Üzeyir bəy Hacıbəyovun xatirəsinə

Bəlkə

Bir quş ötür budağında
Bu nəğmənin laylasına
Çəmən, çayır mürgüləyir.
Naləsilə yazıq bizə
Nəsə deyir,
Nəsə deyir...
"Cik-cik", "cik-cik"...
Bilirikmi dediyini?
-Yox, bilmirik, biz bilmirik.
Quş dilini bilmiriksə,
Günahkarını o quşcuğaz?
Səbrini bas,
Ləhcəsinə, naləsinə,
Dilindəki qəm səsinə
Qulağınla qulaq asma,
Ürəyinlə sən qulaq as.
O nalənin atəşində
Öz qəlbini oda yaxsan,
Mətləbini bilməsən də,
Ürəyini duyacaqsan.
Tar da elə...
O sızlayır için-için.
İçindədir hər mətləbi,
Naləsidir eşitdiyin.
O quş kimi

Tarın da öz ləhcəsi var, öz dili var.
Mətləbinin axırı var, əvvəli var.
Əvvəl öyrən sən bu dilin
Nöqtəsini,
Vergülünü.
Ayıra bil
Dağ gülündən
Bağ gülünü.
Ayıra bil
Ocaqdakı od külündən
Sinədəki dağ külünü.
Bu dünyanın ağrıları, acıları
Necə sığır Çahargahın
Bəstənigar pərdəsinə?
Dağlara çıx, diqqət elə
Qayalarda yumalanan
Daş səsinə,
Öz səsinə
Səs axtaran quş səsinə...
O səsdəki
Qırıq-qırıq hıçqırıqlar nə nalədir?
Qırqovulun döşündəki rənglər nədir?
O rənglərdə muğamdakı
Əlvan-əlvan pərdələri,
Pırıl-pırıl səsləri gör.
O düşünür,
Həm də bizi düşündürür.
Ney üstündə yeddi səsin,
Oyuq-oyuq yuvaları,
Nədir belə?
Bəlkə elə
Balaları perik düşən
Qaratoyuq yuvaları?
Səslər, qırıq bir arzunun can səsimi?
Yuvaları dağıdılmış
Çolpaların naləsimi?
Qayalardan sızan suyun,

Dərələrdə azan suyun
Səslərini
Bir-birindən ayıra bil.
O, bir deyil, yox bir deyil.
Addım-addım, nəfəs-nəfəs
Dağı dolan, dərəni gəz,
Bax hər yerin çiçəyinə
Bil dağların çiçəyi nə,
Dərələrin çiçəyi nə?
Çiçəklərin öz rəngində, öz ətrində
Nəğmədəki səsləri gör, xalları gör —
Enib qalxan keçidləri,
Cığırları, yolları gör.
Dağa gedən cığırlarda
Qarşına bax, dünyanı gör.
Sığırçının belindəki
Arşına bax, dünyanı gör .
Bəlkə o da bizim kimi
Ölçmək istər bu dünyanı?
Bircə qarış yer üstündə
Bizə göstər bu dünyanı...
Söz var, qəlbə yol açmayan
adi bir səs, quru nəfəs.
Səs də var ki,
Sözün deyə bilmədiyi sözü deyir.
Elə səsin özü şeir, sözü şeir.
Söz - qəlbdəki bir mətləbin
Öz səsidir...
Nəğmə - səsin şeyriyyəti,
Şeir sözün nəğməsidir.
Bəlkə... Muğam bir nağıldır, əfsanədir.
Bilək, onun bu dünyaya sözü nədir, qəsdi nədir?
Nağıllarda bir göyərçin
Bir qəribi şah elədi.

Bu dünyanın kələ-kötür işlərini
rəndələdi...
Ötənlərin dərdlərinə dola-dola
İnanaqmı bu nağıla?
Bu arzudur, bu diləkdir.
El deyir ki, arzularım
Gələcəkdir,
Güləcəkdir...
Bəlkə, düzgün böləmmədik
Biz o zaman
Göydən düşən üç almanı?
Bilək, niyə şüşədədir
Divin canı?..
Niyə, niyə gözləyib el
"O sahibi-əzzamanı?"
Bəlkə, muğam bir gözləyiş,
Bir həsrətdir?
Əl var ikən, qol var ikən,
Baş var ikən, diş var ikən,
Bu gözləmə müsibətdir.
Canavarın aldatdığı Şəngülümün,
Şüngülümün
Qanı, bəlkə, düşüb tarın kök siminə?
Muğamdakı hıçqırıqlar
Üsyan edir, bəlkə, divin tilsiminə?
Ürəyinin tellərindən
Tellər çəkib tara xalqın.
O tellərin nəğməsində
Öz ruhunu, öz qəlbini ara xalqın.

Tanımaqmı istəyirsən
Görmədiyin bir xalqı sən?
Əvvəl onun nəğməsinə sən qulaq as,
Onu öyrən.
Öz sözünü, sorğusunu
Xəyalını, duyğusunu
Xalq yaşadır nəğməsində.

Tarixin bir dövrü yatır
Bir bəmdəki "ah" səsində.

Çahargahın Müxalifi
“Çaldıranda” at saldıran,
Qılınclardan od aldıran
Döyüş səsi...
Çahargahın Cövhərisi
Kol dibində
Qar altından
Çıxan tənha bənövşənin üşüməsi –
Qılınc səsi, qalxan səsi,
Bənövşənin üşüməsi.
Biri hünər,
O birisi göz yaşıdır.
O sərtliklə bu incəlik
Bir muğamda yanaşıdır..,
Dinlə tarı, dinlə neyi.
O -keçmişdən
Asta-asta söhbət açan
Səs muzeyi...
O - şöhrətli, şanlı muzey.
O - danışan, həm də bizi danışdıran
Canlı muzey.
Gah səsində göy gurlayır,
Gah inləyir həzin-həzin.
Həm babamın yaşıdıdır,
Həm nəvəmin.

Şur

Varaqlama o tarixi,
İki qəlbin həsrətini
Varaqlarda döyündürən
Bir maraqlı roman kimi.

Dinlə Şuru
Öz qəlbini sənə açan,
Hər kəlməsi alov saçan
Tarix yaşlı baban kimi,
Gözüyaşlı anan kimi.
Tüstüsünə aman elə,
Oduna yan.
Dayan, düşün,
Düşün, dayan.
Dinlə onu.
Hər guşəsi
Quş qonmayan qayalardan daş tərpədər,
Kirpiklərdə yaş tərpədər.
Mahnılar var, ayaqları,
Muğamlarsa baş tərpədər.
Bu dünyanın
Ağrısını,
Acısını
Duydunmu sən?
Duymadınsa,
Bir çiçək də dərəmməzsən
Sən bu hikmət çəmənindən.
Dayan, basma ayağını
Bu çəmənə.
O, sirrini açmaz sənə.
Əvvəl öyrən, bu vətənə
Hardan,
Hansı külək əsib?
Qara yellər dilləndirən
Bir qarğıdan
Kim, nə zaman,
Nədən ötrü tütək kəsib?
Şur nə deyir, nə danışır narın-narın?
Öyrən, nə vaxt qaynağına daş atılıb
Dağlardakı bulaqların?
Öyrən, nə vaxt aparıbdır
Sel Saranı?

Kim salıbdır dildən-dilə
Bu dəhşətli macəranı?
Niyə kəsdi sel aranı,
Həsrət qoydu o tərəfə
Xançobanı?
Öyrən, niyə Xəstə Qasım
Birdən belə sayru düşüb?
Kərəm niyə
Əslisindən ayrı düşüb?
Ədalətin şərbətinə
İlk dəfə kim zəhər qatdı?
Keşişləri, Həmzələri
Kim yaratdı,
Nə yaratdı?
Koroğlunun nərəsinə,
haqq səsinə
Yer gurladı,
Göy gurladı.
Dünən onun qapısında boyun bükən
Bu gün necə oğurladı
Mərd kişinin Qıratını?
Nənəm Nigar, bəlkə, onda
Çağırıb ilk bayatını?
Qobustanda rəqs eləyən
Qayalara, daşlara bax.
Təbiətin öz əliylə
Çarpalanan çapıq-çapıq qaşlara bax.
Cəngi səsi
Birləşdirir göyü, yeri.
Bəlkə, elə burdan gəlir
Muğamların ilk rəngləri,
Təsnifləri, ritmləri..
Cəngi səsi...
Gumbuldayır nağaralar,
Ağız açır mağaralar,
Qan sıçrayır beyinlərə,
Qollar keçir çiyinlərə:

"Hoydu, hoydu, dəlilərim,
Yeriyin meydan üstünə.
Havadakı şahin kimi
Tökülün al qan üstünə..."
"...Uca-uca dağ başında
Yaz bir yana, qış bir yana.
Titrəşir ağzım içində
Dil bir yana, diş bir yana...
Çəkəndə Misri qılıncı
Leş bir yana, baş bir yana".
Cəngi deyir:
– Düşmən gəlir, keç irəli!
Yallı gedir.
Bayandurun, Koroğlunun dəliləri...
Burda oxu,
Sinələri nəğmələşən
Hər qayanı,
Hər sal daşı.
Təbiətin ruhundadır
Bu uyarlıq, bu nəğməlik.
Təbiətin özü çalır "qaval daş"ı.
Qayadakı sərtliyə bax,
Cəngidəki mərdliyə bax.
Əllər süzür incə-incə,
Ayaqlarsa, yeyin-yeyin.
Yallı da bir vəhdətidir
O sərtliklə bu mərdliyin...
Cəngi səsi
Birləşdirir göyü, yeri...
Bəlkə, elə burdan gəlir
Muğamların ilk rəngləri,
Təsnifləri, ritmləri?
Bu rənglərdə, nəğmələrdə
Saxlayıbdır muğamlar da
Saflığını, özlüyünü -
Qanadında qürur, vüqar,
Cövhərində qəm düyünü...

O düşünür, düşündürür.
Gah yandırır, gah söndürür.
Xallardakı xəyallarla, fikirlərlə
Yox, boşalmır,
Ürək dolur.
Böyük qəmin, böyük dərdin
Vüqarı da böyük olur.

Aydan arı, sudan belə durum mənim,
Ay yanıqlı Şurum mənim.
İstərəm ki, əlvan-əlvan çiçək olub
Dolaşdığın pərdələrə
Mən səpiləm.
"Uca dağlar" başındakı
"Azərbaycan maralı"nın
Gözündəki "Qara giləm"...
Nənələrin toxuduğu
Xalıların xanasında xanalandın
xınalandın.
Göygölümün ləpəsində sonalandın.
Sevgililər dodağında
Yanıb söndün,
Sönüb yandın:
"Dəryada gəmim qaldı,
Biçmədim zəmim qaldı,
Çox çəkdim yar cəfasın,
Mənə də qəmim qaldı..."

Novruz ötüb, yazbaşıdır,
Bu nə səsdir?
Göydə topa buludları
Bir-biriylə güləşməsi,
Dağlardakı qar üstünə
Xal düşməsi,
Dərələrdə suya dönüb
Gülüşməsi,
Marxallarda qar uçqunu

Yazla qişın savaşıdır,
Novruz ötüb... Yazbaşıdır...
Sellər, sular aşıb-daşır,
Bir-birilə qucaqlaşır.
Qayaların qabağında
O əyilir, o burulur.
Təpələrdən səpələnir
toz-toz olur.
Yaylaqları gəzə-gəzə,
Dəyir daşa, enir düzə
Ağacların budağına
Düymələri düzə-düzə...
Daşır, coşur,
Yollar boyu nəğmə qoşur:
"Qəhrəman"ı qayalarda şaqqıldayıb
qəhərlənir,
Saz üstündə pöhrələnir.
Çəmənlərə nəğməsini yaza-yaza,
Gəlib çatır
Araz Kürə, Kür Araza.
Hər ikisi dağın qarı,
Dağın barı.
Qovuşanda
Ağ ləpələr rəqs eləyir:
Arazbarı, Arazbarı!
Bu duyğular fışqırtısı,
Təlatümlər, qaynamalar,
Sığışmadı bir yatağa,
Budaqlandı sola, sağa.
Bir fəsildə neçə kərə
Dəyişdirdi öz yönünü,
öz yolunu.
Zaman keçdi,
Bir məcraya sığışdırıb
Tanıtdırdı bu dünyaya
Bizim sənət bahadırı - Fikrət onu...

Çoxdan unudulmuş, yeri qalmış yaradır Şur,
Birdən yada düşmüş bir ötən macaradır Şur.

Bir arifin hikmət dolu söz-söhbəti, eşqi,
Heyrətdən ağıl mülkünə bir pəncərədir Şur.

Fikrin nə qədər yolları, mənzilləri varmış,
Üstündə cığırlar açılan bir dərədir Şur.

Dağlar başı ağ, çölləri al, döşləri əlvan,
Hər pərdəsi bir rəngə çalan mənzərədir Şur.

Qürbətdə Vətən həsrəti, yurdunda bir anlıq,
Yaddaşda yanıb, tez də sönən xatirədir Şur.

Çox qürrələnir Bəxtiyar öz şeirinə hərdən,
Guya deyəcəkmiş bizə şeirilə, nədir Şur?!

Tellər ağlasın

Şikəstənin Zil guşəsi –
Əsgəranda vıyıldayan güllə səsi.
Qara xəbər el-obanı dolandı:
Əsgəranda Qoç Nəbini vurdular.
Baxışlarda göz yaşları sulandı,
Ağı dedi buz bağlayan lal sular.
Bayatılar qara geydi əyninə.
Gəraylılar qəm götürdü çiyninə.
Qarabağın çöllərini qar aldı.
Şikəstənin zil pərdəsi qaraldı:
"Əsgəranda dağıtdılar araba.
Görüm bu diyarı qalsın xaraba.
Nəbinin meyidi qaldı arada
Yerisin üstünə ellər ağlasın.
Darasın saçını, tellər ağlasın".

Çahargah

Şahə qalxan ağ dalğalar
Köpük-köpük...
Uca-uca, böyük-böyük
Qayalara gah çırpılır,
Gah çəkilir axın-axın...
Təlatümlər, həyəcanlar
Bərdaştıdır, ön sözüdür
Çahargahın.
Deyir: - Həyat bir döyüşdür,
Bir vuruşdur başdan-başa,..
Rahatlığı həyəcanlar qucağında
ara, yaşa
En enişə, qalx yoxuşa
Sellər kimi coşa-coşa,
Sular kimi daşa-daşa...
Yaşa, yaşa.
Mayəsində səslər uçur
Qanad-qanad,
Nəql olunur ötən gündən
Bir əhvalat: ...
Yad ölkədən elçi gəlib
Ölkəmizə.
– Gərək təslim olasınız, -
Deyir bizə,
-Olmasanız...
Təpəriniz varsa əgər,
Savaşınız.
Savaşsanız...
Daş üstündə qalmayacaq
Bir daşınız.
Ağsaqqallar düşündülər:
– Nədir çarə?
Dada çatmaz bu məqamda
Nə moizə,
Nə müəzzin,

Nə minarə.
Qara yellər qabağında
Fikirlər də haçalandı.
Bu onu,
O, bunu dandı.
– Keçmişimiz şanlı idi.
Bəs gələcək?
– Fikirləşək.
Bu bəladan qurtarmağa
Bir ağıllı tədbir görək,
Səbir gərək.
Məqamı var hər istəyin,
Tələsməyin, tələsməyin.
Tarixlərə o, baş vurur
"Vuruş" - deyə
Alovlanan ürəkləri
O tədbirlə ovundurur.
Bəstənigar aman çəkir,
Amanından amnan, aman!..
Şikayətdir
Taleyin bu qəzasından.
Düşmən yaman amansızdır,
O qansızdır.
– Neyləməli?
– Dişimizlə daş qırmalı.
– Hanı bizim o gücümüz?..
– Onda ata-babaların şərəfini
Düşmənəmi tapşırmalı?.,
Təəssüfmü?
Fikir qalxdı,
Fikir endi.
– Təəssüfün kölgəsində
Hansı dilək çiçəkləndi?
Bəstənigar -
Bəstəbəylu nigarların
Dili ilə inlər, inlər.
Ağı deyər qız gəlinlər:

"Don tiksən ağı bizdən,
Belinin bağı bizdən,
Qoymayın yadellini
Almağa baği bizdən..."
Yığıldılar,
Dağıldılar dönə-dönə.
"Ötən günə gün çatarmı
Calasan da günü-günə".
Biri qalxdı:
– Günü günə calamağın
Nə faydası?
Ürəkdə od qalamalı,
Günü oda calamalı.
Min-min fikir
Bircə borcu ödəməmiş.
Qalxan əydi belimizi
Çox qısaltdı dilimizi.
Qalxan altda qaldığımız
Yetər bizim.
Dərdlərimiz qılınc ilə
Bitər bizim.
"Dəyirmanın pərindən,
Suyu çıxar dərindən.
Elin sözü bir olsa,
Dağ oynadar yerindən..."
"Çən-duman düzə neylər?
Zülfün tök üzə, neylər?
Ov bizim, ovlaq bizim
Yad ovçu bizə neylər?"
İndi bizə qılınc gərək,
Nizə gərək.
Od bişirək, dəmir döyək.
İndi bizə sellər kimi daşmaq gərək.
Qəlbimizə kölgə salan
"Qorxu" adlı hasarları
Aşmaq gərək.
Çahargahın Hasarında,

Yadellinin qabağına hasar çəkən
Qalalarda
Kürələrdə od qalandı,
Ocaq yandı,
Dəmir bişdi,
Çəkic altda, zindan üstdə
Xəmir kimi kündələndi,
Cilalandı.
Taraq-taraq, Taq-tararaq,
Əldə yaraq
Vuraq, qıraq,
Cəbhə yaraq.
Dəmir, əri,
Qılınca dön,
Düşmən üstə durma, yeri.
Çəkic altda qığılcıma dönüb axdı
Çahargahın pərdələri...
Müxalifdə,
Hücum, hücum!
Ərənlərin nərəsinə
Yer titrədi, göy gurladı.
Uca dağlar dua verib
Ərənləri uğurladı.
Düşmən qaçır, bizimkilər təqib edir
Mənsuriyyə qələbədir, təntənədir:
"Əzizim sözə qaldi
Bir şirin sözə qaldı.
Yad qovuldu dağlardan,
Yurd yenə bizə qaldı..."

Qəlbi vulkan tək coşan üsyandır, üsyan Çahargah,
Açmış hər zənguləsindən fikrə meydan Çahargah...

Şahə qalxan dalğalardır bir Müxalif guşəsi,
Dəryalar ləngərlədən tufandı, tufan Çahargah.

Guşələr göy gurladır, yer titrədir, sel oynadır,
Göndərir yadelliyə imzalı fərman Çahargah.

Simlərin mizrab ilə toqquşmasından od çıxar,
Yoğrulubdur bəlkə də çaxmaq daşından Çahargah.

Cövhərində bir həzinlik, bir xəfiflik saxlanır,
Ayrılıbdır öylə bir can sirdaşından Çahargah.

Bəxtiyaram, heyranam bərdaştda çılğın səslərə,
İstərəm od alsın əsrin atəşindən Çahargah!

Qalalar

Abşeronun qalaları
Daşlardakı o oymalar,
Dalğasımı qatardakı
Həzin, şirin
Pərdələrin?
Bürclərdəki o əzəmət,
Təmkin, vüqar,
Bəlkə... Hasar pərdəsidir Çahargahın?
Səs düzümü qaladakı dişlər kimi
sıra-sıra, axın-axın.
Yadelünin hücumuna hasar çəkir.
Daşda fikir, səsdə fikir.
Boyaları əvəz edən kölgələr də
Fikir, fikir...
Ruhumuzla uyqardadır,
O batıqlar,
Qabarmalar.
Qabarmalar
Batıqlara kölgə salar.
Nə doğmadır, nə istidir,
Çıxışların batıqlara
Düşən xəfif kölgələri -

Tağlardakı
Oyma "naxış ləpələri".
Yadellinin başı üstdə
Yumruq kimi düyünlənən bu qalalar,
Düşmən bizə güc gələndə
El-obaya sığnaq olar.
Bu qalalar azadlığı hələ yanan,
Tüstülənən ocaqlarmış.
Bu qalalar tarix boyu
Neçə-neçə cəbhə yarmış.
Qız qalası! Adına bax,
"Bakirədir, qızdır qalam.
Yaxın gəlmə, mən quzğunam, mən qartalam.
Bu qartallar məskəninə
Qaraquşlar kölgəsini sala bilməz.
Qız qalamın qızlını al bilməz..."
"Sən gələrsən, sən görərsən" –
Qalasının adındakı
Mənaya bax, məqsədi gör.
Babaların məramından
İbrət götür.
Düşməninə o deyir ki,
Əgər gəlsən,
Yumruğumun ləzzətini sən görərsən.
Gəldiyinə peşman olub
Dabanına tüpürərsən.
Nələr deyir daşlardakı
O batıqlar, qabarmalar –
Daş üstündə çiçəklənən
O yarmalar?
Kim deyir ki, bu qalalar,
Yalnız elə qallar üçün
Qaldırılan
Bir qaladır?
Xeyr, burda sərtlik ilə
İncəliklər qol-qoladır.
Qorucumuz, keşikçimiz

Qalaların sinəsində
Nələr yatır, nələr, nələr?!
Bu qalalar - Daş nəğmələr.
Daşlardakı çalalara axar, dolar,
Daş üstündə naxış tutan,
O fikirlər, o duyğular,
Guşələrdə qaqqıldaşan
Pərdələrdən aşıb-daşan,
Hiddətlənən səs axını...
Batıqların, çıxıqların
Sinəsində qalxıb enən
Səs axını.

Hərə bir cürə...

Mərifət, qanacaq ölçümdür muğam,
Mən onu özümə məhək sanmışam.
O məhək daşında mən insanları
Saf-çürük edərəm, yoxlaram müdam,
Sən də yanırsansa əgər bu oda,
Dostumsan...
Görürəm özümü səndə,
Mən öz həmdəmimi, dostlarımı da
Tanıram muğamın pərdələrində.
Görən, nə danışır, nə deyir bizə
Səslərə bükülmüş bu göz yaşları?
Od saçır,
Dağ basır ürəyimizə
Elə bil köç edir durna qatarı...
O hara tələsir? O niyə gedir?
O bizim çölləri niyə tərk edir?
Tökülür yarpaqlar, susur bulaqlar,
Soyuqdan üşüyür, əsir budaqlar.
Payızın sazağı kəsir otları,
Göydə topalanır qəm buludları...
Dağın dumanımı, sisimi görən,
Dumanlı səslərdə belə hönkürən?

Ağlayır aşikar,
Yanır gizlicə.
Barmağı altında tarzən gör necə,
Düyünlü səsləri qovurur, sıxır.
Səslərdən yaş sızır,
Sudan od çıxır...

Ey tarım, ey nəğməm, ey pirim mənim,
Sənə nəzir düşür... çox yoxsulam mən.
Nəğməm ola bilər nəzirim mənim,
O da ki sönükdür nəğmələrindən...
O məchul dilinlə, sirli səsinlə
Gizli bir aləmdən xəbər verirsən.
Nolar, mənim kimi səsini dinlə,
Görək buna necə tab gətirərsən?
Ey atam hünərli, babam fikirli,
Ey reyhan nəfəsli, yarpız ətirli,
Nağıl nənələrin ey laylay səsi.
Ulu babaların kamal xəznəsi,
Şirin arzularım, xoş xəyallarım,
Ey müqəddəs pirim, ey müdrik tarım,
Danış,
Nəğmə oxu,
Sən həzin-həzin
Abırlı, həyalı qızlarımızın
Utancaq, dözümlü sevgilərindən.
Danış,
Söhbətinə müntəzirəm mən.
Danış,
Nədən ötrü ayrı saldılar
Kərəmi Əslidən,
Qeysi Leylidən?
Niyə taleləri daşa çaldılar?
Sinənə çəkilən bu dağlar nədən?
Sənin xəyalların, düşüncələrin
Dəryadan ləngərli, səmadan dərin.
Hər xalın tarixi
Yüz il, beş yüz il.

Guşələr rəngbərəng:
Yaşıl, al, sarı...
Orda varaqlanır,
Bir qəlbin deyil,
Bir xalqın minillik iztirabları.
Bir xalqın tarixi -tarixin yolu.
Enişi, yoxuşu, iztirab dolu.
Səslənir muğamın pərdələrində.
Söhbəti aşkarda,
Sirri dərində.
Zilində elə bil od qalanıbdır,
Yanğına dözməyib havalanıbdir.
Bəmində yanğını keçirmək üçün
Fikirlər, xəyallar yuvalanıbdır.
Biz ki bu yolları bir başa vurduq,
Biz ki bir vahidik bir arzu-kamda.
Elə bununçun da... Tək mənmi?..
Yox, yox.
Hər kəs öz qəlbini tapır muğamda.
Muğam - hər guşəsi sirli, soraqlı
Yola bənzəyir.
Yatağa sığmayan qollu-budaqlı
Selə bənzəyir.
Əvvəlcə yamyaşıl düzü dolaşır,
Birdən dəyişdirir köhnə yerini.
O axır, kükrəyir,
O coşur, daşır
Dağıda-dağıda sahillərini.

Cilova gəlsəydi belə bir axın,
Nota salardılar onu nəğmə tək.
Şəklini çəkməkçin xırdalıqların
Özgə bir dünyadan boyalar gərək.
Tez-tez dəyişdirir öz məcrasını,
O yola çıxmadan yolunu bilmir.

Səfərə çıxanda macərasının
İlkini bilsə də, sonunu bilmir.
Bu yolu hər yolçu bir cür qət edir,
Bəmi düzənlikdir, zili zirvədir.
Bəli, o, zirvədir.
O zirvəlikdə
Ayağın altından sanki yer qaçır.
O ayaq dəyməyən yaşıl gədikdə
Hər yolçu özünə özü yol açır.

Hər muğam çalanın, muğam deyənin
Keçdiyi, açdığı iz başqa-başqa.
Eyni müğənnini hər dinləyənin
Könlünü yandıran köz başqa-başqa.
Məğrur Qız qalası...
O köhnə Bakı,
Mənsur Zabul üstə inlədir tarı.
O nədir?
Suların qayalardakı
Həzin, asta-asta pıçıltıları.
– Necə dumanlısan,
Görünmür gözə
Pərdədə, örtükdə çırpınan ürək.
Gizli mətləbini görməkçün
Bizə
Dərinə işləyən təxəyyül gərək.
Hərə bu ocaqdan bir od götürər,
Tutar səsindəki dərinliklərə.
Xəyalın gözüylə eşidər, görər
Gizli mətləbini hərə bir cürə.
Bilmirəm, yaşıldır, aldır səslərin.
Səsinə nə sözüm?
Laldır səslərin.
Mətləbi gizlədir, inləyir ancaq.
Danışır,
Bilmirik nə deyir ancaq...
Lal səsin nə böyük qüdrəti varmış.

Səsdə sözdən böyük hikmət olarmış...
Mübhəmdir,
Gizlidir sözü nəğmənin.
Min sözdən güclüdür, bir xalın sənin.
Ey tarım,
Ey nəğməm,
Ey pirim mənim
Sənə nəzir düşür...
Çox yoxsulam mən,
Nəğməm ola bilər nəzirim mənim
O da ki sönükdür nəğmələrindən.

Sözümdə olsaydı səsinin gücü,
Onu başım üstə bayraq edərdim,
Səsinlə dünyanı mən tərpədərdim.
Yanıb şırıl-şırıl,
Axıb şır-şır o
Kim deyə bilər ki, nə danışır o?
Onda qucaq-qucaq söz çələngi var.
Hər səsin, hər xalın neçə rəngi var.
Hər kəs, hər guşəni yozur bir yerə,
Gəlin, bir anlığa baxaq göylərə.
Buludlar burulur,
Buludlar dönür,
Hərənin gözünə bir cür görünür.
Yox.
Həmən həməndir,
Göy də,
Bulud da.
Hərə öz qəlbini görür buludda.
Yoxsa inanmadın?
İnanma, ancaq,
Anbaan dəyişən o buluda bax,
Sən də öz qəlbinin pəncərəsindən
İnan gördüyünə,
Elədir, əlbət,
Mənim gördüyümü görməsən də sən,
Mən də həqiqətəm, sən də həqiqət.

Segah

Ey Zabul segahım, Orta segahım,
Mənim öz amanım, mənim öz ahım.
Sən mənə kimsədən pay verilmədin,
Sən özgə çeşmədən gətirilmədin.
Mənim dağlarımdır sənin qaynağın,
Qoşqarın
Kəpəzin,
Ulu Şah dağın
Bağrından sızılıb sən durulmusan,
Məndə yuvalanıb mənim olmusan.
Başqa rəngə salıb bu zaman səni,
Yenidən yaratdı Sadıxcan səni.
Mənim öz dərdimsən, öz məlalımsan.
Anamın südü tək sən halalımsan,
Çoban bayatısı...
Dağlar başından
Qarlara qarışıb qar-qar axıbdı.
Çöllərə boylanan gül baxışından
Keçdiyi yollara iz buraxıbdı...

Həzin bayatılar, çiçəklər kimi
Dağlarda kök atdı, arana çatdı.
Şirin bayatılar diləklər kimi
Bir qəlbdə boy atıb min qəlbə çatdı.

Nənəmin dilində min il dillənən
Segahım, özün al, özün, canımı.
Dilqəmin dilində dil-dil dillənən
Ay telli sazlarm telli xanımı.
Ey Sarı aşığın sevgi dastanı,
Ey Molla Cumanın "İsmi pünhanı".
Vaqifin könlünü qana döndərən,
Xumar baxışdanmı süzülmüsən sən?
Segah - bir arzunun, bir çırpıntının

Min ürəkdən gələn hıçqırıqları.
Sonu iniltili,
Əvvəli çılğın -
Sınmış bir ürəyin səs qırıqları...

Qəmdir dolayları o ağlar səsin.
Ağrılar mayası,
Şikayət süsü.
Bir himə bənd olan bir qərib kəsin,
Könül hıçqırtısı, iç hönkürtüsü.
Danışır, başından ötüb keçəni.
Bəzən üsyan edir,
Bəzən inləyir.
Gizli dərdlərinə yandırır səni,
Mətləbi gah açır,
Gah düyünləyir.

Əlilə saldığı kor düyününə
Dililə yalvarır: "Tez açıl" - deyir.
Ötən keçmişini qoyub önünə
Bayatı çağırır, ona dil deyir:

Araz gəldi, yan axdı,
Dibində min can axdı.
Vətən sarı baxanda
Ürəyimdən qan axdı.

Dağların sinəsi nə?
Gün qalxıb sinəsinə.
Aləmə sığmaz başım
Sığıbdır sinəsinə.

Əziziyəm gül oldum,
Yandım, axır, kül oldum.
Bir dilbilməz quş idim,
Oxudum, bülbül oldum...

Segah - naləsinə alışan könül,
Alovu təəssüf, köçü xatirə.

Keçmişi yanğıyla danışan könül,
Qazancı ağrılar, özü xatirə.

O deyir dililə amanın, ahın:
-Tale bir ürəyə gör necə qıymış...
Mənim çəkdiklərim hansı günahın,
Hansı bəd əməlin öz bahasıymış?
Bu dərdə bağladı məni kim? - deyir.
Bəmində, zilində o, "neylim"? - deyir.

Dərdimin yükünə tab gətirmədi
Əyilib qırılan budağa neylim?
Dərələr keçmişəm, dağlar aşmışam,
Könlümdə dikələn bu dağa neylim?

Günahım nə oldu mənim dəmadəm,
Düzəndə kəsdilər, dağda bitmişəm,
İsti nəfəsimlə qar əritmişəm,
Şaxtaya dözmüşəm, sazağa neylim?
Mən danışan zaman bir kimsə dinməz.
Səsim su yandırar, sözüm bilinməz.
Böyük arzulara dünya bir qəfəs,
Dilimə vurulan qadağa neylim?

Mən od hərisiyəm, od mənə həmdəm,
Günah məndə deyil, daşı əritsəm.
Buz tutar, yay günü bulağa getsəm.
Neylim, buza neylim, bulağa neylim?
Danışdı.
Gördü ki, dinləyənlərin
Başından od çıxdı, gözləri doldu.
Dərdilə, qəmilə başqalarına
Əzab verdiyinə peşiman oldu.

Dedi: - Bu da keçər, axı neyləmək?
Həmişə olmaz ki, yer üzü gündüz.
Belə yaranıbdır bu çərxi-fələk,
Bir üzü gecədir, bir üzü gündüz.

Ey mənim ürəyim, sən öz gözünlə
Gecəni gecə gör, gündüzü gündüz.
Öz əllərinlə,
Könüllər şad edən əməllərinlə
Yoluna gül düz.

Nə deyir könlümü oymaqla, oyulmaqla Segah?
Gözə göz yaşları tək bir belə dolmaqla Segah?

Könül hıçqırtısı, qəlb atəşi, can yanğısıdır.
Sən mənim göz yaşım ol, çağla, Segah, çağla, Segah.

Anamın öz südü tək sən halalımsan, halalım,
Nə deyirsən, məni məndən belə almaqla Segah?

Bizi dünyanın o dar çərçivəsindən çıxarır,
Dəli xallardakı hönkürtüyə dalmaqla Segah.

Onun hər pərdəsi ah, hər bəmi qəm, hər zili od,
Qəlbə atəş çiləyir, hökm eləyir ağla Segah.

Bəxtiyarın da könül telləri titrər beləcə,
Deyər ahəstəcə hey: "Ağla, Segah, ağla, Segah".

Rast

Buxarı başında el ağsaqqalı,
Əyləşib
Qəlbini açır süfrə tək.
Danişır, anbaan dəyişir halı
Zoğal çubuğunu tüstülədərək.
Sözləri bəm simdən zil simə düşmüş,
Danışır bir əsrin öz yarasını.
Danışır aramla,
Tilsimə düşmüş

Bir pəri qızının macərasını.
Dağlarda göynəyən Məcnundur Segah,
Rast - onun atası... Nəsihət eylər.
Məcnun səhralara gətirər pənah,
Ata bu sevdanı məzəmmət eylər.

Rast - müdrik bir ağıl, dərin düşüncə,
Danışır təmkinlə, aramla tək-tək.
Segah - bir istəyin, eşqin dalınca
Mələyə - mələyə qaçan bir ürək.
Rast - çılğın qəlblərə bir ağsaqqalın
Nəsihət nidası, öyüd səsidir.
Bir zaman büdrəyən qəlbin, kamalın
Ayılıb özünü dərk etməsidir.
Segah - nalə çəkən, Rast - tədbirlidir,
Vüqarlı, dözümlü, o səbirlidir.
Yüz ölçür, bir biçir,
Düşünür dərin,
Mühit dənizi tək o ləngərlidir.
Onun ləngər vuran hər guşəsində
Dərin düşüncələr daldalanıbdır.
Gizli fikirlərin sıx meşəsində
Arzudan, istəkdən od qalanıbdır.

Fikirlər, fikirlər...
Bir sirdaş olmuş
İnsana...
Dərdinə dolandan bəri,
Rast cavan deyildir,
O, yaşa dolmuş,
Müdrik bir ürəyin düşüncələri:
Həyat nə?
Ölüm nə?
Ömür nə?
Yol nə?
Qəflət yuxusunu dağıdan nədir?

Qışda yağan qarı, bahar gəlincə
Sellərə döndərib axıdan nədir?
Düzdə ayaq açır dağlann qarı,
Hər vaxtın öz quşu, öz budaqları.
Yuxudan qaldırıb ulu dağları,
Bahar havasına oxudan nədir?

Çalır ürəkləri göz baxışıyla,
Boşalır könüllər göz yaşlarıyla.
Yerləri, göyləri öz axışıyla
Haldan-hala salan bu zaman, nədir?

Hökmüylə, qəsdiylə nə deyir zaman?
Uçurur bir yandan, qurur bir yandan.
Günəşin başına dolanır cahan,
Fırlanır, fırlanır, fırladan nədir?
Ay nə, Gün nədir?
İlk nə, son nədir?
Enişi göstərir bizə dağ kimi,
Qaranı göstərir bəzən ağ kimi
Dünyanı oynadır oyuncaq kimi,
Qəsdi bilinməyən bu oyun nədir?
Ay nə, Gün nədir?
İlk nə, son nədir?

Bir aqilin hikmətli nəsihətləridir Rast.
Tarix danışan köhnə rəvayətləridir Rast.

Aqil danışır, canlı misallar çəkir hərdən,
Bir taleyin ibrətli hekayələridir Rast.

Üşşaqda verir sirli suallar bizə rəng-rəng
Eşqin də cavabsız qalan hikmətləridir Rast.

Dilkəşdə pıçıldar bizə dünya kədərindən,
İnsanın ədalətli şikayətləridir Rast.

Öz dərdini qışqırmaz, o, ahəstəcə söylər,
Lakin əzabın son dəmi, sərhədləridir Rast.

Dünyanı gözəl görmək üçün qurbana hazır,
İnsanların ilk arzusu, niyyətləridir Rast.

Ey Bəxtiyar, ah atəşi söz rənginə girməz,
Həm dərdli qürub çağı və həm dan yeridir Rast.

Hümayun

Milləndi qığılcım kimi zülmətdə Hümayun,
Dağ üstünə dağ basdı müsibətdə Hümayun.
Ülviyyətə, qüdsiyyətə, şeyriyyətə çatmış,
Fəryadda Segah, gizli şikayətdə hümayun.

Şüştər

Şövkətli, qədim keçmişimin öz dili Şüştər.
Nakam ananın laylası, yüz pərdəli Şüştər.
Felində ağıl nuru saçıb dalğalanırkən
Min ağlı neçin başdan alır bir dəli Şüştər.

Bayatı-şiraz

Muğamat qəsrinin gözəl gəlini
Şövkəti-şanıdır Bayatı-Şiraz.
Mizrabda hönkürən sarı simlərin
Çılğın cövlanıdır Bayatı-Şiraz
Sevincdən kədərə, qəmdən nəşəyə
Keçid meydanıdır Bayatı-Şiraz.

Aman ovçu

Maral endi sərçeşməyə,
Sərçeşmədən su içməyə.
Bilmədi ki, pusqudadır
Bərəsində "aman ovçu"
Yaman ovçu,
Zalım ovçu.
Qabırğası qalın ovçu.
Qaçdı, bir az aralandı.
Şaraq-şaraq!
Kürəyindən yaralandı,
Qaçammadı... O dayandı.
Göy çəmənlik qızıl qandan
Oda yandı.
Döndü, baxdı yazıq-yazıq,
Məlul-məlul,
Ovçu, sənin qolun sına.
Necə qıydın bu dağların
Maralına?
Gözlərdəki o çarəsiz yalvarışa
Necə dözdün?
Aman ovçu,
Tüfəngini çiyninə sal,
Bir geri dön,
Bir ora bax.
Bu dəhşətə kol titrədi,
Gül üşüdü.
Baxışdakı o yalvarış
Nəğmə oldu,
Dilə düşdü:
"Aman ovçu, vurma məni,
Mən bu dağın maraliyam.
Yaralıyam, yaralıyam".
Nəğmələrin istisinə
Qızındıqca donuruq biz,
Heykəlləşir heyrətimiz.

Yağ, yağış

Ağ yel əsir,
Ağ buludlar
Topa-topa,
Tel-tel əsir.
Ağ yel əsir.
Pambıqlanan buludları
Kola-kosa
asa-asa
Ağ yel, ağ-ağ gül bitirir,
Yağışı da ağ gətirir.
Göydə bulud damar-damar...
Bu ağ yağış
Düz torpağın
İliyinə
Damar, damar...
Oğul-uşaq gülə-gülə
Çıxar çölə.
Üz islanar, göz islanar.
Oğlan qaçar,
Qız islanar.
"Yağ, yağışım, yağ yağara.
Daş ağara, dağ ağara.
Ağ buludun toy günüdür,
Gir mağara,
Yağ, ey yağış,
Vur nağara..."
Yağış yağır,
Ürəyimin yanğısına
Dağın, daşın.
Tut ucundan sən göyə çıx,
Bu yağışın.
Şırıldayır navalçalar,
Qopub düşür budağından
Kal alçalar.
Arxlar daşar, sel oynayar,

Göy əl çalar...
Sellər yıxar bərələri,
Dilləndirər
dibsiz "uzun dərə"ləri...
Uzundərə
Şüştərimdən qopub düşdü,
Sellər, sular çağıldayan
Uzun-uzun dərələrə.
Əlvan-əlvan havalardan aldığımız
Havalar da
Öz sözüdür könlümüzün,
Arzumuzun, dərələrə...

Göy tutular.
Bir tərəfi açıq olar,
Açıq yerdən gün çırtlayar.
Deyərlər ki, indi Günəş
Buludlara oldu günü.
Açıb qızıl saçlarını
Günəş yuyur əl-üzünü...
Bəs bu nədir? Bəs bu nədir?
Bu da özgə bir nəğmədir.
Yağış kəsir...
Qovğası da bitir, demək,
Göyün, yerin.
Göyün təmiz aynasına
Əksi düşür
Çiçəklərin...
Çiçək açır sağdan sola
Göyün tağı.
Göy üzünə çətir çəkir
Göy qurşağı.
"Fatma nənə hana qurur"
Hanadakı rənglərə bax.
Kitab kimi o, oxunur

Varaq-varaq.
O, ürəyin gah qüssəli,
Gah fərəhli hallarımı?
O, muğamın əlvan-əlvan xallarımı?
Hər guşədə neçə-neçə
Rəng çağlayır,
Səslər elə əngindir ki,
Açıb geniş qollarını
Bu dünyanı qucaqlayır.
Əfsanəvi nənəmizin
Ürəyinin tellərindən
Hanasına bənd etdiyi səslərə bax.
Səslərdəki rənglərə bax,
Rənglərdəki səslərə bax.
Gah da olur yağış kəsmir,
Elə yağır, yağır yenə...
Nə əkinə gedən olur, nə biçinə.
Çiyinlərdə həyat yükü dağdan ağır.
Bir yandan da yağış yağır,
Səpələnir sola, sağa,
Aman vermir göz açmağa.
Neyləməli?
– Pas atıbdır oraqlar.
Zəmilırdə diş qıcadır
Alaqlar.
Hər qapıdan pay umub
Qodu gəzir uşaqlar:
"Qodu, Qodu, dursana,
Çömçəni doldursana..."
Əkin-biçin eşqinə,
Ürək yanır, dil yanır.
Bizim mahnılarımız
Bəzən belə yaranır.

Sayaçılar

Düzdə qızıl burküyə
Dağda borana düşdük.
Yayda dağa üz tutub,
Qışda arana köçdük.
Qışda dəyə evimiz
Yayda alaçıq oldu.
Qəlbimiztək evimiz
Hamıya açıq oldu.

Düşdük qara, sazağa,
Həm qul olduq, həm ağa.
Qonduq azad quş kimi
Biz budaqdan-budağa.

Sərhəd tanımadıq biz,
Arxalandıq dağlara.
Ləpirimiz yol açdı
Yaxma, uzaqlara...

Qoyun-quzu bəslədim,
Dağ bizə sirdaş oldu.
Yaylaqların çiçəyi
Bizə əyin-baş oldu.

"Nənəm qoyunun ağı
Dolandı, gəldi dağı.
Çobana çanq bağı,
Qızlara cehiz ağı...

Nənəm, a dəli qoyun,
Dolanıb gəli qoyun.
Gəlinlər güzəmindən
Toxuyar xəli, qoyun.
Nənəm, a nazlı qoyun,
Qırqovul gözlü qoyun.

Pendiri kəsmə-kəsmə,
Qatığı üzlü qoyun..."

Dağlardakı suların
Sesi nəğməmiz oldu.

Dağların sel suyu tək
Qəlbimiz təmiz oldu.
Dağlardan aldığımız
Nəğməni
Qəlbimizin
Fəryadına çevirdik.
Aradan kəsdiyimiz
Qarğı tütəyə verdik.

Biz nəğməylə oyanıb
Nəğməylə də yatardıq.
Biz qoyunu, quzunu
Nəğmələrlə otardıq...

"Nənəm, a narış qoyun,
Yunu bir qarış qoyun.
Çoban səndən küsübdü
Südü ver, barış qoyun".

Uca dağlar, şiş qayalar boyunca
Zilə çəkər bayatını çobanlar.
Bu səsdəki məlahəti duyunca
Qoyun-quzu ota gələr, dil anlar.
Kiçik-kiçik arxlarım -
Bayatılar, sayaçılar, laylalar
Qayalardan sızılar,
Dərələrə hay salar,
Kürə çatar,
Arazıma can atar,
Bizim muğam dəryamızı yaradar.

Sevinc bizi güldürürsə,
Qəm ağladır.
Sözün özü nə ağlayır,
Nə də gülür,
Amma bizi həm güldürür,
həm ağladır.
Yox, söz deyil, səsdir, axı,
Qəhqəhə də,
Hönkürtü də,
Min cümlədən daha böyük
Mətləb yatır
Bircə qırıq hönkürtüdə.
Könül səsi könül dələr.
Nəğmələrin əvvəlidir
Hönkürtulər, qəhqəhələr.
Bəlkə insan
Sevincini, kədərini
Nəğmələrlə söyləməzdi,
Bizim kimi hönkür-hönkür ağlasaydı,
Qah-qah çəkib gülsəydi söz.
Yox, nəğmələr yaranmazdı,
Qəlbimizdən keçənləri
Tamam deyə bilsəydi söz.
Sözdən əvvəl səs yaranır,
Nəğmələrdir ilk dilimiz.
Nəğmələrdir
Sözümüzün, fikrimizin
ibtidası,
Nəğmələrdir
dilimizin əlifbası.

Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

Nə güman eyləmisən ondakı tilsimləri sən,
"Kürü ahıyla qurutdu", "Salı yandırdı" muğam.

Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
Keçilən yolları hərdən bizə andırdı muğam.
Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.
O, ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.
Dəfn edin siz məni Zabul segahın mayəsinə,
Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.
Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов