Mətbuat və ictimai həyat
Bu vaxtadək bizdə çıxmış qəzetlərdən hamısı qarşısında az-çox müəyyən və əsrlərdən bəri qurulmuş bir həyat görmüşlər ki, onun az-çox müəyyən cəhətlərilə uğraşmışlardır.
Fəqət indi artıq vəziyyət və şərait tam başqa bir mərkəzdədir.
Bizim indiki mətbuatımız, xüsusilə, o mətbuata rəhbərlik edən “Kommunist” qəzeti iki dövrün keçidində, iki həyatın, iki dünyanın ortasında çalışır. Son inqilablar dövlət quruluşunu dəyişmiş, əski quruluşu tam yeni bir quruluş ilə əvəz etmiş, bütün əski ictimai münasibətləri başqalaşdırmış, bunun üzərinə bütün siyasi, mədəni normalar alt-üst olmuş, tərz-təfəkkür, tərz-ədəbi məktəblər, nəzəriyyələr, fəlsəfələr, bir sözlə bütün yaşayış yerindən oynamış, öz cığırını itirmişdir.
Bir tərəfdə əski həyat, digər tərəfdə isə yeni bir həyat üzbəüz durmuşlardır ki, bunların da ortasında bizim indiki mətbuatımız durmuşdur.
O, yalnız yaradıcılıqla iktifa edəməz, o gələcək üçün təsəvvür etdikləri yeni binaları tikmək üçün əski həyatın bütün cəhalətini, qaranlığını pozmalı və onun hamvarlanmış torpaqlarında öz yeni binalarını tikməlidir. O, bir tərəfdən pozmalı, digər tərəfdən yaratmalıdır.
İştə bizim indiki mətbuatımızın əsil mahiyyətini fərq etdirən nöqtə burasıdır. Yeni həyat quruluşuna gəlincə, bu, yeni məsələ olduğundan və bir çox cəhətləri təcrübə dövrü keçirdiyindən qəzet əvvələn, bir məsələni tətbiq etdirməyə qalxışmadan, onun nə qədər doğru və müvafiq olduğunu, bu ya digər bir idarənin nə qədər lazım olduğunu, mənfəətli ya zərərli olmasını müzakirə edib aydınlaşdırmalı və ancaq bundan sonra tətbiqinə lüzum görülərsə, ümumi mühit şəraitinə nəzəranə şəkildə tətbiq edilə biləcəyini həll etməli və həmin məsələni xalqımızın ruhuna, bacarığına və ümumi mühit şəraitinə uyuşdurub, araya çıxarmalıdır.
Bütün bunların nə qədər ağır, mühüm və məsuliyyətli bir məsələ olduğunu qeydə, bizcə, lüzum belə yoxdur.
Hal-hazırda əsrlərdən bəri uyumuş, fəqət son inqilabların gurultusu altında gözlərini açmış Azərbaycan xalqının yurdunun xam və işlənməmiş təbii sərvətlərindən başqa heç bir şeyi yoxdur. Ədəbiyyatı, sənəti yox, sənaye təsərrüfatı yox, ümumən heç bir şeyi yoxdur. Fəqət gələcək həyat bunların hamısını yaratmalıdır. İştə qəzet bunların hamısına fikir verməli, həyatımızın hər bir cəhətini aydınlaşdırıb hamısına qarşı böyük cəbhələr açıb çarpışmalıdır. Bunların hamısını qəzet etməlidir. Fəqət əsil bəla da burasıdır ki, biz bu vaxtadək bu cəhətcə axsamışıq, bu vaxtadək həyatımızın hər cəhəti olduğu kimi qəzetçiliyimiz də ibtidai bir halda olmuşdur. Bütün keçmiş qəzetlərimiz götürülərsə, hamısı elə kustar üsulu ilə idarə olunmuş başqa qəzetlərin kobud təqlidindən başqa bir şey olmamış, başqa qəzetlərin dünən yazdıqlarını bu biri şəkil etibarilə dəyişib təkrar etməyən hansı müstəqil bir qəzetimiz olmuşdur.
Tək-tək orijinal məqalələr göstərilərsə, onlar da bir neçə nəfərin eyni zamanda həm təbabətdən, həm ədəbiyyatdan, iqtisadiyyatdan, fəlsəfədən və ümumən biri-birinə zidd cəhətlərdən sınıq-salxaq yazılardan başqa bir şeyə təsadüf edə bilmərik.
Ümumiyyətlə bizim heç olmazsa zahiri şəklini, üsulunu belə olsun qəbul edəcəyimiz və sonradan yeni həyatın tələbatı üzərinə təkmil edə biləcəyimiz bir qəzet olmamışdır.
İştə bu qədər çalpaşıq həyatı yaratmaq məcburiyyətində qalan qəzet eyni zamanda özünü də yenidən yaratmalıdır.
İştə “Kommunist” qəzeti bunu hər şeydən əvvəl düşünmüş olmalıdır ki, bu vaxtadək heç də tətbiq edilməyən yeni bir üsul qəbul etmiş və öz yarpaqlarında “Ədəbiyyat səhifəsi”, “Kəndlilər səhifəsi”, xüsusilə qəzeti büsbütün həyata salıb canlandıran və tam yeni bir üsul olan “Əməkçilər səhifəsi”, ümumiyyətlə yaşayışımızın əsas cəhətləri üçün ayrı-ayrı səhifələr ayırmışdır. Şəkil etibarilə qəzet belə yeni bir üsul götürmüş. Fəqət bir də yazıçı bəlası qalmış ki, bu da bizdə azdır. Qəzet eyni zamanda yazıçı da yaratmalı və həm də hər bir məsələ üçün mütəxəssis yazıçılar vücuda gətirilməlidir ki, bu da bir o qədər asan bir iş deyildir.
Bu cəhətlərcə “Kommunist” qəzeti bu vaxtadək çalışmış və nisbətən az bir müddətdə gözəl və parlaq nəticələr əldə etmişdir.
Fəqət həyat tərəqqisiz yaşayamaz. Qəzet bu vaxtadək göstərdiyi ciddiyyət və qüvvəti artırıb genişləndirməli və xalqımızı parlaq tərəqqi və təkamül yoluna sövq etməlidir.
İştə biz “Kommunist”i yubileyi münasibətilə təbrik edir, gələcəkdə daha böyük müvəffəqiyyətlərə varmasını ümid və arzu edərik.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-metbuat-ve-ictimai-heyat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı,Gizlin bəzənib çıxdı üzə, maskasın açdı;
Truppa deyirQoy törənsin min cürə yersiz rəzalət səhnədə,Eylərik zira bununla biz ticarət səhnədə.
Açan-solan çiçəklərBən bir güldüm, açılmadan budağımdan dərdilər,Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər,
AnaƏgər bütün bəşəriyyət ədüvvi-canım ola,Ürək süqut eləməz aldığı mətanətdən.