Страница 2 из 2 · 50%

Burada gün, göydən yerə enmişdi; xalqın istidən dilləri ağızlarından çıxıb yer ilə sürünürdü; dəstə-dəstə adamların üzlərinə qara çəkib, çığırda-çığırda od tərəfə aparırdılar, əcayib məxluqat görünürdü: kimi buynuzlu və at ayaqlı idi, bə’zisi yarı öküz yarı adam idi; kiminin dörd-beş əli və əlində odlu gürzlər var idi.

Bu əcayib zəbanilər dutduqları insanları gürz ilə şappalıyıb odlu zəncirlər ilə dağlıyırdılar. Çığırtıdan qulaq tutulurdu.

Ğərb tərəfdə bir təpənin üstə ağ ələm vurulmuşdu. Burada «nameyi-e’mallara» və köhnə hesablara baxılırdı. Gözləri eynəkli qoca bir mələyikə kitabları, vərəqlədikcə toz qalxırdı. Sağ tərəfdən İsrafil sur düdüyünü çalıb, ölüləri yuxudan oyadırdı. Qəbirdən qalxan qoi, qılçasını qoltuğuna vurub, ağ ələmə tərəf diyirlənirdi. Burada böyük bir dəstə əmələ gələn kibi, içlərindən biri ayrılıb çıxırdı ağ ələm duran təpəyə, başlayırdı mərsiyyə deməyə və ölülər də təpələrinə döyüb ağlaşırdılar. Qoca mələkdən birisi, dəftərdə hesab çəlpəşik düşdükcə turşalmış üzünü bunlara çevirib deyirdi: məgər dəxi bəs deyil? sıtal uşağı, sıtal lap zəhləmizi tökdünüz!

Ələmin sol tərəfində duranlar xaçpərəstlər idi, bunların üzlərinə qara çəkib sorğu-sualsız cəhənnəmə tökürdülər.

Usta Ağabala bunlara baxanda bir zəbani ağzından alav tökə-tökə bunun üstə hücum etdi. Qoçaq usta özünü itirmədi cəld qəbzi göstərib çığırdı: «vallah şeyxiyəm». Zəbanı ağzını yumub sükut etdi və sonra işarə ilə Ustadan uzur istəyib onun ilə getməyi rica etdi. Usta razı oldu. Bir neçə dəqiqə getməmişdilər, bir dağa rast gəlib başına çıxdılar. Usta bir də gördü, dağın müqabilində gözəl bağlar, uca imarətlər salınıb; imarətlərin altından çaylar axırdı, hovuzlar fəvvarə vururdu, gül gülü çağırırdı, bülbül bülbülü; hurilər və ğılmanlar ağacların dibində səf çəkib, boyunları çiyinlərində durmuşdular; yumru-totux uşaqlar, qızıl taxtlarda qumaş yastıqlara söykənən mə’minlərə şarab paylayırdılar. Bir tərəfdə çeşmələr şaqqıldayırdı. Bir tərəfdə gözəl çiçəklər qoxuyurdu, mərmər hovuzlarda qızıl balıqlar oynaşırdı; ağaclarda partlamış narların hər dənəsi yaquti-əhmər kibi, qızarıb şəfəq verirdi. Bircə xahişə bağlı idi ki, meyvələr ağacdan üzülüb öz-öz başına mə’minlərin ağızlarına düşsün.

Usta Ağabalanın ürəyi məhbubəsini görmüş aşiq ürəyi kibi döyündü, Amma çifayda oraya getmək mümkün deyil idi; orada qıl körpü durmuşdu.

Qıl körpünün hər tərəfi od dutub yanırdı. Minlərcə adamlar odlu gürzlərin çənginə düşüb fövt olmaqda idilər.

Bura cəhənnəm idi. Cəhənnəmin kənarında çoxlu qır qazanları qaynayırdı. Günahı çox olanları burada qaynadıb sonra atırdılar əzdahaların ağzına.

Birdən bərk səs gəldi. Usta sol tərəfə baxdıqda gördü, bir böyük dəstə üzü qara adamlar götürürdülər. Qır qazanlarının yanına gətirdikdə «nameyi-e’mallarını» çıxardıb bir-bir oxudular, bunların biri dəmir yol və bir gəmi ixtira’ etməyə görə odlu gürz ilə bir neçə vurub, tulladılar əzdahaların ağzına. Biri balon qayıran idi, bunu allaha ox atan Firoun cərgəsindən hesab edib məsləhət gördülər ki, artıq tənbih üçün bir əl qır qazanında qaynadıb alava atsınlar, təyyar qır qazanına düşəndə usta Ağabala «allah sizə lə’nət eləsin az qalıblar allahın da yanına çıxsınlar» sözləri ilə ürəyindən tikan çıxartdı. O biri «namə»lər oxunanda çoxlu qəzetçi adları söyləndi, bunları da əvvəlki minval ilə odladılar; sonra rəssamlar gəldi, bunları sorğusuz doldurdular qır qazanına. Artistləri zəncir ilə döyüb öldürdülər. Yevropa və Amerika hükəma danişmənd və geyri namaz qılmıyıb, şeytan əməllərinə rəvac verənləri təmamən yandırıb küllərini sovurdular. Axırda bir cırıq «nameyi e’mal» çıxdı; bunun sahibi bir balaca arıq adam idi, sual etdikdə kimsən? Nə karasan? Cavab gəldi ki: «hacı kərim xani». Bu sözü eşitcək cəmi zəbanilər gülməkdən qəş elədi, Əzrail lap özündən getdi; usta Ağabalanın şadlığından papağı düşüb, diyirləndi: «buna bax buna! Alma qaxına oxşayır, məl’unun könlündən «kərimxanılıq» keçir!» Zəbanidən birisi «kərimxanini» barmağının ucunda götürüb atdı qır qazanına və başladı qarışdırmağa.

Usta Ağabala gördü baxmaq ilə qurtarası deyil: hər dəqiqədə minlərcə adamları çəkib cəhənnəmə tökürlər, yavaşca qıl körpünün üstə çıxdı. Onun qabağınca bir rusca oxumuş adam gedirdi, ondan da qabaq hicabsız bir arvad. Onların ikisi də ortaya çatmamış qıl körpüdən uçub cəhənnəmə vasil oldular, amma usta quş kibi gedib ayağa çıxdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

IV

Usta Ağabala hamama tərəf rəvan olmuşdu, payızın küləyi ağacların rəng-bə-rəng yapraqlarını budağdan budağa salırdı. Göydən qara bulutlar sallanmışdı. Bunlar qiblə tərəfə getdikcə nazilirdi. Və dağlara yavıqlaşdıqda kənarları ağarıb gümüş şəfəq verirdi. Usta getdikcə qabağından küçəyə tərəf pəncərəsiz evlər sınıq-söküq divarlar, dar eniş və yoxuş küçələr bir-bir gəlib keçirdi. Usta o qədər şadlığa aludə olmuşdu ki, ayağı çuxurlara düşüb tez-tez başmağı çıxmağı və ya papağının tullanıb alnına yeriməsi və ya qalxıb bir də pəlsərinə düşməsi bunun nəzərinə belə gəlmirdi.Usta Ağabala belə qeydkeş idi ki, hər gün gördüyü şeylər ona təsir etməmiş olmurdu. Birdən küçəyə düşmüş it pişik və ya geyri bir heyvanat meyitlərini görəndə belə fikir edərdi: «hələ itlərə allahın ğəzəbi keçib, bunlara behişt yoxdur görəsən bu yazıq pişiklərə kim cənnət qəbzi verəcək?» Pişik meyitindən sonra toyuq meyiti çıxanda Usta labüddən gərək bir az da toyuq barəsində fikir edə idi: «görəsən toyuq da behiştə gedəcəkmi? Ona da ğılman verəcəklərmi? Bəlkə toyuq da bilmədi buğdaya bir dimdik vurdu. Görəsən onda ona nə qayırarlar?»…

4 мин
V

Kərbəlayı Qulu, usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda bir neçə sual elədi; zamanənin dəyişilməsindən, bir az danışdı və dərin ahdan sonra ülgücü belindəki qayışa çəkib, təraş etməyə başladı. Usta Ağabalanın başının yarısı, təraş olmamış, birdən kərbəlayı Qulu geri çəkilib, dedi:– Usta, axır başıma bir iş gəlib.

3 мин
VI

Usta Ağabala qapını axtarırca, divardakı şəkillərə də bir nəzər yetirdi. Qoçaq nəqqaş cəmi sə’yini burada sərf etmişdi.Divarın biri Bəhramın fövqəladə rəşadətini təsvir edirdi; Bəhramın atdığı ox ilə ceyranın dal ayağını qulağına yapışdırmağı bir cavanı mütəhəyyir qoymuşdu. Biçarə cavan təəccübündən ağacın dalında şəhadət barmağını dişləyib gözünün qarasını bir tərəfə döndərməkdən başqa bir şeyə qadir deyil imiş…

6 мин
VIII

Cənnətin ənbəri qapıları, usta Ağabalanın üzünə açıldı. Rizvanlar tə’zim edib Ustanın pak qədəmlərini təbrik etdilər. Bir dəqiqədə minlərcə hurilər tökülüb işvəyi-dilnəvazləri ilə onu ihatə edə-edə apardılar. Səndəl taxtlar ipək mütəkkələr hazırlanmışdır. Ustanı oturtdular, gözəl bir çocuq bir piyalə lə’l tək şərab gətirdi. Şərabın ləzzəti-ruhanisindən Ustanın dünyada çəkdiyi zəhmətlər yadından çıxdı. Bədəni böyük bir qüvvə ilə məmlu oldu, gözləri işıqlandı; ürəyində yeni bir hiss, həzz və ləzzət hissi oyandı. Ətrafa baxdıqda gözəlcə hurilər gördü, vücudu bir od paraya duçar olub, ilk dəfə olaraq eşqi-həqiqi nə olduğunu duydu. Hurinin birini sağa aldı, birini sola və incə bellərini qucaqlayıb, almaya bənzər yanaqlarını öpməyə başladı və öpdükcə eşq odu alavlanıb, Ustanın vücuduna yayıldı.Bu halət artıq çəkmədi. Birdən böyürdən keçəl Həsən çıxıb Usta ilə salamlaşdı:

4 мин

Стихи других поэтов