Страница 4 из 4 · 75%

Mənsur bunları hiss edirdi, kim bilir, daha nə kimi doğrultmalar düşünmüşdü. Hər halda bir məsum qızı, bir an əvvəl sevindirmək üçün böyük bir zövq, bir məmnuniyyət və vüqarla “Çox yaxşı, inanıram, ağlama”, – deyə bir kəlmə söyləmək, onu qucaqlamaq, ovundurmaq, sonra uzun-uzadı düşünüb, gələcək üçün bir çox şərtlər qoymaq istəyirdi. Lakin tam bu sırada qapı döyüldü. Arxasından:

– Tez olsanız! Daha bu nə oldu? Bitirmədinizmi? Xalq nigarandır axı! – deyə sözlər eşidildi.

Danışan yengə idi. Burada Mənsurun birdən-birə çöhrəsi dəyişdi. Çox dərin bir yuxuda imiş kimi diksindi. Bütün düşüncələri alt-üst oldu, sanki yeni bir şeylər xatırladı: “Adətən, qızlar belə deyir, and içirlər”. O, çox eşitmişdi. O, başqalarına çox gülmüş, istehza etmişdi. “Bəlkə də o adam həmin kəndlilərdən biridir?.. Bəlkə də Gülzar yalan deyir?.. Bəlkə də tanıyır, demək istəmir?.. Bəlkə də bir neçə nəfərdirlər?.. Yəqin kənd içinə çıxarkən, ona baxıb gizlincə güləcəklər. Indi yengəyə nə söyləyəcəkdir?” Burasını heç düşünməmişdi. “Bəli, bu qız o qədər hiyləgərmiş ki, hər işi görmüş, eyni zamanda özünü pak qələmə vermişdir”. Bir dəqiqə də bilməm nə qədər taqsır onun fikrindən keçdi; nədənsə bir az əvvəl bunların heç birisi fikrinə gəlmirdi.

Gülzar ağlamaqdan danışmırdı. Son dəqiqə Mənsurun tərəddüdünü görüncə, ayaqlarına sərilib:

– Mənsur məni bədbəxt etmə! And olsun bu Qurana ki, məndə günah yoxdur, – dedi.

Mənsur, bəlkə də, qapı döyülüşünün təsiri altında:

– Artıq qurban olasan əlindəki Qurana, mən sənə dəymərəm, – dedi.

Gülzar sakit bir nəfəs çəkdi. Bir saniyədə kim bilir nə qədər böyük bir səadət yaşadı. Ikinci söz olmasaydı, sevincindən Mənsurun ayaqlarını, əllərini, üzünü öpəcək, ağlayacaq, kim bilir, daha nələr eləyəcəkdi. Doğrusunu bilmək istəsəniz, – heç bir şey etməyəcək, sevincindən, sadəcə bayılacaqdı. Lakin Mənsur sözünə davam edirdi:

– Mən sənə toxunmadım. Ancaq hansı yol ilə gəlmişsən, həmin o yol ilə də atanın evinə qayıt. Üzüqara, bir qız mənə gərək deyil.

Gülzarın ürəyi çırpındı, gözləri qaraldı, uzun zaman bir şey görmədi, bir şey eşitmədi. Bir gurultu qulaqlarını doldurmuş kimi çiyninə toxunurdu. Nəhayət, ağır və tənbəl hərəkətlərlə tərpənib başını qaldırdı, məhzun bir ölgünlüklə gözlərini yarımçıq açdı. Mənsur qapını açıb, onun çıxmasını gözləyirdi.

Gülzar məyus bir halda qalxdı.

Artıq ağlamırdı, qapı açıq olduğundan ağlamağa, yalvarmağa imkan qalmamışdı. Qapıya yönəldi. Nədənsə, gözlərini qaldırıb, ətrafa baxdı: bütün divarlar, bütün görünən şeylər və anlaşılmaz bir hərəkətlə onunla bərabər yürüyür və onun tənbəl yürüşləri əksinə olaraq, bir makina çarxı dövrəsinə fırlanır, xəbis bir istehza ilə rəqs edirdi.

