1

Şükr kim, çərx istiqamət üzrə dövran eylədi,
Cəm’i-əhli-dövlət ə’dasin pərişan eylədi.

Dəhrə xəlqi-Bəsrəvü əhli-Cəzayir fitnəsi
Çox zamanlar gərçi qan yutdurdu, pünhan eylədi,

Aqibət bimi-zərərdən padişahi-aləmi,
Bizzərurə vaqifi-asari-isyan eylədi.

Qeyrəti-hökmi-xilafət ol diyarın fəthini
Bir mücahid bəndeyi-məqbulə fərman eylədi.

Məzhəri-rəhmət, Əyasi-mərhəmətəndişə kim,
Ani övci-ədlə Həq xurşidi-rəxşan eylədi,

Sayəvəş toprağa saldı düşməni-bədxahini,
Hər yerə kim, rə’yəti əzmin xuraman eylədi.

Bəsrə təsxiri, Cəzayir fəthi müşkil əmr ikən,
Əshəli-əmr ilə bu dişvari asan eylədi.

Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır,
Padişahın mülkinə isbati-istehkamdır.

2

Qıldı Bağdad üzrə fəth içün mürəttəb bir sipah
Kim, ələmdən bad təhrikilə məsdud oldu rah.

Kəsrət ol qayətdə kim, əncüm tökülsə çərxdən,
Ziynət içün bir gühər bulmazdı onda hər külah.

Gər səba nagəh arayə düşsə manəndi-hübab,
Onlara iltirdi ləşkər izdihamından pənah.

Vəhş ilə teyrü mələk yüz dutdu qürbət əzminə,
Qalmayıb onlara ləşkərdən vətəndə cayigah.

Hər yana qaldırdı rə’yət bir əmiri-namidar,
Hər yana səf bağladı bir sərvəri-Cəmşidcah,

Dutdu səf-səf yer üzün ləşkər süturi-xət kimi,
Ol xətin məzmüni istiqlali-hökmi-padişah.

Etmək olmaz böylə ləşkər cəm’ini tədbir ilə,
Yarü yavər olmasa tövfiqü tə’yidi-ilah.

Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır,
Padişahın mülkünə-isbati-istehkamdır.

3

Mahi-növdən Dəclədə göstərdi zövrəqlər misal,
Kim görübdür kim, ola bir asimanda min hilal.

Hər biri bir tayiri-övci-bəladir tizpər,
Seydi-mürği-ruhi-xəsm eylər qılıb təhriki-bal.

Yoxsa saildir, dəhanində qızıl bayraq zəban
Hakimi-təqdirdən fəthi-bilad etmiş sual.

Könlü açılmış, məgər bulmuş bu rəng ilə cəvab
Çərxi-əxzərdən ki, mane yox təvəccöh eylə al!

Suda bir zövrəqmi? Yaxud ağzın açmış bir nəhəng
Beyrəq ol atəş ki, bulmuşdur dəmindən iştial.

Sərvəri-sahibzəfər zövrəqlər ziynət verib,
Qıldı düşmən mülkünə ərsali-əsbabi-qital.

Saldı qovğayi-tüfəng məğzinə ə’danın qiriv
Buldu vəhmindən mizaci-mülki-düşmən ixtilal.

Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır,
Padişahın mülkünə isbati-istehkamdır.

4

Rayətin bir canibindən eyləyib gərdun xüram,
Gərdi-ləşkərdən rüxün gərdunun etdi mişkfam.

Rüxsəti-əzmi-qəza Şahi-Nəcəfdən istəyib,
Gəldi dərgahinə göstərdi təriqi-ehtiram.

Buldu ol sultani-adildən kəmali-iltifat,
Pir irşadiylə xoşdur hər əməldə ehtimam.

Büq’ə-büq’ə qıldı teyy mə’mureyi-məhrusəyi
Aldı feyzi-fəthi-mülk içün duayi-xasü am.

Yetdi ol sərhəddə kim, ağazi-mülki-xəzmdir,
Girdi ol meydanə kim, hökm onda olmuşdur təmam.

Gəldi ol mənzildə ruzi-eyd kaxi-payinə,
Fəthdən verdi bəşarətlər kim, ola şadikam.

Yeddi əxtərdən fələk düzdü onunçün bir qətar
Kim, çəkər səhrada əsbabi-sipahin sübhü şam.

Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır,
Padişahın mülkünə isbati-isehkamdır.

5

Şeyxi Ali-Qaş’əmin şərrilə bir şeytan idi,
Məmləkət içrə fəsadi şöhreyi-dövran idi.

Gərçi surətdə itaət zahir eylərdi, vəli
Surəti-axşami xali-çöhreyi-üsyan idi.

Müqtədasi əmrü nəhyindən həvayi-nəfs olub,
Şər’ hökmü vadiyi-rə’yində sərgərdan idi.

Qanğı xirmənsuxtə zər’inə qılsa bir nəzər,
Bəzr üçün hər nəsnə kim qoysaydı, bir ehsan idi.

Baş çıxarmaq istəməzdi zər vəhmindən onun,
Gərçi fəllahin gözü yaşı ona baran idi.

Hər evə bir gecə mehman olsa qövmündən biri,
Adı mehmanlıq, vəli mə’nidə bir talan idi.

Qıldı paşayi-səadətmənd rəf’ ol fitnəyi,
Sanmanız kim, dəf’i-tədbiri onun asan idi.

Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır,
Padişahın mülkünə isbati-istehkamdır.

6

Ol qəzadən kişvəri-ə’dayə dəprəndi ələm,
Düşdü bir səhrayə rəh kim, artırır zikri ələm,

Bir biyaban kim, yox onda növ’i-insandan əsər,
Ona nisbət vadiyi-mərdümnişin mülki-ədəm.

Nəqşi-rigi xətti-afət, növki-xari tiği-kin,
Yer mizacında bəla müzmər, həva təb’ində səm.

Fəsl həm bir fəsl kim, sərd olmağın abü həva,
Xəlqdən qət’i-həyat eylərdi İsa ursa dəm.

Öylə mühlik şiddəti-dey kim, hərarət bulmağa,
Gördüyü yerdə düşərdi odlara xurşid həm.

Öylə qate’ tiği-sərma kim, ləhəddən çıxmağa,
Ruh əgər əmvatə övd etsəydi eylərdi sitəm.

Böylə mövsim böylə səhrayi dəlili-xeyr ilə
Qət’ edib ləşkər Cəzayir mülkünə basdı qədəm.

Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır,
Padişahın mülkünə isbati-istehkamdır.

7

Ərseyi-mülki-Cəzayir oldu nagəh aşikar,
Himmətə ərz etdi gərdun bir nihayətsiz diyar.

Kəsrəti-əşcari ol qayətdə kim, ol mülkdə
Bilməmiş abü zəmin hərgiz ki, bir xurşid var.

Sanasan hər nəxli bir julidəmu divanədir,
Gər ona zəncir ab olmazsa, dutmazdı qərar.

Ərseyi-şətrənctək səhnində şətlərdi xütut,
Qəl’ələr xət kimi ol şətt üzrə bihəd bişümar.

Gərçi onlar məqsədi-əsli degildi ləşkərə
Olmağın ol firqeyi-napak xaki-rəhgüzar,

Əshəli-əmr ilə çox sərləşkəri pamal edib
Binəhayət qəl’əyi-möhkəm olundu tarümar.

Qəl’ələr fəthin kilidi-babi-nüsrətdür deyü
Səfheyi-əyyamə təhrir etdi kilki-ruzigar.

Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır,
Padişahın mülkünə isbati-istehkamdır.

8

Oldu ondan sonra peyda Bəsrə əhlindən nişan,
Fitnə odundan şərərlər qıldı zahir asiman.

Gəldi istiqbalə çox səngindilü ahənqəba
Oldu aləmsuz səngü ahəni-atəşfəşan.

Hər dilavər nadiri-mülki-Xorasanü İraq,
Hər mübariz sərxəti-məcmueyi-Hindustan.

Ləşkəri-islam ilə ağazi-ülfət eyləyib
Aşinalıq dəmbədəm əfzun olub qaynardı qan.

Münhəzim ləşkərdən amma bir ələmsiz həm degil,
Zəhri ol qövmin zənəbdən saçılıb zənbursan.

Ol fəzayi-möhnətəfzadən yetincə Bəsrəyə,
Dəhr baği-fitnədən bir gül açardı hər zaman.

Leyk bir fərd olmadı zaye’ sipahi-Rumdən,
Rəzm sevdasında ol tüccarə düşmüşdü ziyan.

Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır.
Padişahın mülkünə isbati-istehkamdır.

9

Bir səhər kim tiği-zərrin çəkdi şahi-baxtər,
Gög üzündə qoymadı əncüm sipahindən əsər.

Bəsrəyə qarşı sipahi-Rumdən ərz oldu səf,
Bağladı ruyi-zəmin bədxah qətlinə kəmər.

Rə’yəti-xəzra çəkildi ol həsarın fəthinə,
Yoxsa qəl’i-qəl’eyi-küffarə Cibril açdı pər?

Nəhri-ə’şari üburi-ləşkər içün doldurub
Mari-Zöhhakə Firiduni-zəman buldu zəfər.

Çeşmi-xurşidi sinanü rumhi-xunxar etdi kur,
Guşi-gərduni sədayi-nayi-ruyin qıldı kər.

Gəldi düşməndən müqabil bir sipahi-bikəran
Kim, səvadi-kəsrətin həsr edə bilməzdi nəzər.

Ləşkəri-islamə nüsrət verdi lütfi-Kirdigar,
Şam olunca qalmadı ol şö’lələrdən bir şərər.

Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır,
Padişahın mülkünə isbati-istehkamdır.

10

Şam kim rüxsarə çəkdi xosrovi-əncüm niqab,
Qıldı Şeyxi-Bəsrə bəxti səltənət təxtində xab.

Verdi əqlü rə’yinə dəxli-məhabət inhiraf,
Saldı cismü canına əmri-səlabət iztirab.

Qaçdı ol duni-siyəhru dövlətü iqbaldən,
Öylə kim, şəhbaz vəhmindən fərar eylər qürab.

Sayəsin toprağə saldı hər tərəfdən ol həsar,
Salıcaq bir canibindən şö’leyi-xurşid tab.

Sübhdəm paşayi-adildən münəvvər oldu mülk,
Oldu zail zülməti-şəb saldı pərtöv afitab.

Verdi mülkü malü cismü canına xalqın aman,
Qıldı cənnət ol yeri, cənnətdə xud olmaz əzab.

Yetmədən acizlərə qövğayi-ləşkərdən zərər,
Bitəkəllüf xoş kəramətdir zərərsiz inqilab.

Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır,
Padişahın mülkünə isbati-istehkamdır.

11

Sərvəra, bədxah xaki-rəhgüzar olsun sana,
Qanda kim, əzm eyləsən tövfiq yar olsun sana!

Olmasın başından əskik padişahın sayəsi,
Hirzi-dövlət sayeyi-Pərvərdigar olsun sana!

Qılmasın lütfi nihan rə’yi-münirindən fələk,
Hər nihani-lütf kim var, aşikar olsun sana!

Çəkməsin şəmşirdən minnət səlahi-dövlətin,
Müslihi-əhval dövri-ruzigar olsun sana!

Fəth üçün hər qanda kim, dəprənsə əzmin rə’yəti,
Düşməni-bədxah xarü xakisar olsun sana!

Olmasın xamuş bağı-mədhinin bülbülləri,
Daii-dövlət Füzulitək həzar olsun sana!

Əvvəli-əzmində fəthi-mülkə nüsrət bulduğun,
Mövcibi-təkmili-izzü e’tibar olsun sana!

Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır,
Padişahın mülkünə isbati-istehkamdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Хвалебные