“Şeyx Sənan” haqqında
Страница 2 из 4 · 25%
Nə isə, Şeyx Sənan Şeyx Kəbirin sözlərindən istifadə ilə Zəhradan yaxa qurtarır və kim bilir şimdi Zəhranın bəlkə sümükləri də çürümüşdür.
Bir də biz, Sənanı 10 ildən sonra böyük bir kütlənin rəhbəri olaraq görürük. O, böyük bir əməl ilə uğraşır. İslam parçalanmış, dağılmış, onu birləşdirmək və bununla xalqı nəcatdan çıxarmaq zənnindədir. Bu yolda heç bir əziyyətdən, heç bir əzabdan çəkinməyəcəyinə söz verir, and içir. O, şimdi böyüklük və şöhrət düşkünüdür. Fəqət daxilindəki qadınçılığı onu rahat buraxmayır. O, qadınlardan qorxur. Ona görə nərəyə çatırsa, “həp cinayət, qadın cinayəti”. Fəqət bu qadınları sevmədiyi üçün deyil, bəlkə də daha çox sevdiyi üçündür. Sənan qadınlara qarşı gücsüzdür. Qorxur, onlardan qaçır. Hər halda o zamandan Mədinədə nələr yapdığını bilməyiriz. Ehtimal ki, Zəhra orada olduğu üçün bir şey yapmazdı.
Nə isə Sənan böyük bir əməli-islamiyyəti diriltmək, bəşəriyyətə nicat vermək kimi böyük bir dilək, bir məfkurə, bir ideal ilə Kəbəyə and içib yola çıxır. Tiflisdə bir dərvişə təsadüf edir. Dərviş ona bir qədər mübhəm sözlər deyir. Sənan bir qədər bunun üzərində düşünür. Fəqət burasına bir qədər diqqət verilməlidir. Çünki bilirəm Sənanın gələcək hərəkətləri üçün bütün təqsiri bu yazıq Şeyxin boynuna yıxacaqlardır. Fəqət bu yalandır. Dərviş ona demişdir:
Əgər fövqəlbəşər olmaq dilərsən,
Uzaqlaş daima cinsi-bəşərdən.
Dərviş ona demişdi: yalnız bulun, demişdi ki, get evlən. Dərvişin sözləri Sənanı hələ islamlıqdan döndərməmişdi, çünki ondan, sonar Quranı yaxarkən Sənan özü deyir ki: “Hökmü-Quran ilə məbəd ucalır”.
Deməli, dərviş onu hiylə yolundan çıxarmamışdı. Onu yoldan çıxaran başqa birisi idi. Gözəl bir gürcü qızı Xumar idi. İmdicə Şeytanbazarda dərviş görünür. Ona deyir ki, yalnız bulun... nəhs kimi mavi gözlü, füsunkar bir gürcü qızına təsadüf edir. Xumar pək gözəldir. Mən də etiraf edirəm. Qumral saçlar, mavi gözlər, bilməm al dodaqlar, lahuti bir baxış, ilahi bir görünüş. Bu qadın onun zövqünə uyan, onun yaratdığına bənzər bir qadındır. Iştə burada illərdən bəri Sənanın şöhrət və böyüklük həvəsinin ağırlığı altında susmuş qadınçılığı varlığına da, iliklərinə də uymuş adi, bayaqı bir erkəklik, saxlanmaz ehtirasları qalxır. Deyil, yalnız onun böyüklük və şöhrət həvəsini, hətta onun bütün varlığını, bütün mənliyini, izzətü-nəfsini, şərəfini, məsləkini, əqidəsini, bir sözlə, ürəyində yaxşılıq adına hər nə saxlanmışsa, həpsini alt-üst edib çevirir. Və nəticədə dünən qadınlardan qaçan, dünən qadınlara qarşı kin bəsləyən, dünən öz şeyxinə söz vermiş, bu gün dərvişdən bir çox nəsihətlər dinləmiş və böyük bir kütlə yanında
Kəbəyə qarşı and içib yola çıxmış Sənan, bütün dinini-imanını, məsləkini, əqidəsini, əməlini, diləyini, idealını, məqsədini, hər bir şeyini böyük bir rəzalətlə bir qadının ayaqlarına sərib: – mən təslim, – deyə bayrağını endirir, silahını təslim edir. Şimdi soruram sizdən:
– Böylə bir adam ictimai həyat üçün yararlı bir adammıdır? Böylə bir adama cəmiyyətdə məsul bir vəzifə tapşırıla bilərmi? Həyat yürüdükcə ictimai bir fikri yenə də cəmiyyətin səadətini düşünərək başqa bir fikrə çevirmək olur. Yanılmışam. Cəmiyyətin, bəşəriyyətin nicatı üçün o yol yaxşı deyil, bu yol yaxşıdır. Böylə adamlara ad tapmaq olur. Çünki bu adi bir şeydir. Həyat tərəqqi etdikcə, cəmiyyət irəlilədikcə şərait dəyişir. Bununla bərabər yaşayış vasitələri, fikirlər, fəlsəfələr də dəyişir. Fəqət başındakı bir fikri, inandığı bir əqidəyə doğru sandığı bir məsləki, bayrağını gəzdirdiyi bir orduyu ancaq öz şəxsiyyətinə, öz mənfəətinə, öz şəxsi, səadət və ehtiraslarına fəda edən bir adama nə ad vermək olar. Doğrusu mən tapmadım. Ona görə də, təqsirnamədə də yazmamışam. Ancaq indi başıma bir söz gəldi ki, o da xain kəlməsidir. Bu sözün nə qədər münasib olduğunu məhkəmə heyəti qərar çıxararkən düşünə bilər. Doğrudan da təsəvvür ediniz ki, o bir komandandır. Sənan həqiqətdə də fikri bir komandandır. Hərbin ən qəti, ən canalıcı bir dəqiqəsində birdən fərmani-hümayun: Dayan... geri! Nə var, nə var, heç nə! Bəs Ağa Komandan bənd olmuşdur?! Geri! Ona görə deyil ki, geri dönmək lazımdır. Şimdi böylə bir komandananə demək olar. Fəqət onu da unutmamalıdır ki, komandan düşmən ordusundan əsir alınmış qıza bənd olmuşam. Ona görə də, “geri!” deməyir. O başqa bir bəhanə bulacaqdır. Məsələn geri: çünki “abi-şur əst. Xeyr nədarəd.” Iştə Sənanın da ictimai həyatda ağırlığı olsa-olsa, bu qədər olacaqdır. Bu rəzalət Şərq diplomatiyasının tarixində görülməz bir şey deyildir. Baxsanız Avropa qadınlarının qoynunda imza edilmiş bir çox müahidələrə, bir çox müqavilələrə, bir çoximtiyazlara bəlkə də təsadüf edə bilərsiniz. Hər halda tariximiz baltaçı Məhəmməd paşalara yabançı deyildir.
Nə isə Sənan Xumarı görüncə, ağlı başından oynayır, papağını götürür, başını endirir, kəndisinə məxsus dadlı, aldadıcı bir dil ilə:
Bir təbəssüm o hüsnü-dilbərdən,
Bir nəvaziş o mavi gözlərdən. –
deyə kəbin kağızını təqdim edir.
Platon kişi adamdır. O, Sənan kimi andını geri götürən, bu saat verdiyi sözdən utanmadan qaçan adamlardan deyildir. Fəqət Xumar qoca, ixtiyar bir mollanın əlində məhv olacaqdır. Keşiş çarə tapır. Qarşıdakı böyük bir kütlənin rəhbəri, böyük bir ordunun komandanı, məsləkli, səbatlı, əqidəli bir adamdır. Öylə isə al bu şərabı iç. Fəqət keşiş hesabında pək yanlışdır. Sənan üçün öz şəxsiyyəti hər şeydən artıqdır. Doğrudan da, Sənan alır, içir. Ya Şeyx, içdiyin haram deyilmi? İctihad, daha doğrusu, bəhanə hazırdır. Bir istəkəna eybi yoxdur. Pək eyi, möhtərəm Şeyx əfəndi, nə üçün sən bunu dünən demirdin. Pək eyi, bir istəkəna eybi yoxdur. Keşiş pərt olur, ancaq çox bicdir, özünü itirməyir. Al bu xaçı da as. Sənan alır. Ya Şeyx nə yapırsan? Ab şur əst. Xeyr nədarəd. Bununla bir parça gümüş arasında heç bir fərq yoxdur. Pək eyi, Şeyx əfəndi, bunu nə üçün sən demirdin? “Olsun, o xaç bir parça gümüşdür” – mən də qəbul edirəm. Fəqət sən özün hər şeydə bir rəmz arayırkən sən bilməyirdinmi ki, onu sənə verirkən – al, bu gümüş parçasını as, – demir. Al, taqın, xristian ol, – deyirlər. Əvət, sən pək gözəl bilirdin. Bilərək də aldın. Çünki sən öz ehtiraslarının əsiri, iradəsiz bir adamsan. İstəmədən xristian olursan! Deməli, sən öz məqsədini, öz əməlini, cəmiyyətin nicatı üçün düşündüyün bütün əməl və idealları öz şəxsiyyətinə, öz şəxsi ehtiraslarına, öz nəfsinə fəda edən bir adamsan. İstəmədən xristian oldun. Olmadınsa, yalançısan. Xristian olmadan qarşıdakıları aldatmaq üçün xaçı alıb asır və bununla da sənə tabe olan böyük bir kütləni doğru bildiyin yoldan sapdırır, inanmadığın bir yola sövq etmiş olursan. Əvət, Şeyx əfəndi, mən səni pək gözəl anlayıram.
Qoy sənin şəxsi səadətin təmin edilsin. Bunun üçün bir çoxlarının fəlakətinə də lüzum görülərsə, vur yerisin. Eşqin tərs-avandı olmaz. Keşiş şaşırır. Qarşısında böyük bir kütlənin rəhbəri azacıq səbatlı, dayanaqlı bir adam təsəvvür edərkən Sənan lax çıxır. Fəqət keşiş yenə ümidini kəsməyir. “Al Quranı yaq”. Yox, sən yaqacaqsan. Ya Şeyx, Quran yaqılmaz. Susunuz budalalar. Illət var. Nə imiş – yaqılan kağız və mürəkkəbdir. Nə qədər bayağı bir bəhanə! Abi-şur əst. Xeyr nədarəd. Əfv edərsiniz, Şeyx əfəndi. Quran yalnız kağız və mürəkkəb isə nə üçün onu boynunuzda gəzdirirsiniz? Nə üçün bunu dünən demirdiniz? Pək eyi, kağız və mürəkkəbdir. Mən də qəbul edirəm. Fəqət sən başqalarına arif ol deyirkən düşünməyirdinmi ki, burada məqsəd kağız və mürəkkəbin yanması deyil, sənin tutduğun yolun, məsləkin, əqidənin yaqılması, çeynənməsi, mapdalanmasıdır. Halbuki, sən dinə hələ inanırdın. Hökmi-Quran ilələbəd ucalır deyirdin. Və istəmədən üz tutduğun yolun müqəddəsatını, komandanı bulduğun kütlənin, ordunun bayrağının yaqılmasına yol verirdin. Çünki sən öz məsləkini, öz əqidəsini şəxsi səadətinə satan bir adamsan.
Mən bilirəm ki, burada Quran, din, xaç bir çox yoldaşları sapdıracaqdır. Burada məqsəd Quran, xaç və sair deyil, bir inam, bir məsləkibəşəriyyənin, cəmiyyətin səadəti üçün düşünülmüş bir yol deyirəm. O yol öz-özlüyündə doğru da ola bilər, yanlış da ola bilər. Mənim onunla işim yoxdur. Mənim məqsədim ancaq həmin əqidəni daşıyan adamın şəxsiyyəti üzərindədir. Əlbəttə, yoldaşlar, sevgi, eşq yaxşı şeydir. Fəqət sevirəm deyə hər şeyə ixtiyarım var da demək olmaz. Quran kitabı götürməyiniz, başqa bir kitab götürünüz. Şimdiki halda, məsələn, bir ingilis kralının mavi gözlərinə qarşı bir parça əskidir – deyə öz yurdunun bayrağını yaqan bir vətənpərvərə siz nə deyərsiniz və yaxud bir kadet qızına vurulduğu üçün insanlar bizcə birdir, bu bayraq da elə bir arşın parçadan başqa bir şey deyildir – deyə öz bayrağını yaqan bir kommunistə siz nə deyərsiniz?! Hər nə deyirsiniz, özünüz bilərsiniz, mən bilməyirəm. Ancaq gərək ki, çox da yaxşı şey deyildir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-seyx-senan-haqqinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəşəriyyət öz ibtidai doğuluşundan bu günədək gərək fiziki, gərəksə fikir və mənəviyyat cəhətcə bir çocuğun görünüz bir zərrə halında ana boynuna düşdüyü gündən son günədək sürdüyü təkamül dövrünü keçirdiyi kimi, dil də eyni təkamül yolunu getmişdir. Çocuq doğulurkən bir söz, bir kəlmə deyil, bir hərf belə söyləməyib öz acısını və başqa istəklərini (instinkt) üzrə, şəkilsiz, formasız bağırtılar ilə keçirdiyi kimi, bəşəriyyət də tarixinin ibtidai beşiklərində ikən sözsüz dolaşıb yanılır, bu formasız bağırtılar ilə keçinmiş və istəyini anlatmaq için lal kimi öz hərəkətlərindən istifadə etmişdir. Sonradan əsrlər sürən uzun bir vaxt içərisində hər başqa istəklə ifadəsi üçün səslər başqalaşmış, eyni istəyi ifadə üçün eyni səslər təkrar edilmiş, böyləliklə bu bağırtılar məşrut bir hala gəlmiş və getdikcə iki-üç səs bir araya toplaşdırılmış, nəhayət, insanın ibtidai kobud dili meydana çıxmışdır. İştə ilk ata-baba dilimiz bu kobud, yonulmamış, xam dildən ibarətdir.
El ədəbiyyatı toplaşdırılmalıdırBu yaxınlarda “Kommunist”in ədəbiyyat dərnəyində el ədəbiyyatı xüsusinda məruzə edilirdi. Burada hər şeydən əvvəl gözə çarpan bir şey vardısa, o da bugünkü iclasda nə qədər adam çox olsa da hər halda adətən Rudəki və sair böyük yazı ədibləri və ədəbiyyatı xüsusində edilən məruzələrdə böyük ciddiyyətlə iştirak edən yazıçılarımızın, ədib və şairlərimizin məclisdə görünməməsi idi.İstər-istəməz ədib və ədəbiyyatçılarımızın el ədəbiyyatımız ilə bir o qədər də hesablaşmamaları, el ədəbiyyatımıza iki saatlıq vaxt itirməyəcəyimiz kimi təsvir etmələri və daha yüksək və büləndpərvaz yazı ədəbiyyatı ilə maraqlanmaları fikri doğuyur. Halbuki, bəlli olduğu kimi, bir xalqın həyatı, onun məişət və güzəranı, ədəbi bacarıq və istedadını, bir sözlə, bütün xalq psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına müraciət edilir və edilməlidir. Ona görədir ki, bu gün Avropa elm və ədəbiyyat dünyasında da başqalarının olduğu kimi, türklərin də yazı ədəbiyyatından daha əvvəl el ədəbiyyatları toplaşdırılmışdır. Bu pək təbii və doğrudur. Çünki bir xalqın yüksək yazı ədəbiyyatı nə qədər müstəqil olursa-olsun, hər halda başqa xalqların təsirini havi oxuyur. Bir ölkədən o biri ölkəyə düşən yazılı əsərlər, kitablar öz fikir və fəlsəfələrini və ya başqa bir şəkildə qismən o biri ölkənin və xalqın ədəbiyyatına təsir etdirmiş olurlar. Təbii, buradan daha yüksək fikir və fəlsəfəyə malik olan xalq və ölkə önə kimi yeniyor və orada hökmranlıq qazanıyor. Zəif bir fəlsəfə, bir fikir, bir sənət əsəri isə daha qüvvətli bir xalqın içərisinə atılınca, təbii, əhəmiyyətsiz buraxılıyor, təbii, bu səyyar fikirlər, fəlsəfələr və sənət əsərləri olduğu kimi deyil, çox vaxt büsbütün dəyişdiriliyor. Başqa bir dona geyindirilir, çox vaxt hətta bir ölkədə ümumi şərait üzərinə tam müxalif bir cərəyan, birə əks təsir vücuda gətiriyor. Halbuki, el ədəbiyyatı belə deyildir. Bu ədəbiyyat xarici təsirdən ən az mütəəssir ola bilər. Çünki hər halda dağlar başında, sürü yanında tütək çalaraq oxuyan bir el şairi bir Sədi, bir Hüqo, bir Şekspirin təsirilə bir o qədər əlaqədar olmaz. Onun yaratdığı ədəbiyyat da əksərən yüksək yazı ədəbiyyatı olduğu kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyil, əqli fəaliyyətin ibtidai dərəcəsində bulunan bir kütlənin coşqun və daşqın saf həyatından doğmuş bir şeydir. Buna görədir ki, bu ədəbiyyat olduqca sadə göründüyünə baxmayaraq, çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxıyor. Çünki bu sadə sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyatın yaradılması üçün bəlkə də düşünülməmiş, o, acı bir təsiratın qopardığı fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur.
Azərbaycan türk ədəbiyyatının son vəziyyətiIDünən hər bir şeyimiz vardır, deyə düşünülürkən bu gün hər bir şeyimizin natamam olduğunu qeyd etmək nə qədər acı olsa da, hər halda, bir həqiqətdir.
Qəzetimizin ədəbiyyat dərnəyindəCümə günü qəzetimizin ədəbiyyat dərnəyində, yoldaş Məmməd Səid Ordubadi “Şirvanşahlar dövründəki Azərbaycan ədəbiyyatı” xüsusunda məruzədə bulundu.Məruzəçi ilk əvvəl həmin dövrdə türk şairləri tərəfindən farsca yazılmış ədəbiyyatı qeyd ilə məruzəsini farsca birinci şeir yazan və fars şerinin atası olan Rudəkidən başlayır. Bu xüsusda ətraflı məlumat verdikdən və onun ilə Nizami arasındakı şairləri saydıqdan sonra farsca yazılmış ədəbiyyatın sarsılmaz bir sütununu təşkil edən Şeyx Nizami həyatı, ədəbi fəaliyyəti və ədəbiyyatının mahiyyəti ətrafında geniş məlumat verir.