Содержание
  1. I
  2. II
  3. III

Страница 1 из 2

I

Dünən hər bir şeyimiz vardır, deyə düşünülürkən bu gün hər bir şeyimizin natamam olduğunu qeyd etmək nə qədər acı olsa da, hər halda, bir həqiqətdir.

Son illərin yenilikləri bütün əski gedişi cığırından çıxardığı kimi, xüsusilə, əski ədəbiyyatı da büsbütün təməlindən sarsıtdı.

Bu vaxtadək yazıçılarımızın fikir və mövzusunu təşkil edən cəhalət, maarifsizlik, qumarbazlıq, qatillik və sairə ilə mübarizə və ümumən, bu kimi mövzular olduqca yersiz, vaxtsız və bayağı bir hala gəldi, artıq elə yazıların fikirləri çox irəliləmiş mühit üçün mənasız və gülünc görünür.

Digər tərəfdən əski şeir üsulları və şəkilləri, daha doğrusu bir qəzəl ya bir qəsidənin sözləri dalqabaq yerləşdirilməklə təkrari, deyil ki, yalnız oxucuları, bəlkə şairlərin özlərini belə usandırmış oldu. Çünki bu əsərlər bir şairin, ya bir ədibin bilavasitə, həyatdan aldığı təsiratın bilaixtiyar yaratdığı əsərlər olmayıb, ancaq keçmişlərin həyatı tədqiq ilə yazdıqlarının həyatdan aldıqları və qeyd etdikləri təbii təəssüratın birər süni və çox vaxt çox kobud təqlidi olurdu ki, bu əsərlər də kopiyadan kopiya olduqları üçün, hər halda, əslindən zəif olurlardı.

Həyatımızın ölgün və durğun dövrlərində bu kimi yapma, cansız və duyğusuz əsərlər, bəlkə də bir çoxlarını əyləndirə bilərdi. Fəqət indi artıq bütün fikirlərin azçox yüksəldiyi, duyğuların incəldiyi bir dövrdə belə əsərlərin kimsəyə zövq aldırmayacağı təbiidir.

Xüsusilə, son zamanlarda Türkiyə ədəbiyyatının az-çox yeni bir şəkil ilə mühitimizə soxulması boyanı daha da qatılaşdırmış oldu. Əski ədəbiyyatın əsaslarına Hadi və Sabir tərəfindən endirilmiş baltalar da, öz ağırlığını duydurmaya bilməzdi. Hər tərəfdən qəzəl və qəsidələrə sərzənişlər yağdırılmağa başladı.

Bunun üzərinə əsərlərinin kimsə tərəfindən təqdir edilmədiyini görən yazıçılar, ədiblər, şairlər ya yeni həyata uyğun, canlı və yüksək əsərlər yaratmalı, ya da istər-istəməz susmalı idilər. Başqa bir yol yox idi. Məəttəəssüfanə, bunlar ikinci yolu təqib edib susdular.

Beləliklə, ədəbiyyatımızın əski telləri qırıldı. Yeni tellər, yeni pərdələr isə hənuz tərənnümə başlamadılar. Bunun da səbəbi gediləcək yolların bəlli olmamasıdır.

Gənclik özünü Şərq klassizmi ilə Qərb realizmi arasında görüncə birdən-birə şaşırdı.

Azərbaycan ədəbiyyatı Qərb ədəbiyyatının noyeklasizmindən sonra keçirdiyi dövrləri, məktəbləri təkrarmı edəcək, yoxsa hamısını bir tərəfə buraxıb birdən-birə realizmə keçəcəkdir? Bunun üzərinə ortaya bir məktəb məsələsi atıldı. Azərbaycan türk ədəbiyyatı hansı bir məktəbi təqib edəcəkdir?

II

Keçən sayda Azərbaycan türk ədəbiyyatının bu son günlərində araya bir məktəb məsələsi atıldığı və ədəbiyyatımızın hansı məktəbi təqib edəcəyi ətrafında bir çox fikirlər söyləndiyini qeyd etmişdik.

Bir çoxları inandırmaq istəyirlər ki, müəyyən ədəbi dövrlərin məktəblərinin hər bir millət içində müntəzimən təkərrürü sarsılmaz, təbii və tarixi bir qanundur. Qərb ədəbiyyatı realizm məktəbinə varınca klassizm, noyeklassizm, romantizm və ilaxir dövrlər keçirdiyi və bu dövrləri bütün ayrı-ayrı xalqlardan təkrar etdiyi kimi bizdə də eynilə təkərrür etməsi qaçılmaz bir şeydir.

Ədəbiyyatımız, hal-hazırda yeni klassizm dövrünü bitirmiş, daha doğrusu bitirmək üzrədir. Ona görə də biz sıra etibarilə nə qədər irəli getmək istərsək, ya gedəcək olursaq, yenə heç olmasa, romantizm dövrünü keçirməliyik. Fəqət burada bir şey unudulur ki, o da indiki mədəniyyətin vücuda gətirdiyi asanlıqdır.

Keçmişdə bir məktəbin bir ölkədə məhv olduğu sırada başqa bir ölkədə yenidən başlaması, aradakı münasibətin çətinliyindən bir ölkədəki ədəbiyyatdan o biri ölkənin xəbəri olmamasından irəli gəlirdi. Halbuki, bu gün o çətinlik yox. Bu gün Romada çıxan bir əsəri yarın Gəncədə oxumaq və onun açdığı yenilikləri mənimsəmək mümkündür. Zatən Şekspirin heçdən bir ingilis ədəbiyyatı yaratdığı, həm də bu ədəbiyyat İstambul fəthindən sonra Yunan ədəbiyyatının dəniz yolu açılınca bilavasitə İngiltərəyə nəqli təriqilə olduğu bəllidir. Digər tərəfdən həmişə hər yerdə ədəbiyyat mühit və həyat ilə bərabər yaşamış, mühitin fikir və fəlsəfəsi tərzi-təfəkkür və təyişi ədəbiyyata təsirsiz olmamışdır. Bu gün biz yunan klassik ədəbiyyatını götürüb o zamankı Yunanıstan həyatı ilə qiyas etmiş olursaq, mühitinin dini, ictimai və siyasi fikirlərini əks etdirdiyini görmüş oluruq. O zaman yunanlar özlərini əski mövhum qəhrəmanlara oxşatmağa çalışır, allahlar şərəfinə bir çox əsatir və əfsanələr yaradır və ümumən, əsatir və əfsanəvi bir həyat sürürlərdi ki, bu da Yunan klassik ədəbiyyatında tamamilə təzahür etmişdir.

Fransa, İngiltərə ədəbiyyatına da baxmış olursaq, hər zamanda öz mühitinin ruhunu, həyatını təsvir etmiş olduğunu görürük. Fransa ədəbiyyatının bədənpərvazlığı əfsanəvi dövrləri vaxtının parlitlər sevən salon cəmiyyətinin tərzitəfəkkür və təyişindən heç də ayrılmayır. Eynilə protestantlıq ilə katolizmin çalışması və bir çox yeni kəşfiyyatlar dövrünə təsadüf edən Şekspir ədəbiyyatı da yenə öz mühitinin ictimaisiyasi, dini və ilaxir həyatın təsviridir ki, burada mühiti düşündürən və maraqlandıran bir çox məsələlərdə özünə cavab bulunmuş olur. Başqa dürlü olmaz idi də. Ədəbiyyat cəmiyyətin bir güzgüsü kimi tələqqi edilirsə, onun bütün maddi və mənəvi həyatını doğrudan-doğruya təsvir etməlidir.

Beləliklə, hər bir ölkənin ədəbiyyatı hər bir vaxt öz mühitinin bir güzgüsü olmuşkən, onun bütün maddi və mənəvi həyatını əks etdirmişkən, yalnız bizim ədəbiyyatımız başqa bir cərəyanla getmiş, öz mühitinin güzgüsü olmamışdır. Fəqət bu, yenə də mühitimiz ədəbiyyatımıza büsbütün təsir edəməmişdir demək deyildir.

Adətən, bir cəmiyyət nə qədər qüvvətli, mənəviyyat və məhdudiyyətcə nə qədər zəncin və yüksək olursa, onun yaratdığı ədəbiyyat da o nisbətdə zəngin və qüvvətli olur. Tərsinə olaraq, bir dövrün ədəbiyyatı nə qədər zəngin, qüvvətli və yaxud sönük və ölgün olursa, cəmiyyətin də eyni nisbətdə yüksək və ya sönük olduğu kəsdirilə bilər. Bunun üzərinə biz Azərbaycanın siyasi və ictimai tarixi ilə ədəbiyyat tarixini tutuşduracaq olursaq, bir-birinə çox uyğun və mütənasib yollar ilə getdiyini görmüş oluruq. Ərəblik, farslıq hökmranlığına dözmüş Şirvanşahlar və xanlıqlar dövrü görmüş Azərbaycanın siyasi tarixi bir çox parlaq və sönük yarpaqlara malik olduğu kimi yaxın əsrlərdə ən parlaq dövrünü təşkil edən Şirvanşahlar zamanında belə bütün mühiti fars mədəniyyətinin təsiri altında bulunmuşdur. Xüsusilə, Şirvanşahlar İran sarayı tərəfindən təyin edilir, İrana xərac verir və bütün saray İran sarayını təqlid ilə ona oxşar həyat sürürdü. Fars lisanı və ümumən, mədəniyyəti də hökmüran bir mövqe tuturdu. İştə belə çılpaq bir mühitin də səmərəsi olmaq üzrə xaqanilər, nizamilər meydana çıxdılar ki, hər ikisinin sonsuz ədəbi bir iqtidara malik olduğuna, fars ədəbiyyatının içində belə hakim bir mövqe tutduqlarına baxmayaraq, yenə həyat ümumiyyəsilə fars ədəbiyyatı, lisanı və ümumən, mədəniyyətinin təsiri altında bulunmuş, əsərlərini də farsca yazmışlardır. Azərbaycandakı bu dövrün istər siyasi, istərsə, ədəbiyyat tarixi o qədər maraqlı, eyni zamanda o qədər çalpaşıqdır ki, bunu ətraflıca təhlil etmək bir neçə cümlənin işi deyildir.

Sonralar əsil mərkəzdə İran mədəniyyəti sustlaşır, zəifləşirkən belə Azərbaycanda da mədəni hakimiyyət ilə bərabər siyasi hakimiyyətin də sustalmasına baxmayaraq, mühit yenə əski İran mədəni həyatını təqlidə davam etdiyi kimi, ədəbiyyat da artıq əski İran klassik ədəbiyyatının kor-koranə bir təqlidçisi olur və həmin vəziyyəti öz sönüklüyü ilə, durğunluğu ilə əks etdirir. Beləliklə, həyat İran həyatının təqlidi olduğu kimi, ədəbiyyat da büsbütün İran əski ədəbiyyatının təqlidi olur.

Yalnız burada bir cəhət vardır ki, o da son vaxtlardakı ədəbiyyat Azərbaycandakı təqlidi həyatın təqlidlərini təqlid əvəzinə, onun əsl təqlidini bir orijinal kimi təsvir əvəzinə, tərsinə olaraq, İran ədəbiyyatının İran həyatını əks edən ədəbiyyatı təqlid etmiş və beləliklə də ümumi ədəbiyyat cərəyanında bir yapmalıq üz göstərmişdir.

Getdikcə Azərbaycanda Iranın mədəni hakimiyyəti sustaldıqca siyasi hakimiyyəti də sustalır, siyasi hakimiyyət süqut edib Azərbaycanda İrandan ayrılmaq cərəyanı artdıqca mədəni təsir də xəfifləşib, ədəbiyyatın da türkcələşməsi cərəyanı qüvvətlənir.

Nadir şah və Ağaməmməd şahın əsgəri qüvvələri artıq Azərbaycanı büsbütün təslim etdirəmədiyi kimi fars mədəniyyətinin və xüsusilə ədəbiyyatının yapma parlaqlığı da Azərbaycan ədəbiyyatını büsbütün təslim etdirəmir və bu dövrün nəticəsi olaraq Vaqif və başqa bu kimi şairlər yetişirlər.

Getdikcə İranın mənəvi təsiri artır ki, bu təsir xəfif bir şəkildə olsa da, hər halda son vaxtlaradək davam edərək gəlmişdir.

Məqsədimiz ədəbiyyatımızın son vəziyyəti olduğundan yuxarıdakı cəhətlərdə təfsilata vurulmayıb, ümumiyyət etibarilə, götürürsək, son zamanlar Azərbaycan türk ədəbiyyatı başlıca olaraq üç təsirin sıxıntısı altında olmuşdur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов