Gülzar
Страница 1 из 4
Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi... Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi.
Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi.
Yalnız o, yalnız o bunları görmür, eşitmir, qadınların böyük bir gurultu qopartdığı darısqal və yarımqaranlıq daxmanın bir bucağına sıxılmış, bütün bu sevinclərə darılır, bu şənliklərdən sıxılır və eşitdiyi bütün bu gülüşlərdə, bu gurultularda müdhiş bir fəlakət bayquşunun qorxunc sədasını hiss edirdi.
O bu gecə gəlin gedirdi.
Tam altı aydan bəri ayrılmaz bir yoldaşı olan köhnə qabıqlı Quranı kiçik döşlərinin arasına sıxıb: “Ey Quran, ey uca pərvərdigar, sən ki hər şeyi bilirsən, sən mənə kömək ol!” – deyə göz yaşları ilə yıpranmış yarpaqlarını isladırdı. Bunu hər kəs görür, lakin onu son zamanlar daima belə tutqun gördüklərindən, bir o qədər də maraqlanmırlardı.
Hətta qızlardan bir neçəsi maraqlanmış, soruşmuş və cavab almayınca, kimisi bu zavallı qızcığazın öz nişanlısını sevmədiyindən, kimisi tərsinə olaraq, çox sevdiyindən və sevincindən ağladığını, kimisi də “adətdir”, “qızlar gəlin gedərkən ağlarlar”, – deyə yenidən özlərini bir susmaz gurultuların ağuşuna atırdılar. Lakin kimsə bu öksüz yavrucuğun ruhuna girə bilmir, oradakı cəhənnəm kimi coşan müdhiş iztirabları, kiçik vücudunu sarsıdan, ürəyini, duyğularını, bir kəlmə, bütün varlığını çeynəyən dəhşət və fəryadları görə bilmirdi. Yalnız o özü bunları görür, hiss edir və əski qabıqlı Quranını bağrına basaraq: “Ey Quran, ey Quran sahibi, sənə pənah gətirmişəm”, – deyə için-için ağlayır, göz yaşlarını tökürdü...
Ox, o fəlakətli gecə olmasaydı!
Bu, on beş-on altı yaşlarında, ortaboylu, qara gözlü, uçqun yanaqlı, sarımtraq bənizli bir qızcığazdı. Altı-yeddi ay bundan əvvəl deyər, gülər, çalar, oynar şux bir afət idi. Ilk baxışda bir o qədər də gözəl görünmürdü. Lakin bir qədər diqqətlə baxdıqda onda başqa bir gözəllik görmək mümkündü... Baxışları altına düşən hər kəsi ildırım kimi sancan iri, qara gözləri, bu qara gözlər üstündəki incə, uzun qaşları, qanı axacaq qədər qırmızı, çiçək yarpaqları qədər zərif, incə və titrək dodaqları, hətta ağzının böyüklüyü və siması arasındakı incə bir tənasüb, – onu seyr edən hər bir kəsdə anlaşılmaz bir həyəcan oyadırdı.
Xüsusilə, əlində bir çomaq, dünya malını təşkil edən iki keçisini dağdan endirərkən, dağınıq saçları, oynaq və şux görkəmi ilə elə ilahi bir heyət təşkil edirdi ki, bu gözəlliyə qarşı kimsə dayanmaz, pərəstiş etməyə bilməzdi.
Bəli, bütün solğunluqla, bütün nöqsanlarına baxmayaraq, kənddə hər kəs onun gözəlliyini etiraf edirdi.
Gülzarı, yalnız kəndin gəncləri deyil, hətta ixtiyar kişiləri, qadınları da sevirlərdi.
Ta uşaqlıqdan yetim qalmış Gülzar öz kor anası ilə yoxsul qardaşı Aslanın himayəsində yaşayırdı. Anasının gözlərinə, kənd qadınlarının dediyinə görə, qara su enmiş idi. Ona görə Gülzar ta uşaqlıqdan evdə çalışmış, zəhmətə alışmışdı.
Bir qədər böyüyüncə, yoxsul evlərinin bir o qədər də böyük olmayan zəhməti onun üçün asanlaşmışdı. Artıq Gülzar daha ağır işlər görə bilir, mal-qara saxlaya bilir, xalça-palaz toxuya bilirdi. lakin yunları olmadığından Gülzar bəzən qonşuları üçün icrətlə çalışır, amma bu da həmişə olmurdu. Hər nə olsa da, Gülzar vaxtlarını boş keçirmir, hər kəsin bir işi olursa ona kömək edir, bacardığı qədər toxuyur və yardım edirdi. Başqa qoca bir qadını suya gedən görüncə, haman gedib dolçasını alır, doldurub gətirərdi. Bir evdə yas oldumu, oraya gedir, bacardığı qədər çalışır və o qədər səmimiyyət göstərirdi ki, hər kəs onu həmin evin adamı kimi bilirdi.
Hər kəsə ehtiram edər, hər kəsi sevər, hər kəsi ana, bacı, ata, qardaş kimi görərdi.
Gülzarın namuslu və ismətli olduğu xüsusi bir tərzdə dillərdə dolaşırdı.
Kənddə bir qız tapılmazdı ki, adına sözlər deyilməsin. Birinin ayağı dolaşdımı, haman ətrafda dastan açılır: “Dağ-divara dırmaşır”, “Filankəsə söz atdı”, “Gecə filankəslə danışdı” və s.
Hətta kəndin ən zəngin qızları və yüzbaşının qızları belə qadınların bu dediqodusundan, qaş-gözündən yaxa qurtara bilməzdilər. Yalnız Gülzar bu dediqodulardan kənar qalıb, su kimi pak və təmiz bir ad saxlamışdı.
Atalar qızlarına darılarkən, Gülzardan ibrət almalarını tapşırır və qadınlar Allaha yalvarıb, övlad dilərkən, Gülzar kimi pak və namuslu bir qız istərlərdi.
Bax, buna görə də bu gecə hər kəs Gülzarın gəlin getdiyinə sevinirdi. Hamı da gəlmiş və öz qızlarının toyu kimi bu toyda iştirak edirlərdi.
Lakin hər kəsdən artıq Aslan sevinirdi.
Bu yoxsul, kimsəyə toxunmaz, bir kəsə pislik etməz, söysələr də danışmaz, hər kəsə ehtiram edər, bir sözlə, “Allahın” dilsiz-ağızsız bəndəsi idi. Bunu çox vaxt Aslanın qorxaqlığına çıxırlardısa da, bununla bərabər kənddə kimsə ona dolaşmaz, pislik etməzdi.
Dünya malından bir uzunqulağı, bir də çətinliklə yığdığı pullardan Gülzar üçün aldığı iki keçidən başqa heç bir şeyi yox idi.
Uzunqulağı ilə odun daşıyır, kömür hazırlayır, biçinə gedir və beləliklə, öz bacısını və kor anasını saxlayırdı. Yaşının çoxluğuna baxmayaraq, hələ evlənməmişdi. Zatən, yoxsul olduğundan, ona qız verən yox idi. Lakin bacısını artıq varlı bir adama verdiyi və o gedəndən sonra bir qədər xərci azaldığı üçün, yeznəsinin köməyi ilə evlənə biləcəyini ümid edirdi. Lakin hər şeydən artıq onu sevindirən – Gülzarın təmiz bir ad saxlaması idi. Hər kəs Gülzarı təriflərkən, Aslan da bacısının belə adı ilə lovğalanardı. Hər halda bu gecə Aslan sevincindən nə edəcəyini bilmir, hər tərəfə çırpınır: “Buyurun, Allah ömür versin, oğlunuz üçün olsun, Allah atana rəhmət eləsin!” və s. sözlərlə gələn qonaqları qarşılayır, ona bu qədər hörmət edib, sevincində iştirak edənləri sevir, hətta kənddəki ən möhtərəm şəxslərin belə gəldiyini görüncə, sevincindən gözləri yaşarır, hətta bəzən onların ayaqlarına düşüb, öpmək istəyirdi.
Bu məhəbbətlərin, bu ehtiramların, bu ümumi iştirakın hamısı Gülzara, hər şeydən əvvəl Gülzarın paklığına, məsumluğuna, namuslu və ismətli olmasına aid olduğunu Aslan bilir və: “Bacımın cehizi yoxsa da, su kimi duru, pak bir adı vardır”, – deyirdi.
Zavallı Gülzar bunları eşidir, bütün ürəyi didilir, bütün varlığı parçalanırdı.
Ox, o fəlakətli gecə olmasaydı!..
Nişanlandığı gündən üç gün əvvəl idi. Gülzar günorta vaxtı evdən bir çörək götürüb, meşədə odun qıran qardaşı üçün apardı. Geri qayıdarkən, hava çox tutqun idi. Yavaş-yavaş yağış nəmçiləyir, xırda damcılar Gülzarın üzünə, döşlərinə toxunurdu. Gülzar yağışdan gözlərini açmayıb, tələsik qaçırdı. Zavallı bu tələsmə nəticəsi olaraq, xəbəri olmadan yolu da itirmişdi. Yenidən bu yolu tapmaq üçün çox uzun çalışmış, amma havanın büsbütün qaralması bütün ümidlərini yox etmişdi.
Gülzar da nə edəcəyini bilmirdi, nə də gözü görürdü. Qaranlıqda qurdlara, çaqqallara rast gəlməsin deyə, qorxudan bir ağacın dibinə sıxıldı. Göy bütün dəhşəti ilə guruldayır, ildırımlar odlu oxlar kimi sağa-sola qaçışır, yağış vedrədən tökən kimi tökülürdü. Bütün kainat bir ildırım oynağına, bir od dənizinə dönmüşdü.