Biixtiyar bir ah çəkdi.

Nəhayət, gözləri Mənsurun gözlərinə saplandı, baxdı, baxdı, heç bir söz demədi.

Əski qabıqlı Quranı götürmüş, aparmaq istəyirdi. Qapıdan çıxdı. Əvvəl yengə, sonra da qapı arxasında böyük bir maraq içində gözləyən qadınlar onun başına toplandılar. Hər tərəfdən sorğular yağdırıldı:

– Hə, nə oldu? Nə üçün çıxdın? Nə istəyirsən? Bitdimi? Nə olmuşdur?

Gülzar bir şey görmür, hətta kimsəyə baxmır, bir şey hiss etmir, bir söz söyləmirdi. Bütün varlığı ürəyinə yerləşmişdi. Bir sövqi-təbii ilə qadınların arasından keçib getmək istəyirdi.

– Haraya gedirsən? Nə oldu? Nə üçün gedirsən? – deyə hərə bir tərəfdən maraqla soruşur, eyni halda onu dümsükləyir, sanki yuxuda imiş kimi, onu oyatmaq və cavab almaq istəyirdilər.

Qadınlar bir-birinin üzünə baxırdılar, qaş-gözlər oynamağa başlamışdı. Yengə içəri soxuldu; oradan Mənsurun səsi eşidilirdi:

– Mən papağımı atıb, ləçək bağlaya bilmərəm. Namussuz, üzüqara bir qız mənə gərək deyildir. Yolun üstü ilə gəlmiş, altı ilə də getsin... Gülzar dəli kimi duruxmuş, nə edəcəyini bilmirdi.

Artıq beş dəqiqə bundan əvvəlki kimi ona yanaşmırlardı. Kimsə bir söz demir, bir yol göstərmirdi. Ancaq qadınlar bir-birilə pıçıldaşır, söyləşirlərdi. Məsələ bəlli idi.

– Vallah, vallah, mənim qızım aydan arı, sudan durudur. Ay müsəlmanlar, bizə zülm eləməyin! – deyə Gülzarın yazıq anası ağlayırdı. Eyni zamanda Mənsurun anası bir az əvvəlki ehtiramkarlığı büsbütün atmış, sərt və acıqlı bağırtılarla: – Təmizdir! Təmizdir! Apar özünün olsun, – deyirdi.

Qadınlar bir-birinə qatışmış:

– Qəribədir! Təəccüblüdür! Bərəkallah, qız! Suyun lal axanı, adamın yerə baxanı! – deyə mırıldanırdı.

Gülzar başı aşağı olaraq, bir yol tapıb getmək istəyirdi. Lakin tərpənə bilmirdi, haraya gedəcəyini özü də bilmirdi. Bu qədər səmimi ayrılıqdan sonra qardaşını necə görəcək, nə edəcək, nələr olacaqdı?..

Bu halda o, bir dama çıxmaq və yüksək bir səslə bütün camaat qarşısında bağırmaq, ağlamaq, bütün dünyanı haraya çağırmaq istəyirdi.

Ona belə gəlirdi ki, bu saat bu haqsızlıqdan dünya uçulacaq, ulduzlar töküləcək, bütün kainat alt-üst olacaqdır. O da bunu istəyirdi. Lakin heç bir şey yox idi. Göylərin sonsuz dərinliklərində yerləşmiş ulduzlar öz daimi sakitlikləri ilə durmuş, hamısı sanki bir nifrətlə ona baxıb gülürlərdi. Yenə kainat olduğu vəziyyətində durmuş, adi vüqar və əzəməti ilə həyatın faciələrinə gülümsəyirdi.

