İncə
Страница 3 из 5 · 40%
Valentinov. Dmitri! Haydı, yaz!..
Dmitri. Qaranlıqda yazı yazmaq...
Valentinov. Yaxşı, sonra yazarsan. Indi söylə yaşın neçədir?
Aydəmir. 19.
Valentinov. Bu yerlərdə kimin var?
Aydəmir. Bir anam, beş yaşında qardaşım.
Valentinov. Sən qaçaqsan, deyilmi?
Aydəmir. Sözün varsa, söz danış.
Səlimqızı (çıxır). Ay bala, sözlərimə baxmadın. Ay hakimlər, vallah və billah...
Aydəmir. Uzaq, uzaq, səsini kəs!
Səlimqızı. Onda heç bir təqsir yoxdur. Allah görüm Aslanbəyin evini altüst eləsin. Bir oğlumu öldürdü...
Aydəmir. Səsini kəs, dedim. Haydı, get!
Durna və Xaspolad çıxırlar.
Xaspolad. Ana, bunlar qardaşımı aparmağa gəlmişlər?
Səlimqızı. Vallah, billah...
Xaspolad. Ana! Söylə qardaşıma getməsin, hamısını öldürsün.
Aydəmir. Xaspolad, get, apar onu!
Valentinov. Nə üçün, söylə, öz evini buraxdın, meşələrə çəkildin?
Aydəmir. Adam vurdum, onunçun.
Valentinov. A s l a n b ə yin öldürdüyü qardaşının intiqamını almaq üçün, eləmi?
Aydəmir. Əsədbəydən soruşun, o qoy özü söyləsin.
Valentinov. O deyir ki, istəyirmiş nişanlısın aparsın.
Aydəmir. Yalandır. Fəqət artıq söyləməyə lüzum yox. Mən bir gücsüz zavallını onun iti caynağından xilas etmək istədim. Etdim də.
Valentinov. Sənin fikrin qorxutmaqdı, öldürmək?
Aydəmir. O zamanlar heç bir fikrim yox idi. Mən bir namus gözətçisi, o bir namus oğrusu, tutuşduq. Atdım, dəydi. Ölmədisə, orasında işim yox. Baxtı var.
Valentinov. Yaxşı, bu iş nə cür oldu, söyləyin? Neçin vurdun?
Aydəmir. Mən bir işə min bir adam qarışdırmaq istəmirəm, işdi düşdü, vuruşduq.
Du rna. Ağa, durun, mən doğrusun söyləyim.
Aydəmir. Durna!
Valentinov. Danışın, sizdən xahiş edirəm, buyurun!
Du rna. Biz bu kənddə iki nəfər bacı-qardaş yaşayırıq. Yoxsul, gücsüz, əqrəbasız, kimsəsiz. Bu Aydəmir mənim təkcə qardaşımın yoldaşıdır. Aydəmir də bir kimsəsiz adamdır. Beş ay bundan əvvəlləri biz evimizdə ac qaldıq. İstəyirdi qardaşım ki, şəhərə gedib işləsin, bir az çörək qazansın...
Valentinov. Sonra, sonra?
Du rna. Gedirkən can yoldaşı saydığı Aydəmirə dedi ki, evimizdə kişi yox, bu bacımı ümidində buraxır, gedirəm. Bacın kimi ona bax!
Valentinov. Sonra?
Du rna. Sonra bir gün Əsədbəy, o yırtıcı canavar, məni kənddə yalqız görüb istədi ki, qaçırsın. Çay başından gəlirkən saçlarımı əllərinə doladı. Kənd içindən sürüdü. Mən bağırdım. Heç bir kimsə qorxusundan yaxın dura bilmədi. Bircə yazıq
Aydəmir bu səs-küyü eşidib, harayıma yüyürdü. Bir atışma başlandı. Əsədbəyə güllə dəydi, yaralandı, vəssalam. İşin əsli belədir.
Valentinov. Sən əvvəldən Əsədbəyə qaçmaq üçün söz vermişdin, deyilmi?
Du rna. Yox, yox! Qoy otuz cüz Quran mənim ciyərimi parça-parça doğrasın. And içirəm o görünməz Tanrıya ki, heç bir zaman mənim ona göz ucuyla baxdığım da olmamışdı. Qoyun gəlsin, gözlərinə söyləyim.
Valentinov. Çox gözəl! (Aydəmirə) Hə, bu qızın dedikləri doğrumu?
Aydəmir. Mən deyirdim divan-dərə görməmiş qız qapılara düşməsin. Artıq özü söylədi. Dedikləri doğrudur.
Valentinov. Sən gedərkən bir silahın vardımı?
Aydəmir. Budur, bax! (Yumruğunu göstərir.) Mənim təkcə silahım bu idi. Yetişdim, gicgahından yumruğumu endirdim. Yıxıldı, tüfəngini götürdüm. Yoldaşları dörd tərəfdən atdılar. Mən də onun tüfəngiylə ataraq, çəkildim. Hər tərəfdən güllə yağırdı. Əsədbəy də ortada. Fəqət ona, ehtimal ki, mən atdığım dəymişdir. Tüfəngi də bax, budur!
Valentinov. Demək, sənin yoldaşın da, Daşdəmir də bu iş ilə əlaqədar kimidir.
Aydəmir. Qətiyyən, o indi də bilmir.
Valentinov. Yaxşı, necə yoldaş deyə, sən özünü od içinə tulladın!
Aydəmir. Yoldaşıma söz verdim ki, namusunu gözləyim. Yoldaşımın namusu öz namusum deməkdir. Söz verdiyin bir adamın gözlərinə utanaraq qadın kimi baxmaqdansa, torpaq olmaq yaxşıdır.
Valentinov. Fəqət neçin o zamanlar divanlara bu sözləri demədin?
Aydəmir. Açıq-aydın bir şeydir ki, bu işlərə qardaşımın qatili
Aslanbəy də girişmiş. Siz də onun dövlətini buraxıb, doğru sözü tutmazsınız, vəssalam!
Valentinov. Bu söz doğru deyildir. Heç bir zaman hökumət ədalətsiz iş görməz. Bu işlərdə keçmiş köhnə intiqam da bir qədər rol oynamış. Dmitri, burasını unutma!
Aydəmir. Mən doğrusun söylədim. İndi istər öldürün, istər məni buraxın, mənim üçün fərqi yox. Yaşamaq da istəmirəm. İstəsəm də, bacarmaram. Siz keçilməz meşələrdə bir əzrail saydığınız Aydəmiri bir göyərçin balası, uf... soruşacaq bir sözünüz varmıdır?
İncə. Aman Allah! (Üzülür.)
Valentinov. Meşələrdə yoldaşınız çoxdurmu?
Aydəmir. Kimsə yox!
Valentinov. Doğrusunu söyləyin!
Aydəmir. Haydı! Artıq bir kəlmə söz söyləmərəm.
Valentinov. Silahınız əlinizdə, lütfən, onu təslim... çünki...
Aydəmir. Budur, al! (Tüfəngi yerə çırpır, tüfəng sınır).
Valentinov. Qollarını bağlayın!
İncə. Aman Allah, o yazığı mən çağırdım. Mənim üçün qayıtdı.
Du rna. Allah Aslanbə yin evini dağıtsın, qapısını bağlasın.
İncə. Onun belə görkəmi ürəyimi didir. Fəqət atam... Ox, zavallı ürəyim!..
Dmitri. Gedək!
Aydəmir. Durna, bacım, o zavallı uşağı – Xaspoladı unutma!
Du rna. Allah işlərini avand salsın. Get... Allah... (Ağlayır.)
Valentinov. Haydı, marş!
İncə müztərib bir halda son dəfə olaraq Aydəmirə baxınca, birdən bir şey
kəsdirmiş kimi, əlində tutduğu yaylığı ona ataraq.
İncə. Budur, al, get!.. Fəqət sən gəlincə, gözləyəcəyəm! (Ağlayaraq gedirkən)
Aydəmir. İncə!.. Haydı! (Gedirkən)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-ince
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
Arvadlar deyirlərTanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!
Kişilər deyirlərVallah, gətiriblər bizi lap cana qadınlar,Heç oxşamayırlar belə insana qadınlar.
Dəng olduqBəsdir, Baba, danışdın, fəryad sənin əlindən!Bir gün olurmu millət azad sənin əlindən?
Стихи других поэтов
Aşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün