İkinci kitab, dördüncü hissə
Страница 12 из 15 · 73%
Qulamrza:
– Ukraynalıların basıldığını duyar-duymaz, yığışıb Qulunun yanına gedərik, bir-iki də tüfəng peşkəş apararıq, – deyə qulağını qurdaladı.
Həqqi ayağını ayağının üstə mindirib:
– Mənim xətrimi istəyir, – dedi, – sizi barışdıraram.
– Barışan ilan deyil!..
Rüstəmbəy ciddi bir hal alaraq, zarafata xitam verdi:
– Yoldaşlar, – dedi, – cari məsələlərimiz qaldı. Qulamrza haman kağızı götürüb masanın yanında yerləşdi. Rüstəmbəy qeyd etdiyi məsələləri oxuyub:.
– Əlavəniz yoxdur ki? – deyə sordu. Həqqi zəif səslə:
– Şəhər mühasirə halı alır. Yabançı adamları şəhərdən çıxarırlar.
Necə olacağımızı düşünməliyik. Daha bundan böyük məsələ ola bilərmi? Rüstəmbəy sakit bir halda:
– Onu danışacağıq, – dedi və sonra əlavə olmadığını bilib:
– Yoldaşlar, – dedi, – siyasi vəziyyət olduqca incədir. Xarkov alınmış və orada Ukrayna bolşevik hökuməti qurulmuşdur. Görünür, bolşevik orduları Kiyevə doğru yürümədədir. Çarpışma olacaq. Milli hökumət buna hazırlanmalıdır; düzülən batareyaları görmüsünüz. Vəzifəmiz bu qarışıqlıqdan salamat qurtarmaqdır. Bu günün məsələsi şəhəri təmizləyən komitəyə nümayəndə göndərməkdir...
Qulamrza Rüstəmbəyin sözlərini kəsərək:
– Nümayəndənin vəzifəsi nə olacaq? – deyə sordu.
– Vəzifəsi səndə adları qeyd olunan qafqazlılara vəsiqə almaq. Bilirsən ki, əlində Ukrayna vəsiqəsi olmayanları tutub sürəcəklər.
Müzakirə edib, Rüstəmbəyi nümayəndə seçdilər. Sonra kiçik məsələlərin həlli ilə uğraşmağa başlandı.
39
Toplar nərildəyir, arabir mərmilər partlayaraq, ətrafı titrədirdi. Rüstəmbəy bu ölüm saçan gurultunu eşitməz olmuşdu. Neçə günlük işsizlikdən o yenə dəruni aləminə dalaraq böhran keçirmədə idi. Tənhalıq hissi, ümidsizlik, acı şübhələr dumanlanaraq mənəvi üfüqlərdə dolaşmada idi. Varlığı aşağılara doğru sürükləyən bu duyğuya qarşı heç bir qüvvə təsəvvür edə bilmirdi.
Otağı sabahdan axşama qədər dolaşıb, yorulub oturur; kitablarını birər-birər açır, qapayıb nifrətlə atır; çarpayının üzərində uzanır, düşünməyə çalışır. Nəbzinin vurmasını duyur, sayır. Daima eyni ritm, eyni çarpıntı onda tühaf mülahizələr oyadır: “Iştə həyat, iştə tarix, iştə əbədiyyət – daima eyni çarpıntı, təkərrür edək eyni ritm. Tarix-təkərrür dairəsində fırlanan əzəli və əbədi bir çarx; bu gün vaqe olan hadisələr təkrar-təkrar olmuş və təkrar-təkrar olacaq. İnsan, yeni deyə, bu hadisələrə qapılıb ölür, öldürür... Yox, bu hadisələr yeni deyil; İnsan aldanır...”
Rüstəmbəy mülahizələrinə davam edərək, bəşər tarixinin məntiqsizliyinə qarşı üsyan edib, nisyan boşluqlarında gizlənməyə çalışırdı.
Sofi əbasına bürünərək, ana dənizə qovuşmaq istəyir... Lakin heç bir fəlsəfə onu qane edə bilmir. Böhran yenə haman böhran!..
Rüstəmbəy geyinib çıxdı. Küçələr boşdu; top nəriltisindən başqa bir şey eşidilmirdi. Daim laqeyd və təğyirsiz təbiət yenə öz işində idi – qar tökür, ağ geyinmiş ağaclar xortlamış ölüləri andırırdı. Hərdənbir havadan uçan mərmi ilan kimi mələyirdi. Bir az sonra patıltı qopur, şrapnel səpilirdi... Rüstəmbəyin dəruni acıları ölümlərə ölüm saçırdı.
O heç bir təhlükədən çəkinməyərək, qəbiristan xiyabanlarını xatırladan küçələri dolaşa-dolaşa Qulamrza yaşayan evə doğru getdi.
40
Evin şüşələrinin sınıb qaldırımın üstə səpilməsi Rüstəmbəyi ayıltdı. Divarın ortasında mərmi böyük bir dəlik açmışdı. Rüstəmbəy pilləkənlə qalxıb, qapıları qapalı gördü: evi tərk etmişdilər. Geri döndü.
Qonşu evləri yoxladı. Eyni halın şahidi oldu. Zirzəmilərdən birində gurultu duyulurdu. Aşağı endi. Adam-adama söykənərək, bir-iki xırda otağı doldurmuşdu. Rüstəmbəy başını otağa salıb zənlə baxdıqda:
– Rüstəmbəy! Rüstəmbəy! – deyə onu tanış səs qarşıladı.
Qulamrza və Sayad bacı yerlərindən qalxıb, ona doğru gəldilər.
Sayad bacı görüşüb məsələni anlatdıqda:
– Canım, – dedi, – bu vurhavurda evdən çıxılarmı? Rüstəmbəyin dodaqlarında oynayan məsum təbəssüm bütün bədbini cizgiləri sildi:
– Darıxdım... Sizdən də çox nigarandım...
Sayad bacı mütəşəkkir bir sevinclə:
– Yaxşı ki, sizə heç bir şey olmayıb. Bilirsiniz, çox qorxuludur.
Rüstəmbəy çox düşünmədən:
– Bura narahatdır, bizə gedək, – dedi.
Qulamrza əlini-əlinə vurub güldü:
– Əşi, qəribə adamsan! Canım, yazığıq, xərc çəkib yenicə evlənmişik... – dedi və Sayadın boynunu qucaqladı.
Sayad bacı Qulamrzanın əlini özündən uzaqlaşdıraraq:
– Dinc dur bircə! – dedi. Sonra Rüstəmbəyə yönələrək: – Gəlin, bir az unumuz vardı, burada biş-düş maşınında çörək bişirib yeyirik.
Gəlin, sizi də qonaq edək.
Rüstəmbəy adamları yararaq, keçib dar bir yerə sığındı.
Otaq tərəkəmə köçü halında idi: böyüklərin acıqlı səsi körpələrin mələşməsinə qarışmışdı; bir tərəfdə əski yuyulur, o tərəfdə qazan qaynayırdı. Kirli çocuqlar döşəmənin üzərinə səpilib, kimi yatır, kimi oynayırdı. Fəna qoxu ürək bulandırırdı.
41
Rüstəmbəyi geri buraxmadılar. İki gecə burada soyunmadan keçirdi. Üçüncü gecə atışma səsi kəsildi. Şəhərdə dəyişiklik olduğunu hər kəs duydu. Oradakı xidmətçi qızların sevincindən bolşeviklərin qələbə çalması sezilirdi.
O biri səhər küçədəki gediş-gəliş səsi hamını erkən ayıltdı. Çıxdılar.
– Bolşeviklər! Bolşeviklər! – deyə eşidilən səslərin bəzisində yas duyulur, bəzisi ümid və səadət doğururdu.
Rüstəmbəy Qulamrzanın qolunu sıxıb yavaş səslə:
– Durmaq yeri deyil. Evdəki kağızları yandırmaq lazımdır. Yəqin, Qulu fitnələrə başladı.
Bir dəqiqə qaib etməyib, Qulamrzanın otağına çıxdılar. Pəncərələrin şüşələri sınmışdı. Masanın qutusunu açıb, kağızları cəld gözdən keçirdilər. Bir dəqiqə sonra, komitənin protokolları, möhrü və bir çox vəsiqələr sobaya doldurulub yakıldı.
– İndi şüşələri təmir etmək lazımdır, – deyə Qulamrza un islatmağa başladı. Qəzetləri kəsib şüşələrə yapışdırdılar.
– Evi də istiləndirməli, – deyə Rüstəmbəy küncə toplanmış odunlara tərəf yönəldi. Sobanı yakdılar. Ancaq əllərini yumağa su tapmadılar – su yolları pozulmuşdu. Bu məsələni də Sayad bacı təsviyə etdi: enib həyətdən bir vedrə qar gətirdi. Bunu sobanın yanında əridib yuyundular.
Rüstəmbəy şəhərə çıxmalarını məsləhət gördü:
– Evdə oturmaqdan xata çıxar. Gedək, görək şəhərdə nə var. Köhnə pasportlarımızı yanımızda saxlamalıyıq, orada kim olduğumuz bəlli deyildir. Bir də indi axtarılan adamlar Ukrayna milli hərəkatına mənsub olanlardır. Bizlə işləri olmaz.
Sayad bacını evdə qoyub çıxdılar.
Şəhər başdan-başa silahlı adamlarla dolu idi. Neçə gündən bəri evlərdə bəst keçirən əhali də küçələrə səpilmişdi; lakin o şıq geyimlər, xəz tuluplar, lətif şlyapalar görünməz olmuşdu. Hər kəs özünü yoxsul qiyafəsinə salmağa çalışmışdı. Rüstəmbəyin həmişə küçələrdə rast gəldiyi zabitlər çinlərini açıb şapkalarına texnik nişanı yapışdırmışdılar.
Bolşeviklər şübhəli zənn etdikləri adamları durdurub vəsiqə tələb edirdilər. Rüstəmbəylə Qulamrzanı da bir neçə dəfə dayandırdılar.
42
– Qulamrza, sən evə get, gör nə var. Sonra krımlı Əhməd əfəndinin qəhvəxanasına gəl, məni gözlə. Mən də bir saatlığa evə dəyəcəyəm.
Qulamrza bir az düşündü və sonra:
– Nə var, Rüstəmbəy? Yoxsa bir şeydən ehtiyat edirsən?
– Ehtiyat ki... hər halda ehtiyat lazımdır. Vəziyyətimizi rəsmən aydınlaşdıranacan evə gəlməmizi məsləhət görmürəm.
Qulamrza məsələni qavramayan bir tərzdə:
– Ev qorxulumu?
– Qulu adres verə bilər, bu qarışıqlıqda batıb gedərik. Bu saat acıq və intiqam hissi gözləri pərdələmişdir.
Yoldaşlar ayrıldılar.
Rüstəmbəy evə gəlib, heç bir dəyişiklik görmədi. Yalnız ev xanımının rahatsız olduğunu duydu.
Birinci sırada kağızlarını arayıb, şübhəlilərini yandırdı. Sonra camaşırını dəyişib yuyundu. Bu əsnada qapı açılıb, içəri tüfəngli bir işçi ilə iki əsgər girdi.
– Silah varmı? – deyə axtarışa başladılar. Bu sahədə təcrübəsizliklərini göstərdilər.
Rüstəmbəy bunları ötürüb, üzünü qırxmağa yenicə oturmuşdu, ikinci bir dəstə içəri girdi. Rüstəmbəy qeyri-məmnun bir halda:
– Yoldaşlar, mandatınız varmı? – deyə sorduqda əsgərin biri acıqlı bir surətdə:
– Mandatımız budur! – deyə tüfəngin süngüsünü irəli uzatdı.
Rüstəmbəy səsinin tonunu dəyişərək:
– Qardaş, zarafat edirəm, axtara bilərsiniz, – dedi. Axtarış başlandı.
Yenə əsgərlər eyni naşılığı göstərirdilər: başlıca olaraq silah arayırdılar; kitab və kağıza yaxın belə düşmürdülər.
Rüstəmbəy gözlərinin quyruğu ilə bunları süzərək, üzünü qırxmasında davam edirdi.
Əsgərlər oranı-buranı əlləşdirib qapıya doğru yönəldilər. Biri:
– Burada neçə otaq var?
– Dörd.
Əsgərlər bir-birinin üzünə baxıb nə düşündülərsə, o biri otaqları axtarmadan vaz keçib getdilər.
43
Rüstəmbəy cəld geyinib, otağın qapısını qapadı. Ev xanımı ilə görüşüb dedi:
– Mən gedirəm, işim var. Bir neçə gün gəlməyə bilərəm, rahatsız olmayın. Məni sorsalar, burada yoxdur – deyərsiniz.
Xanım maraqlanıb sual vermək istədi, lakin Rüstəmbəy cavabdan çəkinərək getdi.
Pilləkəndən enərkən, iki əsgər qiyafəliyə rast gəldi. Bunlar qapıların nömrəsinə baxırdılar. Rüstəmbəyi görcək:
– Yoldaş, on səkkizinci mənzil hansıdır?
– Yuxarıdadır.
– Orda Rüstəmbəy adlı birisi yaşayırmı?
Rüstəmbəy özünü itirməyərək:
– Yaşayır... Saqqallı bir adammı?
Əsgərlər düşünərək:
– Saqqallı olduğunu bilmirik, – dedilər və tənbəl addımlarla dikləndilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-ikinci-kitab-dorduncu-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Стихи других поэтов
Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
Qaç baba!Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
BahariyyəMaşallah fəsli-gülüstandırRuyi-zəmin lalə vü reyhandır
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız