin nəşəsinə...
Yadların tapdağında
Vətən oldu tarımar.
Axı, niyə atılsın,
Axı, niyə, bu toplar?
Millət ölür acından
Lüt gəzir, üryan gəzir,
Əcnəbinin önündə
Sultan özü müritəzir...
Öz dilindən də gözəl
Bilir firəng dilini;
Axı, Parisdə alıb
Sultan öz təhsilini.
Arvadı firəng qızı,
Övladı da firəngdir,
Bilmir ərəb dilini,
Axı, niyə də bilsin,
Bu dil kimə gərəkdir?..
Sultanın firənglərə
Çox böyük hörməti var,
Axı, niyə atılsın,
Axı, niyə, bu toplar?..
Vətən əsir olubdur
Gəlmələrin əlində...
Ərəbin öz elində;
Məktəb firəng dilində,
Qəzet firəng dilində.
Elmi-nücum yaradan
Ərəb dili bəs hanı?
Qaldırın məzarından
Böyük Əbül Vəfanı.
Qoyun o qoca loğman
Tarixi varaqlasın.
Hanı Müərri şeiri?
Bu günə qan ağlasın!
Sultan öz sarayında
Qulaq asır nəğməyə,
Şərab içib məst olur
"Dünya fanidir" - deyə
Onunçün bu dünyada
Bir qadın, bir şərab var
Axı, niyə atılsın,
Axı, niyə, bu toplar?
Topların üstündəki
Nişana bax, nişana,
Əcnəbi özü satmış
Bu topları Sultana.
Bu toplar məmləkəti
Qoramaq üçün deyil,
Yada satmaq üçünmüş.
Yurdu verib özgəyə
Rahat yatmaq üçünmüş.
Bu toplar özgələrdən
Qorumurmuş bu yeri.
Öz doğma millətindən
Qoruyur özgələri.
Sultan özü bəxtiyar,
Gözləri süzgün, xumar.
Axı, niyə atılsın
Axı, niyə, bu toplar?..
Tetuan, fevral 1961
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-atilmayan-toplar
Клавиши ← → для перехода, R — случайное стихотворение