İkinci kitab, dördüncü hissə
Страница 4 из 15 · 20%
Cəbhə ilə sıxı əlaqədə bulunan kimi, arxa ictimai və inqilabi təşkilatlarla da rabitəsi vardı. Radanın xalqlar qurultayı çağırması komitə tərəfindən hüsn-rəğbətlə qarşılandı. Fəaliyyət bir qat daha artdı: əlaqədə bulunduğu müsəlman təşkilatlarına məktublar göndərilib, qurultaya hazırlanmaları tövsiyə olundu.
Rüstəmbəy hər sabah saraya gedir və saat ikiyə, üçə qədər orada çalışırdı. Müsəlmanların hüququnu müdafiə etmək üçün qüvvətli təşkilatlarda nümayəndələr bulundurmaq icab edirdi. Hələ rada Ukrayna hakimiyyətini tamamilə ələ ala bilməmişdi. Köhnə idarələrlə bərabər “Soldat və işçi nümayəndələri şurası” da ölkə işlərinə müdaxilə edirdi.
Komitənin qərarına görə Rüstəmbəy şuraya vəkil göndərildi. Şura sarayın üst mərtəbəsində bir neçə otaq da məşğul edirdi.
Soldat və işçi vəkilləri ilə bərabər oturduqları ilk iclas Rüstəmbəyə bir az tühaf görünmüşdü. Bu qeyri-mədəni kimi görünən sadə geyimli adamlar bir dəqiqədə bir çox məsul məsələ həll etdilər.
Üzü qırxılmamış sallaq bığlı birisi:
– “Kiyevlyanin” qəzeti müdiri Şulkin həbs olunsun, – deyər-deməz, “Olunsun!” – deyə səslər eşidildi və bir dəqiqə qaib etmədən inqilaba qoşulmuş zabitlərdən birini qərarın icrası üçün göndərdilər.
Bu əsnada bir kömbə çörək gəldi. Hamı yerindən qalxıb, bir dəqiqədə çörəyi əlləri ilə parçaladılar və gəvələyə-gəvələyə iclası davam etdirdilər:
– Bu axşam Yeremi keşişin evində monarxistlərin müşavirəsi hazırlanır.
Xəbər səhih mənbədən alınmışdır.
Orta yaşlı işçinin verdiyi xəbər dinlənildikdən sonra suallar verilir, məsələ öyrənilir və haman həbs edilmələri qərara alınır. Qərarın icrası üçün üzvlərdən birinə fövqəladə səlahiyyət verilir.
– Stansiyada bir neçə ağır və şübhəli qutular dayandırılmış. Tədqiq edib, sahibini aramalı...
– Prokurorun əzli...
– Xitabnamə nəşri...
Çörək yeyilib qurtaranacan iyirmiyə qədər cürbəcür məsələyə baxıldı. Əvvəllər şura üzvlərinin təkliflərini heyrətlə dinləyən Rüstəmbəy sonra bu inqilabi üsullara alışdı.
Ziyalılar mühitində böyüyən Rüstəmbəy inqilabdan doğan bu sərt, qaba, tühaf zarafatlı və söyüşcül adamlara alışmaq istəmədiyi halda, mühit onu yumşaltdı və alışdırdı. Inqilab sahəsinə atılanların əksəri ona səmimi və hüsni-niyyət sahibi kimi göründü.
11
Rüstəmbəy otağında Xəlilə məktub yazmaqla məşğuldu. Kiyevin övzaını bildirib, həftədə bir Azərbaycandakı vəziyyəti xəbər verməsini ondan rica edirdi. Məktubu yazıb bitirdi və təkrar oxuduqda qapı tıqqıldadı:
– Gəlin, – dedi.
Qapı açıldı, ev xanımı içəri girdi:
– Rahatsız edirəm, bağışlayın! – deyə üzr istədi.
Rüstəmbəy qalxıb yer göstərdi. Xanım cəsarətsiz səslə:
– Görürəm, məşğulsunuz, – dedi, – ancaq nə etməli, sizinlə danışmağı özümə bir vəzifə bilirəm... Daha doğrusu, ana vəzifəsi bilirəm... çünki Musyanı qızım kimi sevdim... Doğrudan da sevimli qızdır...
Rüstəmbəy gülərək onun sözlərini kəsdi:
– İnkar edilməz ki?..
–Yox! Mən ciddi deyirəm... Doğrusu, bu qıza yazığım gəlir. Bu sizi şiddətlə sevir. Gənclikdir, iradəsinə malik ola bilmir... Bizim hamımız gənc olmuşuq... Siz də o qədər laqeyd davranırsınız ki!.. Bağışlayın, sizin şəxsi işinizə qarışa bilmərəm... ancaq siz də məni özünüzə ana hesab edin!..
Rüstəmbəy sakit və ciddi bir halda:
– Bağışlayın, – deyə xanımın sözlərinə xitam verdi, š– Musya kimi sizə yad olan bir qızın halına qaldığınızdan dolayı sizə səmimi təşəkkürlər edirəm. Bu mədəni və İnsani bir vəzifədir; lakin mənim də çəkdiyim güclükləri bilmənizi təmənna edirəm... Mən ictimai bir adamam.
Üzərimdə bir çox məsul vəzifələr var. Bu vəzifələri ödəmək üçün yalnız olmaq icab edir. Tək baş gördüyü işi iki baş görə bilməz!..
İştə, Musya ilə anlaşa bilmədiyimiz nöqtə burada!..
Rüstəmbəy susub, başını aşağı saldı. Xanım yenə də dillənmək istəyən adam kimi, sakit bir halda Rüstəmbəyin üzünə baxmaqda davam etdi. Nəhayət:
– Əminəm ki, Musyanın sizə maneliyi olmaz. Subayın başında min təhlükə var. Evlənsəniz, işləriniz bir qədər yüngülləşər...
Rüstəmbəy:
– Fikrimdə sabitəm. Musyaya qarşı deyəcək bir sözüm yoxdur. Biləks hörmətim var... Ancaq şəxsi hürriyyətimi saxlamaq istəyirəm...
Bu əsnada qapı tıqqıldadı, Musya bir dəstə güllə içəri girdi. Xanım ayağa qalxıb otağı tərk etdi. Musya da çiçəkləri vaza qoyub, şlyapasını çıxardı və parlaq sima ilə otaqdan çıxdı. Rüstəmbəy məktubu masadan götürüb komodun üzərinə atdı və pəncərənin önünə çəkildi.
Xanımın təklifi onu həyəcanlandırmışdısa da, tərəddüd nişanəsi görünmürdü; qərarında sabit qalacağını kəsdirmişdi.
Musya geri döndü. Üzündə dərin bir kədər görünürdü. Çarpayının kənarında oturub fikrə daldı. Bir də gözlərindən yaşlar tökülüb, yanağı aşağı axdı. Rüstəmbəy bunu görərək:
– O, Musya, – dedi, – bu zəfinizi göstərir!.. Xudbinlik eşqi öldürər.
Malikiyyət olan yerdə eşq ola bilməz. Həqiqi eşq dostluqdan ibarətdir!
Musya titrək səslə:
– Kimsəyə malik olmaq istəmirəm. Buna əmin olmalısınız! Mənim həyatdan heç bir diləyim yoxdur. Ancaq bir şeyi bilmək istərdim: məni sevirsiniz, yoxsa yox?..
–?!
– Bu gün evimizə dönürəm. Sizlə əlaqəmi tamamilə kəsirəm. Sizdən tək bir söz eşitmək istəyirəm... Ondan böyük təsəlli ola bilməz!
Rüstəmbəy Musyanın əllərini bağrına basıb və kilsə şamlarını andıran incə barmaqlarını ayrı-ayrı öpüb:
– Başqa bir cavaba acizəm... Məni unutmanızı rica edirəm, – dedi.
12
Sentyabrın səkkizində açılacaq xalqlar qurultayına vəkillər gəlmədə idi. Hərbi şura sentyabrın yeddisində Kiyevə gəlmiş müsəlman vəkillərinin iclasını çağırdı. On nəfər tatar vəkili gəldi. Bunların səkkizi krımlı, ikisi də kazanlı idi.
Tühaf burasıdır ki, Cabbar Kazan tatarı nümayəndəsi sifəti ilə məclisdə iştirak edirdi.
Rüstəmbəy hərbi şura adına olaraq xoş gəldin elədi:
– Yoldaşlar, sabah tarixi bir qurultayın açıldığı bir gün biz müsəlman vəkillərinin ümumi dili olmalıdır! – dedi və birliyin əhəmiyyətindən uzun-uzadı bəhs etdi..
Rüstəmbəyin lətif söylənmiş nitqi Krım tatarlarına olduqca fəna təsir etdi. Onların gənc rəhbəri Seyid Məhəmməd söz alaraq, kinli bir sima ilə nitqə başladı:
– Əfəndilər, – dedi, – bizi buraya ittihadi-islam, yaxud Turan məfkurəsi niyyəti ilə çağırdığınızı bilsəydik, heç də gəlməzdik. Bu məruf panislamizm və panturanizm naminə olaraq, bizim zavallı tatar bucaqlara atılıb unudulmuşdur. Ismayılbəy Qasprinski “dildə, işdə, fikirdə birlik” – deyə mövhum fikirlər peşincə qoşmuş da,”qara” tatarı, onun tarix və ənənəsini, dil və mədəniyyətini unutmuşdur. Krım tatar gəncliyi qiyam edərək bu “panlar” səfsətəsinə xitam verdi. Biz yalnız Krımın dərdlərini anlatmağa gəldik. Kimsə ilə əlaqəmiz yox və olmağını da istəmirik.
Seyid Məhəmməd sözlərini bitirər-bitirməz qalpağını əlinə alıb otağı tərk etdi. Başqa Krım vəkilləri də eyni hərəkəti yapdılar.
Başda Rüstəmbəy olaraq, şura üzvləri bir müddət heyrətə dalıb qaldılar. Bir-birinin üzünə baxaraq, təəccüblərini ifadə etməyə söz belə tapa bilmədilər. Axırda kazanlılardan biri:
– Bilirsiniz, – dedi, – Krım xalqının içində milli bir hərəkət vücuda gəlmişdir. Demokratik prinsiplər irəli sürən bu hərəkət murzalara zadəganlara dəhşətlə əleyhdardır. Ismayılbəy Qasprinski murza olduğu üçün tatar gəncliyinin nifrətinə səbəb olmuşdur. Gənclik “Tərcüman”ı bağlayıb, əvəzində “Millət” adlı qəzet çıxarır. Bu qəzet Krım tatarı ehtiyacından başqa bir şeydən bəhs etmir. Dili də bambaşqadır.
Rüstəmbəy təhqir olunmuş bir səslə:
– Hər halda, – dedi, – bu qədər ifrata lüzum yoxdur. İki yüz minlik Krım xalqı nümayəndələri nəyə güvənərək bizə qarşı düşmən vəziyyət alırlar? Krım məsələsi müzakirə olunduqda bizim də səslərimizi qazanmaq icab etməzmi?
Uzun danışıqdan və gilayədən sonra məclisdəkilər krımlıların xətti-hərəkətini onların gənclik və təcrübəsizliklərinə isnad edərək, söhbəti kəsdilər. Sonra şura tərəfindən qurultaya üç vəkil göndərməyi qərara alıb, namizədlər ayırdılar. Rüstəmbəy də seçilənlər arasında idi.
13
Krım gənclərinin xətti-hərəkəti Rüstəmbəyi çox düşündürdü. Onda milli mətbuat sayəsində doğan Turan məfkurəsi yavaş-yavaş sarsılmağa başladı. Dil, adət, xarakter ayrılığı, bunları doğuran ictimai və iqtisadi şəraitin başqa-başqa olması Rüstəmbəylə mövhum Turan arasında bir sədd təşkil etməyə başladı. Həyatında rast gəldiyi türkiyəli, tatar və türküstanlıları xatırladı. Onların bir-birinə yabançı milli zövq və mədəniyyətə malik olduqlarına qane oldu.
Rüstəmbəy əvvəllər də Turan nəzəriyyəsinə tənqidi olaraq yanaşmışdı; lakin səthi də olsa, onun təsirinə qapılmışdı. Bu dəfə bu təsir də silinib getdi.
İndi Azərbaycan, onun xalqı, onun siyasi, ictimai və iqtisadi ehtiyac və tələbləri birinci sıraya keçmədə idi. Rüstəmbəyi artıq xəyal deyil, həqiqi aləm məşğul edirdi.
Bu barədə Rüstəmbəy bir məruzə belə hazırlamağı düşündü. Sonra vaz keçdi; çünki komitə üzvləri arasında Turan nəzəriyyəsi heç bir nüfuza malik deyildi. Bunların hamısı türkcə az savadlı və türk mətbuatından xəbərsizdi; Turan məfkurəsi də buradan doğurdu...
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-ikinci-kitab-dorduncu-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Стихи других поэтов
Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
Qaç baba!Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
BahariyyəMaşallah fəsli-gülüstandırRuyi-zəmin lalə vü reyhandır
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız