İkinci kitab, üçüncü hissə
Страница 8 из 8 · 88%
Rüstəmbəyə bu mövzu o qədər xoş gəldi ki, bu sahədə mülahizələr yürütməyə başladı:
– Gənc həyat elə böyük bir qüvvədir ki, mətin qayanı belə yıxar.
Gənc olduğumu idrak edən dəqiqələr özümü kainatın hakimi zənn edirəm...İnsan özünün baqi olmadığına inanarmı? Gündə yüz minlərlə ölülər belə görsəm, öləcəyimə qane ola bilmirəm. İnsan təbiəti tühaf bir zehniyyətə malikdir...
Musya Rüstəmbəyin məntiqi, aydın və nikbin sözlərini dərin bir eşqlə dinləyirdi. Ikinci zəng vuruldu. Haman ikisi də hazır bir vəziyyət aldı. Rüstəmbəy sağ əlini irəli uzatmaq istəyirdi, Musya sıçrayıb onun boynunu qucaqladı və dodaqlarından öpdü. Sonra günah işləmiş kimi qaçıb vaqona çıxdı. Olesya içəri girər-girməz pəncərədə göründü.
Musya isə bir az ləngidi. Üçüncü zəng vurulana yaxın başını pəncərədən çıxardı, gözləri yaşlı idi. Tez-tez çəkilir, arxada ağ dəsmalı ilə gözlərini silirdi.
Qatar tərpəndi. Musya gözlərindən ayırdığı dəsmalını salladı:
– Unutmayın! – deyə hayqırdı.
– Yaxşı yol! Salamat gedin!
Tren getdikcə dəsmal havada yellənir, üzərində daşıdığı göz yaşlarının sirlərini Rüstəmbəyə duydururdu.
Artıq son vaqon da gurultu ilə keçib getdi. Kasparyan yanaşıb Rüstəmbəyin qoluna girdi, bir yerdə qazalağa doğru getdilər.
20
Yolda müfrizənin işlərinə dair bəhs açıldı. Kasparyan Rüstəmbəyin cəbhədə olmadığı zaman törənən işlərin təfsilatını anlatdı.
Rüstəmbəy maraqsız bir halda dinləyib:
– Bilirsiniz, – dedi, – Vanyanın seçilməsi isabət olmuş. Zemstvo təşkilatları rollarını bitirmiş, heç bir əhəmiyyəti qalmamışdır. Bizim üçün, bilxassə sizin və mənim üçün yeni fəaliyyət sahəsi açılır – milli sahə. Bu gün milli müqəddərat məsələsinin coşqun bir vaxtında bizim vətəndən uzaq yerlərdə qalmamız cinayətdir. Millət bizi yetişdirdi, biz
də bu zəruri vaxtda millətin köməyinə qoşmalıyıq.
Kasparyan sözlərini təsvib edən bir halda dinləyib:
– Qafqazdan xəbəriniz varmı? – deyə sordu.
Rüstəmbəy düşünərək:
– Ətraflı məlumatım yoxdur. Ancaq ziyalıya ehtiyac olduğunu bilirəm.
Bu ehtiyac bilxassə bizdə çoxdur... Sonra Qafqaz xalqları arasında saziş yoxdur, fəna işlər baş verə bilər. Bunun önünü almalıyıq.
Kasparyan fikrə dalaraq:
– Işlər elə dolaşdı ki, – dedi, – çıxacaq yolu belə görmürəm. İndi Türkiyə cəbhəsində də belə bir iş olsa, kim bilir, bədbəxt erməni milləti nələr çəkəcək? Halbuki nələrə ümid edirdik!..
Rüstəmbəy səmimi bir səslə:
– Bilirsiniz, – dedi, – erməni məsələsini bizimlə əlaqədar bir məsələ olaraq deyə ətraflı tədqiq etmişəm. Bilaxirə müharibə əsnasında Moskvada rusca nəşr etdiyiniz məcmuə və kitabları gözdən keçirdim.
Erməni hərəkatının tarixi ilə də az-çox tanışam... Erməni millətinə xeyirxah bir türk sifəti ilə bunu deməliyəm ki, erməni milli hərəkat rəhbərləri bir çox səhv yapmış və yapırlar. Çar idarəsinə muxtariyyət ümidi bəsləmək boş bir xəyaldan başqa bir şey deyildir. Vaxtilə rus xarici nazirlərindən birisinin “Ermənistan bizə ermənisiz lazımdır” sözləri xatırımızdadır. Çar hökumətinin erməni məsələsinə qarşı tutduğu xətti-hərəkət daima bundan ibarət olmuş. Böyük Petrodan bəri bütün çarların sizə verdiyi vədlər boşa çıxmış. Sizi üsyana təhrik etmişlər, köməyə gəlməmişlər, nəticədə də erməni qırılmış. Avropalılar da sizə qarşı eyni xəyanətdə bulunmuşlar: Türkiyədə üsyanlar yapdırıb, erməni millətini məhv etdirmişlər. Paris və Berlin müahidələrindəki erməni məsələsinə aid qeydlər də boşa çıxmış. İştə, “xristian” Avropa və Rusiyanın sizə verdiyi “faydalar!” Millətinizin faciəsi yaxını qoyub uzaqda dost aramaqdan irəli gəlmiş. Zənn edirəm, millətin müqəddəratını keşişlərin və kor gözlü daşnaqların çəngindən qurtarmanın zamanı çoxdan gəlmişdir. Qafqaz millətlərinin qardaşlığı mövzusunda təbliğat yapmalı, bütün gəncləri bu işə cəlb etməli, camaatımızın salamatı yalnız bu yoldadır!
Son sözlərini bitirərkən Rüstəmbəyin həyəcandan dodaqları titrəyirdi.
Kasparyan fikirdə, sanki tərəddüd içində idi. Bir az sonra ayılan kimi oldu:
– Sözləriniz haqlıdır, – dedi, – amma...
Kasparyan sözünü bitirmədi. Daşnaq zehniyyəti sanki onu da zəhərləmişdi.
21
Rüstəmbəy Kiyevdən bir teleqram aldı, bilatəxir Kiyevə dönməsi tələb olunurdu. Düşündü – burada Vanyanın barmağı olduğu aydındı.
Rüstəmbəyin işçilər arasında populyar olduğu Vanyanı təşvişə sövq edirdi; çünki istəsəydi seçki vasitəsilə təkrar iş başına çıxa bilərdi.
Halbuki Rüstəmbəy çəkilib milli sahədə çalışmağı hər şeyə tərcih edirdi. Vanyanı çağırıb məsələni anlatdı:
– Teleqram aldım, gedirəm, – dedi, – zatən bunsuz da getməyə qərar vermişdim.
Vanya ciddi:
– Yəqin sizə baş idarədə məsul bir iş verəcəklər...
– Artıq zemstvo xidmətində qalmağa lüzum görmürəm; indi bir az da öz millətim üçün çalışmaq istəyirəm.
Bu sözlərdən sonra Vanyanın üzü sərt və şübhə edər bir şəkil aldı:
– Hər millət özü üçün çalışsa, mövcud olan anarxiya bir qat daha artar ki...
Rüstəmbəy ağzını burub kənara baxdı və bir az düşünüb:
– Görürsünüz nələr olur? Hər ağızdan bir səs çıxır. Ölkə hərcmərc; dövlət aparatı pozulmuşdur, bunun sayəsində xalq da məhv olub gedir. Millətlər mərkəzdən ümidlərini kəsərək, özlərinə ümid bağlamağa başlayırlar. Ayrı çarə varmı?
Vanya kədərli bir halda:
– Deməli, siz də ukraynalıların izincə getmək istəyirsiniz.
– Təbii deyilmi?
Vanya bir söz söyləmədi, yenicə yerləşdiyi xırda otağı dolaşaraq düşündü:
– Millətlərin yeganə çarəsi bolşeviklərə qoşulmaqdır. Xudbincəsinə kənara çəkilməklə məsələ həll olunmayacaq. Kənara çəkilmək əcnəbi kapitalistlərinin qucağına atılmaq deməkdir!
Rüstəmbəy qəti olaraq:
– Bolşeviklər iş başına keçəcəklərmi? Dövlət intizamını ehya etməyə müvəffəq olacaqlarmı? Milli məsələni necə həll edəcəklər?..
Bunlar birər məsələdir...
– Bolşeviklərin iş başına gəlməsinə zərrəcə də olsa şübhə etməməlidir; çünki biz geniş əməkçi kütləsinin arzusunu tərənnüm edirik.
O kütlə əksəriyyət təşkil edir, qüvvət də o kütlədədir. Bu saat o kütlənin təşkilatı ilə məşğuluq. Təşkilat bitər-bitməz Kerenskinin zəif əlini dövlət idarəsi polad əllərə alınacaq. Bu olacaq! Buna inanmalı!
Rüstəmbəy inanmayaraq, dinlədi, bir şey söyləmədi; qərarından çəkilmək niyyətində deyildi. Bu əsnada Kasparyan içəri girdi. Vanya gülərək:
– Kasparyan münsif olsun, – dedi. – Kasparyan, sən ermənisən, şübhəsiz, milli ruh daşıyırsan, milli məsələni inqilab necə həll edəcək?
Bunu bilirsənmi?
Kasparyan məsələnin birdən-birə zühur etməsindən şaşdı:
– Nə üçün mənə bu sualı verdin? – deyə sordu.
Vanya:
– Rüstəmbəylə bəhs etdik, onu qane edə bilmədim, bu barədə sənin rəyini bilmək istəyirəm.
Kasparyan oturub düşündü:
– Milli müqəddərat, – dedi, – əsrin ən kəskin məsələsidir. Millətləri ələ almaq üçün hərə bir vəd verir. Çar hökuməti Polşaya istiqlaliyyət, bizə də muxtariyyət vəd etmişdi. Çar yıxıldı, vədi də öldü.
İndi Rusiyadakı firqələr bu məsələ ilə məşğuldurlar. İş başına gələn esdeq və eserlər çarın mərkəziyyət siyasətindən əl çəkmək istəmirlər.
Ukrayna məsələsindən dolayı kadetlər müvəqqəti hökumətdən çəkildilər. Rusiyanın ən mədəni qüvvələri də, bilirsiniz, kadet firqəsindəndir.
Yeganə ümid bolşeviklərdir. Bunların millətlərə olan vədləri böyükdür. Ancaq bolşeviklərin qüvvəti mənə bəlli deyil; dövlət adamlarını da tanımıram... Yeganə çarə, hələlik, milli muxtariyyət üçün çalışmaqdır.
Rüstəmbəy bu sözləri eşitcək yerindən sıçrayıb:
– Bravo, Kasparyan! – dedi, əlini uzatdı.
Kasparyan onun əlini bərk-bərk sıxdı. Vanya bundan bir az pərt oldusa da, özünü itirmədi.
– Bağışlayın, bu sizin məlumatsızlığınızdan doğur. Siz Lenini oxuyun, onun milli məsələ haqqındakı fikirləri ilə tanış olun. Tanış olsanız, əminəm ki, fikrinizi dəyişərsiniz.
Kasparyan Vanyanın sözlərini təsdiq edərək:
– Ola bilər, – dedi, – ancaq mərkəzin siyasəti millətləri elə qorxutmuş ki, oradan nəşət edən böyük vədlər belə şübhəli görünür. Hər halda yaşayarıq da, vədlərin doğru və yalan olduğunu bilərik. İndilik qarışıqlıq və fəlakətdən başqa bir şey görmürəm.
Vanya bunları yenidən inandırmağa çalışdı və sözünün qüvvəti üçün Leninin milli siyasət haqqındakı fikirlərini anlatdı.
22
Rüstəmbəy getməli idi; şeyləri qablanıb bileti alınmışdı. Sabahdan bölüklərə çıxıb bütün işçilərlə vidalaşdı. Rüstəmbəyin getməsi münasibətilə Vanya nahara Kasparyanı, Zina və Borisi də dəvət etmişdi.
Çox içib, çox nitqlər söyləndi, axırda Rüstəmbəy hamısı ilə öpüşdü.
İki qazalaq hazır oldu. Şeylər yükləndi, mindilər. Zina, Boris, Vanya birinə, Rüstəmbəylə Kasparyan da o birisinə. Miniklər xəfifcə sərxoş idilər. Vanya deyib, gülüb Zinanı əyləndirirdi. Kasparyan isə səmimi və ciddi bir halda etirafa qapılaraq, ürəyinin ən gizli guşələrini Rüstəmbəyin qarşısında açmışdı. Bu adamın millətinin gələcəyindən başqa düşüncəsi yox imiş – hər an, hər dəqiqə eyni məsələ ətrafında fikir yürüdürmüş. Bu günkü etiraf Rüstəmbəyin səmimi tövsiyəsinin nəticəsi imiş. Yarı rusca, yarı türkcə dedi:
– Rüstəmbəy, sənin canına, səni çox sevirəm. O gündən sənin dediklərini fikirləşdim... Məssəb haqqı, doğru deyirsən. Düzdür, o gün sənə cavab vermədim; çünki, doğrusunu deyim, inanmırdım. Bağışlayasan, mən düz adamam – inanmadım. Axır, canım, bu da səbəbsiz deyil. Müsəlmanlar bizi çox qırmışlar, biz də müsəlmanları az öldürməmişik.
Düşmən olmuşuq. Bu düşmənçiliyi tərbiyə və təhsilimiz bir qat daha artırmışdır. Erməniyə qarşı zülmləri evdə atamız-anamız, kilsədə keşiş, məktəbdə müəllim, müəlliflər, jurnalistlər o qədər söyləmişlər ki, varlığımız kinlə yoğrulmuşdur...Sənə doğrusunu deyim, bizi qırdıran, məhv edən bu kin olmuşdur.
Müsəlmanın bir məsəli var: “Qanı qanla yumazlar, su ilə yuyarlar”.
Daşnaqlar həmişə qanı qanla yumaq istəmişlər...
Kasparyan titrək əli ilə cibindən papiros çıxarıb, zorluqla yandırıb nəşə ilə çəkdi, sonra məst bir halda sözünə davam etdi:
– Biz əl-ələ verib, keçmişi yaddan çıxarmalıyıq. Əlini ver! – deyə Rüstəmbəyin əlini qapıb sıxdı. Bir-birinin üzünə baxaraq, qucaqlaşıb öpüşdülər. Ayrılarkən Rüstəmbəy mehriban baxışla onu süzdü – Kasparyanın gözləri yaşarmışdı.
Stansiyaya qədər Kasparyan danışdı, erməni məsələsini təhlil edərək, bu məsələnin həlli üçün atılan addımların bütün səhvlərini göstərdi. Nəhayət, dedi:
– Canım, Bakı sizin, Tiflis gürcünün, biz də İravanda yaşasaq, sizə mane olarıq?
Rüstəmbəy cəld:
– Təbii, yox. Hər bir millət öz etnoqrafi hüdudunda sərbəst yaşamalıdır.
Bu, millətlərin haqqıdır...
Stansiyaya gecikmişdilər. Şeyləri cəld yerləşdirib vidalaşdılar. Kasparyan təkrar Rüstəmbəyi qucaqlayıb öpdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-ikinci-kitab-ucuncu-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi: boy ucalıb, gəysu dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikirindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub xiyalatda idi; bu xiyalat həyatə və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı: çiçəklər, otlar, güllər bahar günəşinin ılıq şuasının altında ruhlanıb, təravətlənib, gözəl qoquyurdular; quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi.Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hər çiçəkdən birini dərib; hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb bir lətafət anlıyırdı. Sitarə bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox çiçək. Lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əldən yerə tökub, yenə pəncərənin önünə çəkilirdi. Və başını çiyninə qoyub fikirə gedirdi. Sitarənin xiyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kibi zərif, lətif bir cavan idi; gecə gündüz Sitarə ilə gəzib dolanardı. Bunlar bir birinə əşq yetirib, bir can bir cəsəd olmuşdular. Dadlı, dadlı, söhbətlər, səfalı, göz yaşları, bunların həyatını saadət nuru ilə ışıqlandırdı. Qız xoşbaxt, oğlan xoşbaxt – ikisi də əl ələ verib şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər; gül yığıb, çiçəklər dərib, qoxusundan ruhipərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb ruhu sakit olurdu. Sitarə tamam xiyalat aləminə qərq olub dünyadan xəbəri yox idi. Evdə bir söhbət olardımı, yeni bir iş ittifaq düşürdümü – bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə, onlara görünüb, çaydan xərəkdən verib, yenə o biri otağda pəncərənin önünə keçərdi.
Müsəlman arvadının sərgüzəşti«Dədəmin övladı olmamağına görə nəzir eliyir ki, bir qızım olsun seyidə verim. Odur ki məni on bir yaşıma tamam olanda Mir Qasım adlı bir qırmızı saqqala ərə veriblər.Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? mə’lum oldu ki, seyid kəntdə evlənib bir uşağı da var.
Cuma axşamıKərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».
1905-ci ilKöhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!
Стихи других поэтов
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Taxıl bitkiləriÇəltik deyir:**Taxılların başıyam,