“Pəri cadu”
Seşənbə günü, oktyabrın 26-da Dövlət Teatrında türk aktyorları tərəfindən türk dramaturqlarından Əbdürrəhimbəy Haqverdiyevin “Pəri Cadu” adlı əsəri oynandı.
Oyundan aldığımız təəssüratı yazırkən, mütəəssir olmaq üçün, təfərrüatdan vaz keçib də, bir neçə mühüm nöqtələrə toxunacağıq.
Hər bir şeydən əvvəl birinci pərdədə dərvişin nə məqsədlə göylərə dırmaşdırıldığını anlamadığımızı qeyd edəcəyik. Əgər dərviş göylərə qaldırılmalı olsaydı, buna müvafiq sözləri olmalı idi. Halbuki istər Pərinin sözlərindən, istərsə öz dediklərindən yerdə olub da, Pəri ilə söhbət etdiyi və adi bir insandan başqa heç bir şey olmadığı aydın görünürdü.
Bəlkə də, əsərdə şeytan, əcinnə adı eşidib, buna da fantastik bir şəkil vermək istəmişlər. Fəqət bu, əsərin bir növ mahiyyətini pozduğundan, oyunu şəxsən idarə edən müəllifin nə fikir ilə buna razı olduğunu kəsdirə bilmirik.
Hər halda ya dərvişin və ya Pərinin sözlərindən hərəkətləri buna müvafiq dəyişdirilməsi və yaxud dərvişin göylərdən dırmaşdığı yol ilə yerə endirilməsi, bizcə, yaxşı olardı.
Dekorasiyalara gəlincə, birinci pərdədə dərvişin: “Xarabazar bir dudman”, – deyə bizi qandırmaq istədiyinə baxmayaraq, səhnədə “xarabazar bir dudman” deyil, əlvan çiçəkli, yaşıl ağaclı möhtəşəm bir bağça, cənnət kimi abad və səfalı bir barigah görürdük. Bunun üzərinə səhnə quruluşunda əsərdəki sözlərə diqqət edilməsini yoldaşlardan rica edirik.
Qurbanın evi köhnə bir kənd evi deyil, son memarlıq sistemi ilə tikilmiş bir ev idi. Otağın içində isə qətiyyən bir şey yox idi.
Halbuki bu əksinə, yəni otaq əsgi içində isə az da olmuş olsa, bir şey olsaydı, daha yaxşı olardı. Çünki Qurban nə qədər yoxsul olsa da, özgəsini kələm dolmasına qonaq edə biləcək dərəcədədir. Hətta özündən sonra arvadının ev şeylərini satmasına işarə etməsi, evdə heç olmazsa, biz məəttəəssüfanə, görmədiyimiz bir şeylər olduğunu bildirir.
Beşinci pərdənin mənzərəsi fəna deyildi. Oyunçulardan əsər qəhrəmanı rolunda Sarabski birinci pərdədə yaxşı idi. Fəqət bir qucaq odun qaldırmaq üçün yavaşdan kömək istəməsi yersiz idi. Çünki bir qucaq odunun nə qədər ağırlığı olacağını xalq bilməz deyil. Buna görə də ya odunu çoxaltmalı, ya kömək sözünü çıxartmalı.
Üçüncü pərdədə Hafizə Xanımın yanına getmək üçün geyinmə qeyri-təbii bir halda oldu. Bir ailəni həmişəlik tərk edib getmək istəyən bir adam o qədər iztirabsız, o qədər rahat geyinirdi ki, sanki adi qaydası üzrə meşəyə odun toplamağa gedir.
Bizə qalırsa, orada cəld, şaşqın və bir növ də qarının yalanını çıxarmaq istəyirmiş kimi, bir növ ilə hərəkət etməli idi. Gedərkən, arvadının laylası üzərinə durması yaxşı idi. Fəqət sonradan biz ancaq özünü gördük, ruhunu görmədik.
O zaman, təbii, Qurbanın varlığında ailə məhəbbəti və bəylik arzusu çarpışırdı. Fəqət bu mübarizə həmişə, həyatda baxılırsa, zahiri əl, və ya baş hərəkəti ilə bitər və ondan sonra insan qəti bir hal alır ki, bunu biz Sarabskidə görmədik; sadəcə bir qədər durdu, sonra da ürəyindəki mübarizənin nəticəsini bildirmədən sadəcə, çıxıb getdi. Bundan sonrakı pərdələrdə, xüsusən, son pərdədə Qurban zəif idi. Bəlkə də xəstə imiş, ya başqa bir səbəbi var imiş, bilmədik. Fəqət insan baxınca, önündə bir Sarabski deyil, bir həvəskar olduğuna inanmaq istəyirdi. Yoxsa, o boyda Səlimənin gözünə görünməməsi, üzərinə göz ucu ilə də olsa, baxmaması, nə demək ola bilər?! Yalnız eşidici bir qüvvə ilə iktifa etmək olurdusa, Səlimənin yalnız səsi eşidilməli idi. Madamki, Səlimə özü gəlməmişdi, demək, görücü üzvlərin də iştirakı lazımdı. Habelə, özündən getmək üçün yıxılması... Əvvəl oturur, sonra isə gəzinir... Sonra da kamali-istirahət ilə uzanıb yavaş-yavaş başını yerə qoyur. Gülünc deyilmi? Bundan sonra onsuz da varlığı sarsılmış Qurbanın bir də Pərini öldürəndən sonra alacağı vəziyyət içərisində o qədər əcinnə, qorxunc və müdhiş vücudlar arasında kamali-aramla xəncərini yerinə sancmağına nə ad qoya bilərik? Bunları başqa təcrübəsiz bir aktyorumuz etsəydi, bəlkə də yazmazdıq. Fəqət səhnəmizdə böyük bir mövqe qazanmış Sarabskinin böylə xətaları buraxmasını sükutla keçməzdik.
Şeytan rolunda Ruhulla Sidqi, Pəri rolunda A.N.Olenskaya və iki əcinnələr fəna deyildilər. Xanım Lizina və Xanım Tanayilidi son dərəcə gözəl idilər. Yalnız Lizinanın evdə başmaq ilə gəzməsi yersiz idi. Tanayilidinin də Səlimənin ölməsi üzərinə insana yaraşmayan bir görkəm alıb da, şeytan kimi gülməsi artıq idi. Anaplı və Əhməd Qəmərli tərif fövqündə gözəl idilər. Bu gecə demək olar ki, Ə h m ə d bütün oynayanlardan yaxşı idi. Şamama Cadu rolunda Y.Olenskaya bir qədər zəif idi. Bu da, bizcə, özünü bir növ fövqülbəşər göstərmək istəməsi və bacarmamağından irəli gəlirdi.
Ümumiyyətlə, nədənsə oyunda bir solğunluq və oynayanlarda bir ruh düşkünlüyü hiss edilirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-peri-cadu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Dörd pərdədə roman)“Qospadin” Nəsir intelligent, müsəlman “kavaleri” həmişə qızlarla tanış
Bir, iki, üç kərəSöyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.
ItilgetHər kəs özü qəm çəkməyə daradır, itilget!Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!
Unudulmaz yaraOl səfa əhli, könül, dünyada, get, qaldır qədəh!Millətin əhvalını sal yada, get, qaldır qədəh!