İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:

– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.

– Təbii, sənətimiz ayrı, iş sahələri başqa, hərəmiz bir mühitdə dolaşırıq.

Dostum başını bir az yan tərəfə əydi, məni həsrətlə süzdü:

– Aşna, deyəsən, qocalırıq, – deyə qəhqəhə çəkdi və güldükcə də vücudu əyilib-qalxaraq cürbəcür hərəkətlər yapdı.

Mən də onu ayaqdan tutmuş başına qədər gözdən keçirdim: iki ilin müddətində heç də dəyişilməmişdi; biləks dəyişiklik var idisə də, ona nöqsan gətirəcək bir mahiyyətdə deyil idi: bir az kökəlmiş, ciddiləşmiş və üzündə qürurlu bir məmnuniyyət duyulurdu.

– Aşna, – dedim, – qocalıq sözünü fikrinə belə gətirməyə haqlı deyilsən – başında ağ tük yox, səhhətin yerində. Əsli budur, yaşa baxılmaz.

Sözlərimdən son dərəcə məmnun oldu, yenə qəhqəhə çəkdi, yenə bədəni əlvan şəkillər aldı. Sonra tələbəlik həyatımızı xatırladan bir neçə vəqə anlatdı, güldük və çox arxada buraxdığımız gəncliyimizi nəşələrlə yad etdik.

Bununla görüşümüz bitdi. Bir-birimizin vəziyyətinə dair bir söz belə dodaqlarımızdan qopmadı. Mən soruşmadım, çünki o belə suallardan xoşlanmazdı. O, atacağı hər bir addımını dərin sirlərlə əhatə edərdi. Tələbəliyində belə onunla illərcə bir otaqda yaşayan yoldaşı da işlərindən baş aça bilməzdi.

Ayrılarkən:

– Sən bizdən uzaq qaçma, gəl. Ayın dördündə axşam qonağım var.
Gəlsən çox məmnun olaram... Oturarıq, bir az keçmişi xatırlayıb gülərik, – dedi.

Adresini söylədi, yazdım.


Ayın dördündə getdim. Xidmətçi qız qapını açıb, məni gözəl məfruşatlı böyük bir salona buraxdı. Qoltuqlardan birinə yanaşarkən sağ tərəfdəki qapı açıldı, Roza xanım içəri girdi. Görüşdük.

– Buyurun, oturun, – deyə mehriban bir səslə yer göstərdi, qarşıqarşıya oturduq.

– Bəs Müğbil haradadır? – deyə dostumu soruşdum.

– Bu saat gələr – xəstələrinə baxmağa getmişdir.

– Yəqin gec gələr, – dedim.

– Yox, bu gün hamısına baxmayacaq; başqa günlər, təbii, çox məşğuldur: gündüz xəstəxanada, axşamlar da evdə qəbul edir... Eh, həkimlik çətin işdir! Bir dəqiqə belə rahat buraxmırlar... Çox yorulur, yayı səbirsizliklə gözləyirik.

Roza xanım dodaqlarında bir təbəssüm oynatdı və ərinin müvəffəqiyyətlərindən məmnun olduğu təbəssümündə parladı.

– Bu yay harada istirahət etmək fikrindəsiniz? – deyə sordum.

– Keçən yay, – dedi, – Kislovodskda idik. Doğrusu, hər yay eyni yaylağa getmək insanı bıqdırır; bu il Borjoma gedəcəyik...

Müğbilin qayıtması bir saat çəkdi. Hələ qonaqlar gəlməmişdi.

Roza xanım arabir məni tərk edir, mətbəxə baş çəkib, qayıdırdı və söhbətlərimizə təkrar davam edirdik. Roza xanımı çoxdan tanıyırdım. Tacir ailəsinə mənsub idi. Geniş yaşayışı, gözəl geyinməyi və şöhrəti çox sevərdi. Onda böyük zənginlik arzusu var idi. Xüsusi əmlak, avtomobil, Avropa səyahəti, Paris modası adi məfkurələrindən idi. Maddi vəziyyətlərinin bütün gözəlliklərinə baxmayaraq, yenə onda tam məmnuniyyət görünmürdü. Başqa mühit, başqa vəziyyət meyli dəruni aləmini sarsıtmışdı.

Məni gəzdirib, otaqları göstərərək məhcub olan kimi idi:

– Mənzilimiz böyükdür, – dedi, – beş otaq bizə kafidir, ancaq... burada mənim istədiyim süs yoxdur. Mən möblənin və məfruşatın başqa cür olmasını istərdim.

– Məncə, – dedim, – mənzilinizin nöqsanı yoxdur: geniş və gözəl məfruşatlıdır...

– O!.. – deyə sözlərimi kəsdi. – Onda sizin, bağışlayın, əsil zövqdən xəbəriniz yoxdur. Gəlin, görün mən sizə nələr göstərəcəyəm.

Salona döndük, Roza xanım qəfəsədən bir sıra jurnal çıxarıb, masanın üzərinə qoydu.

– Baxın, – deyə açdı, – bu evlərin incəliyinə, bağçaların səliqəsinə, hovuzlara, nəhayət, otaqların nəfis üslublu məfruşatına baxın.
Bizim ev bunlara nisbətən tövlədir...

Roza xanımın təqdim etdiyi alman və fransız jurnallarını gözdən keçirdim:

– Bizim yeni yapılan evlərimiz heç də bunlardan geri qalmır, – dedim.

Roza xanım təhqir edilən kimi oldu:

– Eh, – dedi, – sizdə heç yüksəliş təmayülü yoxdur. Heyrət!..

Mən sərzənişlə:

– Əzab çəkməmək üçün lüzumsuz arzulardan vaz keçməli, – dedim.

Roza xanım daha da hiddətləndi.

– Sizdə ruh böyüklüyü görmürəm. Tələbəliyinizdə də dərvişniyyət idiniz, indi də. Səbəb sizin subaylığınızdır... Əzizim, evlənməlisiniz, özü də tələbkar bir qadınla evlənməlisiniz. O sizə arzunun lüzumsuz olmadığını gözəlcə öyrədər...

Yarımsaatlıq münaqişəmiz Roza xanımı fikirlərindən daşındıra bilmədi. Nəhayət qonaqlar gəlməyə başladı, artıq xüsusi söhbətlərə yer qalmadı.

Arxası kəsilmədən gələn qonaqlar salonu şənliklə doldurdular: piano səsi, lətifələr, qadın qəhqəhələri ətrafı bürüdü. Müğbil də gəldi.

Hamı hazır olar-olmaz, Roza xanımın nəvazişkar səsi eşidildi:

– Lütfən, yemək otağına!

Otuz beşə qədər adam ağ süfrəli geniş masanın ətrafına toplandı.
Burada nələr yox idi. Xalq təbirincə, can dərmanı axtarsaydın tapılardı.

Çaydan sonra salona döndük, bir-iki saat sonra təkrar yemək otağına çağırıldıq. Bu dəfə masa daha zəngin, daha süslü idi. Əlvan məzələr və içkilərlə başlayan ziyafət cücə plovu və meyvələrlə bitdi.

Gecənin yarısına qədər yeyib, içib, əyləndik..


Dostumun evinə getdiyim ilk və son dəfə oldu. Bir daha birbirimizə rast gəlmədik. Bir il sonra əlli min manat müqabilində mənzilini başqasına tərk etdiyini eşitdim. Təbiidir ki, bunun mənasını anlamadım. Hər halda anlasaydım da Roza xanımın nazı üçün olmuş deyə izah edərdi. İki ay sonra məsələnin mahiyyəti mənə aydın oldu.
Müğbilin ailəsinin ev şeyləri ilə bərabər İrana köçdüyünü eşitdim.

Bu fəqərədən sonra dostumun həyatı məndə böyük maraq oyatdı. Yaxın əqrəbasının biri ilə görüşməyə başladım. Müğbilin İrandan göndərəcəyi ilk məktubu səbirsizliklə gözlədim. Məktub ehtimal olunacaq vaxtdan çox sonra gələ bildi... Adi şikayətlər: şübhə ilə qarşılandıq, iş tapmaq çətindir, hər şey var, pul yoxdur, həyat olduqca sıxıcıdır. Rozaya çarşab örtmək həbsxanada oturmaq kimidir...

Bununla marağım soyumadı; dostumun məktublarını izləməkdə davam etdim. Eyni şikayətlər, peşmanlıq, mədəni həyat arzusu...

Məktubların bir müddət arası kəsildi. Altı ay işsizlikdən sonra Müqbil, nəhayət, özünə iş tapmış, dedilər.

Məsələ mənim üçün həll olmuşdu; artıq marağımı dəf edib Müqbili unutmağa başladım. Bir gün qohumuna rast gəldim. Məyus bir halda salam verib, məni dayandırdı.

– Heç demirsən başınıza nə gəlib? – dedi və gözləri yaşardı.

– Nə olmuş?

– Nə olacaq, Müğbil Tehranda yatalaqdan ölüb.

Qulaqlarıma inanmadım. Əvvəl fikirlərimi bir nöqtəyə toplamaqda aciz idim. Sonra yavaş-yavaş özümə gəlib, Roza xanımla aramızda olan danışığımızı xatırladım. Öz-özümə: “Əzab çəkməmək üçün lüzumsuz arzulardan vaz keçməli”, – dedim.

1934

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Vasvası

O, Bakıda böyümüşdü, həm təhsilini orada bitirmiş, həm də qulluğu orada idi. İyirmi beş yaşa çatmış da, rayonlarımızı gəzməmişdi və qəza onun təsəvvüründə qızdırma, ilan və əqrəb yuvası kimi bir şey idi. Odur ki, o həmişə Bakıda qalmağı, Bakıda çalışmağı səfalı bir qəzadan belə üstün tuturdu.Bir gün onu maarif komissarlığına çağırdılar. Şöbə müdiri onu oturdub

5 мин
Beş dəqiqə

IHəkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.

10 мин
Üsuli-cədid

Onun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.

4 мин
Kamal

Onun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.

8 мин

Стихи других поэтов