Birinci kitab, ikinci hissə
Страница 13 из 14 · 86%
Yaxşısı budur ki, hamıdan uzaqlaşım...”
16
Xalı mağazasında Bəhrama bir xalça göstərirdilər. Ortasında bir ləkəsi var idi, kənarı da bir az cırıq idi:
– Neçə verir? – dedi.
Mağazaçı:
– Üç manat. Yarı-yarıya.
– Yarısına razı deyiləm. Məndən ip gedir, səndən nə gedir? – deyə Bəhram bir az darıldı.
Mağazaçı gülə-gülə əlini Bəhramın çiyninə qoydu:
– Yaxşı, ikisi sənin.
Bəhram xalçanı buraxdı:
– Gəlirəm, – deyə çıxdı və bir az keçməmiş əlində bir gələm içəri girdi.
Mağazanın arxa tərəfinə keçdi, xırda bir otaqda paltarını dəyişdi, sonra xalçanı yerə döşəyib dizlərini yerə qoydu və kələmlə xalçanın ləkəsini sürtdü. Bir az sonra ovulub tökülmüş kələm qırıqlarını təmizləyib, ləkəyə baxdı, bir əsər görünmədi.
Xalçanı başdan-başa sürtdü, çırpdı və kənarlarından tutub, diqqətlə süzdü, təzə kimi idi.
Otağın bir tərəfində, yayları meşini cırıb kənara çıxmış bir köhnə taxt var idi. Bəhram bu taxtda oturub, xalçanı dizinin üstə aldı, xalçanın cırıq yerini gözdən keçirdi. Ərişləri uc-uca gətirərək düyün tutan yerləri düyünlədi. Baxdı, bir çox ilmələr tökülmüşdü. İp torbasını açdı.
İpləri xalçanın cırıq yerləri ilə tutuşdurdu. Uyğun boyalarını seçdi, cırığını yamamağa başladı.
Yamaq qurtardıqdan sonra Bəhram qayçı ilə hamarladı və təzə iplər gözə sıçramasın deyə, bir kağız yandırıb, yamaq yerini alovda ütdü. Xalça hazır idi. Bəhram təhvil verdi, pulu alıb getdi. Heyətin qərarına görə müsamirədə Katya odalıq4 rolu oynayacaq idi. Lakin şərq qadınına bənzəmək üçün saçları boyanmalı idi. Katyanın başına həna qoymaq Bəhrama həvalə olunmuşdu.
Bəhram xalı dükanından çıxar-çıxmaz tramvaya minib, Teymurbəygilə getdi. Katya Bəhramın gələcəyini bilirdi. Bəhram irəliki gün oraya bir kisə həna və rəng aparmışdı. Zəng vurular-vurulmaz qapı aralandı və açılmış saçları çiyinlərinin iki tərəfini qaplamış Katya göründü:
– Siz olduğunuzu bildim, – deyə təbəssümlə parlayan mərcan dodaqları aralandı və ağ inci dişləri parladı.
Bəhram vaxta qiymət verən karkün adamlar kimi qətiyyətlə dedi:
– Su hazırdırmı?
– Bu saat hazır olar.
Bəhram cəld içəri girdi. Yemək odasında tələbə tujurkasını çıxartdı, qollarını çırmadı və mətbəxə getdi. Samovar qoyulmuşdu. Xidmətçi qıza bəzi təlimat verib döndü.
Yemək otağında ləyən hazırlandı. Bəhram həna torbasını açdı.
Katya maraqla torbaya baxırdı:
– Çoxmu qara olacaq? – deyə sordu.
– Bu qızardacaq, üzərindən rəng qoyulduqda qapqara olacaq.
– Tüklərim xarab olmaz ki?
– Əsla! Təbii şəkil alacaq. Həm də elə parıldayacaq ki, tam şərqli bir qız olacaqsınız.
– Aman, nə gözəl!..
Bəhram əlinə qayış əlcəkləri geyə-geyə:
– Müsamirədə birinci gözələ mükafat veriləcək. Sizin qazanacağınıza əminəm.
– Nə söyləyirsiniz?
– Elə!.. Su hazırdır, zənn edirəm, çox isti olmamalı. Xidmətçi qız suyu gətirdi. Bəhram hənanı ləyənə töküb islatdı.
– Katya, gəlin oturun!
Katya şən bir halda masaya yaxın bir yerdə oturdu. Bəhram əlcəkli əli ilə hənadan götürüb Katyanın başına yaxdı.
Həna yaxıldıqda Katya diksindi, üzünü qırışdırdı və qayğılı bir səslə:
– Bəhram, həna saçlarımı tökməz ki? – deyə sordu.
Bəhram işinə davam edərək:
– Biləks, tüklərin diblərini bərkidir. Şərq qadınları bunsuz dolana bilməzlər. Hənanı buralarda hələ tanımırlar, amma tanıyacaqlar. Mən buraya gələn ili bir neçə kisə gətirmişdim. Tanıdığım xanımlara payladım.
Bilirsiniz, müftə verirdim, götürmək istəmirdilər. Axırda ki, öyrətdim. Bu il iki yüz kisə satmışam.
Katya altdan-altdan baxaraq:
– Bravo, – dedi, – qoçaqsınız.
– Başqa çarə varmı? Oxuyub bitirmək lazımdır. Bu zamanlarda ya pul olmalı, ya enerji... Pul da ki, bizdə yoxdur.
– O günü Teymurbəylə sizdən bəhs edirdik – sizə aşiqdir, deyir əlindən hər bir iş gəlir...
– Həyat, həyat öyrətmişdir... Həna deyəsən bir az soyuqdur; başınızı üşütmür ki?
– Bir az.
Bəhram hənaya isti su qatdı və bir daha danışmadı, bütün fikri sabahkı imtahana həsr olunmuşdu: Teymurbəyin əvəzinə getməli idi.
17
“Dvoryanskoye sobraniye” teatrının qapısı dopdolu idi: “Müsəlman müsamirəsi”nə bilet alırdılar. Gözəl afişalar, qəzet elanları və keçən ilki müsamirənin xatirəsi kiyevliləri buraya cəlb etmişdi. Bəhram ləzgi libası geymiş, Teymurbəyə bilet satmağa kömək edirdi. Rüstəmbəy, Sofya xanım və əri adamları aralayaraq keçdilər. Paltar soyunulan yerdə üst libaslarını çıxartdılar. Sofya xanım Rüstəmbəyi fəxrlə süzdü. Anadolu qiyafəsində idi. Qırmızı fəs, qırmızı ipək qurşaq; sırmalı arxalıq Rüstəmbəyə çox yaraşırdı.
Foye Sofya xanımın heyrətinə mucib oldu, burası bir Şərq aləmi mənzərəsi almışdı. Bir tərəfdə ərəb üslubunda yapılmış xırda bir köşk, ötəki tərəfdə Şərq bazarı, qarşısında uzun saçlı dərviş qəsidə oxuyur.
Türk tələbələri, hərəsi bir libasda, avropalı tamaşaçıların arasında qərib bir mənzərə təşkil edirdilər.
Bir də “bazar”dan xalqı aralayaraq Şirin çıxdı, ağ ərəb geyimi, uzun burnus, əyri qılınc buğdayı simasına çox yaraşırdı. Rüstəmbəyə təsadüf edərək həyəcanla dedi:
– Rüstəmbəy, bəs yelpiklərin üzərində niyə yazı yoxdur?
– Onu siz bilirsiniz. Nə yazı?
– “Müsəlman müsamirəsini unutmayın” – deyə möhür ismarlanmışdı.
Bəs hanı?
– Yelpiklərin yanında olacaq.
– Di gəl sən onları möhürlə, müştərilər var. Rüstəmbəy izdihama qarışaraq Sofya xanımdan ayrıldı.
Şirin burnusun ətəklərini toplayaraq qarşı tərəfdəki bufetə getdi.
Gözəl bəzənmiş növbənöv yeməli və içməli şeylərlə dolu bufet piştaxtasının arxasında Qulu durmuşdu. Uzun qəzil* papaq, astarı mavi qara və qollu çuxa, uzun arxalıq və qırmızı qurşaq Qulunu tam bir
“Təbriz uşağı” şəklinə salmışdı. Barmağındakı iri əqiq qaşlı üzük Qulunun iranlılığını tamamlayırdı.
Şirin Quluya müraciət edərək:
– Qulu, balam, bəs “bazar”a şərab və su lazım deyilmi? Qulu zarafatla:
– Balam, siz təsbeh satırsınız, yelpik satırsınız, daha şərab nəyə lazımdır?
Şirinin çöhrəsində dəyişiklik görməyən Qulu haman zarafatı tərk etdi və ciddi olaraq:
– Gülüm, – dedi, – bu saat xidmətçi gəlsin, şərab, istərsən, bir az da dadlı göndərərəm.
Şirin:
– Yaxşı, – dedi, “bazar”a döndü.
Sofya xanım foyeni gəzdikdən sonra proqramda göstərilən “hərəm dairəsi”ni görmək istədi. Özbək geyimli Əhmədə müraciət etdi:
– Bağışlayın, – dedi, – paşanın hərəm dairəsini göstərə bilərmisiniz?
Əhməd çapanın uzun qollarını tez-tez çirmələyərək, onları hərəmə təşyi etdi.
Məxsusi bir otaqda ipək taxt üstündə iri sarıqlı, enli qurşaqlı Cəfər oturub, ipək yastıqlara söykənmişdi. Nargilə damağında idi. Taxtın önündə, ipək döşək üzərində Katya uzanaraq əlvan püştələrə söykənmişdi.
Katya qırmızı ipək şalvar geymişdi, incə qurşağının saçaqlı ucları yanına düşmüşdü. Başındakı ağ xutuz qara saçlarına uyğun idi.
Şərq qiyafəli bir neçə qız da oturmuşdu. Ocaqverdi hərəm ağası qiyafəsində, qəhvə paylayırdı.
Tamaşaçılar otağı doldurduqda paşanın əmri ilə musiqi çalınır, qızlardan biri rəqs edirdi.
Sofya xanım Katyanın “Ceyranı” oynamasına məftun oldu. Yenidən oynamasını gözləmək istədi. Bir də fərraş qiyafəli Qulamrza yanaşdı:
– Əfəndilər, – dedi, – yerimiz balaca olduğu üçün hərəmi görməyə başqa tamaşaçılara da imkan verməliyik. Lütfən hərəm dairəsini tərk edin! Paşamızın əmri budur.
Sofya xanım əri ilə çıxdı.
– Proqramda daha nələr var? – deyə zövcü sordu.
Sofya xanım:
– Əvvəl konsert olacaq. Sonra səhnədə Şərq toyu göstəriləcək.
Şərqin yuxusu təmsil olunacaq. Axırda da rəqslər.
Sofya xanım əri ilə tamaşa salonuna girib, yerlərində oturdular.
Rüstəmbəy yelpikləri möhürlədikdən sonra durub getmək istədi. Lakin izdihamı yarıb çıxmaq mümkün deyildi; dərviş qiyafəli Niyazi təbərini çiyninə qoyub qəsidə deyərək tamaşaçıları buraya toplamışdı. Onun sırmalı taqyəsi, uzun cübbəsi, arxasındakı ceyran dərisi və qolundakı kəşkülü, bunların hamısından da artıq heybətli səsi diqqətləri cəlb etmişdi.
Şirin bir qızla bərabər tamaşaçılara təsbeh, yelpik, Şərq ətri və başqa şeylər təklif edirdi...
Rüstəmbəy çətinliklə kənara çıxdı. Ətrafı gəzib, Sofya xanımı axtardı. Nəhayət, onu tamaşa salonunda görüb geri qayıtdı. Fərəməzlə Xəlil köşklərin birində çiçəklə kruşon* satırdılar. Yanlarında Kiyev zadəganlarına mənsub iki dilbər oturmuşdu. Rüstəmbəy onlara yanaşdı,
Xəlil Rüstəmbəyi qızlara təqdim etdi:
– Əsmərlərin ən parlaq nümayəndəsi! – dedi.
Qızlar qızararaq Rüstəmbəyin əlini sıxdılar və biri çəkinərək dedi:
– Doğrudan da baxdıqda İnsanı bir az da dəhşət götürür.
Rüstəmbəy gülə-gülə:
– Çoxmu dəhşətliyəm? – deyə sordu.
Qız onu süzərək:
– Çox, – dedi, – lakin ədasından əsmərlərə məftun olduğunu deyə bilmədi, qıpqırmızı kəsilib totuq əlləri ilə üzünü qapadı.
Xəlil bir az qısqandı, yavaş səslə:
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-birinci-kitab-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şura Yazıçılarının Ümumittifaq qurultayına*Əhməd “Maarif işçisi” klubunda ibtidai cəmiyyətə dair məruzə edəcək idi... Bir çox kitablar*
Birinci hissə1**“Bu gün də son dərsdir”, – deyə hər kəsdə bir sevinc vardı. Qəbilənin hər tərəfindən gələn gənclər axın-axın bağa toplandı. Kəbusey bizdən əvvəl oraya gəlmişdi. Bizim gecikməyimizə işarə olaraq adi istehzası ilə:
İkinci hissə1**Günəş ilk şüasını Totem dağına atdıqda qəbiləmizi tərk etdik. On beş gənc idik. Qəbilə şurası müməssili Cürceys və müəllimimiz Kəbusey də bizi təşyi edirdi. Örüşdən uzaqlaşaraq düz yola çıxdıq. Ətrafdakı meşələr çiçək içində idi. Baharın ilıq havası da rayihə saçırdı.
Bir neçə söz“Studentlər” inqilabdan əvvəl türk (azərbaycanlı – M.A.) tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min bir fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi.Qulu da eyni tipin müasirləşmişi deyilmi? O zamanın hər bir mütəxəssisi yeni sənət, yeni fənlə təchiz olunmuş birər tacir, xudbin adamlar deyilmi?
Стихи других поэтов
کار دلم شد عشق تو، دل چون کند کاری دگر
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.