Страница 9 из 14 · 57%

Rüstəmbəy ehtiramla xanımın başını bağrına basdı, yaşlı gözlərini qurutdu. Peşmanlıq, təəssüf və nifrət hissi bir-birinə qarışaraq onun ürəyini bürüdü.

11

Səhər tezdən Qulu ilə Xəlil gedirdilər. Rüstəmbəy salam verdi. Xəlil:

– Ya Allah, Rüstəm, – deyə əl verdi və sonra mehriban bir halda qolunu onun qoluna keçirib: – Balam, niyə görükmürsən? – dedi.

... Rüstəmbəy Qulu ilə soyuq bir halda görüşdü:

– Xəlil, başım qarışıqdır, imtahana hazırlaşıram. Bir tərəfdən də otaq məsələsi, – olduğum yerdən çıxmaq istəyirəm.

Qulu qaşqabaqlı üzünü bir az xoşlaşdırdı, qayğılı bir halda:

– Yoxsa otağın pisdir?.. Həmişə qulluğunda hazıram.

Qulunun sözləri Rüstəmbəyə təsir etmədi. Onun ürəyi Quludan sınmışdı. Ona görə simasında soyuqluq müşahidə oluna-oluna:

– Sağ ol, Qulu, – dedi, – zəhmətinə razı deyiləm. Özüm axtarıb taparam.

Qulu daha dinmədi. Ürəyindəki kin Rüstəmbəylə mehriban bir halda müsahibə eləməsinə mane oldu.

Bir müddət sükut içində getdilər. Sonra Qulu vidalaşıb aralandı.

Xəlil işdən dürüst xəbərdar deyildi, heyrətlə Rüstəmbəyə baxıb dedi:

– Rüstəm, deyəsən, Qulu ilə aran bir az sərinləşmişdir?

– Xüsusilikdə dostam, yoldaşlıqda mənə hər nə işi düşsə, əmələ gətirməyə hazıram. Amma ictimai işlərdə bir-birimizlə düşmənik.

– O niyə?

– Özün bilirsən ki, ictimai işdə şəxsiyyətimi büruzə vermərəm, şəxsi mənfəətimi heç vədə nəzərdə tutmaram. Öz xüsusi işlərimdən əl çəkib, ümum üçün çalışaram, vuruşaram, sözü həmişə açıq danışaram.

Beləliklə də dostlar məndən üz döndərir, özümə hər yerdə düşmən qazanıram.

Xəlil çox safqəlbli adam idi. Hiyləgərlərin ürəyinə yol tapmağa müqtədir deyildi, bu səbəbdən idi ki, Qulunun zahirinə və danışığına baxdıqda onu təmiz bir adam hesab edirdi. Ona görə də Rüstəmbəyin işarəsini dürüst başa düşə bilmədi:

– Daha Qulu ilə aran niyə dəysin?

Rüstəmbəy gülümsündü. “Görəsən türk tələbələrinin gözləri niyə bağlıdır?” – deyə fikrindən keçirdi və sonra qeyzlə:

– Ay qurban olum, – dedi, – mən nə eləyim ki, siz hər şeyə göz yetirəbilmirsiniz. Gərək sizi bir yerə yığıb çağıram: “Ay... qoymayın, içinizə qurd girdi!” Onda da qorxuram sözümə inanmayıb, mənim özümü qurd hesab eləyəsiniz.

Xəlil gözlərini döyə-döyə:

– Bu nazik mətləb oldu, başa düşə bilmədim. Rüstəmbəy qəti surətdə:.

– Xəlil, Qulunun cəmiyyət işlərində yürütdüyü siyasət xoşuma gəlmir. Aramızda fəsad toxumu salmaq, intriqa törətmək... bir o qədər də mədh olunası hərəkətlərdən deyil, zənnindəyəm. İdarəmizi ümumi məclis seçdi. Layiq olmasaydı, seçməzdi. Daha fitnə və fəsada nə lüzum var... Burada bir tələbə ənənəsi var, ildə bir dəfə idarənin bir hissəsini yeni gəlmə gənclərlə doldururuq. Təcrübəli yoldaşlar yeniləri xalq işinə alışdırır. Təşkilatımızda müvəffəqiyyət bundan irəli gəlir.

Bu gün cəmiyyətimizin pulu, kitabxanası, türkcə gecə kursu, nəşriyyat heyəti, məruzə heyəti və asari-ətiqə heyəti vardır. Türkcə kitab basdırmışıq və yenə də basdıracağıq. Rusiyanın darülfünun olan hansı şəhərində türk tələbələrinin belə təşkilatı var?

Xəlil qəti:

– Heç yerdə!

– Bu gözəl təşkilatı yıxmaq istəyirlər... – Rüstəmbəy son sözlərini qeyzlə deyib susdu.

Bir az getdilər, sonra həlim bir səslə əlavə etdi:

– Balam, otaq axtarıram. Ora səs-küylüdür, dərs oxuya bilmirəm.

Rüstəmbəy əsil fikrini gizlətdi, otaq dəyişməkdə Sofya xanımdan uzaqlaşmaq istəyirdi və öz yalanından qızardı. Birdən gözünə sağ tərəfdə yapışdırılmış kiçik bir kağız sataşdı. Onu oxumağa başladı.

– Xəlil, gəl bir bu otağa baxaq.

Döndülər. Qapını açdılar. Dar koridorla gedib sol tərəfdəki zəngi vurdular. Qapıya iri gövdəli bir arvad gəldi. Girdilər.

– Otaq hansıdır? – dedilər.

Xanım yoğun səslə dodaqlarında nə dedisə, tələbələr onun dalınca getdilər. Ağır havalı yemək otağından keçdilər. Balaca və qaranlıq bir koridora girdilər. Xanım bir qapının qabağında durub tıqqıldatdı:

– Otağa baxmağa gəlmişlər, olarmı? – dedi.

Tələbələr bir-birinin üzünə baxdılar, gülümsündülər. Bir azdan sonra içəridən səs gəldi:

– Olar.

Girdilər. Gözlərinə ilk sataşan balaca bir çarpayı oldu. Biri yorğana bürünüb uzanmışdı, başını da gizləmişdi.

Xanım otağı göstərdi və gülümsünərək əlini çarpayıya uzatdı:

– Qız evlərinə getdiyinə görə otaq boşalır. Yoxsa otaqdan çox məmnundur.

Tələbələr ətrafı dürüst nəzərdən keçirirdilər, otaqdan ağılları bir şey kəsmədi: qaranlıq idi.

Xəlil yavaşcadan soruşdu:

– Xala, bu qız kimdir?

– Talibədir, – deyə xanım gülümsündü.

– Gözəldirmi?

Xanım Xəlilin üzünə baxdıqda daha da gülməyə başladı və sağ əlini çırpıb otaqdan çıxdı. Tələbələr də onun ardınca getdilər. Birdən Xəlil geri döndü, qapının arasından içəri baxıb dedi:

– Kolleqa, salamat qalın!

Yorğan tərpəndi, pərişan saçlar arasından dilbər bir çöhrə göründü.

– Sağ olun, – deyə başını gizlətdi.

– Sizin kimi bir dilbəri olmayanın sağlığından nə çıxar ki?!.

Qız yenə başını yorğanın arasından çıxartdı, gözlərini qıyaraq, xoş bir əda ilə Xəlili süzdü. Xəlil coşdu:

– Nə vaxt gedirsiniz?

– Sabah axşam saat yeddidə.

– Müsaidə edin, vağzala gəlib sizi ötürüm.

Sükut. Qız yenə gözlərini qıydı. Xəlil qəti səslə:

– Sabah axşama mütləq gələcəyəm, – deyib getdi.

Ocaqverdiyə rast gəldilər, bir qoltuğunda kitab, o birində bir xoruz gedirdi. Çox düşüncəli idi. Xəlil gülə-gülə onun qolundan dartdı:

– Ədə, o qədər fikirlisən ki, biz yekəlikdə adamları da görmürsən.

Hələ de görüm bu xoruz nə əhvalatdır?

Ocaqverdi yuxudan ayılan kimi səksəndi:

– Ya Allah! Ya Allah! Bilirsən, gedə-gedə sabahın dərdini çəkirəm, sabah qurban bayramıdır, qoyuna gücüm çatmır, dedim heç olmasa bir xoruz kəsim, haha-ha!.. Axı bir dədə-baba adətimiz var, yaddan çıxarmaq olmaz ki...

Gülüşdülər. Xəlil maraqla:

– Yaxşı, xoruzu nə bişirəcəksən?

– Plov, sən öləsən, Bakıdan zəfəran da gətirmişəm.

– Bəs plovu tək yeyəcəksən?

– Yox! İş var... Sizi çağırmamağımın səbəbi var: özün arifsən, bilirsən.

Bizim ev xanımımızın yanına əyalətdən bir qonaq gəlmişdir.

Bilirsən, kefin istəyən bir qızdır, pərvərdigar haqqı, çıraq kimi yanır.

Bir yanaqları var ki, bax, lalə.

– Deməli, bu qurban onun yolunda kəsilir?

Ocaqverdi məsum bir halda boynunu əydi və kitab olan əlini qaldırıb, çənəsinə söykədi:

– Axı dərd əhlisən, bilirsən, pərvərdigar haqqı, xoruz deyil, özümü də qurban verrəm! – Sonra səsini dəyişərək yavaşcadan: amma belə mülayim adamdır...

– Mərhəmətlidir!

– Ah nə mərhəmətli, nə mehriban!.. Özü də aranı sazlamışıq.

Xəlil zarafatla:

– Yəni ara sazdırmı?

Ocaqverdi müzəffər bir səslə:

– Əşi, rəhmətliyin oğlu, saz nədir, pərvərdigar haqqı, iş-işdən çoxdan keçib, – deyib yoluna davam etdi və bir-iki dəfədə arxa tərəfə çönüb, gülə-gülə başını tərpətdi.

Rüstəmbəylə Xəlil bir xeyli dolandılar: otaqlara baxdılar, xoşlarına gələn olmadı, bəzisi qaranlıq idi, bəzisi rütubətli. Xülasə, Rüstəmbəyə layiqli bir otaq tapılmadı. Sonra yenidən axtarmağı qərarlaşdırdılar və hələlik aşxanaya tərəf getdilər. Birdən Xəlilin yadına düşdü ki, təvəllüd günü münasibətilə verəcəyi ziyafətə Rüstəmbəyi çağırmamışdır.

– Bilirsən, Rüstəm, ürəyimdə bir şey var, elə ha istəyirəm sənə deyim, yadımdan çıxır... Şənbə günü anadan olan günümdür.

Rüstəmbəy güldü: “Mən ölüm?” – deyə şən bir halda soruşdu.

Xəlil:

– Hə, doğrudan!

– Yaxşı, pulun var?

Xəlil bir az düşüncəli və səmimi bir tonla:

– Balam, pulum yoxdur. Ancaq hərə bir şey gətirəcək, – dedi.

– Çox yaxşı, mən də şərab gətirərəm.

Xəlil Rüstəmbəydən belə iş baş verməsinə inanmayaraq, heyrətlə baxdı və qəhqəhə çəkib güldü:

– Sənə, – dedi, – ayrı cür yaraşar. Budur, görəcəyik əlində dəsmala bağlı bir neçə şüşə çaxır gətirirsən. Xa-xa-xa!..

– Sən öl, Xəlil, “anadan olmaqda” savab iş görürsən, çoxdan bəridir içməmişəm, gərək bir “lül-qənbər” olam. Daha Tövrat oxumaqdan, Allah axtarmaqdan, xalq yolunda çalışıb söyüş qazanmaqdan yorulmuşam. Qoy bir az içim, bəlkə dərdlərim yadımdan çıxa.

12

Altı üzvdən ibarət bir siyasi heyət əmələ gəlmişdi. Fatma xanım, Əhməd və tələbələr məhkəməsində bəraət qazanmış Mircəlal da buraya daxil idi. Səlman sədr olmuşdu. Beşinci iclasda proqram düzəldilmiş, dəvətnamələr isə ikinci iclasdan sonra göndərilmişdi. Çağırılan qurultayda Səlman məruzəçi sifəti ilə “Ümumi siyasət”, Əhməd “Türklər və çar idarəsi”, Mircəlal “Rusiyada sol firqələrlə rabitə”, Fatma xanım “Türk qadınlarının vəziyyəti”, Xəlil “Çar hökuməti və ona qarşı mübarizə yolları” haqqında məruzədə bulunacaqdılar. Beşinci iclas bu məruzələrin tezisləri ilə aşna olub təsvib etmişdi. Qurultaya gələnlərin yatacaq yerləri müəyyən oldu. Qət olunmuşdu ki, qurultay qərar çıxarıb bitənə qədər üzvlər şəhərə çıxmasınlar və bütün hərəkət və fəaliyyətlərini gizli saxlasınlar. Tələbələr cəmiyyəti “zemlyaçestvo” təbiidir ki, qurultaydan xəbərdar idi. Hətta buna uzun bir iclas da həsr etmişdi və nəticədə qurultayın xərci üçün 200 manat da ayırmışdı. “Siyasi heyət” də cəmiyyət idarəsi sədri Çingizi fəxri üzv sifəti ilə qurultaya seçmişdi. İlk iclası Çingiz açmalı idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов