Страница 2 из 2 · 50%

-İçəri girirlər, bu sırada Afət ilə Qaplan gəlir. Afətin şıq və siyah əsvabı, mükəmməl tualeti, sərbəst tevr və hərəkəti kəndini daha şux, daha füsunkar göstərir.*

Q a p l a n. Bən geri dönmək istiyorum, təbii qüsura baqmazsınız.
A f ə t. Niçin? Ərtoğrulu görmiyəcəkmisin?
Q a p l a n. Xayır, onu sevindirməkdən ziyadə gücəndirmiş olarum.
A f ə t. Pəki, o halda buraya qadar niçin gəldin?
Q a p l a n. Orasını kəndim də bilməm. (Onu məczub bir baqışla süzərək).
Müsaidənizlə... (Əlini öpər).

Ayrıldığı sırada Q a r a t a y gəlir.

D o k t o r (istehzalı təbəssümlə uzaqlaşan Qaplanı göstərir). Yeni eşqinizi təbrik edərim.
A f ə t (eyni tərzdə). Əskik olmayın.
D o k t o r. Fəqət, gönül bir olduğu kibi, məhəbbət də bir olmalıdır.
A f ə t (müstəhzi). Sizdə olduğu kibi deyilmi? (Sinirli). Ah! Insafsız, mərhəmətsiz!.. Sən bəni atıb da Altunsaça uyarsın, saətlərcə peşindən ayrılmazsın, məhtablı gecələrdə əcnəbi kokotlarla qayıq gəzintisi yaparsın, həpsi keçər, gedər. Fəqət bən... bən isə yalnız əlimi öpdürməklə böyük bir günah işləmiş olurum, öyləmi?..
D o k t o r. Çünki sən qadınsın, anlıyormusun?
A f ə t (müstəhzi qəhqəhələrdən sonra, ciddi). Ah, zavallı qadınlar!.. Bütün mühit və qanunlar onlara düşman, bütün din və adətlər düşman; bütün təbiət və kainat düşman!.. Çünki zəifdirlər, onunçin də haqsızdırlar. Fəqət erkəklər həp mə’sum! Bütün
sapqınlıqlarilə mə’sum, bütün azğınlıqlarilə mə’sumdurlar... Çünki bütün qanunları yapan onlar!.. Onunçin də haqsız deyillər... Haqsız olsalar belə haqlı görünürlər.
D o k t o r. Afət! Sən erkəkləri deyil, yalnız bəni təhqir ediyorsun.
A f ə t (son dərəcə qızğın). Sus, artıq çıldırıyorum. Ah, sən təhqirə belə layiq deyilsin. Sən, sönük bir arzun için bəni qatil etdin, kəndi əlimlə qocamı zəhərlətdin; əməyilə bəsləndiyim bir biçarəyi məhv etdin. Ah, şimdi isə...
D o k t o r (təlaş ilə). Aman, rica edərim, sus!
A f ə t (acı bir təbəssümlə). Heyhat! Bən sussam da həqiqət susmaz. (Içəri girər, Xandəmir gəlir).
X a n d ə m i r. Niçin içəri girmiyorsun? Ərtoğrulu görə bildinmi?
D o k t o r. Xayır, bən də şimdi gəldim.
Ə r t o ğ r u l sərv ağaclarının arasında görünür, onları dinlər.
X a n d ə m i r. Yahu, iki günün biri, xəstəlik, dəlilik!.. Bu çocuq başımıza bir bəla kəsildi. Zavallı Altunsaç!.. Ortada rəsmi bir şey yoqsa da, yenə hər kəs bu ikisini nişanlı biliyor. Ah, qızımı, qızımın istiqbalını məhv etdim.
D o k t o r. Əvət, Altunsaç bir elmasdır. Siz onu qeyb etmiş kibisiniz, fəqət bən o elması təkrar özünüzə iadə edərsəm, mükafat olaraq nə verirsiniz?
X a n d ə m i r (tə’kidlə). Nə istərsən, hər nə istərsən...
D o k t o r. Əgər istəyəcəyim məzkur elmas kəndisi olursa?..
X a n d ə m i r (bir qadar sükutdan sonra). Lakin Altunsaçın könlünü almaq şərtilə...
D o k t o r. İştə o bənim vəzifəm... (Ətrafa). Özdəmiri zəhərlətdiyim kibi, Ərtoğrula da bir çarə düşünərüm.
Ə r t o ğ r u l (ətrafa). Ah, insan qılıqlı canavarlar!
İ l c a y (təlaş ilə çıqar). Siz buradamısınız? Ərtoğrul nə oldu, nerəyə getdi?
X a n d ə m i r. Biz yeni gəldik, bir şeydən xəbərimiz yoq.
İ l c a y. Ah, şimdi yenə əhvalı qarışdı. Sinirlənib də dışarı fırladı.
D o k t o r. Hər halda onu yalnız bıraqmamalı, bir gün öncə bu şəhərdən uzaqlaşdırmalı, təbdili-hava için ətraf köylərə göndərməli.
İ l c a y. Aman, doktor, bir çarə?
D o k t o r. Artıq başqa çarə yoq, onun yalnız vücudu deyil, beyni də xəstələnmiş...Diqqət edilməzsə azacıq sonra dəli olur.
Ə r t o ğ r u l. Dəlimi?.. (Qəhqəhə). Pəki, dəlinin nəyi dəli olacaq!..
İ l c a y (niyazkar). Ərtoğrul!..
Ə r t o ğ r u l. Rica edərim, sən sus!
X a n d ə m i r (yaltaqca təbəssümlə). Doktor səni sevdiyi için öylə söylüyor.
D o k t o r. Əvət, yalnız səni, sənin səhhətini düşünüyoruz.
Ə r t o ğ r u l (sinirli və qızğın). Ah, tilkilər, çaqqallar!..

Bu sırada Altunsaç da çıqar.

İ l c a y. Aman, nə söylüyorsun, düşün ki, onlar misafir... halbuki misafirə ehtiram lazım...
Ə r t o ğ r u l. Xayır, onlar bu evə misafir kibi deyil, bənim məhvimi arzu edən iki cəllad kibi gəlmişlər.
İ l c a y. Üzr istə, oğlum, ah, hər ikisindən üzr istə!..
Ə r t o ğ r u l. Əfv edərsin, doktor, bən sana tilki dedim, halbuki sən insanları boğazlıyan diplomalı bir makinasın; canlı, fəqət duyğusuz bir sallaqxanə makinasısın. (Xandəmirə) Sana da çaqqal dedim, möhtərəm dayı! Halbuki sən də maarif süpürgəsisin, əqli topuğunda bir qazsın, qaz... Anladınmı? (Acı və sərsəmcə qəhqəhələr...).
A l t u n s a ç (sinirli). Fəqət bu nəzakətlə sən nə olursun, sən!?
Ə r t o ğ r u l (qəhqəhə). Bən də düşkün bir mühitdə çırpınan bir zavallı!.. Sönük varlıqları yaqmaq istəyən bir qıvılcım... Pəncətırnaqlarla qəlbi gəmirilən bir bədbaxt, bir biçarə... Mə’nasız saylar ətrafında dolaşan bir sıfır, bir hiç...
X a n d ə m i r (Doktora). Görünür ki, söylədiklərimizi eşitmiş. (Ərtoğrula). Ərtoğrul! Bir düşün ki, nə bütün qırıyorsun.
Ə r t o ğ r u l. Bütpərəstliyi çoqdan bıraqdım. Onunçün də büt qırmaqdan pək zevq alıyorum.
A l t u n s a ç. Ah, sən getdikcə, çıldırıyorsun.
Ə r t o ğ r u l. Əvət, çıldırıyorum, dəmin doktor da söylə söylədi. Deyilmi, əfəndim!.. (Doktora baqıb acı qəhqəhələrlə gülər).
A l t u n s a ç. Rica edərim, bizi yalnız bıraq!
Ə r t o ğ r u l (istehzalı təbəssümlə). Xayır, rica ilə getməm.
A l t u n s a ç (qızğın). O halda əmr ediyorum.
Ə r t o ğ r u l (istehzalı qəhqəhə ilə). Madam ki, əmr ediyorsun gedərim (Qəhqəhə). Çünki sən, qürur və əzəmət sultanısın. Çünki sənin əmrinə qarşı əyilməmək haqsızlıqdır. Çünki sənin hər sözün şimşəkdən parlaq, qılıcdan kəskindir. (İki-üç adım bağçaya doğru yürür, təkrar dönər). Baq, iştə gediyorum... (Acı və istehzalı qəhqəhələrlə çəkilir).

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Həsbi-hal (3)

3Ayşə Sədiqə xanım “Tə’lim və tərbiyə” adlı kitabında diyor ki: “Çocuqlara hər kim olsa dərs verir, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi validə verir. Çocuğun birinci mürəbbiyəsi validədir. Validəsi olmayanlara yenə bir qadın mə’mur edilir. Çünki zəmanisəbavətdə çocuqlara xidmət edə biləcək qadınlardır. Demək oluyor ki, bir qövmün səadəti və tərbiyəsində qadınların böyük tə’siri vardır. Bunun için hər şeydən ziyadə qadınların tərbiyəsinə e’tina edilməlidir. Tərbiyəli validələr yetişdirməyə qeyrət edilməlidir”. Qadınların cəmiyyəti-bəşəriyyədəki qiymət və əhəmiyyətləri yalnız bir cümleyi-həkimanə ilə gözəlcə isbat edilə bilir ki, o da şudur: “Cənnət anaların ayaqları altındadır” – buyurulmuşdur.

5 мин
Həsbi-hal (4)

4Tə’lim və tərbiyə məsələsində ilk nəzəri-diqqətə alınacaq nöqtə məktəblərdir, məktəb otaqlarıdır. Məktəblər, səhhəti ixlal etməyəcək dərəcədə havadar, yuca yerlərdə yapılmalıdır. Pis, murdar, üfunətli yerlərdən uzaq olmalıdır. Xəstəxanə, həbsxanə, məzarıstan kibi yapı (bina)lara yaqlaşmamalıdır. Xırıltı, gurultu çoq olan mövqelərə yanaşmamalıdır. Məktəb binası mümkün dərəcədə günəş yerlərdə vaqe olmalı, rütubəti çoq olan yerlərdən həzər edilməlidir. Günəşə mane olacaq kölgələr ilə mühat bulunmamalıdır. Çünki pək çoq xəstəliklərin günəşsizlik və rütubət yüzündən vücudə gəldiyi aydın bir həqiqətdir.

15 мин
Həsbi-hal (5)

Şimdi üçüncü qısma gələlim.Üçüncülər: “yeni üsulda tərbiyə görüb, yaxud görmək istəyib, müəllimliyə həvəskar

19105 мин
Qafqasyada müəllimlər

Qafqasyanın ibtidai məktəblərində türkcə dərs verən müəllimlər təqribən üç qisməbölünür:

19105 мин

Стихи других поэтов