Zavallı qızcığaz son dəfə başını qaldırıb, ətrafına baxdı: bütün əvvəlki nəvazişlər, sevimli çöhrələrdə bir əqrəb gülüşü oynayır, hamısında gizli bir nifrət çırpınırdı. Heç kəs öz baxışlarını ondan qaçırmaq istəmirdi. Gülzar baxışlarını yerə sancdı; sanki bütün kainat üzərinə yuvarlanmış, onu yerə yaslatmaq istəyirdi. Birdən neçinsə əlindəki Quranı başına qaldırıb:

– Ey Quran, əgər haqq isən, günahkar isəm, bu saat məni külə döndər. Ya haqqı aşkar elə, ya mənim namusum, həyatım, ismətim kimi, sən də ayaqlar altına düşüb, əbədilik məhv ol!.. – deyə Quranı yerə çırpıb, əsəbi bir həyəcanla tapdalamağa başladı.

Ətraf sakit idi. Ruzigar xəfif-xəfif əsir, ağaclar səslənir, bayaqkı çırağban küçələri dərin və qorxunc bir qaranlığa bürümüşdü. Gülzara “Allah” da, “Quran” da kömək etməmişdi.

Nəhayət, kor anasının əlindən yapışmış, onun qara örpəyinə örtünmüş, ağlayaraq evə qayıtmışdı.

Hər tərəfdə anlaşılmaz bir dəhşət, təbiətin bütün gözəlliklərində bir bayquş sədası inləyirdi...

Gülzar ağlayırdı...

Ağlayırdı, çünki başqa bir çarəsi yox idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tərcümə məsələsinə əhəmiyyət verilməlidir

Son zamanlar mətbuatda arası kəsilmədən təsadüf edilən bir mələsə də tərcüməçilər məsələsidir. Yeni bir kitab çıxan kimi onun tərcüməsi tənqid ediliyor.Kitabın anlaşılmaz bir dildə tərcümə edilməsindən, fikirlərin yanlış keçirilməsindən şikayət ediliyor. Bununla da məsələ bitib gediyor.

3 мин
Kənd səhnələrinə kömək edilməlidir

Ötədən bəri qəzet sütunlarında bu və ya başqa bir kənddə kənd həvəskarları, xüsusilə, kommunist gənclər özəkləri tərəfindən teatr tamaşaları verilməsi və bu oyunların böyük mədəni əhəmiyyəti olmaqla bərabər, bir çox texniki nöqsanlarının da olması göstərilməkdədir. Bu, əsaslı bir məsələdir.Bəlli olduğu üzrə, Bakı türk teatrlarında hər həftə həmkarlar ittifaqları üçün xüsusi oyunlar verilməklə işçilər teatrlara doldurulur.

4 мин
Mirzə Fətəli Axundzadə

HAQQINDA*Mirzə Fətəli Axundov əski sxolastik ədəbiyyatdan, Şərqin yekrəng qəzəl, qəsidə və rübai ədəbiyyatından birinci olaraq ayrılıb, yeni bir ədəbiyyat şəklinə ayaq basan və azəri teatr ədəbiyyatının ilk təməl daşını qoyan ədibdir.

9 мин
Səmimi sənətkara alqış!

“Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq üçün bütün bir xalqın, bir ölkənin, və ya xalq həyatında müəyyən bir məntəqənin tarixini yazmaq lazım gəlir. Yaşadıqları mühit, cəmiyyət və məntəqənin irəliyə doğru yürüməsində addımbaşı onların adı görünə bilər. Onların şəxsi həyatından ümumi həyatı ayırmaq istədikdə isə, yerdə heç bir şey qalmayır. Belə adamlardan biri də Abbas Mirzə Şərifzadədir....Abbas Mirzə Şərifzadə bütün teatr həyatının bir mehvəridir. Özözlüyündə həm rejissor, həm aktyor, həm də təşkilatçıdır. O, səhnənin həm oğlu, həm də atasıdır.

2 мин

Стихи других поэтов