Gülzar qorxurdu. Bu aralıq yaxından “Alabaş, Alabaş!” – deyə çağıran bir səs eşidildi. Gülzar bu insan səsindən bir qədər cürətləndi və “Meşədəki, kimsən?” – deyə çığırdı. Çox keçmədən qarşısında ağ kürkə bürünmüş bir kişi gördü.
– Kimsən?
– Əmi, azmışam.
– Gəl, gəl! Burada durmaq qorxuludur, ildırım hündür ağacları vurar. Gəl! – deyə yola düşdü.
Gülzar onu təqib edirdi. Bir köhülə (mağaraya) təsadüf etdilər. Məchul kişi içəri girdi. Gülzar da heç bir şey düşünmədən içəri girdi. Beş dəqiqədən sonra köhül, məchul kişinin topladığı çör-çöplə yandırdığı ocaqdan işıqlanmışdı. Tüstü Gülzarın gözlərini acıdır, amma belə tüstüyə alışan olduğundan fərqinə varmır, köhülün bir bucağına sıxılıb otururdu.
Artıq bayırda göz-gözü görmürdü. Köhüldə məchul kişi ocağın yanındakı bir daş üzərində oturub, paltarlarını qurudurdu. Heç birisi dinmirdi. Bu aralıq Gülzar sərt, bir qədər boğuq bir səs eşitdi:
– Kimlərdənsən, gəlin?
Bu səs öz-özlüyündə Gülzarı diksindirdi. Lakin yenə fərqinə varmayıb:
– Yetim Aslanın bacısıyam, – deyə kişinin üzünə baxdı.
Kişi odlu baxışlarını onun üzünə sancıb baxırdı.
– Ərdəmisən?
Gülzar susub bir söz demədi. Eyni zamanda onu məchul bir qorxu bürüdü. Bu baxışlar altında həyatında ilk dəfə olaraq özünün gözəl bir qız olduğunu xatırladı və burada yad bir kişi ilə olduğunu düşününcə, qorxudan titrədi və ömründə ilk dəfə olaraq özünü kişilərdən gizlətmək, örtünmək üçün ətrafına baxındı. Yaylığını meşədə itirmişdi. Bir şey tapmayınca, dağınıq saçları ilə döşlərini örtdü. Amma zavallı bununla daha gözəl və daha cazibədar bir görkəm aldığını heç də düşünmürdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-gulzar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Son zamanlar mətbuatda arası kəsilmədən təsadüf edilən bir mələsə də tərcüməçilər məsələsidir. Yeni bir kitab çıxan kimi onun tərcüməsi tənqid ediliyor.Kitabın anlaşılmaz bir dildə tərcümə edilməsindən, fikirlərin yanlış keçirilməsindən şikayət ediliyor. Bununla da məsələ bitib gediyor.
Kənd səhnələrinə kömək edilməlidirÖtədən bəri qəzet sütunlarında bu və ya başqa bir kənddə kənd həvəskarları, xüsusilə, kommunist gənclər özəkləri tərəfindən teatr tamaşaları verilməsi və bu oyunların böyük mədəni əhəmiyyəti olmaqla bərabər, bir çox texniki nöqsanlarının da olması göstərilməkdədir. Bu, əsaslı bir məsələdir.Bəlli olduğu üzrə, Bakı türk teatrlarında hər həftə həmkarlar ittifaqları üçün xüsusi oyunlar verilməklə işçilər teatrlara doldurulur.
Mirzə Fətəli AxundzadəHAQQINDA*Mirzə Fətəli Axundov əski sxolastik ədəbiyyatdan, Şərqin yekrəng qəzəl, qəsidə və rübai ədəbiyyatından birinci olaraq ayrılıb, yeni bir ədəbiyyat şəklinə ayaq basan və azəri teatr ədəbiyyatının ilk təməl daşını qoyan ədibdir.
Səmimi sənətkara alqış!“Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq üçün bütün bir xalqın, bir ölkənin, və ya xalq həyatında müəyyən bir məntəqənin tarixini yazmaq lazım gəlir. Yaşadıqları mühit, cəmiyyət və məntəqənin irəliyə doğru yürüməsində addımbaşı onların adı görünə bilər. Onların şəxsi həyatından ümumi həyatı ayırmaq istədikdə isə, yerdə heç bir şey qalmayır. Belə adamlardan biri də Abbas Mirzə Şərifzadədir....Abbas Mirzə Şərifzadə bütün teatr həyatının bir mehvəridir. Özözlüyündə həm rejissor, həm aktyor, həm də təşkilatçıdır. O, səhnənin həm oğlu, həm də atasıdır.
Стихи других поэтов
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
FəxriyyəМы, пленники веков, живем в цепях судьбы.Но не бродяги мы, не нищие рабы.
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Nəhalmı var?Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?